1. 189 dəfə oxunub ,   0 şərh   Çap et

“ Quran” dan bixəbər, peyğəmbər göndərilməyən insanların aqibəti necə olacaq? Onların günahları nədir? Cəngəlliklərdə yaşayan insanların vəziyyəti necə olacaq?

 Allah heç kimi rəhmətindən, vəhyindən, kəlam və ayələrindən məhrum etməmişdir: “Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.” ( Fatır, 35/24) və “Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik.” (ən-Nahl, 16/63)  “Qurani-Kərim” peyğəmbərlərin hamısından bəhs etmir: “Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş,kimisi haqqında xəbər verməmişik. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə göstərə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar”. (Ğafir, 40/78)

Allah hər şeyə, hətta arıya da vəhy edər “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümluklərdə) özünə evlər tik (pətəklər sal)” (ən-Nahl, 16/68).

Vəhyin müxtəlif növləri var. Bəzən vəhy, Cəbrayılın endirdiyi bir kitab olur. Bəzən Allahın qulun qəlbinə verdiyi bir nur olur… Bəzən insanın köksündə bir genişlik və fərəh hissi olur. Bəzən bir hikmət, bəzən bir həqiqət, bəzən bir anlayış, bəzən bir mənəvi rahatlıq, bir qorxu və bir təqva olur… Qəlbi döyünən və duyğu orqanları ilə ətraf aləmdən müxtəlif məlumatlar qəbul edən elə bir insan yoxdur ki, Allahdan bir iltifat və xatırlatma almış olmasın…Səhralarda yaşayan bir insanın qorxu içində səmaya yönələn elə bir baxışı vardır ki, Allah yanında çox məqbuldur.

Doğrudan da, araşdırsaq, onlara da peyğəmbər göndərildiyinə şahid olarıq.Məsələn, Afrikada yaşayan Mav-Mav qəbiləsi “Mucai” adlandırdıqları bir tanrıya inanır; o, təkdir, doğmamışdır,onun tayı-bərabəri və oxşarı yoxdur. O görünməz, sadəcə əsərləri ilə və işləriylə, fe’lləriylə bilinər. O, yaradıcıdır, ruzi verəndir, qullarını sevir, duaları eşidir, şimşək onun xəncəridir, göy gurultusu onun gəzməsidir. Bunlar “İxlas” surəsinə yaxın ifadələr deyilmi? Tarixlərində onu gətirən bir peyğəmbər və bir təbliğçi olmadan bu məlumat onlara haradan gəlmişdir? Tərtəmiz, İlahi həqiqətlər təbliğ edildikdən sonra, həmişə olduğu kimi, dövr dəyişmiş, nəticədə xurafat, batil inanclar qarışaraq bu  dini saflığı pozub qaraltmışdır.

“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər).” (əl-Bəqərə, 2/286). “İsra” surəsinin 15-ci ayəsində buyurduğu kimi, peyğəmbər göndərmədiklərindən də hesab soruşmaz. İmkanlara görə məsuliyyətlər də fərqlidir. Sivilizasiyadan uzaq cəngəlliklərdə yaşayan bir insanla bizim aramızda fərqlər var. Çünki bizə “Quran” nazil olmuşdur.




Şərh yaz