Mənəviyyata Açılan Pəncərə

MƏNLİK ZİNDANININ ƏSL AZADLIĞA QAÇIŞ

İnsan qəlbi daim iki böyük qütb arasında rəqs edir: sahib olmaq arzusuitirmək qorxusu. Biz hər şeyin – malımızın, övladımızın, sağlamlığımızın və hətta zamanımızın mütləq sahibi olduğumuzu düşünürük. Lakin bu “sahiblik” hissi bizə hüzur deyil, əksinə, böyük bir gərginlik və kontrol illüziyası bəxş edir. Qurani-Kərim isə bizə bu gərginlikdən xilas olmağın yeganə yolunu bir “mənəvi ticarət” formulası ilə təqdim edir:

إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“ Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır.  (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.” (Tövbə, 9/111)

Bu ayə sadəcə bir müjdə deyil, həm də insanın varlıq aləmindəki yerini müəyyən edən  müqavilədir. Gəlin, bu ilahi müqavilənin bəndlərini və bizə vəd etdiyi qazancları daha dərindən analiz edək.

İnsanın ağlına belə bir sual gəlir: “NİYƏ CAN MALDAN ƏVVƏL GƏLİR?”

Ayədə diqqətçəkən ən önəmli məqamlardan biri canın (nəfsin) maldan əvvəl zikr olunmasıdır. Başqa ayələrdə çox vaxt “mallarınız və canlarınızla cihad edin” ifadəsinə rast gəlsək də, burada ardıcıllıq fərqlidir.

Allah möminlərin fani olan canlarına və mallarına, əbədi (bəqi) dəyərlərlə talibdir. Bəli, O, onların mallarına və canlarına talibdir, lakin axirətdə bunun qarşılığında onlara Cənnəti verəcəkdir. Ancaq göründüyü kimi, burada sıralamada can maldan əvvəl zikr olunmuşdur. Çünki axirətdə ilk növbədə insanın nəfsi (canı) önəmlidir. Allah yolunda istifadə edilərək dəyər qazanmış mal isə ondan sonra gəlir. Yəni mən Cənnətə girmədikdən, girə bilmədikdən sonra, Cənnətin sadə bir tamamlayıcısı olan malın nə mənası olar ki?

Digər yandan can şirin şeydir. İnsan ilk öncə malını verir, lazım gəlsə canını da verir. İnsan “satarkən” ən qiymətli olanı sona saxlayırlar.  Alıcı uca Allah olunca, O ən dəyərli olanı istəyir.

Nüzul səbəbi ilə bağlı iki əsas rəvayət vardır:

Ayə Təbuk səfəri ərəfəsində nazil olub. Təbuk səfəri böyük imtahan vəsiləsi idi. Çünki Təbuk Mədinəyə təxminən 800 km uzaqlıqda yerləşir. Məsafə çox uzaqdır. Yayın ən isti ayında, iyulda səfərdə çıxacaqlar. Hər kəs yol azuqəsini özü təmin etməlidir. Əsas qida olan xurmanın ən qıt, ən bahalı olduğu vaxtdır. Təzə məhsul hələ yetişməyib. Digər yandan hər kəs ümüdini yetişəcək xurmaya dikib. Çünki bütün gəlir qaynaqları xurmadır. Məhsul yığılacaq, qurudulacaq, satılacaq, ancaq siz səfərdəsiniz. Bir də gedib də geri dönməmək var. Səhabə bütün bunları aşaraq Təbuk səfərinə çıxacaqdı. Hər kəs belə bir fədakarlığın qarşılığını düşünüərkən Məscid-i Nəbəvidə bu ayə nazil olur və müsəlmanlar tərəfindən böyük sevinclə qarşılanır. Ənsardan bir şəxsin  ayəni eşidincə belə dediyi rəvayət olunur:

“Doğrudan da bu çox qazanclı bir alış-verişdir! Artıq nə biz bundan vaz keçərik, nə də vaz keçməyə razı olarıq.”  (İbn Əbu Hatim, VI, 1886).

