4. 413 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Təfəül və təşəüm nədir? Bunlara inanmaq doğrudurmu?

Cavab: Təfəül bəzi hadisələri uğurlu saymaq, onları xeyrin başlanğıcı olaraq görmək və hadisələri yaxşıya yozmaq deməkdir. Təfəülün ziddi olan təşəüm isə bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq mənalarına gəlir.

Cahiliyyə dövründə “təşəüm” çox yayılmışdı. O dövrün insanları hər şeyin bir uğursuzluq əlamətinin olduğunu düşünür və çox vaxt hadisələrdən aldıqları işarələrə görə etdikləri və edəcəkləri işlərə davam edir, ya da onlardan vaz keçirdilər. Məsələn, evin damına bayquş qonub ulamağa başlasa, başlarına böyük bəlanın gəlməsindən qorxardılar. Quş adlarından, cinslərindən və ya müəyyən istiqamətə uçmalarından bəzi mənalar çıxarırdılar. Əsasən də qəsdən uçurduqları bir quş sağa uçsa, xeyrə, sola uçsa, şərə yozardılar. Ceyran kimi ov heyvanlarının sağ tərəfdən sola keçib gedənlərinin uğursuzluğa, sol tərəfdən sağa keçib gedənlərinin isə uğura səbəb olduğuna inanırdılar. Fala üstünlük verir, bütün işlərini buna görə müəyyən edirdilər. O qədər uğursuzluq əlaməti icad etmişdilər ki, qarabasmalarla oturub duran bir qorxu cəmiyyətinə dönmüşdülər. Çoxu ruhi böhrana düçar olmuş və daxili aləmlərinin mahiyyətləri dəyişmişdi. Sanki eşitdikləri hər səs, gördükləri hər əşya və şahid olduqları hər hadisə onlar üçün bir vahimə mənbəyi idi. Uğursuzluq məfhumu ümumi dünyagörüşün təməl əsasını təşkil edirdi.

Belə qaranlıq bir əsri işıqlandıran Rəsulullah (s.ə.s) əşya və hadisələri uğursuz saymağı, bu və ya digər şeydə bədlik əlaməti görməyi batil saymış, hətta “təşəümün” bəzi hallarda şirkə qədər gedə biləcəyini vildirmişdi. Lakin “təfəülü” tamamilə qadağan etməmiş, onu düzgün dəyərləndirmək lazım olduğunu bildirməklə kifayətlənmişdir.

Rəsulullah (s.ə.s) bir hədisində: “İslamda “təşəüm” yoxdur, ən xeyirli yozum “təfəüldür”” – buyurmuşdu. Məclisində iştirak edənlərdən biri də: “Ya Rəsulallah, təfəül nədir?” – deyə soruşanda, Rəsuli-Əkrəm (s.ə.s): “(Hadisələri yozmaqla əlaqəli olan) gözəl sözdür” şəklində sualı cavablandırmışdı.(Buxari, Tibb 19; Müslim, Salam 102)

Allah Rəsulunun (s.ə.s.) Hüdeybiyə müqaviləsində Suheyl ibn Amrın adını xeyrə yozması təfəülün ən gözəl nümunəsi olaraq diqqəti çəkir. Müqavilə üçün Qureyşin göndərdiyi heyətin başında Suheyl ibn Amrın olduğunu öyrənəndə Rəsuli-Əkrəm (s.ə.s.) asanlıq, mülayimlik və yumşaqlıq mənasına gələn “Suheyl” adı ilə təfəül edərək “Artıq işimiz asanlaşdı” demişdi.

Peyğəmbərimiz (s.ə.s) təfəül etməkdən xoşlanardı. İnsanların gözəl ad daşımalarını arzulayar, eşitdiyi bu adlardan mənalar çıxarar və hər kəsin adının gözəl yozuma açıq olmasını istəyərdi. Buna görə də Rəsulullah (s.ə.s.) bəzilərinin adlarını dəyişdirmiş, onları əvvəlkindən daha gözəl və daha mənalı isimlərlə çağırmışdı. Ğurab (qarğa), Hərb (savaş), Asi, Şeytan, Atalə (şiddət, kobudluq), Şihab (qığılcım, alov parçası) adlarını dəyişdirmiş, məsələn, Şihabı Hişam (təvazökar, ədəbli), Hərbi Silm (sülh), Muzdacini (yatıb qalan) Münbaislə (durub qaçan) dəyişmişdi. Asiyə (isyankar, itaətsiz qadın) adından xoşu gəlməmiş, onu Cəmilə (gözəl əxlaqlı, gözəl qadın) ilə əvəz etmişdi. Bununla da kifayətlənməmiş, Afirə (şoranlıq yer) adlı bir ərazini Hadirə (yaşıllıq) və “Şibi-Dəlalət” (sapıqlıq keçidi/sahəsi) adlanan yeri də “Şibi-Xuda” deyə adlandırmışdı. Peyğəmbərimiz (s.ə.s.) daha bir çox insan və yer adlarını daha gözəlləri ilə dəyişdirmişdi.

Kainatda təsadüf yoxdur amma…

Bu gün də bəziləri müəyyən rəqəmləri, həftənin bəzi günlərini, qara pişik, qarğa və yarasa kimi heyvanları uğursuz sayırlar. Məsələn, bir evin damında və ya eyvanında qarğa qarıldasa, o evdəkilərdən birinin öləcəyinə və ya orada böyük bir fəlakətin olacağına inanırlar.

