Mənəviyyata Açılan Pəncərə

Ölümdən qaçış yoxdur

أَيْنَمَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ ۗ وَإِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِ اللَّهِ ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِكَ ۚ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللَّهِ ۖ فَمَالِ هَٰؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا

Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu, Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu, Səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!” (Nisa 4/78)

Ölüm elə bir həqiqətdir ki, insan ondan yaxa qurtara və onu görməzlikdən gələ bilməz. Müsəlman üçün ölüm yox olmaq deyil, yeni həyatın başlanğıcıdır. Qurani-Kərimi açarkən elə ilk surənin üçüncü ayəsində “din günü”dən bəhs edildiyini görürük ki, bu da axirət aləminin həqiqət olduğuna işarədir. Ölüm və ölümdən sonra meydana gələcək hadisələrə bu qədər əhəmiyyət verilməsi bizə hansı həqiqəti xatırladır? Bu sualın cavabı belədir: Ölümdən qaçış yoxdur, hamı bir gün əməllərinin hesabını verəcək, yəni buna görə hazırlıq görməliyik.

Lüğətlərdə ard-arda işlənən ölüm və ömür (həyat) kəlmələrinə bir-birini tamamlayan iki qardaş kimi baxmaq lazımdır. Elə ayədə də bu həqiqətə işarə edilir: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (Mülk, 67/2) Fərqində olsaq da, olmasaq da, bu söz bizə ağır gəlsə də, gəlməsə də, ölüm həyatımızdakı ən böyük gerçək, ən açıq həqiqətdir.

Böyük İslam alimləri deyirlər ki, inanan insan üçün ölümdən qorxmağa gərək yoxdur. Çünki inanan insan hər an ölümə hazırdır. İnanan insanın əməl heybəsində az-çox “azuqəsi” var. Mövlana kimi neçə-neçə könül sultanı ölümdən qorxmamış və ölümü “Şəbi arusa”-yəni toy gecəsinə bənzətmişlər. Bəzi insanlar məhz həmin günə hazır olmadıqlarına görə ölümdən qorxur və ölümü dəhşətli ayrılıq kimi görürlər. Bu da bir həqiqətdir ki, həmin qorxunun əcələ heç bir faydası olmayacaq.

Yuxarıda “Mülk” surəsindən verilən ayə və digər yaxın məzmunlu ayələr bizə öyrədir ki, həyatın və ölümün hikməti insanın üzləşdiyi sınaqlarda gizlənib. Həyat ölümlə sona çatmayacaq, əksinə ölüm qapısının açılması ilə sonsuz və əbədi bir həyat başlayacaq. Ölüm bir təfərdən insanın işlədiyi əməllərinə görə məsul olduğunu və hesaba çəkiləcəyi həqiqətini göstərir, digər tərəfdən də əbədiyyətə gedən yolun ilk pilləsini təşkil edir. Həmin pilləni keçmədən əbədi səadətə qovuşmaq imkansızdır. Buna görə də ölümü axirət yurdunda əbədi xoşbəxtliyə qovuşduran vasitə kimi anlamalıyıq.

Ölüm bizlər üçün ən böyük ibrət, ən təsirli öyüddür. Bu baxımdan ölümdən bixəbər keçən həyat yelə verilmiş bir ömür deməkdir. Heç vaxt ölməyəcəkmiş kimi dünyaya bağlananlar aldananlardır. Dinimiz hər şeydə olduğu kimi, bu məsələdə də möminləri ifrat və təfritə düşməkdən çəkindirir, heç ölməyəcəkmiş kimi dünya işlərini görməyə, sabah öləcəkmiş kimi axirət yurduna hazırlaşmağa çağırır.

Müsəlman dünyanın müvəqqəti, aldadıcı zövq və mənfəətlərinə qapılaraq əbədi olan axirət həyatını unutmamalı, əbədi həyatın ilk pilləsi olan ölüm həqiqətinə əsla laqeyd yanaşmamalıdır.  Ölümlə hər şeyin yox olacağaını zənn etmək, nəfsani arzuların arxasınca qaçmaq, ömrü dünyəvi zövq-səfa ilə keçirmək və bunları həyat fəlsəfəsinə çevirmək böyük yalnışlıqdır. Madam ki, harada olsaq da, bizi anbaan təqib edən qaçılmaz bir həqiqətlə – ölümlə üz-üzəyik, o halda qaçmaq əvəzinə ona hazırlaşmağa çalışmalıyıq. Buna görə də insan tez-tez dönüb necə həyat yaşadığına baxmalı, ömrünü harda və necə keçirdiyini gözdən keçirməli, əməllərini daima hesaba çəkməlidir.

Ölümdən sonrakı həyatda həqiqi sədaətə çatmaq istəyiriksə, dini vəzifələrimizə, ibadətlərimizə fikir verməli, ictimai mükəllıəfiyyətlərimizi yerinə yetirməliyik. Unutmayaq ki, ölüm gözlə qaş arasındadır. Ölmülə həyatın arasında nazik bir pərdə var. Ölümün bizi harda haqlayacağını bilmiriksə, demək ki, ölümü hər an, hər yerdə gözləməkdən  və ona hazılaşmaqdan başqa çarəmiz yoxdur.

Exit mobile version