- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Namazı imamdan gec bitirmək

Sual: İmama tabe olan şəxs “təhiyyat”dan sonrakı duaları oxumadan imam salam versə nə etməlidir?

Cavab: Rəsulullah (s.ə.s) müsəlmanları camaatla namaza təşviq edərək belə buyurmuşdur: “Camaatla qılınan namaz, təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.”[1] Namazın bütün rükətlərini imamla birlikdə qılan şəxsə müdrik deyilir. İmama ən gec ilk rükətin rükusunda yetişən şəxs həmin rükətə çatmış sayılır. Bu şəxs ayaq üstə iftitah təkbiri almış və imam rükuda olarkən rükuya getmişsə, o rükəti tam qılmış sayılır. İmama ilk rükətdə tabe olan şəxs namazın sonunda təhiyyatdan sonrakı “salli-barik” və ya “rabbənə” dualarını oxumadan imam salam verərsə, həmin duaları özü oxuyandan sonra namazını tamamlaya və ya həmin duaları oxumadan imamla birgə salam verə bilər. Çünki namazda ilk və son oturuşda sadəcə “təhiyyat” oxumaq vacibdir. “Salli-barik” dualarını oxumaq isə sünnədir. “Təhiyyat”dan sonrakı dualar oxunmasa da namaz pozulmur.

[1] Buxari, Azan, 30; Müslim, Məsacid, 345; Tirmizi, Səlat, 47; Nəsai, İmamət, 42; İbn Macə, Məsacid, 16; Darimi, Səlat, 56; Malik, Müvəttə, Camaat, 1.