Mənəviyyata Açılan Pəncərə

Niyyət edilən əhdi pozmaq olar?  

   Sual: Mən “bir qohumumla heç vaxt danışmayacağam, danışaramsa, bir il oruc tutacağam” deyə and içdim. Ancaq vəziyyət elə gətirdi ki, mən onunla danışmalı oldum. Hal-hazırda oruc tutmağa başlamışam. Oruc tutmağa davam etməkdən başqa çıxış yolu varmı?

  Cavab: Nəzirlər ümumi olaraq iki hissəyə bölünür: şərtə bağlı olan və şərtə bağlı olmayan. Mövzumuzla əlaqəli olan hissə şərtə bağlı əhd(nəzir)lərdir. Şərtə bağlı olan əhdlərə “müəlləq əhdlər” də deyilir. Müəlləq əhd də ikiyə ayrılır:

a)  Müəyyən bir şərtə bağlı olan əhdlər. Məsələn, “xəstəliyim sağalsa oruc tutacam” və ya “qurban kəsəcəm” deyə edilən nəzirlər bu kaqeoriyaya daxildir. Həmin xəstəlik sağalarsa deyilən əhdin yerinə yetirilməsi vacibdir.

b)   Meydana gəlməsini istəmədiyimiz bir hadisə üçün edilən əhdlər. Məsələn, bir şəxs “bundan sonra yalan danışmayacağam, əgər yalan danışaramsa bir ay oruc tutacam”- deyə əhd etməsi buna aiddir. Əhd etdikdən sonra yalan danışsa, həmin şəxs sərbəstdir. Yəni həmin şəxs ya bu əhdini yerinə yetirib bir ay oruc tutmalı, ya da yəmin kəffarəsini yerinə yetirməlidir. Çünki yalan söyləmək şərti olaraq xoş görülən əməl deyildir. Belə olan hallarda verilən əhd bir növ and içmək kimidir.

Verilən sualın cavabı da müəlləq əhdlərin ikinci qisminə aiddir. Buna görə istəsəniz tutduğunuz oruca davam edib onu tamamlaya bilərsiniz. Əgər əhd etdiyiniz zaman bu orucu ard-arda tutacağam deyə şərt qoşmamısınızsa o zaman orucu fasilələrlə tutaraq 365 günə tamalayaraq əhdinizi yerinə yetirməlisiniz. Ancaq buna gücünüz çatmasa andını, yəmininizi pozaraq yəmin kəffarəsi ödəməlisiniz.

    “Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” ( Maidə, 5/89)

  Ayəyə əsasən deyə bilərik ki, andınızı pozduğunuza görə ehtiyac sahibi on nəfərə bədənini  örtəcək paltar almalısınız və yaxud yenə on nəfərə özünüzün və ailənizin yediyi tərzdə səhər və axşam yeməyi yedirməlisiniz. Əgər maddi imkanlarınız uyğun deyildirsə o zaman mütləq dalbadal üç gün oruc tutmalısız.

 Nəticə etibarı ilə deyə bilərik ki, əhd etmişiksə, onu mütləq yerinə yetirməliyik. Ancaq sualda soruşulduğu kimi, əhdimizi pozmaq məcburiyyətində qaldıqda və ya əhdimizi pozmaq bizim üçün daha xeyirli olduğunu gördükdə poza bilərik. Belə olan halda yə əhdimizi yerinə yetirməli, ya da yəmin kəffarəsini ödəməliyik. Bu Allah Təalaya qarşı boynumuzda borcdur və həmin borcu vaxtında yerinə yetirmək lazımdır.

            

Exit mobile version