Mənəviyyata Açılan Pəncərə

Rəsulullahın (s.ə.s) təbliğ metodu

Təbliğ Onda fitri idi

Təbliğdən doymamaq

Əbu Talibi dəvət etməsi

Vahşini dəvət etməsi

İkriməni dəvət etməsi

Təbliğ dərdi yuxularını qaçırırdı

“Peyğəmbər yalnız vəzifəsini düşünür”, – dedik. Bəli, elə peyğəmbərlər gəlib getmişdir ki, ömrü boyu mübarizə aparsalar da, Allahın əmrlərini əzmlə təbliğ etsələr də, bircə nəfər də onlara iman gətirməmişdir.[1] Lakin onlar həmişə itminan, hüzur içində yaşamış, vəzifələrini, öhdələrinə düşən işi layiqincə yerinə yetirmişlər. Onların həyatının heç bir anında etiraz əlaməti olan “nə üçün”lər yoxdur: “Nə üçün insanları imana gətirə bilmədim?”, “Nə üçün mənə inanan yoxdur?”, “Nə üçün bu iş bir nəticə vermədi?”, “Nə üçün elə uğursuzluqla qarşılaşıram?”

Bəli, hər bir nəbi yalnız öz vəzifəsini necə icra etməyi düşünür. Bunun üçün də bütün şərtləri nəzərə alır və vəzifəsini buna uyğun yerinə yetirir. Qəbul etdirmək onun işi deyildir. İnsanların imana gəlib-gəlməməsi Allahın iradəsindən asılıdır. Bir ayədə Allah-Təala Rəsuluna xitabən belə buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən”.[2] Beləliklə, nəbinin vəzifəsi yalnız təbliğ etməkdir. Heç kim onu qəbul etməsə, etibar etməsə və maraq göstərməsə də, o, yenə bezmədən-usanmadan, tərəddüd və təşvişə düşmədən, başqalarını qınayıb-günahlandırmadan vəzifəsini yerinə yetirməkdə davam edir. Ona görə də bütün peyğəmbərlər həqarət və təhqirə məruz qalmalarına baxmayaraq, vəzifələrinin icrasında zərrə qədər qüsura yol vermirlər.

Bu cür təbliğ yalnız peyğəmbərlərə aiddir. Belə bir təbliğ məziyyətini digər insanlarda görmək, demək olar ki, mümkünsüzdür. Başqa insanların belə hallarda çox vaxt küsüb incidiyini görərsiniz. Belə insanlar qədər kamilləşirlər-kamilləşsinlər, nəticə əldə etmək arzusundan xilas ola bilmirlər. Nəticə ala bilməyəndə də küsür və bezirlər. Yalnız nəbilərdir ki, küsmək və incimək nədir bilmirlər və bu məziyyət onlara aid bir xüsusiyyətdir.

Baxın, Uhudda başına gələn o qədər kədərli hadisələr belə Allah Rəsulunu usandırmamış, küsdürməmişdi. Dişi qırılmış, dəbilqənin halqaları üzünə batmış, hətta Əbu Ubeydə bunları Onun üzündən çıxaranda dişlərindən olmuşdu.[3] Bütün bunlara baxmayaraq, üzü-gözü qan-rəvan içində İki Cahan Sərvəri ancaq bu sözləri demişdi:

“Allahım, qövmümə hidayət ver, çünki onlar bilmirlər!”[4] (Bilmirlər, əgər mənim peyğəmbər olduğumu bilsə idilər, belə etməzdilər). Belə ki bir gün Onu tanıyıb Allaha iman gətirəcək və Onun yolunda canlarını fəda edəcəkdilər. Demək ki, o vaxt bilmirdilər. Bu və bu kimi hadisələr bizə Rəsulullahın nə qədər əngin bir qəlb sahibi olduğunu göstərir. O və bu yolun yolçuları “döyənə əlsiz, söyənə dilsiz və könülsüz idilər”. Başları yarılsa, dişləri qırılsa, şikayət mənasında “of” belə deməzdilər:

Yansam da ocaq kimi, qeyrə eyləməm izhar,

Yandırma məni atəşlərdə, ey çərxi-cəfakar!

