- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Hidayət nədir?

Hidayət nədir? Rəbbimizin inayət və hidayətinə nə cür, hansı işlərimizlə, əməllərimizlə nail ola bilərik? Hansı hidayət vəsilələri var?

Hidayət “doğru yolda olmaq, haqq yolu tapmaq və ya göstərmək” deməkdir. Dini termin kimi isə hidayət “haqq yol olan İslama girmək və müsəlman olmaq”dır. Buna görə də təzəlikcə müsəlman olanlar haqqında “hidayətə gəldi” deyirlər.

Hidayəti istəyən, diləyən insandır, ona hidayət edən, bir başqa sözlə, qəlbinə iman və İslam nuru verən Allahdır. Bəli, hidayəti də, zəlaləti də yaradan Allahdır, ancaq ikisindən birini seçən insandır. Bu səbəbdən aqibətinə görə insan özü məsuliyyət daşıyır. Elə isə bəndələrin vəzifəsi haqq və həqiqətə aparan yollarını və bu yöndə səbəbləri axtarmaq, ağıl və iradəsini bu istiqamətə yönəltməkdir. Çünki bir imtahan meydanı olan bu dünyada Uca Allah hidayəti müəyyən səbəblərə, vəsilələrə bağlamışdır.

Hidayət vəsilələri axtarmaq

Bu məsələ ilə bağlı çox önəmli bir şeyi yaddan çıxarmaq olmaz. Bir adamın müsəlman olması olduqca mühüm hadisədir və bu nemətin dəyərini maddiyyatla ölçmək mümkün deyil. Ancaq daha da önəmlisi lütf edilən bu müqəddəs əmanəti son nəfəsinə kimi qorumaqdır. Ona görə də hidayəti tapmaqla iş bitmir. Ömrümüzün sonuna qədər, həyatımızın hər anında Rəbbimizin hidayətinə möhtacıq. Bu da öz növbəsində bizdən tələb edir ki, həyatımızın hər anında bizi doğru yola aparan vasitələrdən bərk yapışaq, bizi zəlalətə sürükləyəcək hər şeydən isə uzaq duraq. “Maidə” surəsinin 35-ci ayəsində bu həqiqətdən bəhs olunur:

Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.

Yaxşı, elə isə Rəbbimizin inayət və hidayətinə nə cür, hansı işlərimizlə, əməllərimizlə nail ola bilərik? Hansı hidayət vəsilələri var? Əslində, insanı doğru yola aparan saysız vasitələr mövcuddur, ancaq bunlardan bəziləri digərlərinə nisbətən daha önəmlidir və onları əsla tərk etmək olmaz. Həmin vəsilələr bunlardır:

Allaha qarşı sayğılı olmaq

“Maidə” surəsinin 35-ci ayəsində də buyurulduğu kimi, Allahın haqqına riayət etmək, Allaha ürəkdən inanmaq və yönəlmək, Ona qarşı sayğılı və ədəbli olmağın özü elə ən böyük hidayət vəsiləsidir. Allah nankorluq edənləri, özünə qarşı ədəbsiz davrananları, təkəbbürlənib lovğalananları sevmir. Əslində, bu cür insanlar belə hərəkətləri ilə hidayət qaynağından yavaş-yavaş uzaqlaşırlar. Şeytan təkkəbbürləndiyinə və lovğalandığına görə haqq yolu əbədiyyən itirmiş, Həzrət Adəm isə Allaha olan sayğısı və təvazökarlığı ilə hidayət tapmışdır.

Dilədiyinə hidayət verən Rəbbimizin Uca Bəyanından bir neçə misal çəkək:

Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar”[1].

İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar![2]”

Sonsuz rəhmət sahibi olan Rəbbimiz qullarına bir ananın övladına qarşı duyduğu şəfqətdən minlərlə dəfə daha mərhəmətlidir. Yuxarıdakı ayələrdə də bu həqiqət bəyan olunur. Bəli, Allah-Təala ona səmimi qəlbdən yönələn, sayğı və ehtiram içərisində yalvaran qullarına, inşallah, hidayət yollarını göstərəcəkdir.

