Aylıq namaz vaxtları
1. 494 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanlığa ən gözəl nümunə olan Peyğəmbərimiz hər sahədə olduğu kimi, ictimai həyatda insanlararası münasibətlərdə də “Üsveyi-hasənə” (ən gözəl örnək) idi. Allah Rəsulu (s.ə.s.) təklif etmək istədiyi hər şeyi əvvəlcə öz həyatına tətbiq etmiș, buna paralel cəmiyyəti Allahın razı olduğu həyat tərzini mənimsəmə istiqamətində yetişdirmişdir.

Peyğəmbərimiz insanlara çox dəyər verir, həmişə onların arasında olur, sadə bir insan kimi yaşayırdı. İnsanlarla qarșılașarkən birinci salam verər, əl-ələ görüșər, hal-əhval tutardı. Deyilənləri diqqətlə dinləyər, həmsöhbəti sözünü bitirmədikcə üzünü ondan çevirməzdi. Ənəs b. Malik Peyğəmbərimizin bu xüsusiyyətini belə ifadə edir: “Allah Rəsulu bir insanla qarșılașıb söhbət edərkən həmsöhbəti üzünü çevirmədikcə əsla üzünü çevirməzdi. Bir insanla görüşüb əlindən tutardısa, həmin adam əlini buraxmadıqca əlini çəkməzdi. Səhabələri ilə oturarkən ayaqlarını əsla uzatmazdı”.[1]

Peyğəmbərimiz (s.ə.s.) insana hər șeydən əvvəl insan olduğu üçün dəyər verirdi. Buna ən gözəl örnəklərdən biri belədir: “Bir gün Allah Rəsulu bir neçə sahabə ilə oturub söhbət edərkən oradan bir cənazə aparılmış və  bunu görən Peyğəmbərimiz (s.ə.s.) də dərhal ayağa qalxmıșdı. Yanındakılar onun müsəlman cənazəsi deyil, yəhudi cənazəsi olduğunu söyləyərək “ayağa qalxmamaq olardı” demək istəmişdilər. Allah Rəsulu da üzünü səhabələrinə tutub belə buyurmuşdu: “Müsəlman deyilsə, insan da deyilmi?”[2]

Onun ölülərin arxasınca pis söz danıșmağı[3] və qəbirlərin üstündə oturmağı qadağan etməsi də insana dəyər verməsinin bir göstəricisidir.[4]

Peyğəmbərimiz səhabələrinin dərd və sıxıntıları ilə maraqlanar, onlardan qayğısını əsirgəməzdi. Ümumi məsələlərlə yanașı, xırda məsələlərə də laqeyd yanașmaz, insanların ən kiçik çətinlikləri ilə də maraqlanardı.

Allah Rəsulu şəxsən Müsəlmanların dərdləri ilə maraqlandığı kimi, bunu ümmətinə də tövsiyə etmișdir: “Kim dünyada bir Müsəlmanın bir sıxıntısını yoluna qoyarsa, Allah da qiyamət günü onun bir çətinliyini  aradan qaldırar. Kim darda qalmıș bir insana kömək edərsə, Allah da ona dünya və axirətdə kömək edər. Kim bir Müsəlmanın qüsurunu gizləyərsə, Allah da onun dünya və axirətdəki qüsurlarını örtər. Qul din qardașına kömək etdiyi müddətdə Allah da ona kömək edər”.[5]

Peyğəmbərimiz daim təbəssümlü və gülərüzlü idi. Heç vaxt qəhqəhə ilə gülməzdi. Onun gülüșü təbəssüm idi.[6] Səhabələr Rəsulullahı daim  təbəssüm edən bir insan kimi təsvir etmișdir.[7] Cərir b. Abdullah rəvayət edir: “Mən müsəlman olandan bəri Rəsulullah (s.ə.s.) hüzuruna girməyə əngəl olmadı. Nə vaxt məni görsə,  təbəssüm edərdi”.[8]

Rəsulullah (s.ə.s.) özü gülərüzlü olduğu kimi, səhabələrini də belə olmağa təșviq etmișdir: “Müsəlman qardașına gülümsəməklə sədəqə savabı qazanarsan”,[9] “Heç bir yaxșılığı əsla dəyərsiz hesab etmə. Hətta qardașını gülərüzlə qarșılamağı da”.[10] Rəsulullahın həyatı məşəqqətlərlə doludur. Çəkmədiyi cəfa, görmədiyi əziyyət qalmamıșdı. Bütün bunlara baxmayaraq, hüznlü, amma gülərüz və təbəssümlü çöhrəsi vardı.  Bu da hər halda yalnız Peyğəmbərimizə xas məziyyətdir.[11]