Ayənin digər nüzul səbəbi isə belə rəvayət edilir: bu ayə İkinci Əqəbə Beyəti haqqında nazil olmuşdur. Mədinədən gələn heyət Əqəbə adlı yerdə Allah Rəsulunun (s.ə.s.) ilə bir araya gəlmişdilər. Hz Abbas da Peyğəmbərimizlə (s.ə.s) birlikdə gəlmişdi. O heyətdəkilərə üzünü tutub belə deyir: “Siz Muhammədi öz diyarınıza dəvət edirsiniz. Nəyə “hə” dediyinizi bilirsinizmi? Siz bununla bütün Ərəbistanı qarşınıza almış olacaqsınız.” Bir anlıq heyət üzvləri tərəddüd yaşayır. Ən gənc heyət üzvü Ebü’l-Heysem b. Teyyihan (r.a) idi. O irəli atılır: “Niyə tərəddüd edirsiniz?! Tutun bu əli.”-deyərək Allah Rəsulunun əlini tutur, ardınca da digərləri. Abdullah ibn Rəvaha (r.a) Peyğəmbərə (s.ə.s.): “Rəbbin üçün də, özün üçün də istədiyin şərti qoy,” dedikdə, Peyğəmbər belə buyurdu: “Rəbbim üçün sizdən Ona ibadət etməyinizi və Ona heç bir şeyi şərik qoşmamağınızı istəyirəm. Özüm üçün isə məni, öz canınızı və mallarınızı necə qoruyursunuzsa, elə qorumağınızı istəyirəm.” Onlar soruşdular: “Bunu etsək, bizim üçün nə var?” Peyğəmbər (s.ə.s.): “Cənnət,” deyə cavab verdi. Bunun üzərinə onlar dedilər: “Bu, həqiqətən çox qazanclı bir alış-verişdir. Biz nə bundan dönərik, nə də dönmək təklifini qəbul edərik.”
Bundan sonra belə ayə nazil oldu: “Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını – onlara Cənnəti vermək qarşılığında – satın almışdır.” (Tövbə, 9/111)

📜İnsan niyə daim itirmək qorxusu yaşayır? Niyə sahib olduqlarımızı qorumaq üçün bu qədər gərginik? Halbuki Qurani-Kərim deyir: “Allah möminlərdən canlarını və mallarını satın almışdır…” Bu, sadəcə bir ayə deyil – bu, insan həyatının mənəvi müqaviləsidir.
İman, sadəcə “inanmaq” deyil
İman, müqavilə bağlamaqdır: “Mən artıq özümə aid deyiləm, mən Onun adına yaşayıram”

İki İnsan Modeli: Təslimiyyət və Təkəbbür

Təsəvvür edin ki, bir hökmdar iki əsgərinə müvəqqəti olaraq birer ferma, texnika və silah əmanət edir. Lakin bu ferma fırtınalı bir müharibə zonasındadır; hər şey hər an məhv ola bilər. Hökmdar onlara xəbər göndərir: “Bu əmanətləri mənə satın. Mən onları sizin adınıza qoruyum, müharibə bitəndə isə daha gözəlini sizə qaytarım. Həm də bütün xərcləri mən üzərimə götürürəm.”

Birinci adam (Ağıllı): “Baş üstə!” deyərək təslim olur. O bilir ki sahib olduğu hər şey, ona verilmiş əmanətdir. Əlindəki ferma (həyat), texnika (istedadlar) və silahlar (iradə) ona müvəqqəti verilib. Müharibə (dünya imtahanı) fırtınalıdır və heç nə olduğu kimi qalmır. O, bu ağır yükü Hökmdara (Allaha) “sataraq” həm onları qoruma altına alır, həm də özünü “sahiblik” məsuliyyətinin ağırlığından xilas edir. Artıq o, bir əsir deyil, azad bir yavərdir (köməkçi). Sahib olduğu şeyləri gerçək sahibinin iradəsinə təhvil verir, rahatlıq tapır.

İkinci adam (MəğrurSahib”): Özünü hər şeyin mütləq maliki sanır. “Padişah kimdir? Mən öz mülkümü satmaram, keyfimi pozmaram” deyərək eqosunu (nefsini) fironlaşdırır. Lakin fırtına qopanda (xəstəlik, qocalıq, ölüm) əlindəkiləri itirir. O, mülkünü itirməklə yanaşı, həm də əmanətə xəyanət etdiyi üçün cəzalandırılır.

Beş Qat Qazanc: Niyə Satmalıyıq?

Bu mənəvi ticarətə daxil olan insan üçün beş böyük “bonus” vəd edilir:

I.Fani olan Əbədiləşir

İnsanın ən böyük ağrısı zamanın axıb getməsidir. Lakin Allaha verilən ömür dəqiqələri, torpağa basdırılan toxumlar kimi zahirən çürüsə də, axirətdə əbədi xoşbəxtlik çiçəkləri kimi açır. Fani bir ömür, baqi bir həyata çevrilir.

II,Qiymət Artımı (İnsan Resurslarının Dəyərləndirilməsi)

Allaha “satılan” hər bir üzvün dəyəri birdən minə qalxır. Gəlin daxili resurslarımızın “satılmazdan əvvəl” və “satıldıqdan sonra”kı halına baxaq:

Ağıl: Əgər nəfsin xidmətində olsa, o, keçmişin kədərini və gələcəyin qorxusunu insanın başına yükləyən bədbəxt bir alətə çevrilir. Lakin Yaradana satılsa, kainatın sirlərini açan “müqəddəs bir açar” və əbədi saadəti hazırlayan bir mürşid olur.

