- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Namazın məkruhları

Namaz əsnasında namaza müvafiq olmayan davranışlar ziddiyyət və ya əskikliyin dərəcəsinə görə namazın məkruhları və namazı pozan hallar olmaqla iki qismdir. Namazda xoş qarşılanmayan davranışlara “namazın məkruhları” deyilir. Bunlar təhrimən və tənzihən olmaqla iki qismdir. Namazdakı bir vacibi tərk etmək təhrimən məkruhdur. Namazın bir sünnəsini tərk etmək isə tənzihən məkruhdur. Bununla yanaşı tənzihən məkruh olanlar da əhəmiyyətləri və təhrimən məkruh olanlarla yaxınlıqları baxımından fərqlidirlər. Məsələn, bir müəkkəd sünnəni tərk etmək bir vacibi tərk etmə dərəcəsinə yaxın bir kərahət sayılarkən, müstəhəb və ya məndubu tərk etmək isə daha yaxşı olanı (övla) tərk etməkdir.

Namazın məkruhlarının əsasları aşağıdakılardır:[1]

1. Namazın vaciblərindən birini bilərəkdən tərk etmək. Məsələn, Fatihəni tərk etmək və ya astadan oxunan namazda bərkdən oxumaq, bərkdən oxunan namazda astadan oxumaq. Təhrimən məkruh olan belə bir namaz səhih olmasına baxmayaraq, təkrarən qılınması vacibdir. Çünki bu­radakı səhv səbəbli olmadığı üçün səhv səcdəsi etmək də kifayət etmir.

2. Namazın sünnələrindən birini bilə-bilə tərk etmək. Məsələn, sübhanəkəni oxumamaq, rüku və ya səcdələrdəki təsbehləri etməmək, ya da rükuda başı qaldırmamaq və ya çox əymək.

3. İkinci rükətdə birinci rükətə nisbətən daha çox qiraət etmək məkruhdur. Hənəfilərə görə bu miqdar üç ayədən çox olmamalıdır. Əks təqdirdə məkruh olmaz.

4. Namaz qılarkən bir üzr olmadan bir yerə, divara, dirəyə və ya əsaya söykənmək məkruhdur.

5. Namazda üzrsüz və ardarda olmamaq şərtilə bir neçə addım gəzmək məkruhdur. Ancaq ilan və ya əqrəb öldürmək kimi üzr səbəbilə bir neçə addım atmaq məkruh deyil. Namaza aid olmayan hərəkət əməli-kəsir (çox iş və hərəkət etmək) dərəcəsinə çatarsa namaz pozular. Namazda ikən bir nəfəri ölümdən və ya yaralanmaqdan xilas etmək yaxud az da olsa bir malın tələf olmasına mane olmaq üçün namazı pozmaq caizdir. Bu malın namaz qılana məxsus olub-olmaması nəticəni dəyişdirməz.

6. Bir rükətdə bir surənin iki dəfə oxunması və ya fərzlərdə hər iki rükətdə də Fatihədən sonra eyni surənin təkrarlanması məkruhdur. Lakin bu nafilə namazlarda məkruh olmaz. Namazda Fatihədən sonra daima mü­əyyən bir surənin oxunması da məkruhdur.

7. Qiraətə Qurani-Kərimdəki surələrin ardıcıllığına riayət etməmək də məkruhdur. Məsələn, birinci rükətdə “İxlas” surəsini oxuyub sonra “Ləhəb” və ya “Kafirun” surəsini oxumaq məkruhdur. Çünki Rəsulullahın (s.ə.s) qiraətdə surələrin ardıcıllıqlarına riayət etdiyi rəvayət edilmişdir.

8. Namazda paltar, bədən və ya saqqalı əl ilə oynatmaq, əlini ağzına qoymaq və ya ehtiyac olmadan burnunu tutmaq kimi namaza müvafiq olmayan bir işlə məşğul olmaq məkruhdur.

