- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Məscid ədəbi

İnsan “Allahın evi” adlanan məscidlərə gedərkən maddi kirdən təmizlənməklə yanaşı, cünubluq kimi mənəvi kirdən də arınmalıdır. Bu səbəbdən cünub, heyz və nifas halında məscidə girmək haramdır. Məscidin üstü ilə məscidə aid olan alt və üst mərtəbələr də eyni hökmə tabedir. Hənəfi və Maliki məzhəblərinə görə cünub olanlar zəruri hallarda təyəmmüm edərək məscidə girə bilər. Cünub olanlar məsciddən yol kimi istifadə edirlərsə, Şafii və Hənbəli məzhəblərinə görə təyəmmüm etməyə də ehtiyac yoxdur. Hənbəlilərə görə, bir məcburiyyət olmasa belə cünublu olarkən sadəcə dəstəmaz alıb məsciddə durmaq caizdir. Bayram və cənazə namazları üçün düzəldilmiş üstüaçıq namazgahlarla məscidə bitişik həyət, altıaçıq və portik (rəvaklar) kimi məkanlara cünublu halda girmək olar. Məscidə dəstəmazsız girmək caiz olsa da, məkruhdur, xoş deyildir. Birdən çox qapısı olan məscidlərdən yol kimi istifadə etmək də xoş qarşılanmamışdır.

Qurani-Kərimdə müşriklərin və qeyri-müsəlmanların Məscidül-Harama yaxınlaşması ümumi mənada qadağandır (Tövbə, 9/28). Hənəfi alimlərinə görə, bu ayədəki qadağa “həcc və ümrə”ni əhatə edir, yəni həcc və ya ümrə məqsədi daşımamaq şərti ilə qeyri-müsəlmanlar Məscidül-Haram da daxil olmaqla bütün məscidlərə girə bilər. Çünki bu cür ziyarətlər onların İslamın ucalığını anlamasına və dini qəbul etməsinə səbəb ola bilər. Malikilərə görə, qeyri-müsəlmanların hər hansı məscidə, eyni zamanda Məscidül-Harama girməsi qadağan, Harəm bölgəsinə girməsi isə caizdir. Şafiilərlə, Hənbəlilərə görə isə, Məscidül-Haramdan başqa digər məscidlərə icazə ilə girə bilərlər. Ancaq Harəm hüdudları içinə girmələrinə icazə verilməməlidir. Bu gün Məkkə və Mədinənin müqəddəs yerlərində Hənbəli fiqhi əsas götürülür. Məkkə və Mədinə harəminin girişində qurulan nəzarət mərkəzləri, xəbərdarlıq lövhələri və qeyri-müsəlmanlar üçün çəkilmiş kənar yollar vasitəsilə bu hökmün yerinə yetirilməsinə böyük diqqət göstərilir.

Məscid ədəbinə riayət edəsi yaşda olmayan uşaqlar və ruhi xəstələrin məscidlərə girməsi ümumən uyğun görülməmişdir. Təmyiz yaşına çatmış (yaxşını pisdən ayıra bilən) uşaqların məscidə aparılması, camaatla birlikdə namaz qılmağa alışdırılması və məsciddə Qurani-Kərim öyrədilməsi təşviq edilmişdir.

Allah Rəsulunun məscidə girərkən oxuduğu müxtəlif dualar hədis kitablarında əksini tapır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisində məscidə girərkən səlat və salamdan sonra “Allahım, mənə rəhmət qapılarını aç!”, çıxarkən də yenə səlatu-salamdan sonra “Allahım, Sənin lütf və kərəmini diləyirəm!” şək­lində dua etməyi tövsiyə buyurmuşdur. Məscidə sağ ayaqla girmək, sol ayaqla çıxmaq sünnətdir. Məscidə girəndə tahiyyatul-məscid (məscidə salam) niyyəti ilə iki rükət namaz qılmaq da sün­nətdir. Əzan oxunanda üzrlü səbəb olmadan namaz qılmayıb məsciddən getmək məkruhdur. İbadət yerləri olan məscidlərdə camaatı narahat edən hər cür hərəkətlərdən çəkinmək lazımdır. Allah Rəsulu digər müsəlmanları narahat etməmək üçün sarımsaq kimi kəskin qoxulu şeyləri yeyənlərin məscidlərə gəlməməsini istəmişdir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) məscidlərdə səs-küy salmağı qadağan etmiş, bir itiyini məsciddə axtaran və elan edən şəxs haqqında: “Heç tapmasın”, – buyurmuşdur. Çünki məsciddə sakitlik olmalıdır. Bu məkanlar ibadət üçün ayrılmış yerlərdir. Habelə başqalarını incidərək önə keçmək, cərgələri həddən artıq sıxlaşdırmaqla insanları narahat etmək və namaz qılanın qabağından keçmək də düzgün davranışlar deyil.

