Mənəviyyata Açılan Pəncərə

İlahi kitablar səadətin mənbəyidir

Kainat kitabını yazan, kainat kitabı ilə insan arasında əlaqə quran və insanı bu böyük kitabın föhristi edən Allahdır. Elə isə kainatın məna və mahiyyətini bilən də Odur. İnsanın meyillərini, daxili dünyasını, cisim və ruhunu yalnız O izah edir. Çünki kainat kainatullah, insan abdullah və bunları açıqlayan Quran da kəlamullahdır. Dolayısilə, bunların arasındakı əlaqəni ən yaxşı bilən elə bu əlaqəni quranın özüdür – Allahdır. Bu mövzuda söz deməyə də yalnız O, layiqdir. Onun elmi bütün əşyaları ehtiva etmişdir. O, izin vermədikcə insan heç bir şey bilə bilməz.

Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər[1] ayəsi bizə bu məqamı xəbər verir. Bütün bəşəriyyətin elmi Allah-Təalanın elmi ilə müqayisədə bir quşun dimdiyində okean suyundan qalan nəm qədər də deyil. Bəşəriyyətin “bildiklərinin” hamısı bu qədər kiçikdir. O, nə söyləyirsə, nə irəli sürürsə, bu kiçicik elm dağarcığından söyləyir. Halbuki hələ okean qədər elmdən bixəbərdir. Buna baxmayaraq, insan özünü bilən kimi göstərir, alim sanır. Bu da onun qatı cahilliyindəndir. Bu cəhalət qaranlığında yatan bir insanın özü haqqında verdiyi/verəcəyi hökmlər də əsassızdır. Halbuki ilahi hökm və əmrlər mütləq həqiqətə söykənir, zərrə qədər yanılmır.

Sözümüzün canı budur ki, insan nə vaxt işlərini Allah-Təalaya və Onun möcüzəvi kitabına həvalə edəcək, məhz o zaman maddi, mənəvi, fərdi, sosial sıxıntılardan və ailə problemlərindən, xaosdan və dağınıqlıqdan qurtulacaq, həqiqi rahatlıq, firavanlıq və səadətin havasını ciyərlərinə çəkəcək. Əks təqdirdə, dərbədər həyat, sərgərdan ömür onun dəyişməz taleyinə çevriləcək. Haqq-Təala əngin rəh­mətinin bir əsəri olaraq göndərdiyi kitablar vasitəsilə bə­şəriyyəti bu cürə qorxunc aqibətdən xilas etmişdir. Bu, insanın xeyri üçün zəruridir və ona etinasız qalmaq olmaz. Bu zərurət Quranla daha köklü və dərin anlam qazanmışdır. Çünki o, kamil insana göndərilən kamil kitabdır[2].


[1] “Bəqərə” surəsi, 2/255.

[2] “Zaman” qəzeti, Akademiya səhifəsi, səh. 150-155.

 

Exit mobile version