- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Peyğəmbərimizin (s.ə.s) hansı peşələri olmuşdur?

Peyğəmbərimizə (s.ə.s) görə bir insanın ən təmiz qazancı öz əlinin zəhməti ilə əldə etdiyi qazancdır. Həm daha əvvəlki peyğəmbərlər, həm də Allah Rəsulu (s.ə.s) müxtəlif sənətlərlə məşğul olmuş, eyni zamanda bu sahələrdə insanlara rəhbərlik etmişdir. Hz. İdris dərzilik, Hz Nuh gəmiçilik, Hz. Davud dəmirçilik, Hz. Zəkəriyyə dülgərlik sənətləri ilə məşhur olan peyğəmbərlərdir. Allah Rəsulu (s.ə.s) uşaqlığında çobanlıq, gənclik və sonrakı illərdə isə ticarətlə məşğul olmuşdu. Hz. Xədicənin diqqətini Rəsulullahın ticarətdə doğruluğu, etibarı, ədəb və həyası çəkmişdi. Peyğəmbərlikdən sonra isə, dövlət başçısı, ordu başçısı, hakim, şərikli işdə başçı, müəllimlik, vaizlik, idarəçilik onun məşğul olduğu işlərdən sayıla bilər. Bütün bunlarla yanaşı Onun (s.ə.s) sənəti və işi bəşəriyyəti əbədi səadətə çatdırmaq, yaradılış qayəsini xatırlatmaq, hidayətə gedən yolları göstərməkdir.