Bəli, hər bir nəbi sanki: “Əğyar atəşində yandırmayandan sonra nə edirsən et, qəm yemərəm”, – deyir və yoluna davam edir.

Allah (c.c.) Ona xitab edir: “Ey (libasına) bürünən (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut!”[5]

“Ey (libasına) örtünüb bürünən (Peyğəmbər)! Bütün gecəni deyil, gecənin yarısını, yaxud bir qədər azını və ya çoxunu ibadətlə keçir. Həm də aramla (ağır-ağır) Quran oxu!”[6]

Yəni artıq örtüyə bürünüb yatmaq vaxtı deyil. Qalx, qaranlıqda qalmışların imdadına yetiş! Bu qarışıqlıq və çaşqınlıq içində qalmış kütlələri əyri yolun aqibətindən və sapqınlığın tükürpərdici nəticəsindən xəbərdar edib Allahın əzabı ilə qorxut və Ulu Rəbbinin böyüklüyünü elə hayqır ki, yer-göy titrəsin! Yer-göy sənin səsinlə inləsin! Cinlər və insanlar sənin bu hayqırtınla Rəbbinin böyüklüyünü bir daha eşitsin.

Ey gecə örtüyünə bürünən Dost! Peyğəmbərlik kimi ağır yük səni gözləyir, qalx, ibadət et! Çünki Sən Allahdan güc-qüvvət almalısan. Çünki Səni çox böyük işlər gözləyir. Sənə əmr edilən hər şeyi insanlara çatdırmalısan. Belə ağır işi Rəbbinin köməyi olmadan, Rəbbindən güc almadan yerinə yetirə bilməzsən! Bu gücü də ancaq ibadət və qulluqla əldə edə bilərsən.

Bəli, Peyğəmbərimiz Həzrət Məhəmməd kimi hər bir nəbi də təbliğ üçün gəldiyini elan etmişdir, həm də heç bir şey gözləmədən, başqa şeylərə bağlanmadan, əğyara könül vermədən, Rəbbindən qeyrisinə baxmadan, baxışları bulanmadan həmişə insanlığı Haqqın yoluna çağırmışlar. Onların nurlu bəyanları olmasaydı, bütün bəşər zülmət içində qalar və heyvandan fərqlənməzdi.

Bəşər övladının taleyi ilə peyğəmbərlərin gəlişi bir-biri ilə o qədər bağlıdır ki, bir bölgəyə peyğəmbər göndərilməmişsə, oranın sakinləri bəzi əməllərinə görə hesaba çəkilməyə bilərlər. Amma peyğəmbər göndərilmiş, onlar da dinləməmişsə, sorğu-suala mütləq çəkiləcəklər. Budur ilahi fərman: “Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”[7]

Və başqa bir bəyan:

“Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etməz. Biz yalnız əhalisi zalım olan məmləkətləri həlak etmişik!”[8]

Demək ki, Allah (c.c.) əvvəlcə peyğəmbər göndərir. Peyğəmbər vəzifəsini yerinə yetirib insanları xəbərdar etməsinə baxmayaraq, onlar inkardan əl çəkməsələr, Allah (c.c.) da ardınca əzabını göndərir. Bu, hər dövrdə belə olmuşdur. Əgər bu gün Allah kimlərisə cəzalandıracaqsa, yalnız möminlərin təbliğ vəzifəsini layiqincə yerinə yetirib-yetirməməsinə görə cəzalandıracaq. Təbliğ edildiyi halda, inkardan əl çəkməyənlər, məhz belələri cəzaya haqq qazanmış olanlardır.

Buna görə də hər bir nəbi bezib-usanmadan, ruhdan düşmədən və bütün təbliğ metodlarından istifadə edərək insanları Allaha çağırmışdır.