Əslində kainatda cərəyan edən heç bir hadisə mənasız deyil. Hər əşya və hadisə özünəxas dillə Yaradanından xəbər verir. Yerə düşüb sınan stəkanın və dağılan çaydanın belə özünəxas bir mənası var. Həyatını tövhid dəlillərinə həsr etmiş böyük İslam alimlərindən biri öz əsərlərində bu məsələni xüsusi vurğulamışdır. Dəmir sobanın səbəbsiz partlayıb parçalanması və su qabının qeyri-adi şəkildə qırılıb çox xırda hissələrə ayrılmasından danışaraq belə hadisələrin ehtiyat və təmkinliliyə dəvət mənasına gəldiyini bildirmişdi.

Bəli, hər şeyi ölçülüb-biçilməklə yaradılan və fəaliyyəti davam etdirilən bu kainatda təsadüfə qətiyyən yer yoxdur. İnsanın ayağına batan bir tikan belə təsadüfi deyil. Əhli-zəlalət bəzi məsələlərə təsadüf deyib keçsə də, hər şey Allahın istəyi və qüdrəti ilə, bir İlahi plan daxilində ərsəyə gəlir. Mülkün sahibi Odur, mülkün bütün işlərində də Onun qüdrət əli var. Buna görə də, İslam uğursuzluq fikrini rədd edir. İnancımıza görə, nə bəzi rəqəm və müəyyən günlər, nə də bəzi heyvanlar uğursuzdur. Bunu da qeyd etməliyəm ki, hadisələrin mahiyyətini anlayanlar üçün hər hadisənin bir mənası var.

Xülasə

“Təfəül” bəzi hadisələri uğurlu sayıb onları xeyrə yozmaqdır. Təfəülün ziddi olan “təşəüm” isə bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq mənalarına gəlir.

Kainatda heç bir hadisə mənasız, boş yerə cərəyan etmir. Hər əşya və hadisə öz dili ilə Yaradanından xəbər verir. Yerə düşüb sınan stəkanın və dağılan çaydanın belə özünəməxus mənası var.

Buna diqqət etmək lazımdır: baş verən hadisələri pis mənaya yozub çıxılmaz vəziyyətə düşmədən ayıq-sayıq, təmkinli olmaq və özünü düzəltmək.

Bizim axtardığımız öz qaynaqlarımızdadır…

Məncə, ailə ilə bağlı prinsip və qaydalarımız olmalıdır. Bu prinsip və qaydalar uşağın yaşına və xarakterinə uyğun və müəyyən üslub çərçivəsində tətbiq edilməlidir.

Məsələn, müəyyən yaşa qədər uşaq şüuraltı təmsillə qidalanmalı, ana-ata fəzilətə aid nə varsa, halı ilə (təmsillə) ortaya qoyub övladlarına göstərməlidir. Sonrakı illərdə yenə də uşağın yaşını nəzərə alaraq təbliğ və irşad etməlidir, cəza və mükafat əsaslarından yararlanmalı, yeri gələndə, şirin dillə və yumşaq üslubla tənbeh etməli, qəlbini qırmadan “Elə deyil, belə et!” və s. kimi xəbərdarlıq etməlidir. Lazım gələndə, bəzi mövzularda daha ağır xəbərdarlıqlara da baş vurmaq, “Allaha hesab verəcəksən!” demək olar. Yaşı artdıqca Haqq Təalanın əzabından da bəhs etmək olar.

Bəli, uşaqların qidalanmasında süddən uşaq yeməklərinə, tədricən də bərk qidalara qədər müəyyən üsul və metoda əməl edildiyi kimi, uşağın mənən qidalanması və yaxşı yetişməsi üçün də buna bənzər metoda baş vurulmalı, hər yaşa uyğun qaydalara riayət edilməlidir. Hər şeydən öncə, pedaqoq, psixoloq və müəllimlərimiz Kitab və Sünnəni “sağmalı” və onlardan süzülən məna sayəsində tərbiyə prinsiplərimizi müəyyənləşdirib bəzi rəhbər kitablar yazılmalıdır.

Ola bilsin ki, uşaq tərbiyəsinə dair bir çox araşdırılma aparılmışdır. Amma hələ ki dəyərlərimizə söykənən təhsil sistemini ortaya qoya bilməmişik. Təəssüf ki, nəsillərin tərbiyəsi hələ də adət-ənənələrin ümidinə qalıb, hər kəs öz bildiyi kimi hərəkət edir. Daha dəhşətlisi isə hazırkı tərbiyə sistemimizin də Qərb anlayışı əsasında qurulmasıdır.

Halbuki bu gün biz öz təməl qaynaqlarımıza üz tutub onları zəmanənin idrakına uyğun sistemləşdirməli, hər kəsin istifadəsinə təqdim etməliyik, – bu, bir zərurətdir. Bataqlıqda gül axtarmaq əvəzinə, öz dəyərlərimizə üz tutub öz gülşənimizə abi-həyat gətirməli və orada al-əlvan güllər yetişdirməliyik.

Heç olmasa bircə dəfə yoxlayın; səmimi niyyət və düzgün baxış tərzi ilə dəyərlərinizə yönəlsəniz, əliboş qayıtmadığınızı, könlünüzün hüzura qovuşduğunu özünüz də görəcəksiniz… Əmin olun, Quran hər yönəlişdə sizə də fərqli həqiqətlər pıçıldayacaq. İlahi Kəlam elə səxavətlidir ki, dilənçitək qapısında əl açsanız, sizi ərməğansız qaytarmaz.




Bənzər məqalələr

Nəyinsə uğursuzluğuna inanmaq doğrudur?

Sual: Uğursuzluğa inanmaq doğrudurmu? Bayquş uğursuzluq simvolu sayıla bilərmi? Rəsulullah (s.ə.s) bir hədisində “İslamda “təşəüm” (bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq) yoxdur…” – buyurmuşdur.


Şərh yaz