- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Müştərini qızışdırmamaq

“Müştərini qızışdırmayın. Heç kim qardaşının (satışının) üstündən mal satmasın…”

(Buxari, Büyu, 64, 70; Müslim, Niqab, 51)

İslama görə, ticarət əxlaqının əsas dayaqlarından biri də doğruluq və şəffaflıqdır. Dolayısilə, Allaha və axirətə inanan bir ticarətçi, iş adamı yalandan, hiylədən və insanları aldatmaqdan uzaq olmalıdır.

Peyğəmbərimiz ticarət ədəbinə dair əhəmiyyətli tövsiyələr verir və müsəlmanlara alış-verişdə bir malı tələb olmadığı halda, sırf müştərini aldatmaq və əlindəki malı ona satmaq üçün əmtəənin qiymətini süni surətdə artırmaq kimi çirkinliyi qadağan edir. Bu qadağa İslam ölkəsində yaşayan və dövlətə vergisini ödəyən qeyri-müsəlman vətəndaşlara da aiddir. Çünki müsəlmanlar istər öz dindaşları olsun, istərsə də qeyri-müsəlmanlar olsun – heç kimi bu yolla aldada bilməz. Malı yalandan tərifləyə-tərifləyə, min bir bəzək vuraraq müştərilərin gözündə böyütmək, bu şəkildə insanları həyəcanlandırıb qızışdırmaq İslam əxlaqına ziddir. Peyğəmbərimiz bu cür hərəkətləri ticarət əxlaqına zidd qəbul etmiş və “Özünüzü bir malı alırmış kimi göstərib qiyməti artırmayın”, – (Buxari, Büyu 60; Müslim, Büyu 13) deyərək bizlərə xəbərdarlıq etmişdir.

Müştəri qızışdırmaq tenderdə hiylə işlətməkdir və haqsız rəqabətin konkret nümunələrindən biridir. Hədisdə bu qaydanı bildirən “nəcəş” kəlməsi “hiylə ilə artırma” mənasını verir. Bu kəlimə dilimizdə də “qarşılıq-birgəlik növ” adlanan fel formasında işlənmişdir ki, bu da ticarətdə hiyləgərlik və insanları aldatmaqla pul qazanan şəxslərin bu kimi vəziyyətlərlə özlərinin də qarşılaşa biləcəyinə işarə edir. Bunu “Mən dakka dukka/Döymə elin qapısını, döyərlər qapını” atalar sözü ilə izah edə bilərik.

Hənəfi məzhəbinə görə, müştərini qızışdırma yolu ilə malın həqiqi qiyməti artırılırsa, məkruhdur. Əksinə, malı həqiqi qiymətinə satdırmaq niyyəti ilə edilirsə, bunda bir qəbahət yoxdur. Belə vəziyyətdə ədalətin təmin olunması üçün yardımlaşma prinsipi dövrəyə girmiş olur. Yenə açıq artırma və ya gizli zərf üsulu ilə təşkil olunan tenderlərdə malı ən yüksək qiymət təklif edən şəxsə satmaq və ya layihənin icrasını ona həvalə etmək caizdir. Bu cür qaydalarda saxtakarlığa yol verilməməlidir. Alış-verişin baş tutmaması və ya ilk müştərinin satıcının təklifinə mənfi və ya müsbət cavab verməməsi kimi hallarda edilən təkliflər müştəri qızışdırma kimi dəyərləndirilmir.

Hədisdə ikinci olaraq bu məqama diqqət çəkilir. Satıcı və alıcı bir malın üstündə bazarlıq edərkən başqasının araya girərək “Sən bu malı alma, mən sənə eynisini və ya oxşarını daha ucuz qiymətə satım” və ya “Eyni qiymətə mən sənə daha yaxşısını verim” kimi təkliflərlə müştərini əvvəlki alış-verişindən vaz keçirməsi doğru deyildir. Çünki belə davranış haramdır. Digər tərəfdən, müştərinin gedib satıcıya “Sən bu malı satma, mən səndən daha baha qiymətə satın alacağam” deməsi də eyni şəkildə haramdır. Bu, İslam alimlərinin yekdil qənaətidir. Bu cür davranışlar bazarda insanların bir-birinə etibarını sarsıdır və araya düşmənçilik toxumları səpir.

Mövzunu bir meyarla bitirək. “Ticarətçilər, sənətkarlar şirin dilli, gülərüzlü, olduqca təvazökar, doğru sözlü olmalı, əsla yorulmadan, bezib-usanmadan çalışmalıdır. Bu məsələlər hər bir peşə sahibi üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, xalqla birlikdə işləyən və insanların xeyrində və ya zərərində az rol oynamayan bu iki sinif üçün daha əhəmiyyətlidir”.