1. 582 dəfə oxunub ,   0 şərh   Çap et

Bir mömin üçün lətifə və zarafat insanları güldürüb şənləndirmək və onlara qəh-qəhə çəkdirmək deyil, onları hikmət və təfəkkür üfüqündə gəzdirmək üçündür. Yersiz zarafat və lətifələr ciddiyətsizliyə, çox gülməyə, qəlbin qatılaşmasına, zamanın boş yerə keçməsinə və bəzən də insanların qəlbini qırmağa səbəb olduğuna görə zərərlidir.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qəhqəhəyə səbəb olan, Allahı düşünməkdən uzaqlaşdıran və ya insanların ləyaqətini tapdalayaraq hörmət və ciddiyyətə xələl gətirən lətifələri (və ya zarafatları) qadağan etmişdir. Müsəlmanlar arasında “Lətifə lətif (nazik, şirin və incə) gərək” anlayışı mühüm bir düstur olaraq qalır. Həm də zarafatda yalan olmamalıdır. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): “Mən zarafat edirəm, amma doğru danışıram”, – buyurmuş və zarafat edərkən doğru danışmağın vacibliyini vurğulamışdır.

Bəli, Peyğəmbərimiz (əleyhi əkməlüt-təhaya) də yeri düşəndə za­rafat etmişdir. Ancaq Onun zarafatları ciddiyyət, haqq və hə­qi­qətdən yoğrulmuşdu. O, bir tərəfdən ciddiyyət və təmkini, digər tərəfdən də təvazökarlığı və sadəliyi ilə hörmət və sevginin ünvanına çevrilmişdi. İnsanları daim təbəssümlə qarşılayırdı. Busiri “Qəsideyi-Bürdə” əsərində bu məqama diqqət çəkərək: “Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) təklikdə üz-üzə gəlsəydin, Onu cəladətindən əsgər izdihamı arasında və bir ordunun başındaymış kimi ciddi görərdin” – dedikdən sonra belə davam edir, – Onu səhabələrinə qarşı elə təbəssümlü görərdim ki, sədəf içində gizlənən incinin O şanlı Nəbinin kəlam xəzinəsindən və təbəssüm mədənindən çıxdığını sanardın”. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə idi, çöhrəsi daim təbəssüm edərdi. Lakin rəvayətlərə görə, həyatı boyunca yalnız üç dəfə gülmüş və qeyri-ciddiliyə heç vaxt yol verməmişdi. Bununla yanaşı, təbəssümdə, insanlarla yumşaq davranışda, hər kəsə qollarını açmaqda və yanında hər kəsin rahat hərəkət etməsinə imkan verməkdə nümunə olmuş, ciddiyyətə baxmayaraq lazım gələndə insanları sıxmamağın vacibliyinə işarə etmişdir.

Rəsulullahın (sallallahu əleyhi və səlləm) qadın, kişi, uşaq, qoca – təmasda olduğu insanlarla zarafatlarına hədis kitablarında rast gəl­mək mümkündür. O, daim təbəssümlü idi, heç vaxt üzündə qaş­qabaq görməzdin. O qədər əziyyət, o qədər zülm, aclıq, xəyanətlərə, münafiqlərin iküzlülüyünə, dağlar qədər məsuliyyət yükünə baxmayaraq üzündən təbəssüm əskik olmazdı.

Bu mütəbəssim Peyğəmbər (sallallahu əleyhi və səlləm) səhabələri ilə zarafatlaşırdı. Səhabələr Rəsullaha: “Ya Rəsulullah, Sən bizimlə zarafat edirsən!?” – demişdi bir dəfə. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Mən (zarafat da olsa) doğrunu danışıram, haqdan başqa bir şey söyləmirəm!” (Tirmizi, Birr, 57) – buyurmuşdu. Səhabələrin bir-birinə etdiyi zarafatlara gülümsəyər, özü də onlarla zarafatlaşardı.

Hz. Ənəs (r.a.) nəql edir: “Bir adam Allah Rəsulunun (sallallahu­ əleyhi və səlləm) hüzuruna gəlib: “Ey Allahın Rəsulu! Mənə bir dəvə ver!” – dedi. Rəsulullah da: “Mən səni dəvənin balasına min­dirəcəyəm!” – buyurdu. Həmin şəxs: “Ya Rəsulullah, dəvə balasını neyləyəcəyəm (ona minmək olmaz axı)?” – dedikdə Rəsulullah: “Məgər dəvəni başqa heyvan doğur? (hər dəvə bir dəvənin balası deyilmi?) –  buyurdu” (Tirmizi, Birr, 57). Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu sözləri ilə həm zarafat edir, həm də bir söz eşidən kimi yaxşı düşünüb mahiyyətini başa düşmədən dərhal etiraz etməməyi öyrədirdi.

Hz. Ənəs (r.a.) Rəsulullahın ona zarafatla “Ey iki qulaqlı!” deyə xitab etdiyini rəvayət edir. Yenə Hz. Ənəs (r.a.) deyir ki: “Biz uşaq olanda Allahın Elçisi yanımıza gəlir, bizə qaynayıb qarışırdı (bizimlə birlikdə otururdu). Əbu Umeyir adlı qardaşım var idi, onun çox sevdiyi və tez-tez oynatdığı bir quşu var idi. Ona: “Ey Əbu Umeyir, nə etdi nuğayr (sərçə balası)? – deyirdi”.

Hz. Ənəsin (r.a.) rəvayətinə görə, yaşlı bir qadın Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gəlmiş və Cənnətə getməsi üçün ona dua etməsini rica etmişdi. Allah Rəsulunun “Heç bir qoca qadın Cənnətə girməyəcəkdir!” sözlərini eşidəndə isə kədərlənib ağlamağa başlamışdı. Bunu görən Rəsulullah: “O gün sən qoca olmayacaqsan. Uca Allah “Biz (Cənnətdəki) qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik” buyurur,” – (“Vaqiə” surəsi, 56/35-36) demişdi.

Ümmü Eymən adlı bir qadın Allah Rəsulunun hüzuruna gə­lərək: “Ərim səni evə dəvət edir,” – deyir. Peyğəmbərimiz: “Ərin kimdir?” Bu gözündə ağ olan adam?” – deyə sual verr. Qadın: “Vallah gözündə ağ yoxdur!” – deyir. Rəsulullah: “Xeyr, var,” – buyurur. Qadın yenə: “Xeyr, vallah yoxdur!” – dedikdə Allah Rəsulu: “Hər kəsin gözündə ağ var” – deyir. Gözəl sözlü Gözəl Peyğəmbər “ağ” kəlməsi ilə gözün ağ hissəsini nəzərdə tuturdu. Lakin bu söz gözün yarı korluğunu da bildirdiyinə görə qadın o cür başa düşmüşdü. Allah Rəsulu bu sözü ilə həm də cinas işlətmişdi.




Şərh yaz