- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Koronavirusa qarşı oxuya biləcəyimiz dua

Məlumudur ki, hal-hazırda dünyada koronavirus pandemiyası tüğyan edir. Hər gün bir çox insan dünyasını dəyişir. Başda ölkəmiz olmaqla bütün bəşəriyyətin bu təhlükədən xilas olması üçün hər kəsin üzərinə az və ya çox məsuliyyət düşür. Əlaqədar qurumlar bu məsəldə öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirirlər. Bizlərə düşən məsuliyyət də evdə qalaraq xəstəliyin yayılma sürətini azaltmaqdır.

Bununla yanaşı inanan insanlar olaraq bizlər də evdə boş oturmamalı, dua etməliyik.

Bu çətin vəziyyətdə hərə öz peşəsinə uyğun iş görməyə çalışır. Şəfqət qəhrəmanı tibb işçiləri fədakarlıq edərək xəstələrin müalicəsi ilə məşğul olurlar. Aidiyyəti üzrə digər qurumlar da səbəblərə riayət edərək vəzifələrini yerinə yetirirlər. Müsəlman olaraq biz də maddənin yanında mənanın da böyük əhəmiyyət kəsb etdiyini inanırıq. Bu məqsədlə dua edərək onlara mənəvi dayaq ola bilərik. Çünki “biz birlikdə güclüyük”. Keçən aylarda hamımız bir yumruq olduq, həm feli, həm də mənəvi dua edərək düşmənlərimiz üzərində böyük qələbə qazandıq, işğal altındakı torpaqlarımızı azad etdik. Yenidən səfərbərliyə ehtiyac var. Bu dəfəki düşmənimiz isə koronovirusdur. Bu məqsədlə hər birimiz karantin şərtlərinə əməl etməli, virusun yayılmasının önünü kəsməliyik.

Ara məsəfəsi saxlamq
Tibbi maska taxmaq
Vaxtaşırı əllərimizi yumaq
və kimi təməl prinsipləri yerinə yetirməliyik.

Mülkün sahibi qüdrəti sonsuz Rəbbimizdir. O öz mülkündə dilədiyi şəkildə hökm edir. Allahın bizim üçün təqdir etdiyi mütləq xeyirdir. Şər olaraq görünən şeylər isə bizim xəta və günahlarımız ucbatından baş verir. Bəlkə də bizim şər kimi gördüyümüz şeylərin arxasından bir çox gözəlliklər ortaya çıxacaq…

Bütün səbəblərin üzərində ən böyük təsir edici qüvvə – Əsl Səbəbkar olan Allahdır. Onun istədiyi olar, istəmədiyi isə olmaz. Naçar qaldığı yerdə bəndə Ona əl açar, Qüdrəti Sonsuz Rəbbimiz də onun üçün heç gözəmədiyi sürprizlər lütf edər.

“Dua ibadətlərin əsasıdır.” Rəbbimiz: “Dua edin ki, qarşılıq verim” – buyurur. İnsan çarəsiz qalanda Ona iltica edəndə çarələr tükəndiyi üçün duasında daha səmimi olur.

Bütün bəşəriyyətin bu müsibətdən xilas olması üçün gəlin birlikdə dua edək.

——————————————————————————————————————–

Koronovirus pandemiyası ilə bağlı dua

Bismilləhirrahmanirrahim

Allah böyükdür. Bütün həmd-sənalar Uca Allahın haqqıdır. Səhər-axşam zikr edilməyə layiq olan da yalnız Odur. Aləmlərin Rəbbi Uca Allaha sonsuz həmd və şükür, Kainatın İftixarı Rəsulullahın ailəsinə və əshabına sonsuz salat və salam olsun.

Ey Rəbbim! Hüzn və qəm-qüssəmi yalnız Sənə ərz edirəm. Yeganə ilah Sənsən. Səndən başqa məbud yoxdur. Sən Sübhansan, bütün nöqsanlardan uzaq və böyüksən. Əslində mən özümə zülm etmişəm. Əfvinə sığınıram.

Allahım, haqqı və batili bir-birindən ayıraraq hidayət verdiklərinin  içərisində mənə də hidayət ver. Əfv etdiklərinlə bərabər məni də əfv eylə. Sevdiyin bəndələr olan vəli qulların arasına məni də əlavə eylə. Mənə lütf etdiklərini bərəkətləndir. Təqdir etdiyin hadisələrin şərindən məni qoru. Həqiqətən, Sən hər kəsə və hə şeyə hökm edənsən və heç kim Sənin hökmünə qaşrı gələ bilməz! Heç kim Sənə hökm edə bilməz! Sənin vəli qullarını heç kəs zəlil edə bilməz. Və Sənin düşmən götürdüyünü heç kəs izzətləndirə bilməz. Verdiyin hökmlərə görə həmd yalnız Sənədir. Ey Rəbbimiz Sən mübarəksən, Sən ucasan!

