Mənəviyyata Açılan Pəncərə

Qul haqqı nədir? Axirətdə boynunda qul haqqı olanların vəziyyəti necə olacaq?

Qul haqqı nədir? Axirətdə boynunda qul haqqı olanların vəziyyəti necə olacaq?

Gözəl dinimiz İslamiyyət insan haqlarına böyük önəm verir.­ İnsanların hüquqları ilə bağlı ən gözəl ölçüləri ortaya qoyur və insanların bir-birinin haqlarına hörmətlə yanaşmasını istəyir. Qul haqqını məhz bu çərçivədə dəyərləndirmək lazımdır.

Qul haqq çox geniş anlayışdır. Daha yaxşı anlaşılması üçün bir neçə misal verək:

• Bir adamın əşyasını onun razılığı və rizası olmadan götürüb işlətmək

• Bir adamdan borc (əşya və ya pul) alıb qaytarmamaq, yaxud gecikdirmək

• Alış-veriş edərkən qarşı tərəfi aldatmaq

• Ata-anaya hörmətsizlik

• Qeybət, iftira, məsxərəyə qoyma, həqarət

• Haqsız yerə bir nəfəri incitmək, yaralamaq və ya öldür­mək

• Bir adamın dinini öyrənməsinə və ya yaşamasına mane olmaq

Bunlar qul haqqı barədə ilk ağıla gələn xüsuslardır. Əlbəttə ki, bu, hamısı deyil. Bir insanın maddi və ya mənəvi – hər hansı haqqını tapdalamaq, qəsb etmək və ya haqqına mane olmaq kimi xüsusların hamısı qul haqqına daxildir.

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) həssaslığı

Bizim üçün ən gözəl örnək və rəhbər olan Peyğəmbərimiz qul haqqına son dərəcə həssas yanaşmışdır. Heç kimi incitməməyə və hər kəsə layiq olduğunu verməyə fövqəladə səy göstərirdi. O, bir cəhəti ilə də dövlət başçısı idi. Yəni vaxtaşırı – istər qənimət, istərsə də zəkat və ya sədəqə olsun – əlində xeyli mal-dövlət olurdu. Bunlardan Ona ayrılan paydan yarım xurma belə olsa, nə özü götürür, nə də ailəsinin götürməsinə icazə verirdi. Ona sədəqə kimi verilən və yaxud paylamaq üçün əmanət edilən mallardan bilmədən istifadə etməkdən çox narahat olurdu.

Həqiqətən də, gecələrin birində səhərədək yata bilməmiş, ye­rində qıvrılmışdı. Həzrəti Aişə anamız (radiyallahu anha) səhər açılanda: “Ya Rəsulallah! Bu gecə yata bilməmisən. Özünü narahat hiss edirdin?” – dedi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “Otaqda bir xurma tapdım, ağzıma atdım. Sonra da onun sədəqə xurması olması ehtimalı ağlıma gəldi. Buna görə iztirab çəkdim”, – deyir. (Əhməd b. Hənbəl, Müsnəd: 2/193) Halbuki həmin xurma çox ehtimal ki, öz xurmasından idi, çünki sədəqə xurmalarını ayrı yerə qoyurdu.

Qul haqqı məsələsinə bu dərəcədə həssas yanaşan Peyğəm­bərimiz bizlərə də belə bir tövsiyə edir: “Üstündə qul haqqı olan ölmədən əvvəl haqqı sahibinə qaytarıb onunla halallaşsın! Çünki axirətdə qızılın, malın dəyəri yoxdur. O gün haqqı qaytarmaq üçün onun savablarından alınıb haqq sahibinə veriləcək, savabları olmasa, haqq sahibinin günahları ona yüklənəcək”. (Buxari, Rikak: 48/121)

Qul haqqından qurtulmanın yolu

Burada əsas məsələ Peyğəmbərimizi örnək götürmək və qul haqqına heç girməmək, heç olmasa bu məsələdə ciddi səy gös­tər­məkdir. Əgər bütün bunlara baxmayaraq, qul haqqını tapdalamışıqsa, bundan qurtuluşun bircə yolu var: haqq sahibi ilə halallaşmaq.

