5. 243 dəfə oxunub ,   0 şərh   Çap et

Məst üzərinə məsh etmək

Məst, məshin tərifi və əsaslandığı dəlillər

Dəstəmaz alarkən məstlər üzərinə məsh etmək ayaqları yumağı əvəz edir. Ayağa geyilən və “məst” deyilən və ya məst hökmündə olan şeylərin üzərinə dəstəmaz alarkən məsh etmək caizdir.

Dəri və buna bənzər şeylərdən düzəldilən, topuqları və daha çox yeri örtən ayaq geyiminə “məst” deyilir. Məstlərin üzərinə məsh etmək ayaqların barmaq ucundan başlayaraq ən azı ayaq pəncəsindən üç barmaq yuxarıya qədər islaq əli bir dəfə sürtməkdir.

Məstlər üzərinə məsh etməklə əlaqəli bir çox hədislər var. Bir neçəsi bunlardır: Hz. Əli (r.a) belə demişdir: “Əgər din, təkcə ictihad etməkdən ibarət olsaydı, məstlərin üstünün deyil, altının məsh edilməsi daha münasib olardı. Mən Rəsulullahı (s.ə.s) məstlərin üstünü məsh edərkən gördüm.”[1]

Muğirə ibn Şubədən (r.a) belə dediyi nəql edilmişdir: “Hz. Peyğəmbər (s.ə.s) ilə birlikdə idim, dəstəmaz aldı. Mən ayağındakı məstləri çıxarmağa çalışdım. O: “Onlara dəymə, çünki mən onları dəstəmazlı olaraq geyindim.”[2]˗ buyurdu.

Səfan İbn Əssalın (r.a) belə dediyi nəql edilmişdir: “Rəsulullah (s.ə.s) bizə, dəstəmazlı olaraq geydiyimiz təqdirdə, əgər səfərdəyiksə üç sutka, müqim olanda (səfərdə deyiliksə) isə bir gün bir gecə (bir sutka) müddətinə məstlər üzərinə məsh etməyimizi, istər böyük, istərsə də kiçik tualet ehtiyaclarını gördükdən sonra dəstəmaz alarkən məstləri çıxarmamağı, yalnız cünubluq səbəbiylə çıxarmağı əmr etdi.”[3] Hz. Cərir (r.a) belə dediyi nəql edilmişdir: “Mən, Rəsulullahın (s.ə.s) kiçik tualet ehtiyacından sonra dəstəmaz alıb məstlərinin üstünə məsh çəkdiyini gördüm.”[4]

Ayaqlara geyilən məstin üzərinə məsh etməyin fərz olan miqdarı, hər ayağın üst tərəfindən məstin üzərinə, əlin ən balaca barmağı ilə üç barmaq qədərdir. Bu qədər qismi məsh edilincə fərz yerinə yetirilmiş sayılır. Bu hənəfilərin görüşüdür.

Malikilərə görə, məstin üst hissəsinin hamısını, hənbəlilərə görə, əksəriyyəti, şafeilərə görə isə, üst tərəfdən bir barmaq qədər yerin məsh edilməsi lazımdır.[5] Məsh edilərkən əl barmaqlarının aralı olması və ayaq barmaqları tərəfdən başlayıb, yuxarı çəkilməsi sünnəyə uyğundur. Muğirə ibn Şubənin (r.a) belə dediyi nəql edilmişdir: “Peyğəmbər (s.ə.s) məstləri üzərinə məsh etdi. Sağ əlini sağ məsti üzərinə qoydu. Sol əlini də sol məsti üzərinə qoydu, sonra da yuxarıya tərəf bir dəfə məsh etdi.”[6]

Bununla bərabər məstin üzərinə su tökmək, məsti islaq bir əski və ya bu kimi bir şeylə silmək, məsti eninə məsh etmək və ya məstin boğazından başlayaraq məsh etmək də məsh üçün kifayətdir. Ancaq bu şəkildə etmək sünnəyə uyğun deyil.

Məstlərin altına məsh edilməz.