Peyğəmbərimizin israrla vurğuladığı və həyat prinsipinə çevirdiyi xüsuslardan biri də salamlașmadır.” Allah qatında ən məqbul insan (insanlarla)  qarșılașarkən ilk salam verəndir”,[12] – buyuraraq söhbətə salamla bașlamağı tövsiyə edən Peyğəmbərimiz rastlașdığı  insanlara salam verərdi.[13] Ușaq[14] və qadınlara[15] da salam vermiș, Əhli-kitabın salamını isə: “Və əleykum” sözləri ilə almıșdır.[16] “Salam Allahın isimlərindən biridir. Uca Allah Onu yer üzünə göndərmişdir. Ona görə də salamı aranızda yayın,”[17] – buyuraraq salamın əhəmiyyətinə diqqət çəkmiş, “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də həqiqi mömin ola bilməzsiniz. Sizə elə bir əməl deyəcəyəm ki, onu yerinə yetirməklə  bir-birinizi sevəcəksiniz: salamı aranızda yayın,”[18] – deyərək salamlașmanın insanları bir-biri ilə qaynayıb-qarıșdırmaqla qarşılıqlı mərhəmət, șəfqət və sevgi hisləri doğuracağına işarə etmişdir. Bir məclisə gələrkən və oradan gedərkən salam verməyi tövsiyə etmișdir.[19] İslamın hansı xüsusiyyətinin daha xeyirli olduğunu sorușan səhabəyə: “Yemək yedirtmək və tanıyıb-tanımadığın hər kəsə salam vermək,[20] – cavabını vermişdi. Peyğəmbərimiz minik belində olanın piyadaya, yeriyənin oturana, azın çoxa salam verməsini daha uyğun görərək[21] salamla əlaqədar təfərrüatlı məlumatlar vermiș və salamlașma əxlaqının cəmiyyətdə mənimsənilməsinə səy göstərmișdir.

Peyğəmbərimizin insanlarla münasibətində diqqəti çəkən xüsusiyyətlərindən biri də heç vaxt varlı-kasıb fərqi qoymamasıdır. Onun nəzərində varlı-kasıb, böyük-kiçik, ağa-qul – hər kəs bərabər idi. Buna görə də Rəsulullah insanları bir-birindən ayırmazdı.[22] Çünki İslamiyyət üstünlüyü mal-mülkün çoxluğunda deyil, Allahın rizasına uyğun yașamaqda, Quranın ifadəsi ilə təqvada görür.[23] Peyğəmbərimizin kasıblara xüsusi qayğı göstərdiyini də müșahidə edirik. Bir hədisində belə buyurmușdu: “Kasıbları arayıb-axtarın, onlara arxa-dayaq olun. Çünki ancaq kasıblar sayəsində sizə kömək edilir və ruzi verilir”.[24] Səhabə Əbu Zərr Peyğəmbərimizin ona verdiyi tövsiyələrdən danıșarkən bunlardan birinin də yoxsulları sevib onlara həyan olmaq olduğunu söyləmișdir.[25] Peyğəmbərimiz o dövrdə cəmiyyətdə çox yayılan kölə və cariyələrə “köləm, cariyəm” deyə müraciət etməyi deyil, “igidim, gəncim, oğlum” kimi ifadələrlə xitab etməyi  tövsiyə buyurmuşdur.[26] Yenə diqqəti bir hədisində: “Elə saçı-bașı pərişan, qapılardan qovulan və heç dəyər verilməyən elə insanlar var ki, (hər hansı bir məsələdə) Allaha and içsələr, Allah onları andlarında yalançı etməz,”[27] – buyuraraq yoxsul zahiri görünüșün altında Allah qatında dəyərli bir qəlbin ola biləcəyini bildirmiş və bizi diqqətli olmağa çağırmıșdır”.[28] İnsanlar Adəmin oğullarıdır. Adəmi də Allah torpaqdan yaratmıșdır,”[29] – deyərək təməldə insanlar arasında fərq olmadığını vurğulamıșdır.

