- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərimiz kimi isə öldürmüşdür?

Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü?

Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı şəkildə baş vermişdir.

Übeyy ibn Xələfin ölümü

Bədir döyüşündən əvvəl Hz. Peyğəmbər (s.ə.s) döyüşün olacağı ərazidə gəzərkən belə buyurmuşdur:

“Bura Əbu Cəhilin, bura Utbənin, bura Ümeyyənin, buralar da filankəslərin öldürüləcəkləri yerlərdir. Übeyy ibn Xələfi isə mən öz əllərimlə öldürəcəm”.

Bədirdə deyildiyi kimi Əbu Cəhil, Utbə və Ümeyyə ibn Xələf, eyni yerdə mücahidlər tərəfindən öldürüldülər. Adı çəkilənlərdən yalnız Übeyy ibn Xələf sağ qaldı. O, Qüreyş öndərlərindən biri idi. Peyğəmbərimizlə (s.ə.s) hər qarşılaşanda  belə deyərdi:

“Ey Muhamməd! Bir atım var, onu hər gün yaxşıca bəsləyirəm. Bir gün səni onun belində öldürəcəm”. Peyğəmbər Əfəndimiz (s.ə.s) isə, bu azğın və yerini bilməyən adama sadəcə belə cavab verərdi: “Bəlkə də, inşallah, mən səni öldürərəm.”

Bədr döyüşündə sağ qalan Übeyy bin Xələf, mücahidlər tərəfindən öldürülən qardaşı Ümeyyənin intiqamını almaq və Peyğəmbərimizi (s.ə.s) öldürmək üçün and içərək Uhuda gəldi.

Hz. Rəsulullah (s.ə.s) Şib ərazisinə tərəf gedirdi. Bu vaxt Übeyy atının belindəydi. İntiqam dolu baxışlarla Peyğəmbərimizə yaxınlaşırdı. Bunu görən səhabələr Übeyyin qarşısını kəsib onu cəzalandırmaq istədilər. Amma Rəsulullah (s.ə.s), “Buraxın gəlsin”, – deyərək səhabələrə əngəl oldu. Rəsulullaha (s.ə.s) olduqca yaxınlaşan bu azğın müşrik “Ey Muhamməd, sən sağ qalsan, mən yaşamaram”, – deyə bağırırdı. Bunu eşidən Rəsulullah (s.ə.s) bərk qəzəbləndi. Əlindəki mizrağı ilə heybətli addımlarla Übeyyin üzərinə yeridi. Übeyy gözləmədiyi bu heybətdən qorxaraq donub qaldı. Sonra  Rəsulullahın (s.ə.s) onun üzərinə gəldiyini görüb qaçmağa başladı. Rəsulullah (s.ə.s) dayanmadan onu qovur və “Hara qaçırsan, ey yalançı”, – deyə ona səslənirdi. Übeyy nə qədər qaçsa da canını qurtara bilmədi. Peyğəmbərimizin (sas) atdığı mizraq dəbilqə ilə zirehin arasına sancıldı və Übeyy böyürərək atdan yerə yıxıldı.

Müşriklər onu yaralı halda apardılar. Yarasından qan axmamasına baxmayaraq Übeyy ağrıya dözə bilmirdi. Ara-sıra müşriklərə, “Vallah, Muhamməd məni öldürdü.” – deyirdi. Dostları onun  sözünə əhəmiyyət vermir, yarasının ciddi olmadığını deyərək ona təsəlli verməyə çalışırdılar. Amma buna baxmayaraq Übeyy sağ qalmayacağını bilərək dostlarına dedi: – “O mənə (Məkkədə) “səni öldürəcəm”, – demişdi. Vallah, o mənim üzümə tüpürməklə belə məni öldürər.”

Übeyy bin Xələf, bu hadisədən sonra bir gün belə yaşamadı, “Su verin, su istəyirəm”, deyə inləyərək öldü. Beləliklə, Rəsulullahın (s.ə.s) Allahın izni ilə xəbər verdiyi möcüzəsi də yerinə yetmiş oldu. (İbn İshaq, s. 89; İbnSad, II, 46; Hakim, II, 357)