- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İblis mələkdir yoxsa cin?

Sual: İblis mələklərdən yoxsa cinlərdəndir? Mələklərdən idisə niyə Allahın əmrinə boyun əymədi?

Cavab: Quranda buyrulur “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.[1]Ayəyə nəzər salanda burdakı xitabın ümumi olduğunu görürük. Misal olaraq biz desək ki, “direktor otağa girəndə hər kəs ayağa qalxdı, müəllimdən başqa”. Bu xitab ümumilik bildirir. İblisin də adının mələklərlə birgə çəkilməsi ümumi mənadadır. Ayənin ikinci hissəsində “O imtina edib təkəbbür göstərdi və kafir oldu” buyrulur. Burdan da aydın olur ki, verilən əmr ümumidir. Lakin verilən cavabın necəliyi İblisin mövqeyini dəyişdirir. “Kafir oldu” ifadəsindən isə, onun kafir olmazdan əvvəl mələklərlə birgə itaət elədiyini və Allaha qarşı gəlmədiyini anlayırıq.

“Əba” kəlməsi ərəb dilində tərəddüd eləmədən düşünərək, öz iradə və ixtiyarı ilə qərar vermək, üz döndərmək, qaşı çıxmaq deməkdir. Burdan da anlayırıq ki, İblis seçimini öz ixtiyarı ilə etmişdir. “İbə” feli “istikbar” (yekəxanalıq etmək, yekəxanalanmaq) felindən əvvəl işlənmişdir. İblisin səcdədən imtina etməyinə səbəb yekəxanalığı, təkəbbür və lovğalığı olduğuna görə “vəstəkbəra” sözü “əbə” sözündən əvvəl olmalı idi. Ancaq öz ixtiyarı ilə seçdiyinə görə sonra işlənmişdir. Bundan əlavə Kəhf surəsinin 50-ci ayəsində “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” buyrulur ki, bu da İblisin cinlərdən olduğunu bildirir.

İblis atəşdən yaradıldığına görə mələklərdən fərqlidir. Necə ki, Əraf surəsinin 12-ci ayəsində buyrulur: “(İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”” Mələklər isə Allahın nurdan yaratdığı varlıqlardır. İblisin nəslinin olması da onun mələklərdən olmadığının sübutlarından biridir. Təbəri öz təfsirində yazır ki, “İblis mələklərdən deyil. Adəm insanlığın atası sayıldığı kimi, İblis də cinlərin atasıdır. Və onlar da insanlar kimi çoxalırlar.” Mələklərin isə belə bir xüsusiyyəti yoxdur. Onlar yeməz, içməz və çoxalmazlar. Odur ki, bunlardan hərəkətlə deyə bilərik ki, İblis mələklər kimi əvvəllər səcdə etsə də, onlardan deyildi. Çünki, mələklərin xüsusiyyətlərini daşımırdı.


[1] Bəqərə 2/34