- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İcazəsiz ərin cibindən pul götürmək

Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi?

Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.

Kişinin icazəsi olmadan qadının onun cibindən pul götürməsi

Evdə zəruri və gözlənilməz hallar üçün xüsusi büdcə olmalıdır. Evə maaş gələndə bir hissəsi ayrılıb bir tərəfə qoyulmalıdır ki, gözlənilməz və ya zəruri bir iş ortaya çıxdığı təqdirdə, onunla həll etmək mümkün olsun. Bu büdcənin xərclərini hər iki tərəf bilməlidir. Əgər kişi bədxərcdirsə qadın onun xəbəri olmadan bir miqdar əlavə pul yığa bilər. Ancaq ailə başçısı kimi ərinə bunu deməsi daha yaxşıdır.

Əri evdə olmadığı təqdirdə qadın evin büdcəsindən hər hansı zəruri ehtiyac üçün pul xərcləyə bilər. Çünki o zəruri işi yerinə yetirmək əslində kişinin borcudur. Əsri-səadətdə baş verən bu hadisə də qadının ərinin icazəsi olmadan ailəsinə pul xərcləyə biləcəyini göstərir. Əbu Süfyanın həyat yoldaşı Hind bir gün Rəsulullahın (s.ə.s) yanına gələrək, ərinə malından özü və uşaqları üçün onun xəbəri olmadan xərcləməyin doğru olub-olmadığını soruşur. Rəsulullah (s.ə.s) belə cavab verir, “Adət üzrə özünə və uşaqlarına kifayət edən miqdar nə qədərdirsə, o qədər götürə bilərsən”. (Buxari, Büyü, 95; Nəsai, Qəda, 31; İbn Macə, Ticarət, 65; Darimi, Nikah, 54). Bu hədisə görə qadın ərinə aid puldan onun icazəsi olmadan sadəcə ehtiyaclarını qarşılamaq üçün götürə bilər. Əgər qadın kişinin cibindən icazəsiz götürdüyü pulu zərurət olmayan şeylərə xəcləyir və üstəlik, kişi bundan narazıdırsa, bu məsələdə qadına bəraət qazandırmaq mümkün deyil. Əgər kişi qadına evdəki büdcədən və ya cibindən pul xərcləmək üçün icazə veribsə qadının icazə almağına ehtiyac yoxdur.

Əri xəsis olan qadın onun icazəsi olmadan ailə büdcəsini zərər verməmək şərtilə infaq edə bilər. Bu savabdan əri ilə ortaq olar. “Qadın evin malından ailə büdcəsinə ziyan dəyməyəcək şəkildə infaq edərsə, hər ikisi – infaq etdiyinə görə qadın, qazanıb gətirdiyi üçün də kişi savab qazanır.” (Buxari, zəkat 26; Müslim, zəkat 80; Əbu Davud, zəkat 44).