- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İnanmayan şəxsə nəyi və necə söyləməli?

Zənnimcə sualı cavablandırmadan əvvəl bəzi xüsuslara toxunsaq daha yaxşı olar. Əvvəlcə inancsızlığın hansı növlərinin olduğuna nəzər salaq. İnancsızlığı şəxsin xüsusi qənaəti, iman qarşısındakı davranışları, iman əsaslarının hər birinə və ya bir neçəsinə inanmamaq kimi növlərə ayrımaq olar.

İman əsaslarını bilməyən (bundan bixəbər olan) şəxs, bunları qəbul etməyənlə eyni ola bilməz. Həmçinin bilməyən şəxslə, bunu tamamilə inkar və rədd edən şəxs eyni deyil.

Bunu aşağıdakı kimi ətraflı izah edə bilərik:

Birincisi inanılması gərəkən şeylərin varlığını düşünmədən, sırf düşüncəsizlik və diqqətsizlikdən doğan inancsızlıqdır ki, bu əksəriyyət etibarilə  arzu və istəklərinin əsiri olanların mühakimə qabiliyyətindən məhrum olanların işidir. Belələrinə iman haqqında nəyisə izah eləmək olduqca çətin, bəlkə də qeyri-mümkündür. Belə şəxslər cəmiyyətin təsirində qalar, başqalarının düşüncəsilə hərəkət edərlər.

İkincisi, iman əsaslarını qəbul etməyənlərdir. Belə şəxslər istənilən halda hansı mövqədə olmağından asılı olmayaraq münkir və mülhiddirlər.[1]

Üçüncüsü isə, iman əsaslarını inkar edənlərdir. Əfsuslar olsun ki, son iki qrupa daxil olanların sayı artmaqda davam edir.

İkinci və üçüncü kateqoriyaya adi olanlar bundan əlavə, hər şeyi maddəyə bağlayan, heç bir metafizik hadisəyə (gözlə görülməyənlərə) inanmayanlar və bəzi metafizik, parapsixoloji hadisələrə inananlar, deyə iki yerə ayırmaq mümkündür.

Dövrümüzdə inancsızlıq, azğınlaşan insanın ən bariz xüsusiyyətlərindən, həmçinin müasir gənclərin ideoloji böhrana düşmə səbəblərindən biridir.

İnancsızlıq fəlakət və anarxiyanın əsas səbəblərindəndir. Deyə bilərik ki, insanlıq ən çətin dövrünü imandan uzaq olduğu dövrələrdə yaşamışdır. “Renessans” rəhbərləri, Fransa inqilabını başladanlar, bəşəriyyətdə inancsızlığı təmsil etməyə və onu yaymağa çalışdılar. Sonralar bir qrup rus kəndlisi, onların inancsızlıq haqqındakı düşüncələrini “din” adlandırmağa başladı. Məhz həmin düşüncələr bu gün dünyanın dörd tərəfində alovlandırılan fitnənin (inancsızlığın, inkarın) kibritinə çevirdi.

Bu gün çılğınlıq fəlsəfəsinə çevrilən mülhidlik probleminin həllində ən böyük məsuliyyət qənaətimizcə sosioloq və iqtisadçılardan daha çox psixiatrların üzərinə düşür. Bəli, psixiatriya kitablarındakı dəli tipləri ilə, günümüzdəki inancsız nəslin vəziyyətini müqayisə etdikdə, fikrimizin nə qədər doğru olduğunu görə bilərik.

 Bunun mövzumuz və soruşulan sualla heç bir əlaqəsi yoxdur. Ancaq, yuxarıda yazılanlarla inancsızlığın nə olduğuna qısaca nəzər salmış, onun da özünə görə dərəcələri olduğunu göstərmiş olduq. İnanmayan hər insana, hər deyilən sözün dərman ola bilməyəcəyinə, müxtəlif formalarda olan mülhidliyin fərqli şəkillərdə dəyərləndirilməsi lazım gəldiyinə və hər münkirin (inkar edənin) vəziyyətinə görə irşad edilməsinə nəzər salaq.

