- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərlərin insanlar arasından seçilməsinin hikməti

Uca Allah buyurur ki, risalət vəzifəsini kimə verəcəyi haqda hökmü məhz özü verir[1] və bu məsələdə heç bir insan müdaxiləsindən söhbət gedə bilməz. O (c.c), insanlara mələkləri elçi kimi göndərə bilərdi. Lakin mələkləri deyil, yeyən, içən, ehtiyacları olan insanlardan elçilər göndərmişdir. Allahın bu seçimində hikmət vardır. Çünki peyğəmbərlər də öz həmcinslərinin, yəni digər insanların hiss etdiklərini hiss edir, zövq aldıqları şeylərdən zövq alır, təcrübələrindən dərs çıxarır, acılarını anlayır, duyğu və istəklərini bilir, ehtiyaclarını görür… Bu səbəbdən də insanlar əlacsız vəziyyətə düşəndə onlara şəfqət göstərir, bir şeyə ehtiyac duyduqlarını gördükdə təmin etməyə çalışır, güclənib belini dikəltməsini istəyirlər. Onlarla birgə addım-addım irəliləyir, həqiqi ehtiyaclarını nə cür təmin elədiklərini bilir. Çünki peyğəmbər də bir insandır.

Digər tərəfdən, bəşər övladı öz aralarından çıxan bir peyğəmbəri asanlıqla təqlid edə və onun arxasınca gedə bilər. Buna tədricən alışırlar. Peyğəmbərlər Allah-Təalanın fərz buyurduğu hökmləri öz həyatına tətbiq edərək, dini bilavasitə yaşayaraq insanlara çatdırırlar. Beləcə əyani canlı olmaqla insanların əxlaq və davranışlarla bağlı vəzifələrini öyrənib yerinə yetirmələrinə zəmin hazırlamış olur. İnsanlar peyğəmbərlərin həyat tərzini, dini necə yaşadığını, ilahi əmrləri necə mükəmməl yerinə yetirdiyini öz gözləri ilə görüb, bir insan kimi onu təqlid etməyə çalışırlar. Ancaq mələklərdən peyğəmbər göndərilsə idi, onun elədiklərini təqlid etməyi düşünməz, buna heç cəhd də göstərməzdilər. Çünki bilirlər ki, mələklə insan eyni fitrətli varlıqlar deyildir. Dolayısilə, hərəkətləri də fərqli olacaq. Bu səbəbdən də insanlar mələkləri təqlid edib onların ardınca getməz, onlar kimi yaşamağa can atmazdılar[2].


[1] “Ənam” surəsi, 6/124.

[2] Seyyid Qutub, “Fi zilalil-Quran”, 5/2553.