Mənəviyyata Açılan Pəncərə

Məsuliyyət hissi

Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır. Öz vəzifələrinin şüurunda olan, bu şüurla işlərini görən və əməllərinin nəticəsinə görə, cavabdeh olduğunu bilən insana məsuliyyətli insan deyilir.

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ .لَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ أُولَئِكَ هُمُ الْفَاسِقُونَ.لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ .لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآَنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

 Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! O şəxslər kimi olmayın, onlar Allahı unutdular, Allah da onları özü özlərinə unutdurdu (öz xeyirlərini başa düşmədilər). Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir! Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır! Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın əzəməti qarşısında qorxusundan parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.( Həşr, 59/18-21) [1]

İnsan özünü unudanda Yaradandan uzaqlaşar və yolunu azar. Özünü unutmaq yaradılış qayəsini, Allahın insanı nə üçün yaratdığını, bu dünyadakı məqsədini, vəzifəsini unutmaqdır. Yaradılış qayəsinin şüurunda olmaq, bunu dərk etmək bizdə məsuliyyət duyğusunu formalaşdırır. Mən kiməm? Bu dünyaya nə üçün göndərilmişəm? Məndən istənilən nədir? Əgər bu suallara uyğun cavab tapsaq şüurlu yaşamış olarıq.

Bəli, düşünərək yaşayırıqsa, atdığımız hər addımın məsuliyyətini dərk ediriksə, təbii ki, bu suallara düzgün cavab verə bilərik. Ancaq etdiklərimizin fərqində deyiliksə, günün necə keçməsini gözləyiriksə, sadəcə müəyyən çətinliklərlə qarşılaşanda bu sualları düşünürüksə, deməli, şüurlu yaşamırıq. Bu isə özünü müsəlman hesab edib inandığı zənn etmək, əslində isə heç bir şeyin fərqində olmamaq, şüursuzca həyat yaşamaq deməkdir.

أَلَمْ يَأْنِ لِلَّذِينَ آَمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ

İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri qatılaşmışdır. Onların çoxu (Allaha asi olan) fasiqlərdir![2]

Bu ayənin nazil olma səbəbi ilə əlaqəli müxtəlif rəvayətlər, ancaq ən məşhur olanı belədir. Abdullah ibn Məsud (r.a.) nəql edir: “Müsəlman olandan dörd il sonra Allah-Təala bizi yuxarıdakı ayə ilə məzəmmət etdi.”[3] Ayənin nazil olduğu dövr İslam dinin yayılmağa başladığı ilk illər idi. Bu ayə “mən bütlərdən üz döndərdim, bir olan Allaha iman etdim sözünü açıq-aşkar deməyin çətin olduğu dövrdə nazil olmuşdur. Həmin dövrdə İslamı təbliğ etmək hər kişinin işi deyildi. Buna baxmayaraq Allah tərəfindən xəbərdarlıq gəlmişdi. Bu ayədən hərəkətlə deyə bilərik ki, bu günkü müsəlmanlara çox iş düşür.

İslam dinində məsuliyyətə böyük əhəmiyyət verilir. Qərbli üçün məsuliyyət “Sənin işlədiyin günahları rahib təmizləyər, kilsəyə get, etiraf et qurtul” şəklindədir. Hind dinlərində isə reankarnasiya inancı əsas götürülür. Bu inanca görə ruh ölmüş bir bədəndən digər canlının bədəninə keçir. Buna görə də kimin məsuliyyət daşıdığını tapmaq çətindir. Bu mənada İslam xaricindəki bütün dinlərdə və inanc sistemlərində məsuliyyət duyğusundan danışmaq yersizdir. Ciddi şəkildə məsuliyyət hissini aşılayan yalnız İslamdır.

İslam dininə görə hər kəs öz qədərini yaşayar və o qədərlə Allahın hüzuruna çıxar, yaxşı-pis gördüyü işlərə görə hesaba çəkilər. مَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى  Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç kimsə başqasının günahını daşımaz, hərə öz günahına cavabdehdir.[4] Bu xüsusda da hökm sahibi ancaq Allahdır.

