Aylıq namaz vaxtları
1. 262 dəfə oxunub ,   0 şərh   Çap et


عَنْ ابْنِ عبَّاسٍ قاَلَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ يَقُولَ:

عَيْنَانِ لاَ تَمَسُّهُمَا النَّارُ عَيْنٌ بَكَتْ مِنْ خَشْيَةِ اللَّهِ وَ عَيْنٌ بَاتَتْ تَحْرُسُ فِي سَبِيلِ اللَّهِ

“İki göz vardır ki, cəhənnəm odu görməz: Allah qorxusundan ağlayan göz və bir də hərb meydanları və cəbhələrdə keşik çəkən əsgərin gözü.” (Tirmizi,Fezailul-cihad, 12)

 Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu hədisində iki məsələni bir yerdə zikr edir. Sərhəd boyunca və ya hərb meydanlarında ən təhlükəli anlarda yatmayıb keşik çə­kən insanın cihadı maddi cihaddır. Bu cihadı edən insanın gözü cəhən­nəm odunu görməyəcəkdir. Bir də mənəvi və böyük cihadı yerinə yetirən göz vardır ki, o da Allah qorxusundan ağlayan gözdür. Bəli, bu hər iki göz cəhənnəm və onun əzabını görməyəcək.

Yaydan çıxan oxun yenidən geriyə dönməsi necə qey­ri-müm­­kün­dürsə, Allah qorxusundan ağlayan gözün cəhən­nəmə girməsi də­ o qədər mümkünsüzdür. Allah yolunda üst-başı toz-torpağa batan bir insanın vəziyyəti də bundan fərqlənmir. Çünki Rəsulullahın (s.ə.s.) bu toz və torpağın cəhənnəm odu ilə əsla bir araya gəlməyəcəyi, bir yerdə olmayacağı ilə bağlı bir çox bəyanları vardır.

Allah qorxusu ilə ürpərib ağlayan göz, düşmənin hücum edəcəyi yerlərin keşiyini çəkən, köksünü vətənini qorumaq üçün sipər edən, müəssisələr quran, yaşatma zövqü ilə yaşamaq həzzindən uzaq qalan insanların gözü cəhənnəm odunu görməyəcək. Bu baxımdan da cihadı insanlara nə isə “təbliğ etmək”dən ibarət bilənlər əgər təbliğ etdiklərini layiqincə yaşamırlarsa, demək ki, onlar sadəcə vaxtlarını öldürür və öz-özlərini aldadırlar. Nəfsinə hakim ola, qəlbindəki riyakarlıq hissini məğlub edə, təkəbbürünü qıra bilməyən, başqalarına iş buyurmağı və nümayişkaranəlik etməyi çiyinlərindən silkələyib ata bilməyən insanların kənar müdaxilələri narahatlığa səbəb olmaqdan və hay-küy qoparmaqdan başqa bir şey deyildir. Digər tərəfdən məsələyə ancaq mənəvi cihad şəklində yanaşaraq “Öz nəfsimə qalib gəlmədən başqaları ilə məşğul olmağım düzgün olmaz” deyib bir küncə çəkilənlər, çəkilib öz mənəvi dərəcələrini yüksəltməyi hər şeydən üstün tutanlar və cəmiyyətdəki çatışmazlıqları aradan qaldırmağa səy göstərməyənlər isə ən yumşaq ifadə ilə − “İslamı yoqalaşdırmağa” çalışanlardır.

Bu sözügedən insanların bəzilərində belə bir düşüncə hakimdir: “Qoyunu da, keçini də öz ayağından asarlar. Nəfsini xilas edə bilməyən başqasını da qurtara bilməz. Elə isə insan əvvəlcə özünü xilas etməyə çalışmalıdır”. Halbuki belə düşünən kəslər əvvəlcə bir şeyi bilməlidir; insan nəfsini öldürdüyünü, yəni ona qalib gəldiyini zənn etdiyi an özünü ən çıxılmaz girdablara atmış olur. Əslində, kim özünü qurtadığını (xilas olduğunu) iddia edə bilər ki?! Quranda: “Və sənə yəqin (ölüm) gələnədək Rəbinə qulluq et,” (“Hicr” surəsi, 15/99) – buyurulur. Yəni heç kim pərdə çəkilib o biri aləmdən: “Artıq buyur!” – deyilənədək Allaha qulluq məfhumuna daxil olan əməllərin heç birindən uzaq qalmamalıdır. İnsan son nəfəsinəcən qulluq mükəlləfiyyətini daşımalı və yerinə yetirməlidir.

Bu halda dünyadan köçənədək mükəlləfiyyətlər daşıyan bir insanın özünü qurtardığını iddia etməsi necə mümkün ola bilər?! Elə isə insanın nəfsi ilə çarpışması, pis xasiyyətləri ilə əlbəyaxa olması və özünü islah etməyə çalışması ömrünün sonuna qədər davam etməlidir.

Həyatımız xövf və rica, yəni Allah qorxusu, cəhənnəmə düşmə əndişəsi və bağışlanma ümidi ilə yoğrulmalıdır. Nəticədən əmin, arxayın olmaq heç bir möminə yaraşmaz. Eyni şəkildə ümidsizlik də möminə xas xüsusiyyət deyildir. Ancaq möminin tərəzisinin xövf (Allah qorxusu) gözü ağır gəlməlidir. Hətta Hz.Ömər kimi bir insan ömrünün son anlarında aqibəti ilə bağlı narahatlıq keçirirdi. Ancaq İbn Abbasın: “Mən axirət günü sənin yaxşı insan olduğuna şahidlik edərəm,” – deməsi onun əndişəsini bir qədər xəfiflətmişdi. Qurani-Kərimdə: “Şübhəsiz ki, Rəbbinin məqamından, əzəmətindən (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanı iki Cənnət (Ədn və Nəim cənnətləri) gözləyir,” (“Rəhman” surəsi, 55/46) – deyə buyurulmurmu?




Şərh yaz