Mənəviyyata Açılan Pəncərə

Namaz ibadətinin tərifi və tarixi

Möminin Allahın razı qaldığı hər hərəkət və davranışı ümumi mənada ibadət sayılır. Uca Allah insanları və cinləri özünü tanıyıb-bilmək və yalnız Ona qulluq etmək üçün yaratmışdır.[1]

İbadətlər bədənlə, malla və ya hər ikisi ilə edilməsinə görə üç yerə bölünür. Belə ki, namaz və oruc bədənlə, zəkat malla, həcc isə həm malla, həm də bədənlə edilən ibadətlərdəndir. Bunların necə və hansı formada ediləcəyi Allah və Rəsulu (s.ə.s) tərəfindən müəyyənləşdirilmişdir. Qurani-Kərimdə müxtəsər şəkildə bəyan edilən bu ibadətlər Hz. Peyğəmbərin (s.ə.s) söz və davranışları ilə açıqlanmış və tamamlanmışdır, əsla dəyişdirilə bilməz. Belə ki, Allahın Elçisi (s.ə.s) “Məni namaz qılarkən gördüyünüz kimi namaz qılın” və “Həcc ibadətini məndən öyrənin” kimi hədisləri ilə, bu mövzuda nələrə diqqət etmək lazım olduğunu bildirmişdir.

Fərzlərin ən əhəmiyyətlisi namazdır. İnsan qiyamət günü imandan sonra namazdan sorğuya çəkiləcək. Namaz ibadəti qəlbin nuru, qəlbin sevinci, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır.

Namaz kəlməsinin “dua etmək”, “tərifləmək”, “təzim etmək”, “xeyir-dua etmək” kimi mənaları var.

Termin olaraq isə namaz, təkbirlə başlayıb salamla tamamlanan xüsusi hərəkət və sözlərdən ibarət ibadətdir.

İslamdan əvvəlki ilahi dinlərdə də namazın əmr edildiyi Qurani-Kərimin müxtəlif ayələrində xəbər verilir. Belə ki, Hz. İbrahimin (ə.s) yoldaşı Həcər və oğlu İsmayılı (ə.s) Hicaza aparıb oraya yerləşdirərkən Uca Allaha dua edərək, Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin  yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim)[2] – deməsi və həmçinin “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et[3] -deyə dua etməsi, Quranda Hz. İbrahimə (ə.s) İshaq (ə.s) və üstəlik Yəqubun (ə.s) bəxş edildiyi bildirildikdən sonra, onlara xeyirli işlər görmək, namaz qılmaq və zəkatı verməyin vəhy edildiyinin xəbər verilməsi,[4] Loğmanın (ə.s) oğlu Tarana, “Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən bu (dediklərim) vacib əməllərdəndir!”[5] – deyə öyüd-nəsihət verməsi, İsrail oğullarından “namaz qılın, zəkat verin” – deyə əhd-peyman alınması,[6] Hz. Musaya (ə.s) Sina dağında ilk vəhy gələndə, “…Mənə ibadət et və Məni anmaq üçün namaz qıl[7] buyurulması, daha sonra Musa (ə.s) və qardaşı Haruna (ə.s) xitabən, Camaatınız üçün Misirdə evlər tikin, evlərinizi namazgah edin və namaz qılın.[8] – buyurulması, başqa bir ayədə Hz. Şüeybin (ə.s) namazından bəhs olunması,[9] Hz. İsanın (ə.s) körpəliyində bir möcüzə olaraq danışıb, “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.[10] – deməsi, Hz. Məryəmə Haqq-Təalanın, “Ey Məryəm! Bütün qəlbinlə Rəbbinə bağlan, səcdə et və rüku edənlərlə birlikdə rüku et.”[11] – buyurması, namazın bütün İbrahimi dinlərin müştərək ibadəti olduğunu göstərir.     

Məkkədə peyğəmbərliyin ilk illərində Cəbrail (ə.s) Hz. Məhəmmədin (s.ə.s) yanına gələrək onu Əqəbə adlanan yerə aparmış, orada yerdən çıxan su ilə əvvəlcə Cəbrail sonra Hz. Peyğəmbər (s.ə.s) dəstəmaz almış və birlikdə iki rükət namaz qılmışlar. Hz. Peyğəmbər (s.ə.s) sevincək evə gəlmiş və yoldaşı Hz. Xədicəni də oraya aparmış, birlikdə dəstəmaz alaraq iki rükət namaz qılmışdır.[12] Bəzi alimlərə görə aşağıdakı ayələr gizli namaz dövrü ilə bağlıdır:

 “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.[13] “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!”[14] Namaz, İslamın ilk illərində səhər günəş çıxmadan əvvəl və axşam günəş batandan sonra iki rükət qılınırdı. Sonra Merac gecəsində beş vaxt namaz fərz qılındı. Alimlərin fikrincə Cəbrailin (ə.s) Hz. Peyğəmbərə (s.ə.s) Kəbədə namaz vaxtlarını göstərmək üçün imamlıq etməyi Merac hadisəsinin ertəsi gün baş vermişdir.

Prof. Hamdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.

[1].Zariyat, 51/56.

[2].İbrahim, 14/37.

[3].İbrahim, 14/40.

[4].Ənbiya, 21/72, 73.

[5].Loğman, 31/17.

[6].Bəqərə, 2/83.

[7].Taha, 20/14.

[8].Yunus, 10/87.

[9].Hud, 11/87.

[10].Məryəm, 19/30, 31.

[11].Ali-İmran, 3/43.

[12].Komisyon, İlmihal, T.D.V. yayınları, I, 219.

[13].İsra, 17/110.

[14].Əraf, 7/205.

Exit mobile version