Mənəviyyata Açılan Pəncərə

Qadınlar heyvan kəsə bilərmi?

Heyvan kəsməklə bağlı şərtlərdə “kişi olmalıdır” kimi bir şərt yoxdur. Ona görə də kişilər kəsə bildiyi kimi, qadınlar da şəxsən heyvan kəsə bilərlər. Mühüm olan düzgün kəsməkdir. Qadınların heyvan kəsə bilmələrini göstərən hədisi-şərif vardır. Belə ki, Müaz ibn Sədin nəql etdiyi bir hədisə görə, Kəb ibn Malikin kənizi Səl dağlarında qoyunlarını otladırdı. Qoyunlardan biri xəstələndi və həmin kəniz dərhal heyvanı bir daşla kəsdi. Bu hadisədən sonra Rəsulullahdan (s.ə.s.) həmin məsələ ilə bağlı soruşdular. Rəsulullah (s.ə.s.) belə buyurdu: كُلُوا فَلاَ بأْسَ بِأَكْلِهاَ/Yeyin! Çünki bunun yeyilməsində hər hansı günah yoxdur”.[1] Buxarinin mövzu başlığında istinadsız qeyd etdiyi bir hədisə görə isə, Əbu Musa əl-Əşəri həzrətləri qızlarına qurbanlarını özləri kəsmələrini, ayağını qurbanın boynuna basmağı və kəsərkən təkbir söyləyib bismillah deməyi tənbeh etmişdir.[2]

Bəzi fiqh kitablarında qadınların heyvan kəsə biləcəyi və onların kəsdiyi heyvanların halal olduğu qeyd edilməsi ilə yanaşı, heyvanı kişinin kəsməsinin müstəhəb olduğu da vurğulanmışdır. Bunun səbəbi kimi də kişinin daha qüvvətli olduğu və bunun nəticəsində də heyvanı asanlıqla kəsə bildiyi bildirilmişdir.[3] İmam Malik qadınların qurban kəsmlərinin məkruh olduğunu bildirmiş,[4] şafeilər isə kişinin kəsməsinin daha fəzilətli olduğunu qeyd etmişlər.[5] Bundan əlavə, şafeilərə görə, kişinin öz qurbanını şəxsən özünün kəsməsi müstəhəb olsa da, qadın üçün müstəhəb olan öz qurbanını vəkalət yolu ilə başqasına kəstirməsidir.[6]

Rəvayətlərə görə, möminlərin anaları olan Rəsulullahın (s.ə.s.) xanımlarının qurbanlarını Hz. Peyğəmbər (s.ə.s.) şəxsən özü kəsmişdir. Digər tərəfdən Hz. Peyğəmbərimizin (s.ə.s.) Hz. Fatiməyən xitab edərək: “Dur, qurbanının yanına get və ona bax! Onun axıdılan ilk qanının damcısı ilə sənin keçmiş günahların əfv ediləcək”, – buyurduğu ifadəsindən də Hz. Fatimənin qurbanını vəkalətlə başqasına kəsdirdiyi aydın olur.

Təbii ki, bu məsələnin qadının fitəri ilə da yaxından əlaqəsi vardır. Çünki nəinki qadın bir çox kişi belə bıçağı əlinə alıb heyvanın boğazını kəsə bilməz. Hətta qurbanlıq heyvanlar bir tərəfə toyuq belə kəsə bilməyən kişilər də vardır. Belə olan təqdirdə, fitrətən daha zərif və həssas bir məxluq olan qadınların qurban kəsməsi daha çətindir. Cəmiyyətdə mövcud olan adət-ənənələr də, məhz buna işarə edir. Bu baxımdan qadınlar bəzi hallarda qurbanlarını şəxsən özləri kəssələr də, onlara qurbanlarını kəsmək baxımından israr etməmək məqsədəuyğundur.


[1] İmam Malik, “Müvəttə”, Zəbaih, 4.

[2] Buxari, Ədahi, 10.

[3] Vəhbə Züheyli, “əl-Fiqhül-İslami və ədillətüh”, IV, 297.

[4] Düsuqi, “Haşiyətüd-Düsuqi əla Şərhil-kəbir”, II, 206.

[5] Nəvəvi, “əl-Məcmu”, IX, 76.

[6] Nəvəvi, “əl-Məcmu”, VIII, 405.
Exit mobile version