Mülhidlikdə fərqliliklər olduğu kimi, təbliğ və irşad fəaliyyətində də müxtəlif üsul və metodlara müraciət edilməlidir ki, bu daha yaxşıdır. Daha gözəl təbliğ etmək üçün  həmsöhbətin, yuxarıda sadalananlardan hansına aid olduğunu əvvəlcədən təyin etmək lazımdır. Bununla da siz həmsöhbətinizə nəyi, necə və hansı üslubla izah edəcəyinizi müəyyənləşdirmiş olarsınız. Biz burda lazım gördüyümüz bəzi xüsusları sıralamaq istəyirik:

1) Həmsöhbətin inkarının necəliyini yəni iman əsaslarının hamısını yoxsa bəzilərini inkar etdiyini bilmək (dəqiqləşdirmək) lazımdır. Bununla nəyin danışılacağını, hansı mövzulara ehtiyac olduğunu da müəyyənləşdirmiş olarıq. Həmsöhbətimizi müəyyənləşdirməklə kor-koranə düşünən və ya danışılanları dinləməyəcək şəxslərlə də boş yerə vaxt keçirməkdən uzaq olarıq.

2) Həmsöhbətin mədəni, sosial-ictimai, intellektual səviyyəsini bilmək və onun anlaya biləcəyi dildə danışmaq da əhəmiyyətli xüsuslardandır.

Mədəni və intüllektual səviyyəsi olduqca yüksək olan şəxsə, daha az məlumatı olan birinin nəyisə izah etməyə çalışması, həmin insanın sərt reaksiyasına gətirib-çıxarar. Xüsusilə indiki dövrdə bəzi özündənrazı, nəyisə bildiyini zənn edən insanlara nəyisə izah etmək olduqca çətinləşib. Belələri ilə mədəni səviyyəsi onlarla eyni olan şəxslər həmsöhbət olmalı, onlara birbaşa xitab etmədən, ehtiyac olan şeyləri izah etməlidir ki, məqsəd hasil olsun.

Həmsöhbətin anlaya biləcəyi dildən istifadə çox əhəmiyyətlidir. İndiki dövrdə, düşüncədəki nöqsanlar dilimizə elə təsir edib ki, eyni sərhədlər daxilində yaşayan nəsillərin, eyni dili istifadə etdiklərini iddia etmək sanki qeyri-mümkün olub. Üstəlik müxtəlif ideologiyalara qulluq edən qrupların özlərinə aid kitab, qəzet və məcmuələri olduğundan, dövrümüzün gənc nəsli özünə qapanıqlıqdan xilas ola bilmir. Ayrı-ayrı terminologiya və metodologiyalar nəsillər arasında aşılmaz uçurumlar meydana gətirməkdədir.

Beləliklə, hər hansı bir şəxsə nəyisə izah etmək üçün onun başa düşəcəyi formada danışmaq, onun aşina olduğu sözlərdən istifadə etmək lazımdır. Əks halda dialoq bir-birini tanımayan iki əcnəbi arasında baş verən mübahisəyə bənzəyəcək ki, bunun da heç kim üçün faydalı olmayacağı qənaətindəyəm. Məqsədə işıq tutan terminlərin və düşüncənin mütləq mənada aydın olmasına xüsusi diqqət yetirilməlidir.

3) İzah edəcəyimiz şeyləri əvvəlcədən çox yaxşı bilmək, hətta danışacağımız mövzularda ortaya çıxa biləcək suallara qaneedici mahiyyətdə cavablar hazırlamaq şərtdir. Əksinə, kiçik və ya əhəmiyyətsiz bir səhv hər şeyi alt-üst edə bilər.