Allaha və Rəsuluna itaət və təslimiyyət

İnsan sevdiyinə itaət edir. Bir başqa sözlə, itaət və təslimiyyət sevginin və ehtiramın təzahürüdür. Məsələn, siz ana-atanızı, ərinizi və ya dostlarınızı sevdiyinizi, onlara hörmətlə yanaşdığınızı deyirsiniz. Ancaq digər tərəfdən də onlar sözlərinə məhəl qoymur, qətiyyən xoşlamadıqları şeyləri etməkdən də çəkinmirsiniz. Öz hərəkət və davranışlarınızla daima onları məyus edir, üzürsünüz. O zaman sizin sevginiz, sayğınız yalnız söz olaraq qalmayacaqmı? Eynilə bunun kimi, əgər Allaha və Rəsuluna inanır, Onları sevdiyimizi deyiriksə, bunun bir əməli göstəricisi olmalıdır. O da Allah və Rəsuluna itaət və təslimiyyətdir. Onların əmr və tövsiyələrini yerinə yetirmək, qadağalarından da çəkinmək lazımdır. Bu da, şübhəsiz ki, haqq yolu tapmaqdan ötrü ən yaxşı vəsilələrdəndir. “Nur” surəsinin 51 və 52-ci ayələrində Uca Allah belə buyurur:

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır. Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır”.

İman və saleh əməl

Bu xüsus əvvəlki digər iki xüsusla birbaşa əlaqədardır və bir-birini tamamlayırlar. Bir şagird təsəvvür edək ki, məktəbdə müvəffəqiyyət qazanacağına inanır və ən çox arzuladığı şey budur. Ancaq bundan ötrü gündəlik ev tapşırıqlarını yerinə yetirib dərslərini öyrənməlidir. Şagird  yalnız bunları etməklə arzuladığı müvəffəqiyyətə çata bilər. Lakin öhdəsinə düşəni eləmir. İndi deyin görək, bu şagird məqsədinə nail ola bilərmi? Əlbəttə ki, xeyir. Müvəffəqiyyətsizlik bir yana qalsın, bir-birinin ardınca aldığı aşağı qiymətlər bir vaxtdan sonra onda nailiyyət qazana biləcəyinə olan inamını, arzusunu da zəiflədəcək. Əgər biz Allaha yaxınlaşmaq, Onun razılığını qazanmaq, inayətini və hidayətini diləyiriksə, Onun bütün əmrlərini layiqincə yerinə yetirməli, ən azından bunun üçün var gücümüzlə çalışmalıyıq.

Bir şey ki hədəfinə çatmaq üçün zəhmət çəkməyən insanın müvəffəqiyyət qazanacağına olan inamı bir vaxtdan sonra zəifləyirsə, deməli, saleh əməllərlə qüvvətləndirmədikdə iman məşəli də sönməyə başlayacaq. Bu səbəbdən Qurani-Kərimin bir çox yerlərində iman və saleh əməl bir yerdə zikir edilir:

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər”[3].

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlara layiq olduqlarından artıq verəcəkdir”[4].

Burada iki şeyə diqqət yetirmək lazımdır. Birincisi, saleh əməl və yaxşı işlər dedikdə Quran və sünnətə uyğun gələn xeyirli işlər və ibadətlər nəzərdə tutulur. Allah və Rəsulunun xoşlamadığı, doğruluğunu təsdiqləmədiyi davranışlar kiməsə görə yaxşı ola bilər, ancaq saleh əməl sayılmaz. İkincisi isə, saleh əməllərdən sayılan yaxşı işlərin və ibadətlərin davamlı olmasıdır. Həzrət Peyğəmbər (s.a.s.) də Allah qatında fərzlərdən sonra ən sevimli əməlin az da olsa, məhz davamlı edilən əməl olduğunu buyurur[5].