Peyğəmbərimiz zərafət və nəzakət örnəyi idi. Onun heç bir davranışı narahatlığa səbəb olmazdı. Yumșaq təbiətli idi.[30] O, insanların könlünü alar, onlara nifrət etdirməzdi. İnsanlarla gülər­üzlü davranar, gözəl rəftar edərdi. Pis xasiyyətli, kobud dilli və qatı qəlbli deyildi. Heç kəslə mübahisə etməz, dilinə pis söz gətirməz, heç kəsin qüsurunu  üzünə vurmazdı. Xəsislikdən uzaq idi. Xoșuna gəlməyən șeylərlə maraqlanmazdı.[31]

O, son dərəcə ədəbli idi. Çünki ilahi tərbiyə ilə zinətləndiril­mişdi. Bunu șəxsən özü: “Məni Rəbbim tərbiyə etdi. Buna görə də çox gözəl tərbiyə etdi,”[32] – șəklində bəyan etmișdir. O, insanlıq üçün ən mükəmməl nümunədir. Bu, Onun göndəriliș qayəsidir. Çünki şəxsən özü: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim,”[33] – buyurmușdur. Quran da:”Şübhəsiz ki, Sən uca bir əxlaq sahibisən,”[34] – deyə buyuraraq bunu təsdiq edir.

Səhabə Abdullah b. Amr Tövratda Peyğəmbərimizlə əlaqədar bir ayəni nəql edərkən “.. O, sərt və kobud deyil. Küçələrdə uca səslə qıșqırıb-bağırmaz. Pisliyə pisliklə qarșılıq verməz…”[35]  cümlələrini də zikr edir. Buradan da anlayırıq ki, Allah Rəsulunun nəzakət və zərafəti qədim səmavi kitablarda belə öz əksini tapmışdır.[36] Hz. Aișə deyir: “Bir gün Allah Rəsulu otağıma girdi, qibləyə dönüb əllərini açaraq belə dua etdi: “Allahım! Mən bir bəșərəm, əgər bir qulunu üzüb incitmișəmsə, məni buna görə cəzalandırma”.[37]

Peyğəmbərimizə yaxın səhabə kimi tanınan Ənəs b. Malik rəvayət edir: “Allah Rəsuluna on il xidmət etdim, mənə bir dəfə də “of” demədi. Gördüyüm bir işə görə  “Bunu niyə etdin?”,  görmədiyim bir iş haqqında da “Bunu niyə etmədin?”[38] demədi. “Çünki O, yenə Ənəs b. Malikin ifadəsi ilə “ən gözəl əxlaqlı insan” idi.[39]

Vəfa vəsfi də Allah Rəsulunun insanlarla münasibətində diqqət çəkən ən mühüm xüsusiyyətlərindən biridir Onun vəfası ilk zövcəsi və hüzn yoldaşı  Hz. Xədicənin șəxsində, sanki, büllurlașır. Çünki Allah Rəsulu mələyin Ona vəhy gətirdiyini deyəndə hamı șübhə və tərəddüdlə yanaşdı. Lakin Rəsuli-Əkrəmi çox yaxșı tanıyan Hz. Xədicə tərəddüdsüz Ona iman etdi. Malını, mülkünü əmrinə verdi. Allahın Rəsulunu bütün varlığı ilə dəstəklədi.[40]  Vəfa timsalı olan Rəsulullah iyirmi dörd illik ömür-gün yoldașını, əlbəttə ki, unuda bilməzdi. İslamın ilk günlərində onların qatlaşdığı çətinliklər və bu çətinliklərə birlikdə sinə gərmələri unudulası deyildi. Bəli, bu səbəbdən Möhtərəm Nəbi onu hər fürsətdə anar, xatirəsini yad edərdi.[41] Bir dəfə bir nəfərə hədiyyə göndərmiș, səhabələrinə “Bu hədiyyəni filan qadının evinə aparın. Çünki o, Xədicənin rəfiqəsi idi. Xədicəni də çox sevərdi”,[42] – deyə tapşırmışdı.

Peyğəmbərimiz (s.ə.s.) süd anasına da vəfa göstərmişdir. Uzun illər sonra Məkkə fəthində süd anası Həlimə Ona baş çəkmiş, Rəsulullah da ona böyük ehtiram göstərərək üstündə otursun deyə ridasını (əba) yerə sərmişdi.[43] Süd qardașı Abdullah gələndə də ayağa qalxmıș və onu da libasının üstündə oturtmușdu.[44] Yenə Həvazin əsirləri arasında gətirilən süd qardașı Şeymaya da qayğı göstərmiş, onunla maraqlanmıș və qövmünün yanına qayıdarkən hədiyyələrlə yola salmıșdı.[45]  Yenə dar gündə Ona arxa olan, qollarını açan Ənsarı həmişə ehtiramla anar, onlara dua edərdi.[46] Məkkə fəth ediləndə Rəsulullahın Məkkədə qalacağını düșünən Ənsara: “Sizin yanınızda yaşayacaq, sizin yanınızda da öləcəyəm,”[47] – demişdi.

