Aylıq namaz vaxtları
790 dəfə oxunub ,   0 şərh   Çap et

Kəbənin təmiri və hökm verən hakim

Aradan on il də ötmüşdü və Allah Rəsulu artıq otuz beş yaşında idi. Həmin vaxtlar Məkkədə əsas  müzakirə mövzusu  zaman-zaman aşınan Kəbənin yenidən təmir olunması məsələsi  idi. Hətta bir oğru dağılan divarların arasından içəri girərək bəzi qiymətli əşyaları oğurlamışdı. Bu ərəfədə bir qadın ocaq qalamış, alovdan sıçrayan qığılcımla Kəbənin örtüyü alışıb yanmışdı. Bütün bunları nəzərə alan qureyşlilər Kəbəni tezliklə təmir etmək  qərarına  gəlmişdilər.

Ciddənin yaxınlığında bir gəminin lövbər salması qureyşliləri sevindirmişdi. Çünki həmin gəminin yükü axtardıqları materiallarla dolu idi. Həmçinin gəmidə inşaat işini yaxşı bilən usta da vardı. Vaxt itirmədən Vəlid ibn Müğirənin rəhbərliyi altında bir heyət gəminin gəldiyi yerə yollanır, lazımi materialları  alaraq əslən rumlu Baqum adlı usta ilə birlikdə Məkkəyə qayıdır.[1]

İşin bölüşdürülməsi məsələsində vəziyyət gərginləşmişdi. Qəbilə­lər Kəbəyə xidmət kimi bir imtiyazın öz adlarına yazılması üçün rəqabətə girişmişdilər. Nəhayət, Kəbənin hər bir divarının müəyyən qəbilələr arasında bölüşdürülməsi ilə razılıq əldə edilmişdi.

Ancaq Kəbəni inşa etmək üçün dağıtmaq lazım idi və heç kim buna cəsarət etmirdi. Başlarına bir fəlakət gələcəyindən qorxurdular. İlk külüng zərbəsini vuran yenə Vəlid ibn Müğirə olur:

− Allahım, bunu etməkdə muradımız yalnız xeyir işdir, − deyərək əlindəki külüngü diqqətlə endirirdi. Hətta həmin gün heç kim yaxınlaşıb bu söküntü işinə əl atmır, ən azı aradan bir gün keçməsini gözləyirdilər: əgər sabaha qədər bir fəlakət üz verməzsə,  Allahın bundan razı olduğu qənaətinə varacaq və işə qoşulacaqdılar. Əks təqdirdə, bu işdən əl çəkəcək və bunu bir daha ağıllarına gətirməyəcəkdilər.

Səhər açılmışdı. Bu sabahın əvvəlkilərdən heç bir fərqi yox idi. Artıq aydın idi ki, bu məsələdə Rəbbin də razılığı var və hər qəbilə öz payına düşən yerdən başlayıb dağıtma işlərini tamamlayır.

Nəhayət, Hz. İbrahimdən qalan bünövrəyə çatırlar. Bir nəfər bu təmələ külüng vurunca Məkkənin şiddətlə titrədiyinə şahid olur və bunun aqibətindən qorxub yeni divarları bu  bünövrənin üzərində ucaltmaq qərarına gəlirlər.[2]

Daş-daş inşa edilən Kəbə divarları Rüknə çatanda yenidən mübahisə başlanmış və vəziyyət gərginləşmişdi. Belə ki, hər qəbilə müqəddəs Hacərül-Əsvədi hər cəhdlə özü yerləşdirməyə çalışır və buna görə də heç cür razılığa gələ bilmirdilər. Vəziyyət o dərəcədə gərginləşir ki, demək olar ki, hamı işini-gücünü atıb dava-dalaş salmağa fürsət axtarır. Ficar döyüşlərinin yaraları yenicə sağalmışdı və o gün Məkkə əsrlərlə davam edəcək yeni bir müharibənin astanasında idi.

Elə bu əsnada Qureyşin ən yaşlı adamı Əbu Ümeyyə ayağa qalxır, döyüşməyə fürsət axtaran gərgin  məkkəlilərə səslənir:

− Ey Qureyş camaatı! Ən yaxşısı, gəlin aranızdan bir nəfər hakim təyin edin və bu anlaşılmazlığa da son qoyun. Kəbənin bu qapısından içəri daxil olan ilk adam aranızda hakim olsun və O, nə deyərsə, onu da edin!

Əvvəlcə hər kəs bu təklifi saf-çürük edir, daha ağlabatan görüb məqbul sayır. Heç kim xeyirli iş görmək məqsədilə başladıqları bir işdə əsrlərlə davam edəcək şərə qapı açmaq istəmirdi. Hamı bu təklifi qəbul etdiyi üçün çarə qapıdan ilk girəcək adamı gözləməyə qalmışdı.

Bir bazar ertəsi günü idi.[3] Uzun və səssiz intizardan sonra hamı sakitcə dayanıb eşidilən addım səslərinin sahibini gözləyirdi. Nəhayət, gözləyən Qureyşin üzünə bu qapıdan doğan ilk sima İnsanlığın Əmini Hz. Məhəmməd  idi. Onu görən kimi hamı bir ağızdan:

− Budur, Əmin gəlir! Biz Onun verəcəyi qərara razıyıq, − deməyə başlayır.