Göz: Nəfsin xidmətində yalnız ötəri gözəlliklərin və şəhvətin pəncərəsidir. Allaha satıldıqda isə, kainat kitabını oxuyan “müdrik bir mütaliəçi” və İlahi sənət əsərlərinin heyran tamaşaçısına çevrilir.

Dil: Mədənin qapıçısı olmaqdan çıxıb, İlahi rəhmət xəzinələrinin “peşəkar müfəttişi” dərəcəsinə yüksəlir.

III. Acizlikdən Doğacaq Güc

İnsan zəifdir, ehtiyacları isə sonsuzdur. Hər şeyi öz çiyinlərində daşımağa çalışan ruh boğulur, ya depressiyaya, ya da aqressiyaya qaçır. Allaha təvəkkül edib “əmanəti sahibinə satmaq” insana daxili bir rahatlıq və sarsılmaz bir güc verir.

IV. Cənnət Mükafatı

Müvəqqəti və qüsurlu bir dünya həyatı müqabilində, sonsuz və qüsursuz bir Cənnət verilir. Bu, kainatın ən karlı ticarətidir.

V. Əmanətə Sadiqliyin Şərəfi

Allahın “əsgəri” və “qulu” olmaq elə bir şərəfdir ki, bu, insanı bütün digər yaradılmışların önündə ucaldır.

İlahi Ticarət – Qazanc nədir?

Allah deyir:  Ver → qoruyum  Ver → artırım Ver → əbədiləşdirim

Bu, mənasız kontrol etmə arzusunu buraxıb mənaya bağlanmaqdır.

Satmamağın Bədəli: Beş Qat Zərər

Əgər insan bu ticarətdən qaçsa, onu beş dərəcəli bir itki gözləyir:

  1. Maddi İtki: Sevdiyi hər şey (gənclik, mal, həyat) onsuz da gedəcək, amma günahları boynunda yük qalacaq.
  2. Mənəvi Xəyanət: Ən qiymətli duyğularını ən dəyərsiz şeylərə sərf etdiyi üçün özünə zülm etmiş olacaq.
  3. İnsanlıqdan Süqut: Heyvanlardan daha aşağı bir dərəcəyə enmə təhlükəsi yaranacaq.
  4. Daxili Əzab: Acizliyi ilə o ağır həyat yükü altında daimi bir sarsıntı yaşayacaq.
  5. Əbədi İtki: Ruhun əsasını təşkil edən cihazları Cənnətə deyil, Cəhənnəmə qapı açacaq hala gətirəcək.

Praktik Tətbiq: Necə “Satmalı”?

Çoxları düşünür ki, bu “satış” həyatdan tamamilə qopmaqdır. Əsla! Halal dairəsi genişdir və ləzzət almaq üçün kifayətdir. Praktik olaraq bu, “fəaliyyəti dəyişmək” deyil, “niyyəti dəyişməkdir”:

İşinə gedərkən: “Allahın ailəmə ruzi vermək üçün qoyduğu qanun daxilində çalışıram” demək.

Yemək yeyərkən: “Rəzzaq olan Allahın nemətlərini dadıram və şükür edirəm” demək.

Övladını sevərkən: “Bu mənə verilmiş ən gözəl ilahi əmanətdir” deyə düşünmək.

“Biz sahibik, yoxsa əmanətçiyik?”

İnsan özünü malik kimi görür → nəzarət illüziyası

Halbuki:

Can → verilmişdir

Mal → verilmişdir

Zaman → verilmişdir

Əsas sual budur: “Mən sahib kimi yaşayıram, yoxsa əmanətçi kimi?”

İnsanın yükləndiyi əmanət

“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik; onlar bunu yüklənməkdən imtina etdilər. Çünki məsuliyyətindən qorxdular. Lakin onu insan yükləndi. Həqiqətən, insan (bu əmanətin haqqını qoruyub saxlamadıqda) çox zalım, çox cahildir.”(Əhzab, 33/72)

Ayədə bildirilən bu “təklif” təşriî (yəni birbaşa əmr və qadağa şəklində) deyil, təkvinî (yaradılış və qabiliyyət baxımından) xarakter daşıyır. Yəni Allah həmin varlıqlara bu vəzifəni daşımağa uyğun qabiliyyət verməmişdir.