Təbliğ Onda fitri idi

Təbliğ İki Cahan Sərvərində fitri idi, xarakterinin ayrılmaz parçası idi. Biz yemək yeməyəndə, içməyə su tapmayanda, hətta nəfəs ala bilməyəndə necə özümüzə yer tapa bilmir və məyus oluruqsa, O da dinini bir könülə nəqş edə bilməyəndə belə məyus olur, yemək-içməyi unudurdu. Bəzən dalbadal neçə gün oruc tuturdu,[9] bəzən də bir-iki tikə ilə kifayətlənirdi. Elə bil təbliğin iztirabı Onda iştaha qoymamışdı. Mələklər Allahı təsbeh etməklə yaşadığı kimi, Həzrət Məhəmməd (s.a.s.) də təbliğlə nəfəs alırdı. Bir pak insan tapıb dinini çatdıranda bambaşqa olurdu. Və Allah Ona xitab edir: “(Ya Rəsulum! onlar) iman gətirməyəcəklər deyə, özünü həlakmı edəcəksən?”[10]

Və yenə başqa bir ayədə Ona belə fərman edir: “(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!”[11]

Bəli, O, bir yerdə qapqara, səcdəsiz bir alın görəndə pərişan olur, haldan-hala düşürdü. İmansız bir insanla rastlaşanda içində hüzn fırtınası əsirdi. Bu, Onun ruhunda əvvəl də vardı. Peyğəmbərliklə daha da dərinləşdi, şaxələndi.

Dinin əmrlərinə həssaslıqla riayət etməsi də öz yerində… Onun ümmətindən biri və əsrin çiləkeşi! Niyə evlənmədiyini soruşana bu cavabı vermişdi: “Məhəmməd ümmətinin  bu qədər dərd və iztirabını düşünməkdən evlənməyi fikirləşməyə nə vaxtım oldu, nə də  fürsətim!” Bəli, budur, Nəbi və Nəbi varislərinin halı! Zənnimcə, bu gün dünya da belə dərdli insanları gözləyir.

Təbliğdən doymamaq

Allah Rəsulu təbliğdən doymurdu. Haqq və həqiqətləri hər kəsə çatdırmağa çalışır, bircə nəfərin də kənarda qalmasını istəmirdi. Onun üçün dayanmadan çalışıb çabalayır və rastına çıxan hər kəsi üsuluna uyğun şəkildə İslama çağırırdı. Budur, Allah Rəsulu son anlarını yaşayan əmisinin yanındadır.

Əbu Talibi dəvət etməsi

Əbu Talib qırx ildən çox Allah Rəsulunu himayə etmişdir. Peyğəmbərimiz peyğəmbərliyini elan edəndə ilk dəfə Əbu Talib aşılmaz bir qala kimi bütün Məkkə müşriklərinin qarşısında dayandı. Onu keçmədən Allah Rəsuluna bir şey edə bilməzdilər.

Allah Rəsulunun xatirinə bütün çətinliklərə sinə gərən, qocalıq və yoxsulluqla yanaşı bir də üç il çəkən boykotla mübarizə aparmaq məcburiyyətində qalan Əbu Talib ölüm döşəyində və son nəfəsini verməkdə idi. Allah Rəsulu fürsət tapdıqca onun yanına gəlir və israrla “Lə iləhə illəllah” deməsini istəyir, “Bunu söylə ki, axirətdə sənə şəfaət edim”, – deyirdi. Ancaq bu əsnada Əbu Talibin ətrafını saran qaranlıq ruhlu insanlar onun hidayətinə mane oldular. O, son nəfəsində: “Əbdülmüttəlibin dini ilə”, – dedi və – Allah bilir – fürsəti fövtə verdi. Allah Rəsulu hıçqırıqlarını saxlaya bilməyib hönkür-hönkür ağladı və “Yasaq edilmədikcə sənin üçün bağışlanma diləyəcəyəm”, – dedi. Ancaq daha sonra nazil olan ayə əmisi üçün bağışlanma diləməyi qadağan edirdi.[12] Artıq Əbu Talib üçün əfv diləyə bilməyəcəkdi, çünki ayədə buyurulurdu:

“Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) açıq-aşkar bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!”[13]