Məst üzərinə məshin şərtləri

  1. Məstlər dəstəmaz alandan sonra ayağa geyilməlidir. Çünki Muğirənin (r.a) nəql etdiyi hədisdə Rəsulullah (s.ə.s); “Məstlərə dəymə, çünki onların ikisini də dəstəmazlı geyindim.”[7]˗ buyurmuşdur. Digər tərəfdən bir üzr səbəbi ilə ayağa və sarğıya məsh etmək də yumaq hökmündədir. Bu səbəbdən belə bir məshdən sonra geyilmiş məstlər üzərinə məsh edilə bilər.
  2. Məstlər dəstəmazda yuyulması fərz olan yeri (topuq və ayaqları) örtməlidir. Ayaq ilə birlikdə topuqları örtməyən məstin üzərinə məsh etmək caiz deyil.
  3. Ayağa geyilmiş məst təxminən 6 km. yol gedəcək qədər möhkəm olmalıdır.
  4. Məstlər deşiksiz və sağlam olmalıdır. Buna görə məstin topuqdan aşağı qismində, altında və ya üstündə üç barmaq (ayaq barmağı) girəcək qədər bir deşiyin və yırtıq olmamalıdır.
  5. Məstlər ipsiz olaraq qoyduqda dik dura biləcək dərəcədə qalın olmalıdır. Malikilər xaricindəki əksər fəqihlər dəri, qalın keçə, parça və bunlara bənzər şeylərdən hazırlanmış məstlərə məsh edilməsini caiz görmüşlər. Ancaq hənəfi və şafeilər məstlərin çöldən üstünə tökülən suyu, dərhal içinə keçirməyəcək qədər qalın olmasını şərt qoşumuşlar. Onlara görə, məstin məqbul sayılmasına dəlalət edən nəslərdə (dəlillərdə) bu şərtin varlığı da nəzərdə tutulmuşdur. Malikilər isə məstin dəridən və tikişli olmasını lüzumlu görürlər.
  6. Məstlər içinə su keçirməməlidir.

Nəticə olaraq normal məstlərlə bərabər, ayaqları topuqlarla birlikdə örtən çəkmələr, botinkalar və  5,5 km-dən çox yol qət etmək mümkün olan möhkəm, qalın və cod corablar və başmaqlar məst hökmündədir. Bunlar üzərinə də məsh edilə bilər.

Corab üzərinə məsh etmək caizdirmi?

Ayağa geyilən coraba məsh etmək üçün corab bu xüsusiyyətlərə malik olmalıdır:

  1. Ayağa geyilən məst ilə ən az üç mil (təxminən 5 km) qət etmək mümkün olmalıdır.
  2. Məst bağlanmadan özbaşına ayaqda düz duracaq şəkildə qalın olmalıdır.
  3. Xaricdən aldığı suyu içəri keçirəcək qədər də nazik olmamalıdır.
  4. Məst topuqlarla birlikdə ayaqaların hər tərəfini örtməlidir. Topuqlardan qısa qalan potik, tərlik və bənzəri şeylərin üzərinə məsh edilməz.[8]

Muğirə ibn Şöbədən (r.a) nəql edir ki: “Rəsulullah (s.ə.s) dəstəmaz aldı, iki corabı  üzərinə məsh etdi.”[9] (Hədisdə bəhs olunan corab əl ilə toxunan qalın yun corablardır).

Qalın və içini göstərməyən dözümlü olan keçə və ya corablar üzərinə də məsh edilə bilər. Çünki Peyğəmbər (s.ə.s) corablar üzərinə məsh etmişdir. Corab qalın olarsa, onunla yol getmək də mümkündür. Bu keyfiyyətdə olmayan nazik corablar üzərinə məsh edilməz.

Məstlər üzərinə məsh etməyin müddəti

Fəqihlərin əksəriyyətinə görə, məskunlaşdığı yerdə bir şəxs üçün məshin müddəti bir gün bir gecə, yəni iyirmi dörd saat, 90 km bir məsafəyə gedən bir yolçu üçün üç gün üç gecə, yəni yetmiş iki saatdır.[10] Bu müddət, məstləri dəstəmazlı olaraq geydikdən sonra, birinci dəstəmazın pozulduğu vaxtdan etibarən başlayır. Məsələn; bir şəxs, saat birdə dəstəmaz alıb, məstlərini geysə və saat beşdə dəstəmazı pozulsa bir, məshin müddəti bu vaxtdan yəni saat beşdən etibarən başlayır.

Hz. Əlinin (r.a) nəql etdiyi hədis məsh etmə müddətinin dəlilidir: “Rəsulullah (s.ə.s) məstə məsh müddətini yolçu üçün gecəli gündüzlü üç gün, muqim üçün bir gün bir gecə olaraq bildirdi.”[11]

Muqim ikən məsh edən kəs səfərə çıxsa, səfərilik müddətinə tabe olmalı və bu müddətə əməl etməlidir. Bunun əksinə, səfərdə olan bir gün və bir gecə məsh etdikdən sonra muqim olarsa məsh müddəti qurtarmış sayılır. Artıq dəstəmaz alanda ayaqlarını yumalıdır.