Mahiyyəti və təchizatı etibarilə bu vəzifə insana verilmişdir. Lakin bu əmanətin haqqını qorumağı bacarmayan insanlar çox zaman cahillik və zülm dərəcəsinə enirlər. Buna qarşılıq kamil insanlar ilahi məqsədi həyata keçirirlər. Əmanəti yerinə yetirməyənlərin sayca çoxluğu mənfi təsir yaratsa da, kamil insanların insan növünə qazandırdığı şərəf bunun yanında daha üstün mövqedə qalır. Beləliklə, Allahın insanı yaratmaq məqsədi gerçəkləşmiş olur.

İnsana əmanət edilən nədir?

“Əmanət” müxtəlif şəkildə təfsir edilmişdir:

Bundan əlavə, insana verilən “mənlik” (ene) də bu əmanətin bir hissəsi sayılır. Bu xüsusiyyət bütün məxluqlar arasında yalnız insana verilmişdir. Əgər insan bu “mən”in həqiqi mahiyyətini anlayıb Rəbbinə yönəlməzsə, o zaman bu mənlik dünyanı zülm, inkar və şirk ilə doldura biləcək təhlükəli bir xüsusiyyətə çevrilər. Allah daha yaxşı bilir.

İnsanın məsuliyyəti və xilafət məqamı

İnsan yalnız Allahla olan münasibətlərində deyil, eyni zamanda “əmanət” adlanan bu məsuliyyətin yeganə daşıyıcısıdır. Bununla yanaşı, “xilafət” məqamına görə məxluqat üzərində müəyyən təsərruf və idarəçilik haqqı da ona vəkil olaraq verilmişdir.

Bu səbəblə insan:

Əslində xilafət ruhu da məhz bu əsaslar üzərində qurulmuşdur. İnsanın digər canlılardan fərqi də böyük ölçüdə buradan qaynaqlanır. İnsan bu xüsusiyyətlərlə varlıq içindəki üstünlüyünü ortaya qoyur, həyatını mənəvi dəyərlər üzərində qurur və daxili istəkləri ilə davranışları arasındakı ziddiyyəti aradan qaldırır.

Əks halda…

Əgər insan bu etibarlılıq, doğruluq və iffət səylərini göstərməzsə, ona verilən insani mahiyyəti qoruyub saxlamazsa, zahiri və batini qabiliyyətlərini yaradılış məqsədinə uyğun istifadə etməzsə, Allahın razılığına yönəlməzsə və əmanətçi kimi davranmazsa – potensial olaraq çata biləcəyi ən yüksək məqamdan (“ə’la-yı illiyyin”) ən aşağı səviyyəyə (“əsfəl-i safilin”) enə bilər.

Sənin həyat dairəndəki bütün imkanlar – malın, mülkün, alətlərin, imkanların – əslində sənin daxili dünyanda olan daha böyük əmanətlərin (bədən, ruh, qəlb, ağıl, göz, dil, xəyal və digər zahiri-batini duyğuların) bir uzantısıdır. Bunların hamısı insana verilmiş əmanətin parçalarıdır və hər biri məsuliyyətlə qorunmalı və doğru istiqamətdə istifadə olunmalıdır.

Son Söz

Bu gün hər birimiz özümüzə sarsıdıcı bir sual verməliyik: “Mən sahib olduğumu düşündüyüm şeylərin həqiqətənmi sahibiyəm, yoxsa sadəcə bir əmanətçi?” İnsan itirməkdən qorxduğu hər şeyi əslində qoruyub saxlaya bilməz. Amma Allah yolunda verdiyi (satdığı) heç nəyi də əsla itirməz. Gəlin, əmanəti həqiqi Sahibinə təslim edək ki, həm yükümüz yüngülləşsin, həm də fani olan hər şeyimiz əbədiyyət qazansın.

 Ləli-Gövhər ağızdan süzülən bir qətrə…

Abdullah ibn Şıhhir (r.a) rəvayət edir: “Rəsulullah (sallallahu əleyhi vəsəlləm) Əl-həkumut-təkasur (Təkasur) surəsini oxuyarkən yanına gəldim. Mənə: “İnsan oğlu, malım-malım deyə-deyə durur. Halbuki adəm oğlunun yeyib azaltdığı, geyinib köhnəltdiyi və sağlığında sədəqə verib ( o bir  aləmə) göndərdiyindən başqa özünə aid nəyi var? (Qalanını ölümlə tərk edər və mirasçılarına buraxar.” Müslim, Zühd 3, 4; Nesəi, Vəsaya 1 (6, 238); Tirmizi, Təfsir, Təkasur surəsi təfsiri)

“Ya Rəbb! Qüsurumuzu əfv et, bizi Özünə qul qəbul et, əmanətini almaq zamanına qədər bizi əmanətdə əmin qıl. Amin!”

Altı sözdən alıntı edilərək hazırlanmışdır.

Exit mobile version