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا . وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا

Allahın vəd etdiyi mükafat (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır! Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz![5]

Öncə ən yaxın qohum-əqrəbanı xəbərdar et![6] ayəsi nazil olunca Allah Rəsulu (s.a.s.) yaxın qohum-əqrəbasını Əbu Qubeys təpəsinə dəvət etmişdi. Onlara belə demişdi:

“Ey Qureyş əhalisi! Mən sizə bu dağın ətəyində və ya bu vadidə düşmən atlıları var, üstünüzə hücum edib mallarınızı qəsb edəcək desəm mənə inanarsınızmı?” Toplaşanlar “bəli inanarıq” deyincə, Allah Rəsulu sözünə belə davam etmişdi:

O halda mən indi sizə, önünüzdə şiddətli bir əzab günü olduğunu, Allaha inanmayanların o çətin əzaba düçar olacaqlarını xəbər verirəm. Mən sizi o çətin əzabdan uzaqlaşdırmaq üçün göndərilmişəm.

Ey Qureyşlilər! Mənim indiki vəziyyətim düşməni görən və ailəsinə zərər verəcəyindən qorxan və onlara xəbər vermək üçün tələsən adamın halı kimidir.

Ey Qureyş camaatı! Siz yatdığınız kimi bir gün öləcəksiniz. Yuxudan oyandığınız kimi də diriləcəksiniz. Bu həqiqətdir ki, qəbirdən qalxıb Allahın hüzuruna çıxacaqsınız və bu dünyada etdiyiniz hər əməlinizin hesabını verəcəksiniz. Nəticədə xeyir və ibadətlərinizin mükafatını, pis işlərinizin də cəzasını və şiddətli əzabını görəcəksiniz! Mükafat əbədi bir cənnət, cəza isə daimi cəhənnəmdir.”[7]

Allah Rəsulu (s.a.s.) nitqinə belə davam etdi:

“Hər kəs öz qədərini yaşayar, hər kəs Allahın hüzuruna öz məsuliyyəti ilə çıxar.

Ey Qureyş camaatı! Özünüzü əbədi əzabdan qurtarmağa çalışın! Aqibətinizin nə olacağını düşünün.! Allah dərgahında sizin üçün heç bir şey edə bilmərəm.

Ey Əbdi-Mənaf oğulları! Aqibətinizin nə olacağını düşünün. Başınız Allah dərgahında sizin üçün heç bir şey edə bilmərəm.

Ey Əbdulmüttəlibin oğlu Abbas! Aqibətinin necə olacağını düşün! Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.

Ey Rəsulullahın bibisi Safiyyə! Aqibətinin necə olacağını düşün! Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.

Ey Muhammədin qızı Fatimə![8] Aqibətinin necə olacağını düşün! Malımdan nə istəyirsən istə, Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.”[9]

Mənqibə olaraq hekayət olunur ki, Rəsulullahın qızı Hz. Fatiməni (r.anha) qəbirə qoyarkən insanlar: “Ey yer, həddini bil, bağrına əmanət etdiyimiz Peyğəmbərin qızıdır” dedilər. Qeybdən gələn səsdə “bura nəsəb yeri deyil, hesab yerdir” sözləri eşidilir.

Bəli, aləmlərə rəhmət olaraq göndərilən son elçi Həzrət Muhamməd (s.a.s.) səadət əsrinin rəhbəri olaraq bəşəriyyətə həqiqi məsuliyyətin nə olduğu bu cür bildirirdi. Hər kəs Allahın hüzurunda öz məsuliyyətinin hesabını verəcək. Dünən gördüyümüz işlər bu gün bizi qurtarmayacaq. Dünən üzərində olduğumuz düz yoldan, istiqamətdən bu gün ayrılmışıqsa, kənara çıxmışıqsa, sabah məhşərdə bunun hesabını verəcəyik. Çünki müsəlman son nəfəsinə qədər doğru yolda olmadan məsuldur. Möminin qulluq şüuru ömür boyu davam edir.

Məsuliyyət deyərkən də bunu anlayırıq.

Məsuliyyət hissinin iki yönü vardır: hər kəsin üzərinə düşən vəzifəni dərk etməsi; digəri isə Haqqa qulluğun ağırlığından belin bükülməsi, əldən gəldiyi qədər bunu yerinə yetirilməsi.

Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “Əgər mənim bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz.”[10] Eyni hədis Tirmizi və İbn Macənin əsərində isə bu əlavələr var: “Evlərinizi, yumşaq döşəkləriniz tərk edər, dağ başlarına çıxar və Allaha sığınardınız.” Müslimin “Səhih”ində isə belə bir əlavə var. Allah Rəsulu (s.a.s.) ona gələn bir xəbər üzərinə söhbət etdi, Cənnət və Cəhənnəmin Ona ərz olunduğunu, xeyir və şər adına belə bir gün yaşamadığını bildirdi.