Məstlərinə məsh etmək yoluyla dəstəmazlı olan bir şəxs, məstlərini ayağından çıxartsa, təkcə ayaqlarını yumalıdır. Yenidən dəstəmaz almağa ehtiyac yoxdur. Dəstəmaz aldıqdan sonra məstlərini ayağına geyən və sonradan dəstəmaz alıb ayağını məsh edən şəxs, hər hansı səbəbdən məstlərini çıxarsa yenidən ayaqlarını yumaz.

 Məstin üzərinə məshi pozan hallar

Məstlər üzərinə edilən məsh aşağıdakı hallarda pozulur:

  1. Dəstəmazı pozan hər şey məst üzərinə edilən məshi də pozur. Təkrar dəstəmaz aldıqda məstlər üzərinə məsh edilməlidir.
  2. Cünubluq və buna qiyas edilən heyz, zahılıq və doğum kimi qüsl almağı vacib edən hallar məshi pozur. Çünki Rəsulullah (s.ə.s) yolçuluqda, cünubluq xaricində, üç gün üç gecə məstlərin çıxarılmamasını əmr etmişdir.
  3. Üzərinə məsh edilmiş olan məstin ayaqdan çıxması və ya çıxarılması. Bu vəziyyətdə dəstəmaz varsa təkcə ayaqları yumaq kifayətdir. Bir məstdən ayağın çoxunun çıxması, tamamının çıxması hökmündədir.
  4. Məsh müddətinin qutarması. Məsh müddəti qutardıqdan sonra, ayaqlar su ilə yuyularaq dəstəmaz alınıb, məstlər yenidən geyilməlidir. Müddət qurtardığı halda, məstlər çıxarıldığı təqdirdə ayaqların soyuqdan donma təhlükəsi varsa, məshə davam edilə bilər.[12]

Sarğı üzərinə məsh etmək

Qırıq, yaralanma, kəsik, əməliyyat və s. kimi hallarda sarılan sarğıların açılaraq yuyulması xəstəliyin gec sağalmasına və ağırlaşmasına səbəb olacaqsa açılmamalıdır. Belə olduqda ayağa giyilən məst kimi sarğı və yara üzərinə məsh edilməlidir. Belə hallarda yara üzərinə qoyulan mərhəm də sarğı hökmündədir. İstisna hallarda yara üzərinə məsh etmək (əgər zərərli olarsa) tərk edilir. Üzərinə qüsl almaq fərz olan şəxslər belə hallarda təyəmmüm alaraq ibadətlərinə davam edə bilərlər.

 Üzərində sarğı olan orqanın dəstəmaz və ya qüsl alarkən su ilə yuyulması sağlamlıq yönündən zərər verəcəksə, bu sarğı açılmayıb, üstündən məsh edilməlidir. Edilən bu məshlə həmin əza hökmi olaraq yuyulmuş qəbul edilir. Hətta məsh də zərər verəcəksə, bu da tərk edilə bilər.

Sarğı üzərinə məsh edilməsi sünnədə bildirilmişdir. Hz. Əli (r.a) belə demişdir: “Biləyim qırılmışdı. Bunu Peyğəmbərdən (s.ə.s) soruşdum. Mənə sarğının üzərinə məsh etməyi tövsiyə elədi.”[13] Cabir ibn Abdullah (r.a) başından yaralandıqdan sonra qüsl alan və buna görə də vəfat edən şəxs haqqında, Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu nəql etmişdir: “Təyəmmüm etməsi, yarasına da bir sarğı bağladıqdan sonra sarğını məsh etməsi və bədəninin qalan qismini də yuması onun üçün kifayət edərdi.”[14]

Sarğının çox hissəsinə sadəcə bir dəfə məsh etmək kəfayətdir. Hər yerini məsh etmək, təkrarlamaq və niyyət edilmək şərt deyil. Çünki ayağa geyilən məstlərə üzərinə və başa məsh çəkildikdə ayrıca niyyət edilmir. Digər tərəfdən, sarğı və ya gibs qoyularkən yaranın ətrafında sarğı və ya gibs altında qalan digər yerlərin yuyulması, əgər yaraya zərər verəcəksə, həmin yerlərin üzərindəki sarğı və gibsin məsh edilməsi də caizdir. Çünki sarğılar, çox vaxt yaraya mikrob düşməsin deyə geniş sarılır.[15] Üzərində dərman, məlhəm olan yaraların məsh edilməsi də sarğı üzərinə məsh hökmündədir.

Sarğının, dəstəmazlı olaraq sarılması şərt deyil. Dəstəmazsız və qüsl olmadan sarılan sarğıların üzərinə məsh etmək caizdir. Həmin şəxsin sağaldıqdan sonra namazını təkrar qılmasına da ehtiyac yoxdur. Çünki insanın nə vaxt yaralanacağı, qırıq və çıxıq səbəbiylə gibsin nə vaxt qoyulacağı bilinmir. Fitva bu şəkildədir. İnsanın belə bir vaxtda dəstəmazlı olmasını şərt qoşmaq çətinlik meydana gətirir.