Bizim məlumatsızlığımızdan həmsöhbətimizə düzgün çatdıra bilmədiyimiz solğun görünən uca həqiqətlər, onun nəzərində kiçilər və öz dəyərini itirər. Daha sonra başqaları ilə bir araya gələndə həmin həqiqət haqqında daha dolğun fikirlərlə də qarşılaşsa da belə söhbətlərdən uzaqlaşar.

Belə bir vəziyyətə səbəb olan isə, nə qədər də xoş niyyətli olsa da, onun səhvi böyükdür. Dövrümüzdə heç nə bilməyən bəzi “mürşidlərə” görə, bir çox gənclərimiz uçuruma yuvarlanır. Keçmişdə “yarımçıq molla insanı dindən, yarımçıq həkim də canından edər” deyərdilər. Əslində, bilməyən və ya bildiyini zənn edən “mürşidin” zərəri, yarımçıq həkimdən daha böyükdür. Çünki həkimin məlumatsızlığı və ya səhvi, maddi həyatı təhdid etdiyi halda, mürşidinki əbədi həyatın məhvinə səbəb olur.

4) Haqq və həqiqətləri çatdırarkən mübahisədən uzaq durmaq lazımdır. Şəxsi eqoizmə təhrik edən bu üsul nəticəsizdir. Söhbət zamanı həmsöhbətin razılığı və onun məmnuniyyəti nəzərə alınmalıdır. Əgər söhbət zamanı hər hansı bir münaqişə yaranarsa və sən həmsöhbətini susdurmağa çalışarsansa, bu təqdirdə heç bir nəticə əldə edə bilməzsən. Üstəlik belə bir münaqişə zəmininin olacağı əvvəlcədən bilinirsə və ora hazırlıqlı gedilirsə, onlar qarşılıqlı söhbət üçün yox, sanki bir rəqib kimi dalaşmaq üçün gedirlər.  Qalxarkən də, qəlblər qırılmış, izahını gözləyən suallar isə cavabsız qalmış və tərəflər heç bir nəticəyə varmadan ayrılmış olarlar. Sonrası isə artıq məlumdur. Rəqibini məğlub etmək üçün dostlarına müraciət etmək, kitablardan araşdırmaq və min bir yola baş vurmaq. Əgər arada mübahisə olsa həmsöhbətiniz sizin ona izah etməyə çalışdığınız sualların cavablarını özünə sərf edən şəkildə tapmağa çalışacaq. Bu isə, onu inancsızlıqda bir pillə irəli aparacaq. İrşad edənin təbliğ etmək istədiyi şeyin əksinə gətirib çıxaracaq.  

5) Haqq və həqiqətləri izah edərkən həmsöhbətə qarşı səmimi olmaq lazımdır. Bütün cümlələr səmimiyyət və sevgiylə başlayıb, eyni şəkildə sona çatmalıdır. Qarşımızdakına və ya onun düşüncələrinə qarşı hər hansı kobud rəftarımız, izah edəcəyimiz şeylərin təsirini tamamilə qıra və ya həmsöhbəti küsdürə bilər.

Mürşid, xəstəsini sağaltmaq üçün əlindən gələni edən peşəkar bir həkim kimi, ona əyilən, onu dinləyən və onun mənəvi iztirablarını vicdanında yaşayan, gerçək bir həvari və həqiqət əridir. Səs və sözlər bu anlayış içində musiqiləşərək, xoş zümzümə ilə qarşıdakının könülünə axmağa başlayarsa Allahın iznilə onun qəlbini fəth edəcəyimizdən əmin ola bilərik.

Hətta həmsöhbətimizin jest və mimikalarına da diqqət etməyə çalışmalıyıq. Onu bezdirən, usandıran hərəkətləri etməməliyik.

Unutmamalıyıq ki, həmsöhbətimiz yanımızdan ayrılarkən, səmimi rəftarımızı, təbəssüm edən baxışlarımızı və davranış dilimizdən süzülən ixlas və inancımızı götürüb aparacaq və heç bir zaman unutmayacaq. Çünki davranış, hal və hərəkət sözlərdən daha güclü təsirə malikdir.