Şübhəsiz ki, Peyğəmbərimiz (s.a.s.) bizim bildiyimizdən fərqli çox şey bilirdi. O (s.a.s.), Allaha daha yaxın idi. Ona görə də bəzən Allahdan məzəmmət eşidəcəyini düşünür və rəngi qaçırdı. Hər şeyi çox yaxşı götür-qoy edirdi.[11] Xəbardarlıq verilən ayələr qarşısında bənizi saralıb-solurdu.[12] Ona görə də çox həssas yaşayır və: “Bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz.” – deyirdi.

Demək istəyirdi ki, kaş, Allahın əzəmətini biləydiniz. Sizə xitab etməklə nə qədər dəyər verdiyini anlayaydınız. Biləydiniz ki, O, kainatda başqa canlılar yox, məhz sizə xitab edib.  Onun dərgahında sizin yeriniz mələklərdən də üstündür. Biləydiniz ki, bütün varlıqlar arasında hər mənada Allahın sənətini ən yaxşı əks etdirən güzgülər sizsiniz… Bəli, bunu bilsəydiniz çox ağlayar, az gülərdiniz. İsti yataqlarınızı tərk edər, dağlara çıxardınız, ağzınıza qoyduğunuz loğma qırtlağınızdan aşağı keçməzdi, suyu rahat uda bilməzdiniz. Tirmizidəki rəvayətdə Allah Rəsulu (s.a.s.) sözünü belə tamamlayır: “Ah, kaş odun olaydım! Odun olsaydım məni kəsib-ишбши, evlərin damında istifadə edərdilər. Kaş insan olmasaydım.” O öz üzərinə düşəni haqqı ilə yerinə yetirmişdi. Onun bu sözləri əslində bizim məsələni dərk etməyimiz üçündür.

Allahın Rəsulu (s.a.s.) çətin olsa da məsuliyyətinin ağırlığını həmişə çiyinlərində hiss edirdi. Hud surəsi nazil olandan bir müddət sonra saqqalındakı ağ tüklər artmağa başladı. Həzrət Əbu Bəkir (r.a.) bir gün Rəsulullahdan soruşdu:

– Ey Allahın Rəsulu, saqqalın son günlərdə çox ağarmağa başlayıb? Böyük məsuliyyətin sahibi cavab verir:

– Şəyyəbətni Hud! ( Hud surəsi məni qocaltdı! )Təkrar soruşur:

– Hansı ayə? Rəsulullah cavab verir:

–  فَاسْتَقِمْ كَمَا أُمِرْتَ   Nə artıq nə əksik, sənə əmr edildiyi kimi, düz yolda[13] ol![14]

Bu hadisə göstərir ki,  O, vəzifə və məsuliyyətini elə səviyyədə idrak etmişdi ki, saqqalı ağarmağa başlamışdı.

Həmin ayədən sonrakı ayə belədir:

Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa atəş sizə də toxunar”[15] Rəvayət olunur ki, Abbasi xəlifələrindən Müvəffiq Billah yatsı namazını camaatla qılarkən imam bu ayəni oxuyur. Ayənin eşidən xəlifə yerə yıxılır. Bir anda ortalıq qarışır.  Hər kəs xəlifəyə sui-qəsd ehtimalından danışarkən, o özünə gəlir və belə deyir:

– Heç kəsi günahlandırmayın. Bu ayəni eşidib əhvalım dəyişdi və yıxıldım. Görmürsünüzmü, “zalıma kömək etməyin, yoxsa atəş sizə də toxunar” deyilir, zalım olmaq bir yana, yardım edənə də xəbərdarlıq edilir. Əgər nə vaxtsa, kiməsə zülm etmişəmsə, və ya buna səbəb olmuşamsa, halım necə olacaq? Məsuliyyəti idrak belə olmalıdır.

İnanaraq haqq yolunda addımlayan həqiqi mömin həyatı boyu ya işlədiyi bir günahın və ya Allahın əzəmətinə uyğun onu tanıya bilməməyin vicdanında buraxdığı iztirabı həmişə hiss etməlidir. Bu duyğunu həyatında istiqamət qazanmaq üçün çox qüvvətli təkanverici güc kimi görməlidir.

Yuxarıda İnsanlığın İftixarının həyatından bəzi məqamlara toxunduq. Məsuliyyət hissinin əhəmiyyəti dərk edən qəhrəmanlardan biri də səhabələrin sonuncusu sayılan Həzrət Vəhşinin həyatından nümunə verək. Beləcə əsri-səadətdə insanlığın yüksəldiyi məqamı, məsuliyyət hissinin necə hakim olduğunu anlamağa çalışaq.