“Məryəm” surəsinin 76-cı ayəsində də bu məsələyə toxunulur:

Allah doğru yolda olanların doğruluğunu artırar. Davamlı olan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!

Quran və Sünnə ən böyük hidayət mənbəyidir!

Şübhəsiz ki, Quran və sünnət başda müsəlmanlar olmaqla, bütün bəşəriyyət üçün ən böyük hidayət qaynağı və hidayət rəhbəridir. Quran və Peyğəmbərin sünnəsi İslamın ilk illərindən müasir dövrə gəlib çatmış iki əsas mənbədir. Ən əvvəl nümunəvi həyat tərzləri və gözəl əsərləri ilə bizə yol göstərən o böyük Allah dostları və İslam alimlərinin, sonra isə bütün möminlərin isnad etdikləri yer yalnız bu iki təməl qaynaqdır. Keçmişdəki kimi, indiki dövrdə də bəşəriyyətin dünya və axirətdə səadətə çatmasını təmin edən və bu baxımdan yanılmayan və yanıltmayan hidayət qaynağı Quran və sünnədir. Qiyamətə qədər də bu cür olacaq.

Sevgili Peyğəmbərimizin (s.a.s.) Vida Xütbəsində bu həqiqəti ecazkar şəkildə ifadə etmişdir:

Ey möminlər! Sizə iki əmanət qoyub gedirəm. Onlara tabe olduqda yolunuzu heç bir vaxt azmayacaqsınız. Bunlar Allahın kitabı Qurani-Kərim və Peyğəmbərin sünnəsidir”[6].

Bəli, hədisdə bəyan olunduğu kimi, Qurani-Kərim Uca Rəbbimizin səmadan bizim üçün yer üzünə uzatdığı nurani ipdir. Kim ondan bərk yapışsa, haqq yolu tapar[7]. Quran bizim ehtiyaclarımızı, istək və arzularımızı, zəif və güclü tərəflərimizi ən yaxşı bilən, bizi özümüzdən daha yaxşı tanıyan Uca Yaradandanın sözü və dünyadan axirətə qədər davam edən qulluq vəzifəmizdə yolumuzu aydınladan müqəddəs rəhbərdir. O, dünya və axirət səadətimizi təmin edəcək təməl qaydaları, haramları, halalları bildirən qanunlar məcmuəsi olmaqla yanaşı, eyni zamanda mərhəməti sonsuz Rəbbimizin hər bir quluna ünvanlanmış məxsusi məktubudur. Əgər ona bütün qəlbimizlə yönələrək hörmət və ehtiramla, diqqətlə mütaliə edə bilsək, şübhəsiz ki, o, əlimizdən tutub bizi hidayət yoluna götürəcəkdir.

Kainatın Fəxri, Həzrət Məhəmməd (s.a.s.) isə, bənzətmədə xəta olmasın, canlı Qurandır. Həzrət Aişə anamız (r. anha) ondan Peyğəmbərimizin əxlaqı haqqında soruşanlara: “Siz məgər Quran oxumursunuz? Onun əxlaqı Qurandır”[8],– şəklində cavab verərək bu həqiqəti ecazkar dillə bildirmişdir. Quranın əsl mənası və izahı Onunla (sallallahu aleyhi və səlləm) anlaşılır. Çünki iki ən böyük hidayət qaynağı olan Quran və sünnəti bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Allahın bizə göndərdiyi ən böyük lütf və hidayət rəhbəridir. Onun hər halı, hər sözü bizim üçün bir hidayət vəsiləsidir.

Allahın dininə sahib çıxmaq

Bir ayədə Allah-Təala belə buyurur:

Ey iman gətirənlər! Əgər siz Allaha dininə köməklik göstərsəniz, O da sizə kömək edər və ayaqlarınızı möhkəmlədər”[9].

