2. 467 dəfə oxunub ,   0 şərh   Çap et

 Hz. Ömər rəvayət edir: “Bir nəfər Allah Rəsulunun hüzuruna gəlib ondan bəzi şeylər istədi. Rəsulullah (s.ə.s.):

– Sənə verməyə heç nəyim yoxdur, ancaq get, mənim adıma al, borcunu ödəyərəm, – dedi. Mən dözə bilməyib:

– Ya Rəsulallah! Əlində olanı verirsən, buna heç kim heç nə deyə bilməz. Amma Allah səni olmayanı verməklə mükəlləf etməmişdir! – dedim.

Peyğəmbərimizin sözümdən xoşu gəlmədi. O əsnada  bir nəfər ənsar da ayağa qalxıb:– İnfaq et, ya Rəsulallah! Uca Allahın sənə verdiyi lütfləri azaldacağından narahat olma! – dedi.

Allah Rəsulu ənsarın bu sözünə sevinib təbəssüm edərək:

– Mənə məhz bunu etmək əmr olundu, – buyurdu”.2[1]

 Allah Rəsulunun Həzrəti Bilala infaqı əmr etməsi

 İbn Məsud rəvayət edir: “Rəsulullah (s.ə.s.) Həzrəti Bilalın yanına gəlmişdi. Bilalın evində bir yığın xurma gördü.

– Bunlar nədir, ey Bilal? – deyə soruşdu. Hz. Bilal:

– Sənin qonaqların üçün hazır saxlayıram, ya Rəsulallah, – dedi. Peyğəmbərimiz buyurdu:

– Sən özünə cəhənnəm odu hazırlamaqdan qorxmursan? Bunları infaq et, ey Bilal! Rəbbin azaldar deyə narahat olma!”[2]

Qənimət bölgüsündə həssaslıq

 Əşərəi-mübəşşərədən Talha b. Ubeydullah rəvayət edir: “Hz. Ömərin xəlifəliyi dövründə qənimət malları gətirmişdilər. O da bunları müsəlmanlar arasında bölüşdürdü. Ancaq bir qədər artıq qaldı. Hz. Ömər artıq qalan hissəni nə etmək barədə camaatın fikrini soruşdu. Camaat da:

– Ehtiyacın olanda istifadə edərsən, – dedi. Bu vaxt Hz. Əli susur, heç nə demirdi. Hz. Ömər üzünü Hz. Əliyə çevirib:

– Ya Əbul-Həsən! Sən niyə danışmırsan? – dedi.

Həzrəti Əli:

– Camaat danışdı, mən nə deyim? – deyə cavab verdi. Həzrəti Ömər təkidlə:

– Xeyr, sən də danışmalısan! – dedi. Həzrəti Əli:

– Allah-Təala bu malın necə bölüşdürülməsini bəyan etmişdir, – deyib Bəhreyndən gələn qənimət malları ilə bağlı hadisəni danışdı, – Bəhreyndən qənimət gəlmişdi, ancaq axşam olduğuna görə Allah Rəsulu qənimətlərin hamısını bölüşdürə bilmədi. Gecəni məsciddə namaz qılmaqla keçirdi. Üzündən sıxıntılı olduğu görünürdü. Ancaq qəniməti bölüşdürüb, pay edəndən sonra rahatlıq tapdı.

Hz. Ömər də Hz. Əliyə:

– Bunu mütləq sən bölməlisən, başqa çarəsi yoxdur! – dedi.

Hz. Talha deyir ki, Hz. Əli qalan qənimət malını bölüşdürdü və mənə də səkkiz yüz dirhəm

düşdü”.[3]

  Yeddi dinarın narahatlığı

 Ümmü Sələmə rəvayət edir: “Allah Rəsulu yanıma gəlmişdi. Üzü solğun görünürdü. Bir yeri ağrıyır deyə narahat oldum və:

– Ya Rəsulallah, bir sıxıntınız var ki, üzünüz solğundur?! – dedim. Peğəmbərimiz: “Dünən bizə gətirilən yeddi dinara görə narahatam. Gecəni o dinarlarla keçirdik,” – buyurdu.

