Mənəviyyata Açılan Pəncərə

Ölmə və dirilmə hadisəsi axirətin dəlilidir

Quranda ölümdən sonra dirilişin mümkünlüyünü və bunun açıq-aşkar olduğunu göstərmək məqsədi ilə çəkilən ən bariz misal qışda ölü olan yer üzünün bahar mövsümündə yenidən dirildilməsi nümunəsidir. Allahın yer üzündə qoyduğu bu qanun nəticəsində hər şey təkrar-təkrar yenilənməkdədir. Quran bu yerdə bizlərə su və onunla boy atıb böyüyən bitkiləri nümunə göstərib diqqətləri bir məqama yönəldir: bir halda ki, hər şey yox edilib təkrar geriyə qaytarılır, insanın öldükdən sonra əvvəlki halına qaytarılması niyə mümkün olmasın?!

Bu fani həyatın gedişatı belə ölümdən sonrakı həyatın mümkünlüyünə öz-özlüyündə bir dəlildir. Belə ki, qış və bahar mövsümlərinin bir-birinin ardınca gəlib keçməsi ölüm və diriliş hadisələrini gözlərimiz önünə sərir. Bunlara şahid ola-ola yenidən dirilişin meydana gələcəyini çox görmək nə qədər ağlabatandır? Ölümdən sonra diriliş və həşr hadisəsi bundan o dərəcədəmi fərqlənir? Yoxsa insan öz dirilişini ilahi qüdrətin fövqündə görür?

Hər baharda saysız-hesabsız diriliş hadisəsinə səhnə olan yer üzünə bircə dəfə ibrətlə baxmağı bacaran insan öl­dükdən sonra bunlar kimi ikinci bir aləmin baharında həşir olunacağını anlamaqda çətinlik çəkməz. Quranda bu xüsusa işarə edən bir çox ayələr vardır. Bir neçəsini zikr edək:

“Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Bunları edən (Allah) ölüləri də dirildər. O, hər şeyə qadirdir!”[1]

“Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!”[2]

Quranın ölü torpağı insanın dirilməsinə dəlil gətirməklə yaradılışın eyni şəkildə gerçəkləşdiyini vurğulayır. Çünki o Mütləq Qüdrət hər bir zaman dilimində dünyanın şəklini hansı qanunla dəyişdirirsə, qiyamət günü də kainatı eyni ilə dəyişdirəcək. Baharda ölmüş ağac və bitkiləri − yer üzünü hansı qanunla canlandırırsa, öldükdən sonra da insanları eyni qanunla dirildir. Mövzu ilə əlaqədar ayələrin sonunda “…bu cür (dirilib) çıxarılacaqsınız!”[3] və ya “…(Qəbirlərdən dirilib) çıxmaq da belədir”[4] deyə buyurulur, yəni “Ölü torpaq necə cana gəlir, ağaclar necə təzə həyat libası geyinir və bitkilər necə yerdən çıxırsa, siz də qəbirlərinizdən eləcə yeni canla çıxacaqsınız”.


[1] “Rum” surəsi, 30/50

[2] “Fussilət” surəsi, 41/39.

[3] “Əraf” surəsi, 7/25.

[4] “Qaf” surəsi, 50/11.

Exit mobile version