Bu ayədən anlayırıq ki, Allah dininə sahib çıxan, İslamı həm özü yaşayan, həm də digərlərinə aşılayan, dini öyrənən və başqalarına da öyrətmək üçün səy göstərənlərə yardım edir. Onların önündə hidayət yollarını açır və bu yolda onlara səbir və mətanət verir. Bu cür insanlar heç bir çətinlik qarşısında geri çəkilmədən, usanmadan, ruhdan düşmədən, şövqlə, həvəslə Allah yolunda yaşamağa davam edirlər.

Burada iki mühüm məsələyə diqqət çəkmək istərdik. Birincisi, dinini ucaltmaqda Allahın heç kimin yardımına ehtiyacı yoxdur. Allahın dininə sahib çıxmaq, bu yolda səylə çalışmaq bir insan kimi bizim yaradılış vəzifəmizdir.

İkincisi isə odur ki, dinini həm özü yaşamaq, həm də başqalarına aşılamaq, bunun uğrunda çalışmaq, yuxarıda da dediyimiz kimi, hər bir müsəlmanın əsas vəzifəsidir. Ancaq bu müqəddəs vəzifə insandan insana fərqli xarakter alır. Yəni varlı ilə kasıb, alimlə cahil, tələbə ilə müəllim və ya adi vətəndaşla yüksək vəzifəli məmur bu baxımdan fərqli məsuliyyət daşıyır. Əsas məsələ odur ki, hər kəs yaşı, peşəsi və maddi-mənəvi imkanları çərçivəsində vəzifəsini Allah üçün ixlas və səmimiyyətlə görsün.

Müsibətlərə səbir etmək

Gözəl bir atalar sözündə deyilir ki, dost dar gündə tanınar. Bəli, çətin anlarımızda yanımızda olan, lazım gəldikdə bizim üçün fədakarlıqlara getməyi bacaran dost əsl dostdur. Başqa sözlə, sadiq, vəfalı, əsl dost məhz çətin günlərdə məlum olur. Müsibət və bəlalar zamanı da kimin Allaha ürəkdən bağlandığı və tam təslimiyyət içərisində olduğu bilinir və kamil möminlər bəlli olur. Çətin anlarımızda bizə edilmiş ən kiçik yaxşılığı belə heç bir vaxt unutmadığımız kimi, Allah-Təala da bəla və müsibətlərə səbir və təvəkküllə sinə gərən, ən çətin anlarında da bir an belə olsa Allaha etimadını itirməyən, əksinə, daha da ixlasla və səmimiyyətlə Ona  yönələn xas qullarını əsla köməksiz qoymaz. Onların zəlalətə düşməsinə imkan verməz.

Qurani-Kərimin bir çox ayələrində Allah-Təala səbir edənlərlə birgə olduğunu, onları köməksiz qoymayacağını və ən gözəl şəkildə mükafatlandıracağını bəyan edir[10]. Həqiqi möminin müsibətlər zamanındakı halını və gözəl aqibətini ecazkar şəkildə yalnız Quran təsvir edə bilər. Nümunə olaraq bir neçə ayəyə diqqət edək:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır![11]”

Böyük günahlardan çəkinmək

Xətasız qul olmaz deyirlər. Bəli, bu sözdə bir çox həqiqətlər vardır. İsmət sifətinə sahib peyğəmbərlərdən başqa hər kəs günah edə bilər. Nəfs və şeytan hər cür vasitə ilə insanı günaha sürükləməyə çalışır. Şübhəsiz, bizim vəzifəmiz hər cür günahdan kənar durmağa çalışmaqdır. Lakin Allaha şirk qoşmaq, zina etmək, ana-atanın üzünə ağ olmaq, haqsız yerə bir insanı öldürmək, namuslu qadına iftira atmaq, yalançı şahidlik etmək kimi böyük günahlara girməməkdən ötrü isə daha diqqətli, daha həssas olmalıyıq. Çünki tövbə edilmədiyi təqdirdə bu cür günahlar insanı Allahın rəhmətindən məhrum qoyur.