Digər bir rəvayətdə isə, Rəsulullahın (s.ə.s.) “Bizə bu pullar gəldi, amma hələ Allah yolunda verməmişik” buyurduğu nəql edilmişdir.[4]

 Həzrəti Osman, yoxsulun infaqı haqqında

 Həsən Bəsri rəvayət edir: “Bir nəfər Həzrəti Osmanın yanına gələrək belə dedi:

– Ey mal-mülk sahibləri, bütün savabları siz qazanırsınız! Sədəqə verir, kölələri azad edirsiniz. Kəbəni ziyarət edirsiniz və Allah yolunda infaq edirsiniz.

Həzrəti Osman:

– Siz də bizə qibtə ilə baxırsınız? – deyə soruşdu.

O da: “Bəli, düzü, sizə qibtə edirik,” – deyə cavab verdi.

Həzrəti Osman:

– Vallah, çətin vəziyyətdə yaşayan bir insanın Allah yolunda infaq etdiyi bir dirhəm varlının bolluq içində infaq etdiyi on min dirhəmdən daha xeyirlidir! – dedi”.[5]

 Həzrəti Əli və bir dilənçi

 Ubeydullah b. Məhəmməd nəql edir: “Bir dilənçi Əmirəl-Möminin Həzrəti Əlinin qapısını döydü. Həzrəti Əli də dərhal Həsən və ya Hüseynə:

– Ananın yanına get, altı dirhəm vermişdim, birini al gətir! – dedi. Həsən və ya Hüseyn getdi, tez də qayıtdı:

– Anam o altı dirhəmi un almaq üçün ayırdığını söyləyir, – dedi.

Həzrəti Əli:

– Mömin bir şeyi Allah yolunda xərcləməyi öz əlində saxlamaqdan daha sevimli görmürsə, demək, onun imanında nöqsan var, – deyib həmin altı dirhəmin hamısını göndərməyi tapşırdı. Bu dəfə Həzrəti Fatimə pulun hamısını göndərdi. Hz. Əli də altı dirhəmi dərhal dilənçiyə verdi. Həmin yoxsul dilənçi heç uzaqlaşmamışdı ki, dəvəsini satmaq istəyən bir nəfər gəldi. Həzrəti Əli dəvənin qiymətini soruşdu. Dəvə sahibi:

– Yüz qırx dirhəm, – dedi. Həzrəti Əli:

– Bunu mənə sat, ancaq pulunu sonra ödəyərəm, – dedi.

Dəvənin yiyəsi razılaşıb dəvəni ora bağladı və çıxıb getdi.

Az sonra başqa bir adam gəldi və:

– Bu dəvə kimindir? – deyə soruşdu. Həzrəti Əli:

“Mənim,” – deyincə adam:

– Mənə satarsan? – deyə soruşdu. Həzrəti Əli də:

“Sataram,” – dedi. O da: “Neçəyə satırsan?” – dedi.

Həzrəti Əli də: “İki yüz dirhəmə satıram,” – dedi.

Həmin adam qiymətlə razılaşdı və iki yüz dirhəm verib dəvəni aldı. Həzrəti Əli də dəvəni aldığı adama yüz qırx dirhəmi verib borcunu qaytardı. Yerdə qalan altmış dirhəmi də xanımı Fatiməyə gətirdi. Həzrəti Fatimə dirhəmləri görüncə:

– Bu nədir? – deyə soruşdu. Həzrəti Əli onun sualına ayə ilə cavab verdi: “Bu, Allahın Peyğəmbəri ilə bizə vəd etdiyi mükafatdır: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər”. (“Ənam” surəsi, 6/160)[6]

 Həzrəti Aişə, bacısı Əsmanın səxavəti

 Abdullah b. Zübeyr (r.a.) rəvayət edir: “Xalam Hz. Aişə və anam Əsmadan (r.ah.) səxavətli qadın görmədim. Onların səxavəti bir-birindən fərqli idi. Hz. Aişə az-az yığardı, çoxalan kimi kasıblara paylayardı. Əsma da sabaha bir şey saxlamaz, dərhal möhtaclara infaq edərdi”.[7]


[1] İbn Kəsir, əl-Bidayə, 6/56.

[2] Əbu Nuaym, Hilyə, 1/149

 [3] Heysəmi, Məcməuz-Zəvaid, 10/ 414 (17754)

[4] Heysəmi, Məcmauz-Zəvaid, 10/ 414 (17752)

[5] Beyhaqi, Şuabul-İman, 3/251 (3456)

[6] əl-Hindi, Kənzul-Ümmal, 6/887 (16976)

[7] Buxari, Ədəbul-Müfrəd, 1/106 (280)

 




Şərh yaz