Qudainin Yəhya İbn Əbi Kəsirdən rəvayət etdiyi bir hədisdə belə buyurulur: “Allah sizin üçün üç şeyi xoş qarşılamamışdır: namazda boş şeylərlə məşğul olmaq, orucda çirkin və biədəb söz demək, qəbiristanlıqda gül­mək.”[2]

Beləliklə üzdəki təri silmək və ya əsnəmək kimi təbii bir hərəkət etmək məkruh sayılmadığı halda, barmaqları şaqqıldatmaq, namaz qılınan yerdəki çınqıl daşlarla oynamaq boş işlə məşğul olmaq sayılır. Lakin səcdə edilən yerdəki çınqıl daşlarını yalnız bir dəfə düzəltmək caiz hesab edilmişdir.[3]

Namaz əsnasında uşağı çiyinlərə almaq məkruhdur. Həzrət Peyğəmbərin (s.ə.s) hər rükətdə Ümaməni (r.a) çiyinlərinə alıb, sonra yerə qoyduğunu bildirən hadisənin bu hədislə nəsx edildiyi rəvayət edilmişdir: “Şübhəsiz namazda namazın özünə məxsus bir məşğuliyyəti vardır.”[4]

9. Namazda əlləri üzrsüz olaraq qiyam, rüku və səcdədə sünnə ilə bil­dirilən üzvlər üzərinə qoymamaq məkruhdur.

10. Namazda bit, birə, qarışqa kimi həşaratları tutmağa çalışmaq va ya öldürmək məkruhdur. Lakin bunların dişləməsindən ağrı hiss edənin bunları namazda ikən tutub atmasına hər hansı əngəl yoxdur.

11. Kişilərin səcdə edərkən qollarını tamamilə yerə bitişdirmələri məkruhdur.

12. Namazda üzr olmadan bardaş qurmaq və ya dizləri dikib oturmaq məkruhdur.

13. Namazda əsnəmək və bu kimi şeyləri etmək məkruhdur. Çünki bunlar qafillik və tənbəllik əlamətləridir. Əsnəmək qarnın həddindən artıq tox olmasından və rahatlıqdan meydana gəlir. Peyğəmbərlər əsnəməkdən qo­runmuşdurlar. Namazda əsnəmək tutduqda, imkan daxilində bunun qarşısı alınmalıdır. Çünki  Allah Elçisi belə buyurmuşdur: “Əsnəmək şeytandandır. Sizdən bir nəfəri əsnəmək tutduqda, gücü çatdığı qədər onun qar­şısını almağa cəhd etsin.”[5]

Əsnəmə zamanı ağız bağlana bilməzsə, namazda sağ əlin arxası ilə, namazdan kənarda isə sol əlin arxası ilə ağız bağlanmalıdır.

14. Namazda heç bir səbəb olmadan insanın öz istəyi ilə öskürməsi məkruhdur. İmkan daxilində öskürəyin qarşısının alınması ədəbə müvafiqdir.

15. Verilən salamı namazda əl və ya baş işarəsi ilə almaq məkruhdur.

16. Namazda dişlərin arasında qalan noxud dənəsindən kiçik yemək qırıntısını udmaq məkruhdur. Bu qırıntı noxud dənəsindən böyük olarsa namaz pozular.

17. Yemək süfrəsi hazır ikən namaza başlamaq məkruhdur. Lakin namaz vaxtının çıxacağından ehtiyat edilməsi istisnadır. Yeməyə iştah və ya istəyin olub-olmaması hökmü dəyişdirməz. Hədisdə belə buyu­rul­muş­dur: “Yeməyi hazır olanın qıldığı namaz tam deyildir.”[6]

18. Namazda gözləri yummaq və ya gözləri göyə tərəf çevirmək, sa­ğa-sola baxmaq və ya başı bir tərəfə çevirib baxmaq məkruhdur.

Namaz qılanın gözü onu məşğul edəcək bir şeyə ilişərsə bu zaman xü­şunu təmin etmək üçün gözlər yumula bilər. Gözlərin yumulmasıyla səcdə yerinə baxmaq olan sünnə tərk edilmiş olur. Ənəs (r.a) Allah Elçisinin belə buyurduğunu rəvayət etmişdir: “Namazda gözlərini göyə zilləyənlər nə etdiklərini zənn edirlər? Onlar ya bundan əl çəkərlər, ya da Allah onların gözlərinin işığını alar.”[7] Çünki gözlərin daima göy üzünə zillənməsi Allahın göydə olduğu əqidəsinə yol aça bilər.