Onun Əbu Talibin hidayətə çatmasını nə qədər istədiyini ən yaxşı bilən Əbu Bəkirdir. Məkkə fəthi zamanı Rəsulullaha iman etdiyini orada təsdiq etsin və Onun mübarək əlindən tutub görüşsün deyə yaşlı atası Əbu Kuhafəni İki Cahan Sərvərinin hüzuruna gətirir. Gözləri görməyən bu yaşlı ata iman gətirdiyini elan edərkən Əbu Bəkir bir küncə çəkilib hıçqıra-hıçqıra ağlayır. Allah Rəsulu nə üçün ağladığını soruşanda da bu cavabı verir: “Ya Rəsulallah, atamın hidayətə çatmasını çox arzu edirdim və indi Allah (c.c.) ona bu hidayəti nəsib etdi. Ancaq mən Əbu Talibin hidayətini atamın hidayətindən daha çox istərdim. Çünki onu Sən də çox arzu edirdin. Lakin ona hidayət nəsib olmadı. Bunu xatırladım və onun üçün ağladım”.[14]

Vahşini dəvət etməsi

Allah Rəsulu əmisi Əbu Talibin hidayəti üçün əlindən gələni etdiyi kimi, əmisi, Allahın aslanı Həzrət Həmzəni şəhid edən Vahşinin də hidayətə gəlməsini istəyirdi. Hadisənin məğzi belədir:[15]

Allah Rəsulu əmisinin qatili Vahşini doğru yola dəvət edir, məktub göndərir və haqq din İslama girməsi üçün yanına çağırır. Ancaq Vahşi gələn şəxsə məktub yazıb verir. Məktuba bu ayə ilə başlayırdı: “Onlar Allahla yanaşı başqa bir ilaha ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar”.[16]

Vahşi ayənin altına bu sətirləri yazmağı da unutmamışdı: “Sən məni müsəlman olmağa dəvət edirsən, amma mən bu ayədə bəhs edilən bütün günahları işləmişəm. Küfr içində yaşamışam. Zina etmişəm və bir də sənin gözünün nuru olan əmini öldürmüşəm. Mənim kimi bir adam bağışlanarmı ki, mən də müsəlman olum?”

Allah Rəsulu ikinci məktubu göndərir. Məktuba bu ayəni yazır: “Şübhə yoxdur ki, Allah Ona şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin başqa günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”.[17]

Vahşi bu dəfə də ayədəki əfvin mütləq olmadığını, ilahi iradədən asılı olduğunu Rəsulullaha çatdırır. O Şəfqət Peyğəmbəri üçüncü məktubu göndərir. Bu məktubda isə:

“De ki: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”[18]

Vahşi ancaq bu üçüncü məktubdan sonra gəlir və Allah Rəsuluna beyət edir. O da artıq səhabə sayılacaq və adı “radiyallahu anh” (r.a.) əlavəsi olmadan xatırlanmayacaqdı. Ancaq o, Həzrət Həmzənin qatili idi. Nə özünün, nə də başqasının bunu unutması mümkün deyildi. Vahşi, bəlkə də, axirətdə bu günahın hesabını verməyəcəkdi. Çünki o, cinayət işləyəndə müsəlman deyildi və İslamı qəbul etməsi ilə də bütün keçmiş günahları bağışlanmışdı.[19] Bu baxımdan bəxti gətirmişdi, ancaq öldürdüyü insan da Həzrət Həmzə idi!

İndi isə onun qatili Vahşi qanlı əlini Allah Rəsuluna uzatmış, beyət edirdi. Allah Rəsulunun təbliğ anlayışına baxın ki, bəli, O da uzanmış əli tutur və Vahşini müsəlman olması münasibəti ilə təbrik edirdi. Vahşini şəxsən özü dəvət etməmişdimi?!

Vahşi iman etdikdən sonra Allah Rəsulu onun qulağına əyilib bu sözləri pıçıldadı: “Mümkünsə, mənə çox görünməməyə çalış! Çünki səni hər dəfə görəndə Həmzəni xatırlayar və sənə lazımi şəfqəti göstərməyə bilərəm. Beləcə sən talesizliyə düçar olarsan, mən də vəzifəmi tam icra etməmiş olaram”.[20]