Həzrət Vəhşi və məsuliyyət duyğusu

Sələf alimləri səhabələri iman etmələrinə və təbliğdəki roluna görə fərqli dərəcələrə ayırırlar. Səhabələrin ən alt təbəqələrində olanlardan biri də Həzrət Vəhşidir. O, Məkkənin fəthindən sonra müsəlman olmuşdur. Onun müsəlman olması üçün Şəfqət Peyğəmbəri (s.a.s.) bir neşə dəfə cəhd etmişdir. Rəsulullah (s.a.s.) öz düşmənlərinin belə İslam nurundan istifadəsi üçün şəxsi incikliyini bir tərəfə qoyub, onların etdiklərinin üzərindən xətt çəkərək hər şeyi unutmağa çalışırdı. Vəhşi də bunlardan biridir. Rəsulullah (s.a.s.) ona dəfələrlə məktub yazmış, İslama dəvət etmişdi. Ona “Gəl müsəlman ol” dedikdə Vəhşi: “Mən insan öldürdüm. Zina elədim. Oğurluq etdim. Allahı inkar elədim.” Öz fikrini əsaslandırmaq üçün də “Onlar Allahla yanaşı başqa bir ilaha yalvarmazlar, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kim bu işləri etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.[16] ayələrini yazaraq Peyğəmbərimizə göndərir.

Peyğəmbərimiz (s.a.s.) da ona: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” ayəsi ilə cavab verir. Vəhşi bu ayə ilə də qane olmur. Bu dəfə: “Mənim saleh əməl sayılan bir iş görmədim, həqiqi mənada iman etmədim” – deyə xəbər göndərir. Allah Rəsulu (s.a.s.) da

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

De ki: “Ey Mənim (günah işləməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi üzməyin. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”[17]ayəsini yazaraq artıq gəlməsini istəyir. Allahın rəhmətinin genişliyini görən Vəhşi inadı buraxaraq Allah Rəsulunun (s.ə.s) hüzuruna gəlir və “lə ilahə illalah Muhammədur rəsulullah” deyərək müsəlman olur. Müsəlman olsa da Allah Rəsulu baxışları ilə sanki Vəhşiyə bu sözləri deyirdi: “Sən əmim Həmzəni şəhid etdin, cəsədini doğradın. Səni gördükcə əmim yadıma düşür, əlimdə olmadan səndən inciyə bilərəm. Mümkündürsə, səni daha az görüm.” İman etdikdən sonra Allah Rəsulundan uzaq qalmaq olardımı? Təbii ki, olmazdı. Ancaq Onun fərmana da boyun əymək lazım idi.

Vəhşi bu şəkildə bir-iki il yaşadı. Ancaq Peyğəmbərimiz  minbərin bu tərəfində olanda, o da minbərin o biri tərəfindən mübarək üzünə baxır, gözləri bir təbəssüm axtarırdı. Salam verincə o ləl-gövhər dodaqlardan “artıq görünə bilərsən” sözlərini tökülməsini gözləyirdi. Bu iki il bir yandan müsəlman olmağın səadəti, o biri tərəfdən də Rəsulullahla üz-üzə gəlməməyin kədər ilə keçdi.

Vəhşinin içində doğan ümid günəşi artıq qürub etmişdi. Onun daxili dünyasını zülmət bürümüşdü. O, çox düşünürdü: “Görəsən məna aləmində Rəsulullah artıq gəl deyərmi?” Bununla yanaşı müharibələrdə iştirak edirdi ki, bəlkə şəhid olar və birdəfəlik bu ağır yükdən qurtular…

Tabeunun böyük imamı Həsən Bəsri onu bu sözlərlə tərifləyir: “Ömər ibn Əbdüləziz kimi Raşid xəlifələrin beşincisi saylan o böyük insan Vəhşinin atının burnunda bir toz ola bilər.” Bu həmçinin sələfin səhabəyə baxış tərzidir. Bəli, Vəhşi belə bir insan idi. İman etməklə həqiqi  məsuliyyət hissinin fərqinə varmışdı. Allahın aslanı Həmzəni şəhid etmiş, Uhudda nəticəsinin dəyişməsində həlledici rol oynamışdı. Müsəlman olduqdan sonra da “gözümə çox görünmə” sözü ilə məzəmmət olunmuşdu.