Həlim və Kərim olan Allahdan başqa ilah yoxdur. Böyük ərşin rəbbi Allahı təsbeh edirəm. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.

Ey Rəbbim! Səndən rəhmətini qazandıracaq əməllər, mərhəmətinə səbəb olacaq vəsilələr istəyirəm. Mütləq gerçəkləşəcək məğfirətini umuram. Günahlardan qorunmağı, hər cür yaxşılığa məzhər olmağı, bütün günahlardan uzaq qalmağı diləyirəm. Ey Ərhəmərrahimin! Bütün günahlarımı bağışla, hər cür kədərdən məni arındır. Sənin rizana uyğun bütün ehtiyaclarımı qarşıla!

Ey kədərdən qoruyan, üzüntüləri sevincə çevirən, qayğıları götürən, dua edən çarəsizlərin duasına icabət edən Rəbbim! Ey dünya və axirətin Rəhman və Rəhimi! Bu ehtiyacımı qarşılamaq üçün (başqalarının mərhəmətinə möhtac olmadan) mənə rəhm eylə!

Allahım Sənə üz tutaraq yalvarıram. Rəhmət peyğəmbəri həzrət Muhammədi vəsilə edərək sənə yönəlirəm. Ey Muhamməd əleyhissalam, ey Peyğəmbərim! Bu diləyimin yerinə yetməsi üçün səni vəsilə edərək Rəbbimə yönəlirəm. Allahım, Rəsulunu haqqımda şəfaətçi eylə.

Allahım! Qəzəbindən rizana, cəzalandırmandan əfvinə sığınıram. Səndən Sənə sığınıram. Səni haqqı ilə tərif etməyə gücüm çatmaz. Sən, özünü tərif etdiyin kimisən.

Allahın Sənə sığınıram! Elə ki, Allahın adı ilə hərəkət edib Ona sığındıqdan sonra yerdə və göydə heç bir şey bizə zərər verə bilməz. O, hər şeyi eşidən və biləndir.

Bismillah, Bismillah, Bismillah…

Ey xəstəlikdən əziyyət çəkən qardaş və bacılarımız, sizə əziyyət verən hər şeydən, hər canlının şərindən Allaha sığınaraq, Onun adı ilə sizə dua edirəm. Allahın şəfa verəcəyini ümid edirəm. Allahın adı ilə sizin üçün dua edirəm. Allahın bütün dərdlərə şəfa verəcəyini bilirəm.

Allahım vəbadan, hər cür bəladan, bütün narahatlıqlardan, xəstəlik və müsibətin çətinliklərindən xüsusilə hazırda düçar olduğumuz koronavirus bəlasından bizi qoru, bizi bu müsibətdən xilas eylə. Bismillah. Hiss etdiyim və hiss edəcəyim ağrıların, məni narahat edəcək iztirabların şərindən Uca Allahın qüdrət və əzəmətinə sığınıram.

Ey bütün ehtiyac və istəkləri qarşılayan Rəbbimiz! Bizim bütün ehtiyaclarımızı qarşıla. Ey bəlaları uzaqlaşdıran Allahım, ya Ərhəmərrahimin! Başımıza gəlmə ehtimalı olan bütün bəlaları bizdən uzaqlaşdır.

Ey bütün insanların Rəbbi! Ey bəla və müsibətləri uzaqlaşdıran Allahım. Bu xəstəliyə də şəfa ver. Şəfa verən yalnız Sənsən. Səndən başqa Şafi yoxdur. Bu xəstəliyə xəstəlikdən heç bir əsər-əlamət qalmayacaq şəkildə şəfa ver.

Ya Şafi! Ya Kafi! Ya Vafi! Allahım! Bədənimizə sağlamlıq bəxş eylə! Ey Rəbbim! Qulaqlarıma, gözlərimə sağlamlıq nəsib et. Allahım bütün orqanlarıma, mənəvi qabiliyyətlərimə, maddi-mənəvi bütün duyğularıma səhhət ver. Bütün bunları ancaq Sən edərsən. Səndən başqa ilah yoxdur.

Ey hər şeyin şərindən hifz eyləyən Allahım! Bizləri, bütün mömin bacı və qardaşlarımıızı, ölkəmizi və xalqımızı  bildiyimiz və bilmədiyimiz hər cür təhlükədən qoru! Bütün bəşəriyyəti bu xəstəliklə gələn müsibətdən xilas eylə!

Qəhrəman polislərimizi, fədakar tibb işçilərini, cəsur əsgərlərimizi və bu məsələdə məsul olan şəxsləri Sən amanında saxla, hər cür təhlükədən qoru!

Səlat və salam olsun Həzrət Muhammədə və onun nəbi və mürsəl qardaşlarına və onların al və əshabına.

Vəlhəmdu lilləhi Rabbil-aləmin.

 

Koronovirus duası Ərəb dilində