Sarğı üzərinə məsh etməyin müəyyən bir müddəti yoxdur. Sarğının sarılmasına səbəb olan üzr halı davam etdikcə məsh edilə bilər.

Bir sarğı üzərinə məsh edildikdən sonra sarğı dəyişdirilərsə (və ya üstündən başqa bir sarğı əlavə edilərək bağlansa) yenidən məsh etməyə ehtiyac yoxdur. Üzr ortadan qalxmadan sarğı açısa, məsh pozulmur. Ancaq sarğı, yara sağaldığı üçün düşərsə artıq sarğı üzərinə məsh məqbul deyil. Çünki üzr halı qurtarmışdır. Hətta sağalmış olan bir yaranın üstündəki sarğı namazda ikən düşərsə, tam dəstəmaz aldıqdan sonra namazın təkrar qılınması lazımdır.

İki ayaqdan birinə hər hansı bir üzr səbəbiylə məsh edilərsə, digərini yumaq lazımdır. Çünki üzrlü ayağın məsh edilməsi yumaq hökmündədir.

Sarğı üzərinə məsh edilərək dəstəmaz alan bir şəxsin dəstəmazı pozulunca, məshinin də pozulacağı haqqında görüş birliyi vardır.[16]

Plomb və ya qapaq qoyulmuş dişlər də sarğılı və ya dərmanlı yara yaxud da suyun dəriyə çatmasının qarşısını alan ancaq çıxarılması çətin olan boya və başqa şeylərin bulaşdığı orqan kimidir. Buna görə də dəstəmaz və qüsl alarkən suyun qapaq və plomba çatması kifayətdir.[17]


[1] Şövkani,e.a.ə., I, 184; Əbu Davud, Təharət, 63; Ə. İbn Hənbəl, IV, 247, 254.
[2] Buxari, Vüdu, 49, Libas, 11; Müslim, Təharət, 79; Əbu Davud, Təharət, 60. 
[3] Tirmizi, Dəəvət, 98; Əhməd İbn Hənbəl, VI, 240.
[4] Müslim, Təharət, 72, Həcc, 276; Əbu Davud, Təharət, 64; Şövkani, I, 176.
[5] Züheyli, e.a.ə., I, 321, 322.
[6] Əbu Davud, Təharət, 63; İbn Hənbəl, IV, 247, 254; Zeyləi, e.a.ə., I, 180.
[7] Buxari, Vüdu, 49, Libas, 11, Müslim, Təharət, 79.
[8] Kasani, Bədaüs-Sanai, 1/10, İbn Abidin, haşiyətu Rəddul-Muxtar, 1/261; Fətəvai- hindiyyə, 1/32-34.
[9] Əbu Davud, Təharət, 61; Tirmizi, Təharət, 74, 75; İbn Macə, Təharət, 88; Əhməd ibn Hənbəl, IV, 252.
[10] Kasani, e.a.ə., I, 8; İbnul-Hümam, e.a.ə., I, 102-107; İbn Qüdamə,e.a.ə., I, 282-287, 291 vd.
[11] Əbu Davud, Təharət, 60, 63; Ə. İbn Hənbəl, IV, 247, 254. Bax. Tirmizi, Təharət, 71; İbn Macə, Təharət, 86.
[12] Kasani, e.a.ə., I, 12 vd.; İbnul-Hümam, e.a.ə., I, 105; İbn Abidin,e.a.ə., I, 254 vd.; İbn Qüdamə, Muğni, I, 287.
[13] Zeyləi, Nəsbur-rayə, I, 186 vd. 
[14] Zeyləi, e.a.ə., I, 187; Şövkani, Neylul-övtar, I, 258.
[15] Kasani, e.a.ə., I, 12, İbnul-Hümam, e.a.ə., I, 109; İbn Abidin, Rəddul-muxtar, I, 260; Züheyli, e.a.ə., I, 348 vd. 
[16] İbn Abidin, e.a.ə., I, 129; Züheyli, e.a.ə., I, 356; Kasani, e.a.ə., I, 14 vd; İbnul-Hümam, e.a.ə., I, 109 vd.
[17] Heyət, Elmihal, İman və İbadətlər, TDV, İSAM, İstanbul 1998, I, 203. 


Açar sözləri

corab məsh məst sarğı

Bənzər məqalələr

Corab üzərinə məsh

Ayağa giyilən çorabın məsh özəlliyi daşıya bilməsi üçün bir neçə xüsusiyyətə diqqət etmək..


Şərh yaz