Rəhmət və mərhəməti sonsuz Rəbbimiz yaradılış etibarilə insanın zəif olduğunu bildiyindən: “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir mənzilə daxil edərik”[12], – buyuraraq bizə böyük müjdə verir. ancaq bir şeyi də qeyd etmək lazımdır. Əgər insan kiçik günahlara əhəmiyyət verməyib bunları etməyə davam eləsə, o günahlar da böyük günahlar kimi insanı Allahın rəhmətindən uzaqlaşdırıb zəlalət yoluna sala bilər. Ona görə biz bəndələr də böyüklüyünə, yaxud kiçikliyinə baxmadan hər cür günahdan uzaq durmalı, günah işləsək belə, dərhal peşmanlıqla və gözyaşları içərisində Rəbbimizə yönəlib Ondan bağışlanma diləməliyik.

Qısacası, günahlardan çəkinmək bəndənin Allaha imanı və sayğısından irəli gəlir, eyni zamanda Allahın rəhmət, inayət və hidayətinə səbəb olan güclü vəsilədir.

Əməlisaleh dostlarla birlikdə olmaq

İnsan sosial varlıqdır və yaradılışından irəli gələrək cəmiyyətdə, digər insanlarla birlikdə yaşamağa ehtiyacı var. Ancaq insan ətrafındakı hamını yox, bəzi insanları özünə daha yaxın hiss edir. Hər insanın mənsub olduğu ilk və ən kiçik insanlar qrupu onun ailəsidir. Heç kim valideynlərini, bacı-qardaşını seçmir, amma mütəmadi əlaqə saxladığı insanları, dostlarını, yoldaşlarını özü seçir. Madam ki, biz hidayət diləyir, Allahın xoşnud olacağı gözəl bəndə, Həzrət Peyğəmbərə də layiqli ümmət olmaq istəyir və bunun nəticəsində əbədi səadət arzulayırıq, elə isə dost və yoldaşlarımızı buna görə seçməliyik. Cənnətdə əbədi səadətə çatmaqla yanaşı, bu dünyada rahat və xoşbəxt həyat sürməyin yeganə yolu budur.

Qurani-Kərimin bir çox yerlərində pis yoldaşın arxasına düşən, nəticədə isə bir kötük kimi Cəhənnəmə yuvarlananların acı aqibətindən bəhs olunur[13] və biz bundan ibrət almalıyıq. Əgər biz dünya və axirət həyatımızı düşünürüksə, elə isə o zaman bizi daima xeyrə, yaxşılığa çağıran və Cənnətə getməyimizə vəsilə olacaq saleh, əmin dostlar tapmağa çalışmalıyıq. Rəbbimiz görün Quranda nə buyurur:

Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla birlikdə olun”[14].

Rəbbimiz bizə Allaha və Rəsuluna ürəkdən inanan dürüst insanlarla, haqq və həqiqətdən bərk yapışan, daima yaxşılığı, gözəlliyi, xeyri tövsiyə edən əsl dostlarla birlikdə olmağı əmr və tövsiyə edir.

Allahdan hidayət istəmək

Dua möminin ən böyük silahıdır. Əslində, əldə etdiyimiz hər bir şey feili və dillə etdiyimiz dualarımızın nəticəsidir. Ona görə də ən böyük rəhmət və hidayət vəsiləsi olan duanı çox yaxşı dəyərləndirməliyik.

Diqqət yetirdikdə görürük ki, həyatımızda duanın önəmli yeri vardır. Bəzən əhəmiyyət verdiyimiz bir imtahandan keçmək üçün, bəzən xəstə olan yaxınımızın sağalması, bəzən daha rahat, xoşbəxt həyat yaşamaq üçün Allaha yalvarırıq. Şübhəsiz, bütün maddi və mənəvi ehtiyaclarımız üçün Rəbbimizə dua edə bilər, dinlə icazə verilən hər şeyi Ondan diləyə bilərik. Rəbbimizin xəzinələri sonsuzdur. O diləsə, lazım bilsə, bu istəklərimiz qəbul olunar.