Namazda sağa-sola baxmaq da xüşuya manedir və boş işlə məşğul olmaqdır. Bununla yanaşı namazda görülməməli olan bir şeyi görməmək və ya xüşunu daha da artırmaq məqsədilə gözün yumulması mümkündür. Hər hansı bir ehtiyac üçün də göz ucuyla baxıla bilər.

19. Barmaqları bir-birinə keçirmək, barmaq şaqqıldatmaq və ya əlləri böyürə qoymaq məkruhdur. Bu hərəkətlər namaz qılanı xüşudan ayırar. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Heç kim məsciddə ikən barmaqlarını bir-birinə keçirməsin. Çünki bu hərəkət şeytandandır. Hər biriniz məsciddə olduğu müddətcə çölə çıxanadək namazdadır.”[8] Əbu Hüreyrənin rəvayət etdiyi bir hədisdə belə buyurulmuşdur: “Həzrət Peyğəmbər namazda barmaq şaqqıldatmağı qadağan etmişdir.”[9]

20. İmamdan əvvəl rüku və ya səcdəyə getmək və ondan əvvəl rüku və ya səcdədən başını qaldırmaq məkruhdur. Lakin imama tabe olan imamdan əvvəl rüku və ya səcdəyə gedib və ondan əvvəl başını qaldırarsa namazı pozular. Əgər həmin şəxs imam salam verməzdən əvvəl bu rüku və ya səcdəni təkrarən edərsə namazı tam olar və pozulmaz.

21. Qiyam, rüku və səcdə aralarındakı təkbir və zikrləri edilməli olduğu yerlərindən sonraya gecikdirmək məkruhdur. Məsələn, qiyamdan rükuya getdikdən sonra “Allahu əkbər” demək və rükudan qiyama tamamilə qalxdıqdan sonra “səmiallahu limən hamidəh” demək məkruhdur. Bu zaman təkbir və zikrlər gecikdirilmiş olur.

22. Yanan atəş istiqamətinə namaz qılmaq məkruhdur. Çünki bu şəkildə namaz qılmaq məcusilərə oxşamaqdır. Yanan ocaq, soba və alovu olan manqal da “yanan atəş” hökmündədir. Şama, lampaya, işığa qarşı na­maz qılmaq isə məkruh deyil, habelə elektrikli və digər isitmə cihazları da bu mahiyyətdədir. Lakin birbaşa qaz, neft və ya yanacaqla olan isitmə cihazlarının od hökmündə olma ehtimalı yüksəkdir.

Bununla yanaşı asılı duran Qurana və ya bir qılınca qarşı namaz qılmaq məkruh deyil. Çünki heç kim tərəfindən bunlara sitayiş edildiyi rəvayət edilməmişdir.

23. Ortada pərdə olmadan bir insanın üzünə tərəf namaz qılmaq məkruhdur. Lakin bir insanın arxasına tərəf namaz qılmağa hər hansı əngəl yoxdur. Ancaq həmin insanın danışması səbəbilə çaşma ehtimalının olması bundan istisna edilir.

24. Geniş vaxtda kiçik və ya böyük dəstəmaza ehtiyacın olması və ya bu kimi ehtiyaclar güclə saxlanaraq namaza başlanması məkruhdur. Hədisdə belə buyurulmuşdur: “Yemək hazır ikən, bir də kiçik və ya böyük dəs­təmaz ehtiyacı olanların namazı tam deyildir.”[10]

Namaz əsnasında kiçik və ya böyük dəstəmaz ehtiyacı olub qəlbi məş­ğul etməyə başlarsa, həm də vaxt var isə namaz dayandırılaraq ehtiyac təmin edildikdən sonra dəstəmaz alıb yenidən namaza başlanılmalıdır ki, namaz xüşu içində qılına bilsin. Əks təqdirdə namaz səhih olmaqla ya­naşı savabı əskik olar.

25. Paltar, bədən və ya namaz qılınan yerdə namazına mane olmayacaq qədər nəcasətin olması məkruhdur.

26. Tək ayaq üstündə durmaq və ya bir ayağı yerdən qaldırmaq və digər ayağa söykənmək məkruhdur. Lakin bu bir üzr səbəbilə edilərsə məkruh olmaz.

