Mənəviyyata Açılan Pəncərə

Qohum-əqrəba ziyarəti

Silei-rəhm – qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könülləri xoş etmək  mənasında işlənən dini-əxlaqi bir termindir.

İslam bəşəri münasibətlərlə yanaşı, yaxınlardan başlayaraq ana-ataya və növbə ilə digər qohumlara baş çəkməyə də olduqca əhəmiyyət vermişdir.

Xalid ibn Zeyd (Əbu Əyyub əl-Ənsari) həzrətləri nəql edir:

“Bir nəfər Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib soruşdu:

– Ey Allahın Rəsulu, mənə elə bir ibadət deyin, onu etməklə cənnətə gedim.

Rəsulullah (sallallahu əleyhi və səlləm) belə cavab verdi:

–  Allaha ibadət et, Ona heç nəyi şərik qoşma, namaz qıl, zəkat ver və silei-rəhm et”.[1]

Müsəlmanların Cənnətə aparan əməllərdən biri olan silei-rəhm qohum-əqrəbaya baş çəkməklə yanaşı, hər bir xeyirli işdə onlara kömək olmaq deməkdir. İstər ayələrdə, istərsə də hədisi-şəriflərdə namaz, zəkat kimi fərz ibadətlərdən sonra qohum-əqrəba ziyarətinin gəlməsi silei-rəhmin İslamda nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, İslam alimləri qohum-əqrəba ziyarətinin vacib olduğu barədə hökm vermişlər. Qohum-əqrəba ilə münasibətləri kəsmək böyük günah sayılmışdır. Allah-Təala belə buyurur:

“Ey insanlar! Sizi bir insandan xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizin əmrlərinə əməl etməməkdən qorxun! (Adı ilə) bir-birinizdən (cür­bəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər (çəkinin) edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir” (“Nisa” surəsi, 4/1).

Bu ayə insanları qohumluq əlaqələrini kəsməkdən çəkindirir. Aşağıda verdiyimiz ayə isə  qohumluq əlaqələrinin davam etdirilməsini əmr edir.

“O kəslər ki Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və pis haqq-hesabdan qorxurlar.

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir” (“Rəd” surəsi, 13/21,25).

Bu ayə və hədislərdə keçən “rəhm” (qohum) sözünün hansı qohumları ehtiva etməsi ilə əlaqədar fikirlər fərqlidir. Bəzi alimlərə görə, aralarında nikah haram olan kəslər, bəzilərinin fikrincə isə, varislər nəzərdə tutulur. Bəzi alimlər isə bütün yaxın qohum-əqrəbanın “rəhm” məfhumuna daxil olduğunu deyir. Sonuncu fikir ictimai yardımlaşma baxımından daha əhatəli görünür.

Xülasə, Allah (cəllə cəlaluhu) və Rəsulu (sallallahu əleyhi və səlləm) qohumlara baş çəkməyi əmr edir. Buna görə də silei-rəhm qaydalarını bilmək vacibdir.

Silei-rəhmin bir neçə dərəcəsi var:

1. Ən aşağı dərəcəsi qohumlarımıza gülərüz olmaq, onlara xoş sözlər demək, yəni görəndə salamlaşmaq, hal-əhval tutmaq. Daim onlar barəsində gözəl şeylər fikirləşib onların yaxşılıqlarını istəməkdir.

2. İkinci dərəcəsi isə onlara baş çəkmək və müxtəlif işlərdə əl uzatmaqdır. Bunlar daha çox fiziki işlərdir. Xüsusilə, yaşlılara tez-tez baş çəkmək, işlərini görmək onları sevindirir.

3. Silei-rəhmin üçüncü və ən önəmli dərəcəsi isə qohum-əqrəbaya maddi dəstək və arxa olmaqdır.

Silei-rəhmdə bəzi istisna hallar da var, məsələn, kasıb qohumdan maddi dəstək ummaq doğru deyildir. Lakin varlı bir müsəlmanın təkcə qohumlarına baş çəkməklə, hal-əhval tutmaqla silei-rəhm vəzifəsini  yerinə yetirdiyini də demək olmaz. Belə varlı insanlar kasıb qohum-əqrəbaya mümkün qədər maddi kömək göstərməlidir. Onlara borc da verə və ya təmənnasız maddi kömək göstərə bilərlər. Beləliklə, yaxınlara əl uzatmaq yuxarıda qeyd edilən üç bənddən hansına gücümüz çatırsa, ona əməl et­mək deməkdir. Müsəlman gücü çatan hər şeyə görə məsuliyyət da­şıyır. Yuxarıdakı ayədə Allah-Təalanın bu vəzifəni yerinə yetirməyənə lənət etdiyini də yaddan çıxarmamalıyıq. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Hər cümə gecəsi insanların əməlləri Allaha ərz edilir. Yalnız silei-rəhm etməyənlərin əməl­ləri qəbul olunmur”.[2]