Bir gün Yəmamədə peyğəmbərlik iddiasında olan Yalançı Müseyləmənin tərəfdaşları ilə müsəlmanlar arasında çox çətin mübarizə başladı. Vəhşi də həmin mübarizədə iştirak edirdi. Burada şəhid olacağını düşünürdü. “İnşallah Salimin şəhid olduğu, Hüzeyfənin doğrandığı, Əbu Aqilin parçalandığı yerdə Allah mənə da şəhadət nəsib edər” düşüncəsi ilə Yəmaməyə qədər gəlmişdi. Yalançı peyğəmbər Müsəyleməni Allah onun qarşısına çıxarmışdı. O gün yanında Həmzənin sinəsinə sapladığı mizraq vardı. O mizraq Müseyləmənin sinəsinə saplanacaqdı. Fürsətini tapıb əlində mizrağı atdı və Allah düşmənini öldürdü. Mizraq və sahibi öz işini yerinə yetirdi. Bu vaxt Vəhşi alnını yerə qoyaraq: “Artıq sənə görünə bilərəmmi ya Rəsulullah?  Kafir olarkən müsəlmanların ən xeyirlisini şəhid elədim, müsəlman olduqdan sonra isə kafirlərin ən şərlisini öldürdüm. Görəsən hüzuruna çıxa bilərəm?” – deyirdi. Vəhşiyə bunu etdirən məsuliyyət hissi, vəzifə şüuru idi. Allah bizə də məsuliyyətimizi bu şəkildə idrak etməyi nəsib eləsin.

Bəkka

Tabeun nəslindən bir nümunəyə də nəzər salaq. Məhəmməd ibn Münkədir tabeunun böyük alimi, demək olar, hər bir hədis aliminin müraciət etdiyi bir insandır. Çox ah, nalə çəkdiyi üçün “Bəkka” ləqəbi ilə tanınır. Allaha qorxusundan elə ağlayıb sızlayardı ki, onu gözünün qabağında böyüdən anası: “Ay övladım, uşaqlığını bilməsəydim deyərdim ki, yəqin nə isə bir günahın var, ondan ötrü gözlərinin qorasını tökürsən. Bilərəm ki, belə bir şey yoxdur, elə isə niyə bu qədər ağlayırsan?”  deyərdi. Amma Məhəmməd ibn Münkədir üçün ağlanılası çox şey vardı. Allah məhabəti, Allahın böyüklüyü qarşısında insanın kiçikliyi, bir gün əməllərin hesabını vermək,  öldükdən sonra həşr olunmaq, əməl dəftərini sağdan və ya soldan almaq, Cəhənnəmin alovları arasından Sirat körpüsünü keçmək məcburiyyəti, bəli, bunlardı onun göz yaşlarını selə döndərən. Bəşəriyyət onun iniltilərini Davudun (ə.s.) mizrabından eşitmişdi, o, sanki ikinci Davud idi. Huşunu itirənədək Məhəmməd ibn Münkədirin fəryadı kəsilmirdi. Bir gün dostları soruşdu: “Nədir bu fəryadın səbəbi?” “Bir ayənin hökmünə tuş gəlməkdən qoxuram! – dedi və ayəni oxudu,

وَبَدَا لَهُمْ مِنَ اللّٰهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ

“Və (o zaman) Allah onların güman etmədikləri (gözləmədikləri şeyləri) qarşılarına çıxardı.”  O: “Qorxuram ki, Rəbbin dərgahında ummadığım şeylər əleyhimə ola!” – deyirdi.

Quşun ricası

Ovçular quşu yaralamışdılar. Yaralı quş uçur, ovçular da aman vermədən qovurdular. Hara gizlənsə, hansı budağa qonsa görür, əl çəkmirdilər.

