- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərlər hansı xüsusiyyətləri daşıyır?

Peyğəmbərlər hər cəhəti ilə seçilmiş və üstün keyfiyyətlərə sahib olsalar da, bəşəri ehtiyaclar baxımından bizim kimi insanlardır. Onlar da acır, susayır, kədərlənir, xəstələnir və vaxtı gələndə vəfat edirlər. Allah-Təala peyğəmbərləri insanlar arasından seçmişdir ki, hər cəhətdən onlara örnək olsunlar. Rəbbimiz elçiləri mələklərdən seçsə idi, həm bizə tam örnək ola bilməzdilər, həm də bu, “Onlar mələkdir, biz isə insanıq” kimi etirazlara səbəb ola bilərdi. Ona görə də Haqq-Təala peyğəmbərləri öz ümmətləri içərisindən seçmişdir.

Peyğəmbərlər bizim kimi insan olsalar da, Uca Allah onları müstəsna keyfiyyətlər və istedadlarla yaratmışdır. Onlar bütün gözəl cəhətlərə malik olmaqla yanaşı, ağıl və anlayış baxımından da digər insanları  çox geridə qoyurlar. Allah onlara peyğəmbərlik kimi ağır məsuliyyətin öhdəsindən gəlmək üçün üstün xüsusiyyətlər vermişdir.

Məsələnin mühüm tərəfi budur: heç bir peyğəmbər bəşəriyyətin nicat tapması üçün öz ağlı ilə bir sistem qurmağı dü­şünməmişdir. Bu məsuliyyəti onlara Allah-Təala vermiş, onlar da Allaha qeyd-şərtsiz itaət etmişlər. Şəxsi hiss və düşüncələrdən uzaqlaşaraq bütün varlıqları ilə Haqqa təslim olmuşlar. Onların ömür yolunda heç bir hiss və düşüncə Allahın əmrini yerinə yetirməkdən dəyərli olmamışdır. Bu, Onların Rəbbanilik xüsusiyyətinin tələbidir.

Peyğəmbərlərin digər ortaq cəhəti də onların həsbi (təmənna­sız, sırf Allah üçün) olmasıdır. Onlar nə qədər çətinliklə, hətta bəzən ölümü gözə almaqla yerinə yetirdikləri peyğəmbərlik və­zi­fəsinin müqabilində maddi-mənəvi bir təmənna ummazlar (maddi və ya mənəvi bir qarşılıq). Uca Allah Quranı-Kərimdə onların bu cəhətini vurğulamışdır “Sizdən (haqqa dəvət müqabilində) heç bir mənfəət (mü­kafat) istəməyən, doğru yolda olan kəslərin ardınca gedin!”. (“Yasin” surəsi, 21)

Peyğəmbərlər istər irşad və təbliğ vəzifəsini, istərsə də digər ibadətləri yerinə yetirərkən daima ixlasla hərəkət etmişlər. Allahın razılığını qazanmaqdan başqa heç bir təmənnaları olmamışdır.­ Bir İslam aliminin sözü ilə desək, “Allah üçün başlamış, Allah üçün işləmiş və həmişə Onun rizası çərçivəsində hərəkət etmişlər”.

Peyğəmbərlərin bir başqa xüsusiyyəti də insanları Allahın dininə gözəl nəsihətlərlə, xoş və aydın dillə dəvət etməsidir. Onlar mətləblərini, fikirlərini heç kimin qəlbinə dəymədən, incitmədən, mümkün qədər aydın və yumşaq üslubla dilə gətirmişlər. Beləcə həmsöhbətlərinin ağıl və qəlbinə xitab edərək onları iman, haqq və həqiqətə çatdırmağa çalışmışlar. Onların ən mühüm və ortaq xüsusiyyəti müxtəlif zaman və toplumlarda yaşamalarına baxmayaraq, hamısının tövhid həqiqətini təbliğ etmələridir. Bütün peyğəmbərlər ümmətlərini bənzəri və şəriki olmayan, göylərin və yerin yeganə yaradanı və hakimi, bir və tək olan Allaha itaət və ibadət etməyə çağırmışdılar. “Lə iləhə illəllah” həqiqətini qəlblərə və ağıllara nəqş etmək onların ən vacib və ortaq qayəsi olmuşdur.

Bunlardan başqa peyğəmbərlərin sidq (düzgünlük), əminlik (əmanətə sadiq olma), ismət, fətanət və təbliğ kimi mühüm ortaq cəhətləri də var. Sidq– həm doğruluq, həm də bir kəsə və ya bir düşüncəyə, yaxud da bir davaya bağlılıq anlamına gəlir. Bütün peyğəmbərlər həm insanların yanında, həm də Allah qatında daim doğru danışmışlar. Yalan onların yuxusuna da girməmişdir. Eyni zamanda son nəfəsədək Allah davasına sadiq olmuş, həqiqətdən zərrə qədər də sapmamışlar.

Əminlik – əmanət edilən bir şeyi sahibinə qaytaranadək qoruyan, güvənilən və etimad edilən insan deməkdir. Peyğəmbərlər Allahın əmanət etdiyi həqiqətləri can bahasına qoruduğu  kimi,­ insanlara da daima etimad və etibar (güvənc hissi) təlqin etmişlər. Peyğəmbərimizin hələ peyğəmbər olmamışdan əvvəl “Muhammədul-Əmin” (sözü və əməli bir, hər cəhətdən etibar olunan, dürüst insan) adını qazanması buna ən gözəl nümunədir.

İsmət – “namuslu və iffətli olmaq”, “hər cür günahdan tə­mizlənmiş” kimi mənaları verir. Allah-Təala peyğəmbərlərini gizli və ya açıq hər cür günahdan hifz etmişdir. Bütün peyğəmbərlər məsum və günahsızdır.

Fətanət – üstün ağıl, zehin açıqlığı, çox sürətli və düzgün an­lama mənalarını daşıyır. Peyğəmbərlərin fətanəti ən yüksək səviyyədədir, heç bir düha onlara çata bilməz. Çünki onları vəhyi nöqsansız və tam anlasınlar deyə birbaşa dəstəkləyən Allah-Təaladır. Onların fətanətini bir İslam aliminin sözü ilə desək, ancaq “peyğəmbər məntiqi” adlandırmaq olar.

Peyğəmbərlərin göndərilməsində məqsəd Allahın dinini insanlara təbliğ etmək, yəni çatdırmaqdır. Onlar da bu vəzifəni hər cür təhlükəni gözünə alaraq layiqincə yerinə yetirmişlər. Təbliğ onlar üçün həyatın qayəsi olmuşdur. Bu vəzifəni yerinə yetirəndən  sonra isə tezliklə Allaha qovuşmaq istəmişlər.

Rəbbimiz bizləri Nəbilər Sultanı Peyğəmbərimiz başda olmaqla o hidayət rəhbərlərinin yolundan ayırmasın. O böyük hesab günündə şəfaətindən məhrum qoymasın və cənnətdə bizi o müqəddəs elçilərlə qonşu eləsin.