Rəsulullah (sallallahu əleyhi və səlləm) başqa bir hədisi-şərifində qohum-əqrəba münasibətinin Allaha və axirətə ürəkdən imanın bir tələbi olduğunu bəyan etmişdir.[3] Bir hədisində belə buyurur: “Silei-rəhm Ərşdən asılıdır. Deyir ki: “Məni  yerinə yetirəni Allah qorusun, məni tərk edəni Allah tərk etsin”.[4]

Silei-rəhmi yerinə yetirməyənlərə edilən xəbərdarlıq bununla bitmir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə insanların cən­nətə girməyəcəyini[5] bəyan etmişdir. Əksinə, qohum-əqrəba əlaqələrinə əhəmiyyət verib, qoruyan şəxslərə uzun ömür və bol ruzi bəxş ediləcəyi,[6] qohumlarına maddi dəstək olanların isə həm sədəqə savabı, həm də silei-rəhm savabı qazanacağı bildirilmişdir.[7]

Qohum-əqrəbalarımız, xüsusilə, xala, bibi, dayı, əmi kimi yaxınlarımız ailəmiz sayılır. Onları yaxınlarımız bilməli, bu düşüncə ilə hərəkət etməliyik. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Xala ana yerindədir”,[8] – buyurur. Əmi də ata yerindədir. Bu qədər ya­xın insanlarla münasibətdə müəyyən əxlaqi vəzifələrin olması təbiidir. Bu vəzifələr arasında onlara baş çəkmək mühüm əhəmiyyət daşıyır. Yaxınlara başda bayram günləri olmaqla, vaxtaşırı baş çəkmək, imkan varsa, hədiyyə aparmaq gözəl davranışlardandır. Bu ziyarətlərin qarşılıqlı olması, yəni gələnə getmək də əhəmiyyətlidir. Çünki gələnə getməmək münasibətlərdə soyuqluğa gətirib çıxarır.

Ziyarətlər qohumları bir-birinə möhkəm bağlayır. Küskünlüklər aradan qalxır. Sevinc və kədəri bölüşməyə, problemləri birgə həll etməyə zəmin hazırlayır. Xüsusilə, yaşlılar tək-tənha, kimsəsiz olmadıqlarını, insanların onları arayıb-axtardığını, hal-əhvalını tutduğunu görüb son günlərini xoşbəxt yaşayırlar.

Silei-rəhmlə bağlı əsas xüsuslardan biri də yaxşılığın təmən­nasız edilməsi, silei-rəhmin qohumluq əlaqələrini saxlayanlarla yanaşı, münasibətləri kəsənlərə də şamil olunmasıdır. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur:

“Yaxşılığa yaxşılıqla cavab verən qohumluq əlaqələrinə tam riayət etmiş olmaz. Bu vəzifənin tam yerinə yetirilməsi münasibəti kəsən qohumlarla əlaqə saxlamaq, onlara baş çəkmək və kömək etməklə mümkündür”.[9] Bundan başqa, yaxşılıq həmişə edilməlidir. Yoxsulluqda yaxşılıqdan və əl tutmaqdan dəm vurub varlananda bunları unutmaq doğru deyil:

“Deməli, hakimiyyəti ələ alsanız, yer üzündə fitnə-fəsad çıxaracaq, qohumluq münasibətlərini parça-parça edəcəksiniz? Allah onları mərhəmətindən məhrum etmiş, kar və kor etmişdir!” (“Məhəmməd” surəsi, 47/22-23)

 


[1]. Buxari, Zəkat 1

[2]. Əhməd ibn Hənbəl, Müsnəd, 2/484

 [3]. Buxari, Elm 37; Müslim, İman 74-77

 [4]. Müslim, Birr və Sıla 17

 [5]. Buxari, Ədəb 11

 [6]. Buxari, Ədəb 12

 [7]. Tirmizi, Zəkat 26

 [8]. Tirmizi, Birr 5

 [9]. Buxari, Ədəb 15

 

Exit mobile version