Quşun ürəyi sürətlə döyünürdü. Nəfəsini dərmək istəyəndə tüfəngin lüləsinin özünə tuşlandığını gördü. Ovçuların quşu buraxmaq fikri yox idi. Bu qaçaqaç onu çox yormuşdu. Ovçuların ürəklərində isə mərhəmət qalmamışdı. Yaralı quşun acizliyi, çarəsizliyi, çırpınışları ovçuların vecinə deyildi. Rəhm etmədən quşu ələ keçirənə qədər mübarizə aparacaqdılar. Quş ölümün astanasında idi. Onun üçün matəm təbili çalınırdı. Yazıq quşun uçmağa macalı  qalmamışdı. Sonuncu dəfə bütün gücünü toplayaraq havalandı. Uzaqlıqda bir qrup insan gördü. Ortada bir şeyx oturmuşdu. Ətrafındakı müridləri ilə zikr edirdilər. Quş onların məclisinə qədər var gücü ilə uçdu. Qorxunun təsiri ilə yaydan çıxan ox kimi sürətlə uçub şeyxin kaftanının altında gizləndi. Quş şeyxə inanır və təhlükəsiz yerə sığındığını düşünürdü. Kaftanın altındakı hərəkətliliyi görən şeyx bir anlıq həyəcanlandı. Təlaşla əlini oraya saldı. Şeyxin əli sürətlə dəydi və yaralı quş oradaca öldü. Şeyx özü də bilmədən yaralı quşu öldürmüşdü. Mənəvi aləmdə məhkəmə qurulmuşdu. Quş şeyxi şikayət etmişdi. Şeyx bilərək və istəyərək etmədiyi üçün məsul olmadı. Özü də quşun öldüyünü görüncə çox təəssüfləmişdi. Quşa son sözü soruşulanda belə dedi:

– Bir arzum var. Mən, o kaftana və sarığa güvəndiyim üçün altına sığındım. İstəyirəm ki, bundan sonra o güvəni boşa çıxaran heç kəs həmin kaftanı geyinməsin. Mənim başıma gələnlər başqalarının da başına gəlməsin.

Nəticə

Yaşadığımız dövrdə bir çox insan insafsız “ovçuların” toruna düşməmək üçün sığınacaq yeri axtarır. Ailələr çarəsizdir. Fərqində olmadan bəzən yağışdan qaçıb yağmura düşürlər. Bütün insanlıq günah bataqlığında çırpınır, fəryad edir. Hər kəs uzadılacaq yardım əli gözləyir. Artıq bu fəryadlar sərhədləri aşıb. Bütün dünyada dil, rəng, millət fərqi olmadan bu böhran hökm sürür. Dəyərlər alt-üst olub… Həbsxana, küçə, xəstəxana, məktəb… imdad deyərək fəryad edir. İntihar, sui-qəsd, zərərli vərdişlərin qurbanı olmuş zavallıların sayı günbəgün artır.

Bunların düzəlməsi üçün kimsə qolunu çırmalamalıdır. Çünki hamı bundan məsuldur. Bu yönü ilə vəzifə ağır, məsuliyyət isə böyükdür. Bu fəlakətdən qaçıb qurtulmaq istəyənlərin, güvənib gələnlərin, qurtarın deyə əl uzadanların etimadını doğrultmaq həqiqi möminin əsl vəzifəsidir. Üzərimizdəki iman libasını da çıxara bilmədiyimiz üçün əlimizdən gəldiyi qədər kaftanın haqqını verməyə çalışmalıyıq.


[1] Həşr, 59/18-21.
[2] Hədid, 57/16.
[3] Müslim, Təfsir, 24.
[4] İsra surəsi, 17/15
[5] Nisa, 4/123-124.
[6] Şüəara, 26/214.
[7] Buxari, Təfsir, 26; Müslim, İman, 348-355; Əhməd ibn Hənbəl, I, 281-307; İbn-i Sad, I, 74, 200; Bəlazuri, I, 119
[8] Belə nəql edirlər ki, Həzrət Fatiməni qəbrə qoyarkən oradakılar: “Ey yer həddini bil, sənə əmanət etdiyimiz Rəsulullahın qızıdır” –  deyirlər. Qəbirdən bir səs eşidilir: “Burası nəsəb yeri yox, hesab yeridir.”
[9] Buxari, Vəsayə, 1; Təfsir, 26/2.
[10] Buxari, Küsuf 2, Təfsir (5) 12, nikah 107,Riqaq 27, Qədər 16, Yəminlər 3; Müslim, Fəzail 134; Tirmizi, Zöhd 9, İbn Macə Zühd 19; Əhməd ibn Hənbəl, Müsnəd 3/102.
[11] Tirmizi, Təfsiru (56) 6; Münavi, Feyzul-qədir 4/169.
[12] Ənam surəsi, 6/52; Ənfal surəsi, 8/67-69; Tövbə surəsi, 9/43; İsra surəsi, 17/73-75; Kəhf surəsi, 18/2; Əhzab surəsi, 33/37.
[13] Hud 11/112
[14] Tirmizi, Təfsir, 56/3297;
[15] Hud, 11/113.
[16] Furqan, 25/68-69.
[17] Zümər, 39/53.
Exit mobile version