- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İman və əməl

Əməl nədir? Əməl nəzəri olan imanın həyata tətbiq edilməsi, yəni əməli şəkildə ortaya qoyulmasıdır. Bu cəhətdən əməli şəkildə ortaya qoyulan əsaslar nəzəri imanı qüvvətləndirir. Nəticə etibarilə, əməldə əksini tapmayan, praktik cəhətdən özünü göstərməyən həyatın sabitqədəm olması və ziqzaq çəkməməsi müşküldür. İnsanın qəlbin sonsuz üfüqlərinə yön alıb həqiqi imana doğru pərvazlanması ancaq imanla əməlin vəhdətindən asılıdır. Buna görə də insan imanı çərçivəsində yaşamalı və əməli ilə inancını tamamlamalıdır.

Ancaq bu, o demək deyil ki, əməl imanın bir parçasıdır. Çünki əməl imanın bir parçası, mütləq ünsürü deyildir. Ona görə də bütün dini əsasları qəlbən mənimsəmiş, lakin müxtəlif səbəblərdən dinin əmrlərini yerinə yetirməyən və ya qadağalarına riayət etməyən bir insan işlədiyi günahları halal görmədikcə mömin sayılır. 

Bununla belə Qurani-Kərimin bir çox ayələrində imanla saleh əməl birlikdə götürülmüş, möminlərin saleh əməllərlə maddi-mənəvi tərəqqisi israrla vurğulanmışdır[1]. İmanı bir fənərə bənzətsək, fənərin özü əməl, içindəki işıq isə imandır. Qəlb fənərində iman işığının daima yanması və getdikcə güclənməsi saleh əməllərlə mümkündür. Peyğəmbərimiz bir hədisi-şərifində qəlb barəsində belə buyurur: “Hər an dəyişdiyi üçün ona qəlb deyilmişdir. Qəlb bir ağacın başından asılmış quş lələyinə bənzəyir. Külək daima onun içini çölünə çevirir”[2]. Buradan da göründüyü kimi imanlı bir qəlbin daima doğru yolda olması saleh əməllər işləməkdən asılıdır.

[1]Bəqərə, 2/277; Yunus, 10/9, Hud, 11/23.

[2]Əhməd ibn Hənbəl, Müsnəd, IV, 408.