Vahşi bir səhabə şüuru ilə Allah Rəsulunun bu xahişini və əmrini yerinə yetirdi. Daim Allah Rəsulundan uzaq gəzdi və gözünə görünməməyə çalışdı.[21] Ancaq hər dəqiqə, hər saniyəsi Allah Rəsulundan “gəl” dəvətini gözləyə-gözləyə keçdi. O, bir dirəyin arxasından Allah Rəsuluna baxır, Onun baxışını tutmağa çalışır və öz-özünə: “Görəsən! – deyirdi, – görəsən, bir gün mənə: “Artıq görünə bilərsən”, – deyəcəkmi?” – pıçıldayırdı. Vahşi o xoşbəxt günü gözləməkdə olsun, bir gün acı xəbər aldı. Allah Rəsulu qürub edib dünyadan köçmüşdü. Dünya-aləm başına fırlandı. Çünki artıq çağrılmağa ümidi qalmamışdı.

Vahşinin sonrakı günləri günahına kəffarə axtarmaqla keçəcəkdi. Nəhayət, Yəmamə döyüşü baş verdi. Dərhal Xalidin ordusuna qoşuldu və Yəmaməyə göndərildi. Bu fürsəti əldən qaçırmamalı idi. İslamın ən böyük bahadurlarından birini öldürməklə günah işləmişdi. O günah bağışlansa belə, Vahşinin vicdanı o günahın əzabı ilə Cəhənnəm kimi yanırdı. İndi onun qarşısında bir fürsət çıxmışdı: İslamın ən böyük düşməni Müseyləmənin işini bitirmək.

Vahşi Həmzənin köksündən çıxarıb saxladığı paslı nizəsini götürüb Yəmamə hərbinə qatıldı. Hərb günlərlə çəkdi. Müseyləmə və ordusu ölüm-qalım mübarizəsi aparırdı. Bir ara qaladan çölə çıxıb qaçmaq istəyən Müseyləməni növbə çəkən bir səhabə gördü və Vahşiyə səslənib: “Budur Allah düşməni qaçır!” – dedi. Bunu eşidən Vahşi dərhal paslı mızrağı əlinə aldı və illər əvvəl Həzrət Həmzənin köksünə sancdığı kimi, Müseyləmənin bağrına sapladı.[22] Onun atdan yerə yıxıldığını görüncə səcdəyə qapandı. Göz yaşları içində sanki Allah Rəsulunun ruhuna xitabən: “Artıq gələ bilərəmmi, Ya Rəsulullah!” – deyirdi.

Biz Allah Rəsulunun ona nə cavab verdiyini bilmirik. Amma ehtimal ki, Allah Rəsulu da Yəmamədə olmuş, Vahşinin bu cür inilti dolu yalvarışından riqqətə gəlmiş və göstərdiyi qəhrəmanlığı təbrik etmək üçün də onu bağrına basıb: “Artıq mənə görünə bilərsən”, – demişdir. Bilmirik. Bu hadisəni Allah Rəsulunun təbliğini izah etmək üçün danışdıq.

Bəli, görürük ki, Allah Rəsulu ən azı atası qədər istədiyi və yenə ən az doğma qardaş qədər üstündə titrədiyi Həzrət Həmzə kimi böyük səhabənin qatilini belə bağışlayır və hidayətinə vəsilə olur.  Vahşinin müsəlman olması üçün, bəlkə də, əlli yola baş vurur və onun kimi bir insanı səhabəyə çevirir. Görəsən, Allah Rəsulunun təbliğ düşüncəsi təbiəti ilə bütünləşməmiş, fitrətinə işləməmiş və ruhunun ayrılmaz parçasına çevrilməmiş olsaydı, Vahşi kimi bir insanı israrla İslama dəvət edərdimi? Xeyr, Onun səyləri və israrla dəvəti təbliğin nəbiyə xas xüsusiyyət olmasından qaynaqlanırdı. Bəli, O, başqa cür hərəkət edə bilməzdi.

İkriməni dəvət etməsi

İkrimənin düşmənçiliyi Vahşidən də amansız idi. O, birbaşa İslamın düşməni idi. Yəni o, şüurlu olaraq düşmənçilik edirdi. İkrimə ailəsinin, demək olar, bütün üzvləri fitrətən İslama düşmən kəsilmişdi. Ailə başçısı Əbu Cəhil idi. Onun cəhaləti bütün ailəyə sirayət etmiş və evi o qatı küfr zülməti ilə bir qəyyaya dönmüşdü. O evdə müsəlman olan hər kəs ən ağır əzab və cəfaya məruz qoyulur və əsla rahat buraxılmırdı.