27. Namazda üzrsüz olaraq paltarı geyinmədən çiyinə salmaq məkruhdur.

28. Başqa paltar var ikən namazda kirli ev və iş paltarı geymək məkruhdur. Çünki  Allah-Təala: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin”[11] buyurmuşdur. Ayədə namaz qılmağa gedərkən yaxşı və gözəl paltarların geyilməsi və Uca Allahın qarşısına bu formada çıxılması istənmişdir.

29. Bir üzr olmadan yalnız bir paltar ilə namaz qılmaq məkruhdur. Məsələn yalnız bir köynək ilə namaz qılmaq məkruhdur. Həmçinin isti bölgələrdəki kişilərin bədənin göbəkdən üst qisminə heç bir şey geymədən namaz qılmaları məkruhdur.

30. Kişilərin bir üzr olmadıqca ipək paltar geyərək namaz qılmaları mək­ruhdur.

31. Paltarı torpaqdan və ya dizlərinin ağarmasından yaxud poulmasından qorumaq üçün rüku və ya səcdəyə gedərkən yavaşca yuxarı çəkmək məkruhdur.

32. Namazda başın kənarına əl yaylığı və ya parça sarıyaraq ortasını açıq saxlamaq məkruhdur.

33. Namazda tənbəllik və ya səhlənkarlıq səbəbilə başı açıq olmaq məkruhdur. Bir üzr səbəbilə baş açıq qılına bilər.

Bununla yanaşı təvazökarlıq və xüşu məqsədilə başın açıq olması caiz sayılmışdır. Çünki namaz təvazökarlıqla müraciətdir. Namaz qürur, təkəbbür, riya və lovğalıqdan kənar olmaqla səmimi-qəlblə qılınmalıdır. Bu səbəblə namazda qəlbi məşğul edən və xüşudan uzaqlaşdıran paltarları geyməmək daha yaxşıdır.

Həzrət Peyğəmbərin (s.ə.s) namazlarını başı bağlı qıldığı rəvayət edilmişdir. Hədisi-şərifdə: “Mən namaz qılarkən gördüyünüz kimi namaz qılın” buyurulmuşdur. Bu adət və vərdişdən çox Həzrət Peyğəmbərin feili sünnəsinə tabe olma və başqalarına bənzəməkdən qorunmaqdır. Ehramda başın açıq olması başqa şeyə görədir. O, məhşərdəki vəziyyətdən bir nümunədir. Namaz ehrama qiyas edilə bilməz. Çünki ibadətlərdə qiyas yoxdur.

Odur ki, namazda başı səcdəyə maneçilik törətməyəcək bir şeylə örtmək daha fəzilətlidir. Hətta səcdədə başa qoyulanın düşməsi nəticəsində çox hərəkət etmədən geymək mümükün olarsa, bu daha fəzilətli sayılmışdır.

Bu mövzudakı kərahət və fəzilət kişilərlə əlaqədardır. Qadınların namazda başlarını örtmələri hicabları səbəbilədir. Başın açıq olması qadınlarda namazı pozar.

34. Üstündə insan və ya heyvan şəkilləri olan paltar ilə namaz qılmaq və ya belə bir parça üzərinə səcdə etmək məkruhdur. Lakin həmin paltarın üstünə pencək, plaş və ya cübbə kimi bir şey geyilərsə onunla namaz qı­lın­masında heç bir əngəl yoxdur.

Bilindiyi kimi qədim dövrlərdə bir çox qövm tövhid əqidəsindən uzaqlaşıb şirkə düşmüş, müxtəlif tanrıların şəkil və heykəllərini düzəldərək on­lara sitayiş etmiş və məbədlərini onlarla doldurmuşlar.

Dövrümüzdə elm və texnikada inkişaf etmiş bir çox cəmiyyət hələ bu şəkildə bütə sitayiş etməkdən xilas ola bilməmişdir. Əslində bu, əqidəyə olan ehtiyacın nəticəsidir. Bu millətlərin həqiqi tövhid dinini tanıdıqları zaman öz əqidələrinin mənasız olduğunu başa düşəcəklərinə şübhə yoxdur.

Əbu Talha (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir. “Mələklər içində it, şəkil və heykəl olan evə girməzlər.”[12] Ənəsin (r.a) belə dediyi rəvayət edilmişdir: “Həzrət Aişənin incə bir pərdəsi var idi və bu pərdəni evinin bir tərəfinə asmışdı. Həzrət Peyğəmbər ona: Bu pərdəni yox et, çünki üstündəki şəkillər namazda gözümə ilişir”[13] buyurdu.