6) Həmsöhbətin düşüncəsindəki xətalar, danışığındakı səhvlər onun xətrinə dəyməmək, küsdürməmək şərtilə deyilməlidir. Birbaşa tənqid edilməməlidir. Başqalarının yanında onu hörmətdən salacaq sözlər əsla söylənməməlidir. Məqsədimiz ona nə isə öyərtməkdirsə, lazım gələrsə bu yolda öz qürurumuz tapdalanmalıdır. Qarşımızdakının xətrinə dəyərək ona haqq və həqiqətdən danışmaq, nəyisə qəbul elətdirmək qətiyyən mümkün deyil.

7) Bəzən inanmayan bir insanı əqidəsi möhkəm, mənəviyyatı zəngin insanlarla tanış etmək, min nəsihətdən daha təsirli olur. Ancaq bu hər inanmayan insan üçün keçərli deyil. Beləliklə irşad edən həmsöhbətini bir az da olsa tanıyıb ona görə bir metod seçməli və bunu tətbiq etməlidir.

8) Həqiqətlərdən xəbərdar etməyə çalışdığımız insanlar, davranışlarında qeyri-ciddi mənəviyyatdan uzaq şəxslərlə əsla görüşdürülməməlidir. Məlumatlı olduğu halda ibadətdən məhrum, duyğu və düşüncələri qarmaqarışıq kəslərlə tanış olub ünsiyyət qurmasına qətiyyən yol verilməməlidir.

9) Söhbət zamanı arada həmsöhbətimizi dinləməyə, fikirlərini öyrənməyə çalışmalıyıq.  Onun da bir şəxsiyyət olduğunu düşünərək fikirlərini səbrlə dinləməliyik. Ancaq unutmamalıyıq ki, batil fikirləri dinləmək insanın ruhunu zədələyir və pak düşüncələrini məhv edir. Ancaq, belə əzablara dözməklə bir könül qazanılacaqsa, dişimizi sıxıb buna səbir etməliyik. Yoxsa ona fikir söyləmək, danışmaq haqqı vermədən yalnız özümüz danışmağa çalışsaq bunun həmsöhbətə heç bir təsiri olmayacaq. Vay halına, ancaq özü danışan başqalarını dinləmək nəzakətindən məhrum olanların!

10) Haqq və həqiqətləri izah edərkən, bunu edən şəxsin tək (yeni) olmadığını ta qədimdən bir çox insanın eyni həqiqətləri düşündüyünü bildirmək də faydalıdır. Hətta dövrümüzdə bir çox mütəfəkkirin möhkəm inanc sahibi olduğunu da mütləq vurğulamaq lazımdır. İzah təkcə sözlərlə yox, həm də misallarla, nümunələrlə olmalıdır.

11) Bu qaydalara riayət etməklə, əvvəlcə Kəlimeyi-tövhidi izah etməyə çalışmalıyıq. Həmsöhbətimiz həmin mövzulardan xəbərdardırsa və ya bu mövzulara qane olandan sonra digər mövzulara keçə bilərik.

 Qəlbində iman hissləri yer edib möhkəmlənmədikcə, inkar edən şəxsin tənqid edə biləcəyi mövzular üsuluna uyğun izah edilməlidir.

Nəticə olaraq deyə bilərik ki, haqq və həqiqəti bilməyən şəxsin vəziyyətini təsbit etdikdən sonra, birinci dərəcədə izah edilməsi lazımlı olan şeylər iman əsasları olmalıdır. Bunlarla onun qəlbində iman hissi möhkəmlənmiş və digər mövzuların izahı üçün əlverişli şərait təmin edilmiş olar. Riayət etməli olduğumuz qayda bu olmalıdır: “ata ət, aslana ot” verməməliyik ki, bu, həmsöhbətə mənfi təsir etməsin.

[1] Mülhid – Allaha, dinə inanmayan; dinsiz, imansız, kafir mənalarındadır.