İkrimə İslama düşmənçilikdə elə bil atası ilə yarışırdı.[23] Atasının qatıldığı, demək olar, bütün xəyanətkar əməllərdə iştirak etmişdi. Küfr gözünü tutmuşdu. Məkkə fəth edilmişdi, o, hələ də inad edirdi. Bəli, çoxları Məkkənin fəthi ilə birlikdə müsəlman olub nur karvanına qoşulmuşdu, amma İkrimə düşmənçilikdən əl çəkənə oxşamırdı. Məkkənin fəthi zamanı  müsəlmanlara qılınc çəkmiş, ardınca da Yəmənə qaçmışdı…[24]

Ümmü Hakim İkrimənin həyat yoldaşı və əmisinin qızı idi. Bu qəhrəman qadın sırf vəfa borcuna görə Yəmənə qədər getdi və ərini razı salıb geri qaytardı. Ancaq İkrimənin Allah Rəsulunun hüzuruna çıxmağa üzü yox idi. Çünki etmədiyi düşmənçilik və Allah Rəsuluna rəva görmədiyi zülm və təhqir qalmamışdı. Keçdiyi yollara tikan töküləcəksə, hər kəsdən əvvəl o başlamışdı, başına torpaq atılacaqsa, hamıdan birinci o qalxmışdı. Ancaq Allah Rəsulu İkrimənin də hidayətə gəlməsini istəyir və Vahşiyə göstərdiyi həssaslığı ondan əsirgəmirdi.

İkrimə hüzura çıxanda İki Cahan Sərvəri özünə yaraşan böyüklüklə ona xitab etdi: “Ey hicrət yolçusu, mərhaba!” – dedi. İslami hicrət sona çatmışdı, ancaq Allah Rəsulu onun uzaq yoldan gəlməsinə işarə edirdi. Bu cümlə İkrimənin qəlbindəki bütün buzları əritməyə bəs elədi. İkrimə Allah Rəsulunun əllərinə sarılıb: “Dua et, ya Rəsulallah! Və bütün düşmənçiliklərimə görə mənim üçün əfv dilə!” – deyə rica etdi. Allah Rəsulu da əllərini qaldırdı, dua etdi. İkrimə coşdu, heyrətə gəldi. Çünki belə bir münasibət gözləmirdi. O ana qədər Allah Rəsulunu da sadə insanlarla müqayisə edir və soyuq qarşılayacağını sanırdı. Onun bu iltifatını görüncə yanıldığını anladı. “Ya Rəsulullah! – dedi, – Sənə və İslama düşmənçilikdə nə qədər mal sərf etmişəmsə, bundan sonra İslam uğrunda iki qatını sərf etməyə söz verirəm”. Və Yermukda sözündə durdu, ancaq orada fəda etdikləri arasında canı da vardı.[25]

İkrimə Yermuk müharibəsinə xanımı və övladı ilə birlikdə qatıldı. Yaralandı və götürüb bir çadıra gətirdilər. Başı üstündə ağlayan xanımına: “Ağlama! – deyir –  mən zəfəri görmədən ölməyəcəyəm”. Bu da onun kəramətidir. Bir az sonra çadıra əmisi Haris b. Hişam girir: “Muştuluq, – deyir, – Allah bizə zəfər nəsib etdi!” Elə həmin an İkrimə: “Məni ayağa qaldırın. Çünki Allah Rəsulu içəri girdi”, – deyir və Allah Rəsulunun ruhuna xitabən bunları söyləyir: “Ya Rəsulallah! Sənə verdiyim sözə əməl etdimmi? Əhdimi yerinə yetirdimmi?” və son nəfəsində də: تَوَفَّنِي مُسْلِماً وَأَلْحِقْنِي بِالصَّالِحِينَ [26] ayəsini oxuyaraq ruhunu Allaha təslim edir. Ayənin məalı belədir: “Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərin cərgəsinə qat!”