35. Namaz qılanın başının üstündə, qabağında, sağ və ya sol tərəfində çəkilmiş canlı rəsmlərin, yaxud heykəllərin olması məkruhdur. Bunların arxa tərəfdə olmasınıın kərahəti nisbətən azdır.

Namaz qılanın ayaqları altında və ya oturduğu yerdə olan, ya da qarşıdan baxıldıqda görülməyəcək qədər kiçik olan rəsmin olması namaz baxımından hər hənası məkruhluğu yoxdur.

Şəxsiyyət vəsiqəsi, pasport, sürücü vəsiqəsi kimi sənədlərin üstündəki şəkillərlə, kağız pulların üstündəki şəkillərlə, pul qabı və ya çanta yaxud cibdə qapalı olduqları üçün nə namazda, nə də namazdan kənarda hər hansı kərahəti yoxdur. Digər tərəfdən rəsmi sənədlərə şəkillərin yapışdırılmasının məqsədi insanları bir-birindən ayırd etmək, xəta və haqsızlıqları aradan qaldırmaq, bir sıra haqları qorumaq və ən əsası da təh­lü­kəsizliyi təmin etməkdir.

Canlı olmayan əşya və varlıqlara aid rəsm, şəkil və ya heykəllərin namaza hər hansı maneəsi yoxdur.

Canlılara aid rəsm və heykəllərin bütpərəstliyə yol açması Qurani-Kərimdə bildirilir. Nuhun əleyhissalamın qövmü ilə bağlı belə buyurulur: “Və (tabeçiliyində olanlara) dedilər: «Öz tanrılarınızı tərk etməyin, (xü­susilə) Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!» Onlar çox­larını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zə­la­lətini artır!.”[14]

Abdullah İbn Abbas və Məhəmməd İbn Qeysdən (r.a) belə dedikləri rəvayət edilmişdir: Ayədə qeyd edilən büt adları Nuh qövmünün bəzi saleh insanlarının adları idi. Onlar öldükdən sonra şeytan onların hər birinin heykəlinin qoyulması barədə öyüd verərək: “Siz onların etdiklərini bu heykəllər vasitəsilə xatırlayar və edərsiniz” –dedi. Şeytanın bu aldatmasına ina­nan insanlar həmin saleh şəxslərin heykəllərini düzəltdilər. Əvvəllər yaxşı əməlləri xatırladan heykəllər nəsillər dəyişdikcə mahiyyətini itirməyə başladı və nəticədə sitayiş olunan bir bütə çevrildilər. Məhz İslamdan əvvəlki ərəb cəmiyyəti bu bütləri yeniləri ilə əvəz etmiş və onlara sitayiş edərkən İslam günəşi zühur etmişdir.[15]

36. Yeddi yerdə namaz qılmaq məkruh sayılmışdır. İbn Ömərdən (r.a) belə dediyi rəvayət edilmişdir: Rəsulullah (s.ə.s) yeddi yerdə namaz qılmağı qadağan etmişdir: Zibilliklərdə, heyvan kəsilən yerlərdə, qəbiristanlıqda, yol kənarlarında, hamamda, dəvə axırlarında və Beytullahın üs­tündə.”[16]

Zibilliklər ilə heyvan kəsilən yerlər zibillərə yaxındır və buralarda da­ima zibil və çirk olma ehtimalı vardır. Belə yerlərdə yerə təmiz bir parça sərərək üstündə namaz qılına bilər. Hətta şafeilərə görə altında zibil və çirk olanda təmiz parça da sərilsə namaz məkruh olar.

Qəbiristanlıqda namaz qılmağın qadağan olmasının səbəbi torpağın altında cəsədlərin olması və yəhudilərə oxşama təhlükəsidir. Hədisdə belə buyurulmuşdur: “Allah yəhudilərə lənət etsin. Onlar peyğəmbərlərinin qəbirlərini məscid etdilər. Məndən sonra qəbrimi məscid etməyin.”[17]

Hənəfilərə görə qəbiristanlıqda bir qəbrə tərəf namaz qılmaq məkruhdur. Çünki bu zaman qəbir namaz qılanın gözünü və qəlbini məşğul edə bilər. Qəbir arxa və ya yan tərəfdə olarsa kərahət olmaz. Bununla ya­naşı ümumiyyətlə peyğəmbərlərin qəbirlərinin olduğu yerlərdə namaz qılmaq məkruhdur.

