- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Məclisə təmiz gəlmək və ədəbli olmaq

Məclisə gedərkən təmiz və səliqəli geyinmək, vücudu təmizləmək əhəmiyyyətlidir. Məclislərdə alimlər, yaşca böyük olanlar yuxarı başa keçirilir. Məclisdə olanlar ehtiyac olmadan sözə qarışmamalı, danışılan faydalı məsələləri dinləməlidir. Məclisə sonradan gələnlərə yer vermək, gülərüzlü olmaq ədəbdəndir. Gələn şəxslər üçün ayağa qalxmazlar. Əshabın (radiyallahu anh) Rəsulullahdan (sallallahu əleyhi və səlləm) çox sevdiyi insan yox idi. Bununla belə Rəsulullahı görəndə ayağa qalxsalar da, Onun (sallallahu əleyhi və səlləm) bundan xoşu gəlmirdi.[1]  Əbu Ümamə deyir ki, bir gün Rəsulullah (sallallahu əleyhi və səlləm) əlində bir əsa ilə yanımıza gəldi, biz ayağa qalxdıq. Ancaq Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Yadların bir-birini böyük göstərmək üçün ayağa qalxdığı kimi ayağa durmayın”– buyurdu.[2] Bunu başqa bir hadisə də təsdiq edir:

Bir dəfə Müaviyə ibn Zübeyr və İbn Amirin (radiyallahu anh) yanına gəldi. İbn Amir ayağa qalxdı, ibn Zübeyr oturdu (qalxmadı).Müaviyə İbn Amirə: Otur, çünki Rəsulullahın (sallallahu əleyhi və səlləm): “İnsanların özü üçün ayağa qalxmasından kimin xoşu gəlirsə, Cəhənnəmdə yerini hazırlasın” buyurduğunu eşitdim” – dedi.[3]

Məclisdə olanlar özbaşına başqa tərəfə keçib oturmamalıdır. Hörmət əlaməti olaraq yer vermək istəyənlərin yerində oturmaq da doğru deyildir. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Heç kim başqasını qaldırıb yerində oturmasın. Ancaq yer açın, Allah da sizə genişlik versin.”

İki şəxsin arasında onların razılığı olmadan keçib oturmaq doğru deyil. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur: “İcazəsiz iki şəxsin arasında oturmaq halal deyildir.” Hədis Tirmizidə “İcazəsiz iki şəxsin arasını açmaq halal deyildir” şəklindədir.[4]

Bir məclisdə üç şəxsin ikisi baş-başa verib gizli söhbət etməməlidir. Bu hal üçüncü şəxsin inciməsinə və səhv başa düşməsinə səbəb olur. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur ki, üç nəfər bir yerdə olanda, ikisi öz aralarında gizli söhbət etməsinlər. Üçüncü inciyər.”[5] Məclisdə olanlar dostlarından icazə istəyib gedə bilər. Məclisdən müvəqqəti çıxanların yerində oturmaq doğru deyildir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur: “Ehtiyacı üçün çıxıb geri qayıdan əvvəlki yerinə oturmaq istəyərsə, bu, onun haqqıdır.”[6]


[1]. Tirmizi, Ədəb 13, ( 2755).

[2]. Əbu Davud, Ədəb 165, (5230).

 [3]. Əbu Davud, Ədəb 165, (5229); Tirmizi, Ədəb 13, (2756),

 [4]. Əbu Davud, Ədəb, 24, (4844, 4845); Tirmizi, Ədəb, 11, (2753)

 [5]. Buxari, İstizan, 45; Müslim, Salam, 36, (2183); Muvatta, Kəlam, 13, (2, 988, 989)

 [6]. Tirmizi, Ədəb 10, (2752).