Məscidlərdə alış-veriş, kirayə kimi qarşılıqlı gəlir gətirən işlər gör­mək məzhəblərə görə məkruh və ya haram sayılmış, hədiyyə vermək, kömək etmək məqsədilə razılığa gəlmək isə caiz hesab edilmişdir. Bəzi alimlərə görə, məsciddə dilənmək və ya dilənənlərə bir şey vermək məkruh və ya haramdır. Ancaq ehtiyacı olanlara özləri istəmədən sədəqə vermək caizdir. Məscidin içində insanları narahat etmədən danışmaq olar. Bununla yanaşı sırf söhbət etmək məqsədilə məscidə getmək, ucadan danışmaq, hətta başqalarını narahat edəcəksə, uca səslə ibadət etmək də məqbul sayılmamışdır. Məscidi çirkləndirməmək şərti ilə orada yatmağı və bir şey yeməyi bəzi fiqh alimləri caiz görsə də, Hənəfi və Maliki alimləri etikaf, səfərdə və ya qonaq olma kimi xüsusi hallar istisna, bunu məkruh saymışdır.

Məscidi namaz vaxtları istisna olmaqla digər vaxtlarda içəridəki əşyalara zərər verilmə təhlükəsi varsa, bağlamaq caizdir, əks halda isə məkruhdur. Əbu Hənifə Həzrətləri və İmam Malikə görə, yağış və başqa üzrlü səbəb yoxdursa, cənazə namazını məscidin içində qılmaq məkruhdur. İmam Şafii və Əhməd ibn Hənbəl isə bunda bir qəbahət görməmişdir.

Namaz qılmaq baxımından ən fəzilətli məscidlər – Hənəfi, Şafii və Hənbəli məzhəblərinə görə, ardıcıllıqla Məscidül-Haram, Məscidül-Nəbəvi və Məscidül-Əqsadır. Malikilər isə birinci yerdə Məscidi-Nəbəvi, ikinci yerdə Məscidi-Haramın adını çəkirlər. Fəzilətləri bir çox hədisi-şərifdə də dilə gətirilən bu üç məsciddən sonra isə böyük və camaatı çox olan məscidlər gəlir. Ancaq bu məscidlərə getmək məhəllə məscidlərinin camaatsız və kimsəsiz qalmasına səbəb olacaqsa, məhəllə məscidində namaz qılmaq daha fəzilətli qəbul edilmişdir.

Məscid inşaatı, təmiri, baxımı və məscid ədəbi ilə əlaqədar hökmlərə fiqh kitablarının əsasən, “Kitabus-salət” fəsillərində “İmamət” və ya “Camaat” başlıqları altında “Kitabul-vəqf” “Kitabul-hazr vəl-ibaha” və “Kitabul-kərahiyyə vəl-istihsan” hissələrində yer verilir. Hədis mənbələrində isə “əl-Məsacid” və digər başlıqlar altında bəhs olunur. Məscidlərlə əlaqədar müxtəlif hökmlərə dair müstəqil əsərlərlə yanaşı, bir çox mövzuları əhatə edən kitablar da yazılmışdır. Zərkeşinin “İlamus-sacid bi-əhkamil-məsacid”, Cərrarinin “Töhfətur-raki vəs-sacid fi əhkamil-məsacid” adlı əsər­lə­rini buna nümunə göstərmək olar.