Hamının niyə Ona baxmasının və görər-görməz qışqırmasının səbəbini öyrənib olanları bir-bir dinlədikdən sonra Məhəmmədül-Əmin əvvəlcə böyük bir bez parçası istəyir. İstəyi dərhal yerinə yetirilir. Onlar təəccüblə Məhəmmədül-Əminin nə edəcəyini gözləyirlər.

Allah Rəsulu (s.ə.s.) həmin parçanı əvvəlcə yerə sərir. Sonra da Həcərül-Əsvədi öz əlləri ilə qaldırıb həmin parçanın üstünə qoyur. Bu vaxt  Onu diqqətlə izləyənlərə tərəf dönür və:

− Hər qəbilə bu parçanın bir tərəfindən tutub daşı qaldırsın, − buyurur. Həll yolu məntiqli və optimal idi və qərara heç kim etiraz etmir. Çünki hər qəbilə daşın yerinə qoyulmasında ortaq iştirak edir, yerdən də birlikdə qaldırırdılar. Nəhayət, daş rükn tuşuna çatanda Məhəmmədül-Əmin daşı orada sabit saxlamağı tapşırır.  Ardınca da özü yaxınlaşır və daşı öz əlləri ilə götürüb yerinə yerləşdirir. Bəlkə də, Allah (c.c.) ilk insan Hz. Adəmlə birlikdə yer üzünə enən və Hz. İbrahimlə Hz. İsmail  dövründən bu günə qədər Kəbəni şənləndirən cənnət mənşəli bu daşın yerləşdirilməsini şəxsən Son Sultanın əli ilə həyata keçirmək istəmiş, vaxtını da belə murad etmişdi. Beləcə hər şey Onunla yenidən əsl vəziyyətinə qayıtmağa başlamışdı.

Artıq məsələ böyük fətanət sahibi Allah Rəsulunun kiçik bir müdaxiləsi ilə yoluna qoyulmuş və bir neçə gün fasilə verilən bu təmir işi, beləliklə, yenidən başlamış və zamanı gələndə də yekunlaşmışdı.[4]

Əhdə vəfa

O (s.ə.s.), Cəbraili-Əminlə tanışlıqdan əvvəl elə bir ömür yaşamışdı ki, zamanın müəyyən bir anını Onunla birlikdə olmaq şərəfinə çatan insanlar insanlığa aid hər cür fəziləti ilk dəfə məhz Onunla tanıyacaq və bunları unudulmaz bir xatirə kimi yaddaşlarına həkk edəcəkdilər.

Allah Rəsulu Abdullah ibn Əbu Hamsa adlı gənclə alış-veriş etmiş və Abdullah Ona borclu qalmışdı. Borcun nə vaxt və harada qaytarılmasını da razılaşmış və sağollaşmışdılar. Vaxt-vədə çatanda Allah Rəsulu (s.ə.s.) görüşəcəkləri yerə gəlib onu gözləməyə başlayır. Məhəmmədül-Əmin axşama kimi həmin yerdə gözləyir, amma Abdullah verdiyi sözü unutduğuna görə deyilən yerə gəlmir. Rəsulullah ikinci gün də gözləyir. Ancaq Abdullah yenə görünmür. Üçüncü gün Məhəmmədül-Əminlə danışdıqları yer Abdullahın yadına düşür və həyəcan içində qaça-qaça həmin yerə yetişir. Abdullah Rəsulullah kimi bir insana verdiyi vədi yerinə yetirməmişdi,  xəcalət hissi bütün vücudunu bürümüşdü.

Danışdıqları yerə gəlib çatanda güman etdiyi kimi, İnsanlığın Əmini orada gözləyirdi. Üzünü gənc Abdullahın gələcəyi yola çevirmiş və “Bəlkə, bir az sonra gələr” deyə orada üç gün gözləmişdi. Gənc Abdullahın təlaşla yanına gəldiyini görəndə sevinir. Ancaq tarixə həkk olunacaq bu sözləri deməkdən də özünü saxlaya bilmir:

− Ey gənc! Məni çətin vəziyyətdə qoyub yaxşıca əziyyət verdin. Mən üç gündür ki, burada səni gözləyirəm.[5]



[1]. İbn Sa’d, Tabakat, 1/145

[2]. İbn Sa’d, Tabakat, 1/146; Taberi, Tarih, 2/200

[3]. Peyğəmbərimizin həyatında bazar ertəsinin xüsusi bır yeri var idi. Bir bazar ertəsi günü dünyanı şərəfləndirdiyı kimi, Hirada ilk vəhy də məhz həftənin bu günü nazil olmuşdu. Mədinəyə hicrət etməyə başladığı və çatdığı gün də bazar ertəsi idi. Uca dostluğu seçib dünyaya “Əlvida” dediyi gün də yenə bazar ertəsinə düşürdü. Bax: Süheyli, Ravdü’l-Ünf, 1/129

[4]. Bax: İbn Sa’d, Tabakat, 1/146; Taberi, Tarih, 2/201; Süheyli, Ravdü’l-Ünf, 1/129; Belazuri, Ensab, 1/99

[5]. Ebu Davud, Sünen, 4/299 (4996). Abdullah ibn Əbi Hamsa çox  sonralar müsəlman olanda Məkkə dövrü ilə bağlı bu hadisəni şirin bir xatirə kimi danışacaq və bununla da tarixə çox mühüm bir hadisəni həkk edəcəkdi.




Şərh yaz