Mənəviyyata Açılan Pəncərə

Namazı vacib edən dəlillər

Namazın fərz olması Kitab, Sünnə və İcma dəlillərinə əsaslanır.

“Səlat” kəlməsi Qurani-Kərimdə dua və namaz mənasında 78 ayədə tək formada və 5 ayədə isə ismin cəm formasıda “sələvat” kəlməsi ilə qeyd olunur. 3 ayədə namaz qılanlar (musallin) şəklində işlədilir. Bundan başqa 14 ayədə cəm formasında “namaz qılın”, 4 ayədə tək əmr şəklində “namaz qıl” buyurulur və  24-ə yaxın ayədə keçmiş zamanda “namaz qılanlar”dan bəhs olunur. Həmçinin 10-a qədər ayədə də “sallə” (dua etdi, namaz qıldı) feili ilə dua və namaz mövzusu qeyd olunur.[1] Bir çox hədisdə də oxşar ifadələrlə namazdan bəhs olunması bu ibadətin əhəmiyyətinə dəlalət edir.

Əvvəlcə bir neçə ayənin mənası ilə tanış olaq: “Şübhəsiz ki, namaz möminlərə bəlli vaxtlarda vacib (fərz) edilmişdir.”[2]Halbuki onlara əmr edilmişdi ki, Allaha  dini yalnız ona xas edərək, batildən haqqa (İslama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”[3]Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!”[4](Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza riayət edin.”[5]

Sünnədən dəlillər: Bu mövzuda rəvayət olunmuş bir çox hədis var. Bu hədislərdən bəziləri aşağıdakılardır:

Abdullah İbn Ömərdən (r.a) rəvayət edildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “İslam beş əsas üzərində qurulmuşdur; Allahdan başqa ilah olmadığına inanmaq, Məhəmmədin Allahın Elçisi olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq”.[6]

Hz. Peyğəmbər Muaz İbn Cəbəli Yəmənə göndərərkən ona belə demişdir: “Sən əhli-kitab bir cəmiyyətə gedirsən. Onları əvvəlcə Allaha qulluq etməyə çağır, bunu qəbul edərlərsə, Allahın onlara gecə və gündüzdə beş vaxt namaz fərz buyurduğunu söylə. Namaz qılarlarsa, Allahın onlara zənginlərindən alınıb yoxsullarına verilmək şərtilə zəkatı fərz buyurduğunu bildir. Əgər itaət edərlərsə, bunu (zəkatı) onlardan al, insanların mallarının ən yaxşısını götürmə, məzlumun bədduasından çəkin. Çünki onun duası ilə Allah arasında pərdə yoxdur.”[7]

İslam ümməti gün ərzində beş namazın fərz olduğu haqqında həmfikirdir.

Beş vaxt namazın hicrətdən əvvəl Merac gecəsində fərz olduğu səhih mənbələrdə mövcuddur.[8] Ənəs (r.a) rəvayət etdiyi bir hədisdə belə buyurulur: “Merac gecəsində Hz. Peyğəmbərə (s.ə.s) namaz əlli vaxt fərz qılınmış,  sonra azaldılaraq beş vaxta endirilmiş, ardından belə buyrulmuşdur: “Ey Muhəmməd! Mənim dərgahımda söz dəyişməz. Bu beş vaxt namaza sənin üçün əlli vaxt namaz savabı vardır.”[9]

Buxari və Müslimdə belə bir hədis də var: “Allah-Təala Merac gecəsində ümmətimə əlli vaxt namazı fərz etdi. Mən isə Ona müraciət edərək bunun yüngülləşdirilməsini istədim. Nəhayət, namaz bir gün və gecədə beş vaxta düşdü.”[10]

Namazın dəyərini göstərən bu iki hədis də mühüm əhəmiyyət kəsb edir: “Namaz dinin dirəyidir.”[11] “Namazda səcdə qulun Allaha ən yaxın olan anıdır (vəziyyətidir).”[12]

Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir. Lakin yeddi yaşına çatan uşaqlar da namaz qılmaqla əmr olunur. On yaşına çatdıqlarında namaz qılmazlarsa, tərbiyə məqsədilə tənbeh olunmaları məqsədə müvafiqdir. Hz. Peyğəmbər belə buyurur: “Uşaqlarınıza yeddi yaşlarında namaz qılmağı əmr edin, on yaşına çatdıqlarında bundan ötəri yüngülcə tənbeh edin və bu yaşda yataqlarını ayırın.”[13]

Gün ərzində beş vaxt namaz qılmaq fərzdir. Ancaq nəzir olunmuş (əhd) namaz, vitr və ya bayram namazları isə vacibdir. Beş vaxt namazın dəlili kimi bir bədəvi ilə bağlı bu hədisi göstərə bilərik: Allah Rəsulu (s.ə.s) belə buyurur: “Bir gün və gecə ərzindəki fərz olan namazlar beşdir.” Orada olan bir bədəvi: “Mənim üçün bundan başqa bir borc varmı?” – deyə soruşdu. Allah Rəsulu belə cavab verdi: “Xeyr, ancaq nafilə namaz qılmağın istisnadır.”[14]  Bu zaman bədəvi belə dedi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, bundan nə artıq edərəm, nə də ki əskik.” Hz. Peyğəmbər (s.ə.s) buyurdu: “Əgər doğru söyləyirsə bu adam nicat tapmışdır.”[15]

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından götürülmüşdür.

 [1].M. Fuad Əbdülbaqi, əl-Mucəmul-Müfəhrəs li Əlfazil-Quranil-Kərim, “Salat”, “Salla”, “Qamə” və “İqamə” maddələri.

[2].Nisa, 4/103.

[3].Bəyyinə, 98/5.

[4].Həcc, 22/78.

[5].Bəqərə, 2/238.

[6].Buxari, İman, 1, 2; Müslim, İman, 19-22.

[7].Buxari, Zəkat, 41, 63, Məğazi, 60, Tövhid, 1; Nəsai, Zəkat, 1; Darimi, Zəkat, 1.

[8].Buxari, Salat, 1; Müslim, İman, 263.

[9].Tirmizi, Səlat, 45; Nəsai, Namaz, 1; Ə. İbn Hənbəl, III, 161, IV, 208, 209.

[10].Buxari, Səlat, 1; Müslim, İman, 263; İbn Macə, İqamə, 194; Ə. İbn Hənbəl, V, 144.

[11].Tirmizi, İman, 8; Ə. İbn Hənbəl, V, 231, 237.

[12].Müslim, Səlat, 215; Nəsai, Məvaqit, 35.

[13].Əbu Davud, Səlat, 26; Ə. İbn Hənbəl, II, 180, 187.

[14].Buxari, İman, 34, Səvm, 1, Şəhadət, 26; Müslim, İman, 8; Əbu Davud, Səlat, 1.

[15].Buxari, İman, 34, Şəhadət, 26; Müslim, İman, 8, 10, 15, 17, 18; Əbu Davud, Səlat, 1.

Exit mobile version