Peyğəmbərimizin vəfasından xəbər verən bu sözlər mədinəli müsəlmanların – Ənsarın narahatlığına son qoymuş və qəlbini təskin etmișdi.

Quranda Hz. İbrahimin əxlaqi xüsusiyyətlərindən biri kimi zikr edilən “qonaqpərvərlik”[48] Peyğəmbərimizin mümtaz vəsfləri arasında yer alır. Deyə bilərik ki, qonaq onun süfrəsindən əs­kik olmazdı. İbn Saddan gələn bir rəvayətə görə, Əbu Hureyrə: “Rəsulullah da ac qalırdı,” – demiş,  Ərəc bu aclığın necə olduğunu sorușmuşdu. Əbu Hureyrə də: “Gəlib-gedənin, qonağın çox olduğunu və bir dəstə insanın Ondan heç ayrılmadığını, bundan əlavə, Rəsulullahın yanında səhabələri və əhli-suffə olmadan yemək yemədiyini,” – demişdi”.[49] Rəsulullah Suffə əhlinin vəziyyəti ilə həmişə maraqlanardı. Onların nə evi-eşiyi vardı, nə də bir kimsəsi. Peyğəmbərimizə bir sədəqə gələndə hamısını onlara göndərər, özünə bir șey götürməzdi. Hədiyyə gələndə isə onlarla bölüșərdi. Bundan əlavə Allah Rəsulu onları yeməyə dəvət edər, məișət ehtiyaclarını təmin edərdi.[50]

Peyğəmbərimiz yoxsulluqdan əziyyət çəkən digər səhabələrinə də imkan olan kimi kömək əlini uzadırdı. Onun (s.ə.s.) yanına Ərəbistanın hər tərəfindən qonaq və elçilər gəlirdi. Gələn qonaqlar müəyyən müddət Mədinədə qalırdılar. Allah Rəsulu bütün qonaqlarla – istər dövlətlərin elçiləri olsun, istərsə də sıravi vətəndașlar – mütləq maraqlanır və əldə olan mövcud imkanlarla onları ağırlayırdı (ağırlamaq yemək-içmək və s. bütün zəru­ri ehtiyaclarını təmin edərdi). Məsələn, rəvayətə görə, Mədinədə qonaq qalan Bəni-Hənifə heyətinə Rəmlə b. Xarisin evində səhər və axșam bir dəfə çörək və ət, bir dəfə çörək və süd, bir dəfə də çörək və yağ verilmişdi.[51]

Peyğəmbərimiz Mədinəyə gələn heyətlərin ağırlanması işini bəzi səhabələrinə tapșırmış,[52] onlar üçün yol azuqəsi hazırlatdırmıș[53] və onlara hədiyyələr təqdim etmișdi.[54] Qonaqlarını ən gözəl șəkildə ağırlayan Rəsulullah səhabələri qonaqpərvərliyə təșviq etmiș[55] və qonağını gözəl ağırlamayan insanda heç bir xeyir olmadığını söyləmișdir.[56] “Xeyir qonaq  olan evə bıçağın dəvənin hörgücünə çatmasından daha tez yetişir,”[57] – buyuraraq qonaqlı evdə xeyir və bərəkət olacağına ișarə etmişdir.

Peyğəmbərimiz ușaqlarını, nəvələrini öpər, oxșayar və çox sevərdi. Ușaqlarla șəfqət və mərhəmətlə rəftar edərdi.[58] Bu anlayıșın bütün Müsəlmanlar arasında yayılmasına, oturuşmasına çalışan Rəsulullah: “Kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə ehtiram göstərməyən bizdən deyildir,”[59] – buyurmușdur. Cahiliyyə dövründə ərəblər ușaqlarını o qədər də sevib oxșamazdılar. Bir dəfə səhrada yașayan bir dəstə bədəvi  Rəsulullahın (s.ə.s.) hüzuruna gəldi və: “Siz ușaqlarınızı öpürsünüzmü?” – deyə sorușdu. Peyğəmbərimiz “Bəli” cavabını verdi. Onlar: “Amma biz Allaha and olsun ki, onları öpmürük,” – dedilər. Peyğəmbərimiz də: “Allah sizin qəlbinizdən mərhəmət hissini çıxarıbsa, mən nə edə bilərəm!”[60] – buyurdu. Yenə bir dəfə Peyğəmbərimizin Hz. Həsəni öpdüyünü görən Aqra b. Xabis özünün on ușağı olduğunu və heç birini öpmədiyini demiş, Rəsulullah da: “Mərhəmət etməyənə mərhəmət edilməz,” – buyurmușdur.[61]

