Mənəviyyata Açılan Pəncərə

Namazın mahiyyəti və mənası

CAVAB: Namaz, əslində bir duadır, ancaq digər ibadətlərin xülasəsini ehtiva edən bir dua. Bundan əlavə, edilən duaların müəyyən qismi də namazla əlaqədardır. Namaza başlayarkən müəyyən dualar oxuduğumuz kimi, namazın müxtəlif rüknlərində və  salam verib namazı bitirdikdən sonra da bəzi dualar oxuyuruq. Ancaq namazın mahiyyəti Haqq-Təalanı təsbeh etmək – “Subhanallah” demək, Ona şükür etmək – “Əlhamdulillah” demək və təkbir, təzim etmək – “Allahu Əkbər” deməkdir.

Bəli, təsbih, həmd və təkbir namazın nüvəsidir. Bu səbəblədir ki, namazın bütün hərəkət və zikrlərində “Subhanallah”, “Əlham­dulillah” və “Allahu Əkbər” sözlərinin mənaları gizlidir. Bir İslam alminin də ifadə etdiyi kimi, “iftitah təkbirindən (namaza başlayarkən “Allahu Əkbər” demək) salam verdiyimiz ana (yəni namazın başlanğıcından sonunadək) qədər, demək olar ki, hər an sözlərimiz, halımız və hərəkətlərimizlə ya “Subhanallah” deyib Allahu-Təalanı təqdis edir (yəni bütün mükəmməl sifətlərə sahib və bütün nöqsan və qüsurlardan uzaq olduğunu ifadə edir), ya “Əlhamdulillah” sözü ilə həmdü-səna (şükür və mədh edir) hislərimizi səsləndirir, ya da “Allahu Əkbər” deyərək Ona təzim (Onun ən böyük olduğunu qəbul və ifadə) edirik. Namazın başlanğıc təkbiri – ibadətə onunla başlandığı üçün – “iftitah təkbiri”, namazda bəzi hallar bu təkbirin deyildiyi andan qadağan olduğu üçün “təhrim təkbiri” və ya “ihram təkbiri” də adlanır. Əslində bu təkbir Allahdan qeyri hər şeyi haram bilərək “harəm” dairəsinə ad­dım atmağa, dünyəvi nə varsa, qapının ardında qoyub yalnız Kai­natın Sultanına yönəlməyə söz vermək,  o andan etibarən namazın bütün dəqiqə və saniyəsinə təsbeh (Subhanallah), təhmid (Əlhamdulillah) və təkbir (Allahu əkbər) ruhunu işləmək, bir mənada namaza çevrilmək, namazla bütünləşmək deməkdir.

Namazı layiqincə qılmaq istəyiriksə, təkbirlə birlikdə Allahdan­ qeyri hər şeydən uzaqlaşmalı və könlümüzü yalnız Ona açmalıyıq. Dilimizdən çıxan hər sözə şüurumuzun möhrünü vurmalıyıq. Məsələn, “Əlhamdulillah” deyərkən bu sözün nə məna ifadə etdiyini yaxşı bilməli, onu dərindən düşünməliyik. “Bütün həmdü-sənalar, bütün şükürlər Allaha aiddir, bu həqiqəti elan etmək mənim vəzifəm, kainatı yaradan Allahın da haqqıdır,” – deyə hayqırmalıyıq. Beləcə, “əlhamdulillah” kəlməsi Allah-Təalaya, Onun dərgahına dərin mənalarla, məzmunla yüksəlməlidir. Onun Rəhman və Rəhim olduğunu elan edərkən yenə eyni əngin duyğularla dolub-daşmalıyıq. Namaz bizim üçün də bir merac olmalı və Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) Meracda gördüyü həqiqətləri öz idrak üfüqümüzdən hiss etməyə çalışmalıyıq. Salam verər-verməz Allahın hüzuruna layiq ədəbə əməl edə bilməmək narahatlığı ilə yenidən əllərimizi qaldırmalı, yenə o mübarək kəlmələri otuz üç dəfə təkrarlamalıyıq.

Exit mobile version