1. 655 dəfə oxunub ,   0 şərh   Çap et

Təvazö – “öz üstünlüklərini, məziyyətlərini  gözə çarpdırmağı, öz  xidmətləri ilə qürrələnməyi sevməmə”, “şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olma” mənalarında olub təkəbbürün antonimidir. Təvazö insanın Haqq qarșısında həqiqi yerini dərk etməsi, bu șüurla davranması və insanlarla  münasibətlərini bu istiqamətdə tənzimləməsi, özünü adi, sadə bir insan və ya varlığın bir parçası hesab etməsidir.

Rəsulullahın (s.ə.s.) təvazökarlığı da fətanətinə xas xüsusiyyət kimi ulduztək parlayır. Onun șöhrəti artdıqca, Peyğəmbərliyi get-gedə qəbul edildikcə, təvazödə dərinləșirdi. Təvazökarlıq, sanki, Onunla doğulmuș, Onun ömrü boyu da cilalanmışdı. “Kim təvazökarlıq edərsə, Allah onu ucaldar, kim də təkəbbürlük edərsə, özünü böyük apararsa, onu alçaldar,”[1] – buyuran və buyurduğunu mükəmməl şəkildə tətbiq  və təmsil edən Odur (s.ə.s.).

Hz. Əliyə istinad edilən “O, daim özünü sıravi bir insan bilmiş və heç vaxt özünü başqalarından ayırmamışdı” kimi xoş sözlər göstərir ki, O, ömür boyu bu əxlaqla yaşamış və sıravi insan kimi qalmağa böyük diqqət yetirmișdi.

Bu mənada Rəsulullahın həyatından nümunələr maraqlı və ibrət vericidir:

Allah Rəsulu insanlarla qaynayıb-qarıșmıșdı. Onun məclisinə ilk gələnlər çox vaxt Peyğəmbərin kim olduğunu bilmirdilər. Ya səhabənin rəftarından, ya da Rəsulullahın sözə başlamasından anlayırdılar. Hicrət zamanı o günədək Rəsulullahı görməyən bir çox mədinəli Əbu Bəkrin əlini öpmək istəmişdi. Yəni onu Allah Rəsulu sanmıșdılar. Ancaq o, əlinə bir yelpik alıb Peyğəmbərimizi sərinlətməyə bașlayandan sonra Allah Rəsulunu tanımışdılar.[2]

Məkkəni fəth edib șəhərə girərkən göstərdiyi təvazökarlıq dillərdə dastandır. Miniyinin üstündə elə oturmuşdu ki, bașı az qala yəhərin qaşına dəyirdi. O șanlı Nəbi o șanlı diyara belə bir təvazökarlıq ruhu ilə qədəm qoymuşdu. Böyüklərdə böyüklüyün əlaməti təvazökarlıqdır. Kiçikliyin əlaməti isə təkəbbürdür. Allah Rəsulu ən böyük insandır. Təvazökarlığı da məhz bu böyüklük səviyyəsində olmalı idi…

Məscid tikiləndə hamı bir kərpic dașıdığı halda iki kərpic dașıyan və aclıqda hamı qarnına bir daș bağladığı halda iki daș bağlayan,[3] əzəməti qarşısında qızdırmalı xəstələr kimi titrəyən bir adama: “Qardașım, qorxma, mən də sənin kimi, anası quru çörək yeyən bir insanam,” – deyən Allah Elçisinin təvazökarlıqda tayı-bərabəri yoxdur.

Qazı İyaz nəql edir: “Bir gün ruhi xəstə bir qadın gəldi. Allah Rəsulunun əlindən tutub çəkdi və Ona:”Gəl mənim evimdə filan iși gör,” – dedi. Qadın Allah Rəsulunun qo­lundan çəkir, O da arxasınca gedirdi. Səhabələr də onların arxasınca düşdülər. Allah Rəsulu tərəddüd etmədən qadının dediyi iși görüb geri qayıtdı.[4]

O, əxlaqı ilə bütün insanlara örnəkdir, ən fəzilətli insandır. Amma görün Özü nə buyurur: “Heç kim öz əməli ilə cənnətə girə bilməz”.”Sən də?” – deyə soruşurlar. “Bəli, Mən də. Əgər Allah (c.c.) mərhəmət etməzsə”.[5]

Bu mənada Allah-Təala da Quran dili ilə Rəsuluna təvazökar olmağı əmr etmirmi? “Sənə tabe olan möminləri təvazö qanadının altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)”[6] –  kimi nə qədər ayə var Quranda.

Həyat yoldașı, əziz anamız Hz. Aișə buyurur: “Allah Rəsulun­dan əxlaqca üstün insan görmədim. Onu kim çağırır-çağırsın, – istər bir səhabəsi, istərsə ailəsindən bir nəfər – mütləq “Ləbbeyk-buyurun!” deyə cavab verərdi”.[7]

 


[1]. Feyzül-Kadir, 6/80; Bəzzar, 3/160; Kənzül-Ummal, 7/343

[2]. İbn Hişam, Sirət, 2/137

 [3]. Təbərani, Mucəmul-əvsat, 6/249; Heysəmi, Məcməuz-zəvaid, 7/487

 [4]. Kâdı İyâz, 1/131

 [5]. Buxari, 5/2147, 2373; Müslim 4/2169; Əhməd b. Hənbəl, 2/264

 [6]. “Şuəra” surəsi, 26/215.

 [7]. Qazı İyaz, a.ç.ə., 79

 




Şərh yaz