Peyğəmbərimiz ən xeyirli ərəb qadınının saleh Qureyș qadınları olduğunu buyurmuș, bunun səbəbini də “Onlar ușaqlarına son dərəcə șəfqətli və bağlıdırlar, ərlərinin sahib olduğu șeyləri də ən yaxșı șəkildə qoruyurlar”,[62] – șəklində ifadə etmișdir. Ușaqlara șəfqətin qeyd edilməsi isə olduqca mənalıdır.



[1]. İbn Macə, 2/1224; Həmçinin bax. Əbu Davud, 2/665

[2]. Buxari, 1/441

 [3]. Nəsayi, 4/52; Tirmizi, 4/353; Əhməd b. Hənbəl, IV, 252

 [4]. Müslim, 2/667

 [5]. Əbu Davud, 2/704; Tirmizi, 4/34, 5/195; İbn Macə, 1/82

 [6] Münavi, Ravdul-basim, II, 22.

 [7] Bax. Qazı İyaz, q.o.ə., I, 98; İbn Həcər, q.o.ə., XII, 70.

 [8]. Buxari, 3/1390; Müslim, 4/1925.

 [9]. Buxari, Edebu’l Müfred, 1/307; Tirmizi, 4/339

 [10]. Müslim, 2/2026; Həmçinin bax. Tirmizi, 4/274,347; Müsnəd, 3/344; Buxari, Ədəbul-Müfrəd, 1/114

 [11]. Kandemir, Çakan, q.o.ə., 113.

 [12]. Əbu Davud, 2/772; Tirmizi, 5/56

 [13]. Buxari, 1/48, 5/2305; Tirmizi, 5/72.

 [14], Müslim, 4/1708; Əbu Davud, 2/773; Tirmizi, 5/57, 78

 [15], Əbu Davud, 2/773; Tirmizi, 5/58; Buxari, 3/1177, 5/2306. Qadınlara salam vermək barəsində alimlər bəzi ölçülər gətirmişlər, xüsusən diqqəti cəlb edən gənc qadınlarla salamlaşmaq fitnəyə səbəb olursa, ehtiyatlı davranmaq tövsiyə olunmuşdur. Bax. İbn Həcər, q.o.ə., XII, 299; Canan, q.o.ə., IX, 405-406; Kandemir, Çakan, Küçük, q.o.ə., IV, 427-428.

[16]. Buxari, 6/2538; Müslim, 4/1706; Əbu Davud, 2/774; Peyğəmbərimiz əhli-kitabla qarşəlaşanda müsəlmana birinci salam verməməyi tövsiyə etmiş, əgər onlar salam versələr, “və aleykum” deyərək qarşılıq göstərməyi buyurmuşdur.

[17]. Buxari, Ədəbül-müfrəd, 1/343.

[18]. Müslim, 1/74; Əbu Davud, 2/771; İbn Macə, 1/26; Tirmizi, 5/52

[19]. Tirmizi, 5/62; Əbu Davud, 2/774.

 [20]. Buxari, 1/13, 19; Müslim, 1/65; Əbu Davud, 2/771; Nəsayi, 8/107.

 [21]. Buxari, 5/2301, 2302; Müslim, 3/1699; 4/1703; Əbu Davud, 2/772; Tirmizi, 5/61.

 [22]. Şibli, q.o.ə., II, 92.

 [23]. Hucurat, 13.

 [24]. Əbu Davud, 3/32; Tirmizi, 4/206; Nəsayi, 6/45; Buxari, 3/1061

 [25]. Əhməd b. Hənbəl, V, 159.

 [26]. Buxari, 2/901; Müslim, 4/1764; Müsnəd, 2/316

[27]. Müslim, 4/2024; 4/2191; Tirmizi, 5/692.

 [28]. Ərzurumlu İbrahim Haqqının bu mövzuda “Xaraba əhlinə xor baxma Şakir, Dəfinəyə malik viranələr var” misraları məşhurdur.