Bəli, Allah Rəsulu insanların hidayətinə vəsilə olmaqdan doymurdu. O, təbliğdə əlçatmaz zirvəni təmsil edirdi. Minlərə, yüz minlərə əlini uzadır və minləri, yüz minləri işıqlı iqliminə çəkir, amma yenə də doymaq bilmirdi. Çünki rəhmət bulağından hər kəsin içməsini istəyirdi. Bəli, O, amansız düşmənlərinə belə şəfqət əli uzadır və peyğəmbərlərə xas təbliğ vəsfinin necə uca bir üfüq olduğunu göstərirdi.

Təbliğ dərdi yuxularını qaçırırdı

Ömrü boyu Allah Rəsulunun gözlərinə doğru-dürüst yuxu girmədi. Çünki O, bütün insanlığın dərdi ilə yaşayırdı. Bəli, “ömrü boyu rahat yuxu görmədi” cümləsi ancaq İki Cahan Sərvərinə isnad edilərsə, doğru ola bilər, çünki Onun həyatı təbliğ yollarında keçmişdi.

Məkkə dövrünün ilk illərində bazar-bazar, küçə-küçə gəzir, insanları Haqq Dinə çağırırdı. Bu yolda min bir təhqirə, həqarətə məruz qalır, başına daş, torpaq atılırdı. Ancaq bunların heç birinə əhəmiyyət vermədən hədəfinə doğru gedirdi. Mələklər Onun üzünə baxmağa qıymırdılar, amma Məkkə müşrikləri o üzə tüpürürdülər. Günəş hərarəti ilə Onun vücudunu incitməsin deyə bəzən üzünə bulud niqabını çəkirdi, ancaq insanlar üzü suyu hörmətinə yaradıldığımız o nurlu çöhrəyə ən çirkin təhqirləri rəva bilirdilər.

“Ən yaxın qohumlarını xəbərdar et!” məallı وَأَنْذِرْ عَشِيرَتَكَ اْلأَقْرَبِينَ  [27] ayəsi nazil olunca O, dərhal bütün yaxın oymaq və qəbilələri yığıb onlara xitab etdi: “Allah (c.c.) mənə ən yaxınlarımı dəvət etməyi əmr etdi. Siz də mənim ən yaxınlarımsınız. Lakin siz “Lə iləhə illəllah” demədikcə Allah qatında sizin üçün bir şey edə bilmərəm. Yalnız bu sözü söyləyəndən sonra axirətdə sizin üçün şahid ola bilərəm”.

O, belə dedi, amma orada olanlar daş kimi susub cavab vermədilər. Bircə əmisi Əbu Ləhəb danışdı – kaş danışmayaydı: “Bir buna baxın, bizi bunun üçünmü çağırdın?” – dedi və bu sözdən sonra hər kəs dağılışıb getdi.[28]

Həzrət Xədicənin bütün sərvəti Məkkə böyüklərinə verilən ziyafətlərdə tükəndi. Allah Rəsulu onları evə dəvət edir, yedirib-içirir və az da olsa, bir şey anlatmağa çalışırdı. Amma nədənsə heç cür qəbul etmək istəmirdilər.

Belə məclislərin birini Həzrət Əli (r.a.) nəql edir: “Yenə Allah Rəsulu Məkkə böyüklərini evinə dəvət etmişdi. Yeməklər yeyildi. Bir ara Allah Rəsulu danışmağa başladı. Özünün haqq peyğəmbər olduğundan və ən yaxınları kimi onların ona kömək etməli olmasından danışdı. Sözünün sonunda da: “Bu məsələdə mənə kim kömək edəcək?”– dedi. Mən o gün hələ yeddi yaşlarında, solğun üzlü, cılız bədənli bir uşaqdım. Su qabı ilə su paylayırdım. Allah Rəsulunun sözlərinə heç kimdən cavab gəlmədiyini görüb dözə bilmədim. Su qabını yerə qoyub: “Mən varam, ya Rəsulallah!” – dedim. Allah Rəsulu bu təklifini üç dəfə təkrar etdi. Hər dəfə də məndən başqa cavab verən olmadı”.[29]

Və beləcə Allah Rəsulu illərlə çəkinmədən, yorulub-usanmadan təbliğinə davam etdi. Yaxınları Ona qulaq asmadı. O da daha uzaqlardan sözünü dinləyən insanlar axtarmağa başladı. Ancaq oralarda da təmiz insan tapmaq o qədər asan olmadı. Taifdə daşlandı, ələ salındı.[30] Bazarlarda çadırların çoxundan əliboş qayıtdı.[31] Amma bu əzmli təbliğ sanki onu gözlənilməz hadisələrə doğru çəkirdi və elə də oldu.

