- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qədr gecəsi nədir?

Qədr gecəsi Quranın nazil omağa başladığı və Rəsulullahın (s.ə.s) ilk vəhy alaraq peyğəmbərlik vəzifəsinə başladığı gecədir. Qurani-Kərimin 97-ci surəsində bu gecənin əhəmiyyəti bildirilmiş və həmin surə Qədr surəsi olaraq adlandırılmışdır. Məkkə dövründə nazil olan bu surə beş ayədir. Surədə Quranın vəhyinin başlanğıcından, gecənin böyük fəzilət və bə­rə­kətindən, o gecə kainatı bürüyən ilahi mərhəmətdən bəhs edilir.

  1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!
  2. Bilirsənmi Qədr gecəsi nədir?!
  3. Qədir gecəsi min aydan daha xeyirlidir!
  4. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir iş­dən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
  5. O gecə dan yeri sökülənə kimi əmin-amanlıqdır!.

Qədr sözü “məqam, şərəf, dəyər, əzəmət” mənalarına gəlir. Quranın nazil olduğu bu gecə çox əlamətdar gecədir. Çünki bu gecə ilə insanlığın qurtuluşu, iki cahanda səadəti üçün son peyğəmbər Hz. Muhammədə(s.ə.s) peyğəmbərlik vəzifəsi verilmiş, Quran nazil olmağa başlamışdır. Bu haqda Qurani-Kərimdə “…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185)  buyurulur.

Qədr sözünün başqa mənası da, “təzyiq” deməkdir. Bəşəriyyət böhranlar ilə sıxışıb daralırkən Quran nurunun işıq saçması ilə hər tərəf nura qərq olmuşdur.

Xeyir və bərəkətin, əvf və rəhmətin, əmin-amanlığın hakim olduğu bu gecədə səma qapıları ardına qədər açılır. Surədə bu gecənin min aydan daha xeyirli olduğu bildirilir. Burada min rəqəmi çoxluğu bildirir.

Qədr gecəsini hiss etmək, Allah Təalanın əvfinə məzhər olmaq, 83 illik ömrə bərabər bu gecəni  idrak etmək biraz da bu gecənin qədrini bilməyə bağlıdır. Bu gecənin qədrini bilməliyik ki, qədrimiz bilinsin. Sonsuz mərhəmət sahibi Allah bu gecə layiq olub-olmamasından asılı olmayaraq, hər kəsi müstəsna lütfü ilə əhatə edir.

Allah Rəsulu (s.ə.s) bu gecənin əhəmiyyətini haqqında belə buyurur: “Kim fəzilətinə inanaraq və savabını da yalnız Allahdan umaraq Qədr gecəsini güzəl əməllərlə keçirərsə geçmiş günahları bağışlanar.” (Buxari, Müslim)