1. 237 dəfə oxunub ,   0 şərh   Çap et

Cavab: Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) qısa vaxtda müvəffəq olmasının səbəblərini belə xülasə edə bilərik:

O olduqca sürətli və düzgün qərar verirdi. Heç bir qərarı uğur­suzluqla nəticələnməmişdi. Uhud və Huneyn döyüşlərində necə sürətli və yerində qərar verdiyini və ordusunu mütləq məğlubiyyətdən qurtarıb şanlı zəfər qazandığını görürük. Onun sarsılmaz və möhkəm iradəsi var idi. O, təbiətən cəsur idi. Uzun və çətin bir yola çıxması ilə bütün bəşəriyyətə meydan oxuyurdu sanki. Şəxs və dövlətlərdən qorxmadan, çəkinmədən yoluna davam etmişdi. Hətta bəzən orduda bir qarışıqlıq düşdüyünü görüb atını mahmızlayır, düşmənin üstünə yürüyür və zərrə qədər qorxmurdu.

Mətin və dönməz iradəsi vardı. Daşıdığı məsuliyyəti yaxşı dərk edirdi. Uzaqgörən, ruhən sabitqədəm idi. İnsan sərrafı idi. İn­sanları elə sevirdi ki, hər kəs özünü ona ən əziz, ən yaxın adam bilirdi.  Onun əshabına, əshabının da Ona inamı tam idi. Heç bir işi qınaq və töhmətə səbəb olmamışdı. Ona görə də həyatında və gördüyü işlərdə tənqid olunası bircə nöqtə də yox idi. Hərtərəfli insan idi. Onun xarakterində zəif cəhətlərdən əsər-əlamət yox idi.

O, həyatında bir anlıq da olsa, təşvişə düşüb özünü itirməmişdi. Ən cəsur səhabələrin davam gətirməyib geri çəkildiyi vaxtlarda O, yerindən bir addım da tərpənməmişdi. Bəli, Onda sarsılmaz iradə var idi. Məkkədə çəkmədiyi zülm qalmamışdı, amma sarsılmamış, ən böyük köməyi-arxası olan xanımı və əmisinin dalbadal vəfat etməsinə baxmayaraq, ümidsizliyə düşməmiş, tərəddüd keçirməmişdi.

Allahın dinini təbliğ vəzifəsi ilə göndərilmişdi. İnsanlara Allah-Təalanı anladacaqdı. Bu olduqca çətin iş idi. Ancaq Allah Rəsulu tərəddüd etmədən bu işin altına girmiş, fərdləri insani xü­susiyyətləri ilə ucaltmış və onların könlündə əbədi taxt qurmuşdu.

Onun məhşərdə hüznlü halı da bu peyğəmbərlik məsuliyyətinin bir ifadəsidir. Belə bir məsuliyyətə Ondan başqa kimsə tab gətirməzdi. O, sanki ilk insandan son insana kimi bütün bəşəriyyətin məsuliyyətini  çiyinlərinə götürmüşdü.

Vəzifəsinə necə başlamışdısa, o cür də davam etmişdi. Məkkədə ətrafında bir kölə, bir qadın, bir uşaq və bir azad insan olanda davranış və hərəkətləri necə idisə, Vida həccində yüz mindən artıq insanın gözünün içinə baxdığı dövrdə də o cür idi. Hətta təvazökarlığı fəth və zəfərlərin yağış kimi yağdığı dövrlərdə daha da ənginləşmişdi.

Dost halqasına yenilərin daxil olması və bunların da arasında dəyərli insanların olması Ona köhnə dostlarından qətiyyən soyutmamışdı. O, yolun başlanğıcında necə idisə, elə də qaldı. Tabeliyində olanları tanımaqda tayı-bərabəri yox idi.

Allah Rəsulunun keçmişi tərtəmiz, qüsurlardan uzaq və pak idi. Hərtərəfli və mükəmməl istedad və qabiliyyətə malik  idi ki, bu da ancaq bir peyğəmbərə xas ola bilərdi.

O, Allahın əmri ilə bir dava, bir qayə seçmişdi. Məfkurəsi dəyişməz və qəti idi. Döyüş  Onun üçün məqsəd deyil, vasitə olmuşdu. Döyüş Onun ən axırıncı əl atdığı çarə idi. Allahın Rəsulu “ən gözəl müdafiə hücumdur” prinsipi ilə hərəkət edirdi. Hərçənd Onun müdafiə müharibəsi də olmuşdu. Lakin bunların hamısı hücuma zəmin hazırlamaq məqsədini daşıyırdı.

O, bütün davranışlarını bəsirətlə ortaya qoyurdu. Onun hərəkət nizamı var idi və buna həmişə riayət edirdi. Hara nə vaxt gediləcək, düşmənə nə vaxt hücum ediləcək – bunları çox yaxşı planlaşdırırdı. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) düşmənləri ilə elə vəziyyətlərdə qarşılaşırdı ki, həmişə vaxt və şərait düşmənin əleyhinə, müsəlmanların lehinə olurdu. Bu da Allah Rəsulunun dərin fətanətinin əsəridir. Vaxtı çox yaxşı dəyərləndirirdi. Məsələn, Xəndək döyüşündə vaxtı uzatdıqca uzatmış, nəhayət qış gəlmiş, məkkəlilər geriyə qayıtmaq məcburiyyətində qalmışdılar. Allah Rəsulunun girdiyi döyüşlərin heç birində ərzaq və silah-sursat çatışmazlığından döyüş tərk edilməmişdi.

Bəyanlarının heç biri həyatla ziddiyyət təşkil etmirdi. Allahın adının insanlara çatdırılmasında israrlı idi. Əshabını çox yaxşı tanıyırdı. Səhabələrin bütün çətinliklərini həll edirdi. Qeyri-mümkün təklif, əmr və prinsiplər ortaya qoymurdu. Onun fikirləri, qayələri və əmrləri zaman keçdikcə dəyərini itirmir, əksinə, daima əhəmiyyətini saxlayırdı. Buna görə də Ona müraciət edən hər dövrün insanı dərdlərinə dərman tapır, elə bil həyat çeşməsindən kövsər içirdi. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) gətirdiyi yeniliklərin heç biri həyatla ziddiyyət təşkil etməmişdi. Həm də O bütün sözlərini qətiyyətlə söyləmiş və tərəddüdsüz həyata keçirmişdi




Şərh yaz