Sözsüz ki, haqq sahibi ilə halallaşmaq sadəcə “Haqqını halal et” deməklə olmur. Əgər bu, qeybət, iftira, həqarət kimi mənəvi haqdırsa, o zaman haqq sahibinə: “Sənin haqqında filan sözləri dedim, belə qeybət elədim, xətrinə bu yerdə dəydim…” – deyib onun könlünü və sonra haqqın halallığını almaq lazımdır. Əgər maddi haqdırsa, əvvəlcə haqq sahibinə haqqını qaytarmaq, son­ra da halallaşmaq lazımdır.

Haqq sahibi vəfat edibsə, yaxud haqqı çatdırmaq mümkün deyilsə, savabını haqq sahibinə bağışlamaq surəti ilə çoxlu yaxşılıq etmək, sədəqə vermək və Allahdan bağışlanma diləmək lazımdır.

Üstündə qul haqqı olanların axirətdə vəziyyəti

Haqq-Təala “Nisa” surəsinin iyirmi doqquz və otuzuncu ayələrində belə buyurur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını ha­ram yolla yeyərək, başqasının haqqını qəsb edərək özünüzü­ öl­dürməyin! Həqiqətən, Allah sizə qarşı çox mərhəmətlidir! Kim həddi aşaraq və haqsızlıq edərək bu işləri görərsə, Biz onu cə­hənnəm oduna atacağıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!”

Bir qul əcəl yetişməmiş peşman olar və səmimi şəkildə tövbə edərsə, Allah-Təala küfr və şirk də daxil olmaqla onun bütün günahlarını bağışlaya bilər. Ancaq burada bir istisna var. O da qul haqqıdır. Hətta Allah yolunda candan keçən şəhidlər belə axirətdə qul haqqına görə sorğu-suala çəkiləcəklər. Həqiqətən də, Peyğəmbərimiz bir hədisində: “Şəhidin borcundan (qul haqqından) başqa bütün günahları bağışlanır”, – buyurmuşdur. (Müslim, İmarət: 118)

Bir gün Peyğəmbərimiz əshabından: “Müflis kimdir”, – deyə soruşur. Onlar da: “Bizə görə, müflis heç bir malı və pulu olmayan insandır”, – deyirlər. Bundan sonra Peyğəmbərimiz belə buyurur: “Ümmətim içində əsl müflis bu şəxsdir: o, Qiyamət günü qıldığı namaz, tutduğu oruc və verdiyi zəkatla Allahın hüzuruna gəlir. Ancaq birini söyüb, birinə zina iftirası atıb, kiminin malını yeyib, kimisinin qanını töküb, kimini də döymüşdür. Onun xeyirlərinin (yaxşılıqlarının, savablarının) bir qismini ona, bir qismini buna verirlər. Əgər üstündəki qul haqlarının hamısı ödənilmədən savabları qurtarırsa, bu dəfə haqq sahiblərinin günahlarının bir hissəsini götürüb onun boynuna yükləyirlər. Sonra da cəhənnəmə atırlar”. (Müslim, Birr, 59)

Üstündə qul haqqı olanlar cənnətə girə  bilməyəcək?

Bəzi İslam alimləri ayə və hədislərə əsaslanaraq bu mövzuda belə bir hökm vermişlər: “Bir nəfərin üstündə arpanın yeddidə biri qədər də qul haqqı olarsa, haqq sahibi haqqını halal etməyincə o (üstündə qul haqqı olan), şəhid də olsa, cənnətə gedə bilməz”.  Ancaq Haqq-Təala şəhid və ya saleh qulunda haqqı qalan insanın alacağı qədər və ya daha çox günahını bağışlayarsa, günahı yoxdursa, ona eyni miqdarda və ya daha çox savab verər və haqq sahibi də haqqından vaz keçərsə, həmin şəhid və ya əməlisaleh qul ancaq bundan  sonra cənnətə gedə bilər.

Xülasə, qul haqqı çox ağır günahdır. Bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır. Bilərək və ya bilməyərəkdən qul haqqını tapdalamışıqsa, bu dünyada fürsət varkən ondan qurtulmağa çalışmalı, bir yol tapıb halallaşmağı axirətə saxlamamalıyıq.

Allah-Təala  qiyamət günü bizləri müflis qul olmaqdan hifz etsin.

Exit mobile version