Tale Onu Əqabəyə çəkib gətirdi və təmiz insanlarla görüşdürdü. Burada altı adamla tanış oldu. Onlar ertəsi il Əqabəyə on iki nəfərlə gəldilər. Allah Rəsulu onlara bəzi məsələləri çatdırdı. Ona inanacaqdılarsa, müəyyən şərtləri yerinə yetirməyə söz verməli idilər. Onlar da Allah Rəsulunun bütün təkliflərini tərəddüdsüz qəbul etdilər. İki Cahan Sərvəri Musab b. Umeyri onlarla birlikdə göndərdi. Musab onlara İslamı öyrədəcəkdi. Növbəti il Musab Əqabəyə yetmiş adamla gəldi. Bunlar da Allah Rəsuluna beyət etdilər. Bu vaxt Həzrət Abbas onlara düşünüb qərar verməyi məsləhət gördü və belə bir təklifi qəbul etməyin bütün dünya ilə üz-üzə gəlməyə bərabər olduğunu təfsilatı ilə izah etdi. Qərarından dönən olmadı. Ən çətin vaxtlarda belə Allah Rəsulunu özlərindən üstün tutmağa söz verərək beyət etdilər.[32]

 


[1]Buxari, Riqaq  50; Müslim, İman  374-375.

[2]Qasas surəsi, 28/56

[3]Tayalisi, Müsnəd, s. 3; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 4/29.

[4]Qazi İyaz, əş-Şəfa, 1/105. Bənzər hədislər üçün baxın: Buxari, Ənbiya 54; Müslim, Cihad105.

[5]Müddəssir surəsi, 74/1-3

[6]Müzzəmmil surəsi, 73/1-4

[7]İsra, 17/15

[8]Qasas surəsi, 28/59

[9]Buxari, Savm 20; Müslim, Siyam 55-61.

[10]Şüəra surəsi. 26/3

[11]Kəhf surəsi, 18/6

[12]Buxari, Cənaiz 81; Müslim, İman  39-40.

[13]Tövbə surəsi, 9/113

[14]Təbərani, əl-Mücəmül-kəbir, 9/40; İbn Həcər, əl-İsabə, 7/237-240.

[15]Təbərani, əl-Mücəmül-kəbir, 11/197.

[16]Furqan surəsi, 25/68-69

[17]Nisa surəsi, 4/48

[18]Zümər surəsi, 39/53

[19]İslam əvvəlki (küfr və günahı) silib atır. (Əhməd bin Hənbəl, əl-Müsnəd, 4/199)

[20]Təbərani, əl-Mücəmül-övsat, 2/222; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 4/20; İbn Abdilbərr, əl-İstiab, 4/1565.

[21]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 3/76-77; İbn Həcər, Fəthül-Bari, 7/370.

[22]İbn Abdilbərr, əl-İstiab, 4/1563-1564; Zəhəbi, Siyərül-alamin-nübəla, 1/178; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 6/268, 325.

[23]İbn Abdilbərr, əl-İstiab, 3/1082; İbn Həcər, əl-İsabə, 4/538.

[24]Təbəri, Tarixül-üməm vəl-müluk, 2/159-160.

[25]Hakim, əl-Müstədrək, 3/269-272.

[26]Yusuf surəsi, 12/101.

[27]Şuəra surəsi, 26/214.

[28]Buxari, Təfsir (111) 1; Müslim, İman  348-356; İbn Sad, ət-Tabaqatül-kübra 1/74.

[29]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/159.

[30]İbn Sad, ət-Tabaqatül-kübra 1/211-212; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/266-267.

[31]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/270 vd.

[32]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/276-292.

Exit mobile version