 [29], Tirmizi, 5/389; Əbu Davud, 2/752.

[30]. Tirmizi, 5/598; İbn Hişam, Sîre, I, 253; İbn Sad, Tabaqat, I, 121.

 [31]. Tirmizi, Şəmail, 187; Qazi İyaz, q.o.ə., I, 98.

 [32]. Acluni, q.o.ə., I, 72.

 [33]. Müstədrək, Hakim, 2/670; Beyhaqi, Sünən, 10/191

 [34], Qələm, 4

 [35]. Buxari, Ədəbül-müfrəd, 1/95; Əhməd b. Hənbəl, 2/174; Darımi, 1/17

 [36]. Yəhudi və Xristianlar öz kitablarda əksini tapan vəsflərə görə Peyğəmbərimizi tanıyırdılar. Hətta Quranın ifadəsi ilə “öz oğulları kimi tanıyırdılar” (Bəqərə, 2/146). Zeyd b. Sanə və Abdullah b. Salam kimi şəxslərin müsəlman olmasında bu kitablardan oxuduqları məlumatlar böyük rol oynamışdır. Bax.: İbn Həcər, İsâbe, I, 566; Hakim, Müstədrək, III, 603; Suyuti, Hasais, I, 26; Dürrül-mənsur, I, 358; İbn Qayyim, Zadul-meəad, I, 59; Qazi İyaz, q.o.ə., I, 90;

 [37]. Əhməd b. Hənbəl, VI, 180.

 [38]. Buxari, 5/2245; Müslim, 4/1804; Əbu Davud, 2/661

[39]. Buxari, 5/2291; Əbu Davud, 2/661; Müslim, 1/457, 3/1692

 [40], Əhməd b. Hənbəl, VI, 118.

[41]. Kandemir, Çakan, Küçük, q.o.ə., II, 505.

 [42]. Hakim, Müstədrək, 4/193; Buxari, Ədəbül-müfrəd, 1/90

 [43]. Əbu Davud, 2/758

 [44]. Əbu Davud, 2/758

 [45]. Beyhaqi, Dəlail, II, 308 (Darul-kütübül-elmiyyə)

 [46]. Buxari, 3/1383, 4/1862; Müslim, 4/1948; Müsnəd, 3/156, 161, 162; 4/369; Tirmizi, 5/715

 [47]. İbn Hișam, q.o.ə., II, 283.

 [48]. Bax.: Zəriyət (51), 24-27. İkram – qonağı ağırlamaq, hər cür qayğı göstərmək.

 [49]. İbn Sad, q.o.ə., I, 408.

 [50]. Buxari, 5/2370, 2371. Ətraflı məlumat üçün bax.: İbn Həcər, Fəthuı-bari, XIII, 72-74.

 [51]. İbn Sad, Tabaqat, I, 316.

 [52]. İbn Sad, Tabaqat, I, 323

 [53]. Zürkani, q.o.ə., IV, 37.

[54]. Bax.: Buxari, 3/111; Əhməd b. Hənbəl, IV, 74-75; Kəttani, q.o.Ə., II, 29.

 [55]. Buxari, 5/2240, 2272, 2273; Müslim, 1/68, 69; Əbu Davud, 2/369, 760; Tirmizi, 4/345, 659; İbn Macə, 2/1211

 [56]. Əhməd b. Hənbəl, IV, 155.

 [57]. İbn Macə, 2/1114.

 [58]. Əhməd b. Hənbəl, V, 205. Həmçinin bax. Müslim, 4/1808. Peyğəmbərimizin ən çox sevdiyi uşaqlardan biri də Üsamə ibn Zeyddir. Üsaməni, demək olar ki, nəvələrindən ayırmırdı. Həzrəti Aişənin nəql etdiyinə görə, bir dəfə Rəsulullah Üsamənin burnunu təmizləmək istəyir. Bunu görən Həzrəti Aişə: “Qoy mən təmiz­ləyim, ya Rəsulallah,” – deyəndə Rəsulullah belə buyurur: “Ey Aişə, Üsaməni sev, çünki mən onu sevirəm” Bax. : Tirmizi, 5/677.

 [59]. Tirmizi, 4/321, 322.

[60]. Buxari, 5/2235; Müslim, 4/1808.

 [61]. Buxari, 4/2318, 5/2235; Müslim, 4/1808; Əbu Davud, 4/355.

 [62]. Buxari, 5/1955, 2052; Müslim, 5/1958.

 




Şərh yaz