Hamamda namaz qılmaq məkruhdur. Çünki hamam şeytanların sığındığı, ayıb yerlərin açılma ehtimalının olduğu və ümumiyyətlə kirli və işlədilmiş suların axıdıldığı yerlərdir.

Dəvə axırlarında namaz qılmağın məkruh olması bu heyvanların sidik və nəcislərinin təmiz sayılmaması səbəbilədir. Həmçinin namazda heyvanların namaz qılanı narahat etmə ehtimalı da vardır. Bu da xüşuya ma­nedir. Qoyun ağıllarında təmizliyə diqqət edərək namaz qılmağın caiz olduğu mövzusunda alimlər həmfikirdirlər.

Yol başında və ya kənarında namaz qılmağa gəlincə, insanların namaz qılanın qabağından keçməsi və ya bu yerlərin təmiz olmaması səbəbi ilə qadağan edilmişdir.[18]


[1].      Kasani, e.a.ə., I, 215-220; İbnul-Hümam, I, 290-297; İbn Abidin, e.a.ə., I, 597 vd; Şirazi, Mühəzzəb, I, 88 vd; İbn Qüdamə, Muğni, I, 495; Züheyli, e.a.ə., I, 770 vd; Bilmen, e.a.ə., s. 224 vd.

[2].      Buxari, Zəkat, 53; Müslim, Əqziyə, 12, 13; Ə. İbn Hənbəl, II, 327, 360, IV, 246, 249. Bu hədis “mürsəl”dir (istinadında səhabə yoxdur).

 [3].      İbn Abidin, e.a.ə., I, 600; Şövkani, e.a.ə., II, 330.

 [4].      Buxari, Əməl fis-Səlat, 2, 15, Mənaqibul-Ənsar, 37; Müslim, Məsacid, 34; Əbu Davud, Səlat, 166.

 [5].      Buxari, Bədul-Xəlq, 11, Ədəb, 127; Müslim, Zöhd, 56; Tirmizi, Ədəb, 7, Səlat, 156.

 [6].      Müslim, Məsacid, 67.

 

[7].      Buxari, Azan, 93; Müslim, Səlat, 117; Nəsai, Səhv, 9, 40; İbn Macə, İqamə, 68; Darimi, Səlat, 67.

[8].      Şövkani, e.a.ə., II, 328, 330.

 [9].      Şövkani, e.a.ə., II, 330.

 [10].     Müslim, Məsacid, 67.

 [11].     Əraf, 7/31.

 [12].     Buxari, Büyu, 40; Müslim, Libas, 81, 82; Əbu Davud, Təharət, 89; Tirmizi, Ədəb, 44.

 [13].     Buxari, Səlat, 15, Libas, 93; Ə. İbn Hənbəl, III, 151, 283.

 [14].     Nuh, 71/23-24.

 [15].     İbn Kəsir, Muxtəsəru-Təfsiri-İbn Kəsir, 7-ci çap, Beyrut 1402/1981, III, 554, Canlı şəkil çəkməklə bağlı bax. Buxari, Libas, 39; Nəsai, Zinət, 112-114; Sindi, Haşiyə Sünənin-Nəsai, İst. 1931, VIII, 215; Şamil İslam Ensiklopediyası, “Heykəl” və “Rəsm” maddələri.

 [16].     Tirmizi bu hədisin istinadının qüvvətli olmadığını və hədisdə zəif ravinin mövcud olduğunu bildirmişdir. Bax. Şövkani, e.a.ə., II, 138.

 [17].     Buxari, Səlat, 43, Cənaiz, 62, 96, Ənbiya, 50; Müslim, Məsacid, 19; Əbu Davud, Cənaiz, 172; Nəsai, Cənaiz, 106.

 [18].     Geniş məlumat üçün bax. Kasani, e.a.ə., I, 115 vd; İbn Qüdamə, Müğni, II, 67-76; Şirazi, Mühəzzəb, I, 63; Züheyli, e.a.ə., I, 788 vd.