Lakin bu yerdə diqqətinizə daha bir önəmli məsələni çatdırmaq istərdik. Bu dünyada hər kəsin bir həyatı var, bu və ya digər şəkildə ömür sürür. Sözsüz ki, müsəlman Allahın ona lütf etdiyi imkanları layiqincə dəyərləndirməli, işlərini yüksək səviyyədə görməli, özünü inkişaf elətdirib peşəsində irəli getməyə çalışmalıdır… Lakin bütün bunlar Allah üçün edildiyi təqdirdə dəyərli olur. Bu səbəbdən hidayət, Haqqın yolunda olmaq hər şeydən öndə gəlir və gəlməlidir. O, hava-su kimi önəmli, hətta daha vacib ehtiyacdır. Elə isə dualarımızda hər şeydən çox onu istəməməliyikmi? Bir balaca çətinliyə düşdükdə və ya ən kiçik ehtiyaclarımız üçün Rəbbizə dön-dönə yalvararkən, hidayət məsələsinə elə də istək göstərməməyimiz nə dərəcədə ağla, məntiqə sığır?

Allah-Təala Qurani-Kərimin ilk surəsi olan “Fatihə”də bizə bunu öyrədir. Beş vaxt namazın hər rükətində Allaha həmd-sənadan və qulluğumuzu Ona ərz etdikdən sonra hidayət istəyirik. Sadəcə bunun özü həyatımızda, xüsusən də, dualarımızda hidayətə nə dərəcədə yer verməli olduğumuzu aşkar göstərmirmi? Quranı ən yaxşı anlayan və yaşayan Peyğəmbərimiz gecə-gündüz Rəbbindən hidayət diləyirdi. Həzrət Aişə (r. anha) nəql edir ki, Allah Rəsulu gecə namaza qalxdıqda əvvəlcə belə dua edərdi:

Allahım! Ey Cəbrayılın, Mikayılın, Əzrayılın və İsrafilin Rəbbi! Ey göyləri və yeri yaradan! Görünəni və görünməyəni, hər şeyi bilən, qullarının arasında həqiqi hökmü verən Sənsən. Allahım! Məni daima hidayətə yönəlt. Sən dilədiyinə doğru yolu göstərənsən”[15].

Peyğəmbərimizin müsəlman olan səhabələrə öyrətdiyi ilkin dualardan biri budur:

Allahım! Məni əfv et, mənə rəhm elə. Mənə hidayət və sağlıq ver. Mənə ruzi əta et”[16].

Bir qüdsi hədisdə də Allah-Təala belə buyurur:

Mənim hidayət etdiklərimdən başqa hər kəs zəlalətdədir. Elə isə Məndən hidayət istəyin, sizi doğru yola yönəldim”[17].

Bəli, ayə və hədislərin işığında anlayırıq ki, hidayət istəyi həyatımızda və əlbəttə ki, dualarımızda hər zaman öndə olmalıdır. O zaman biz də Peyğəmbərimizin hidayət istəyi ilə başlayıb, yenə hidayət istəyi ilə bitirdiyi mübarək duası ilə mövzumuza yekun vuraq:

Ey Rəbbim! (Sənə ibadət, şükür etməkdə və düşmənlərinə qarşı) mənə yardım et, mənim əleyhimə (olan şeytana) yardım etmə. Düşmənlərimə deyil, mənə yardım et. Mənə yox, əleyhimə hiylə quranların özlərinə hiylə qur (əzabını mənə yox, düşmənlərimə göndər). Mənə doğru yolu göstər və mənə hidayət et. Mənimlə düşmənçilik edənlərə qarşı mənə yardım et. Ey Allahım! Məni Sənə şükür edən, Səni zikir edən, Səndən çəkinən, Sənə çox ibadət edən, Səndə hüzur tapan insan eylə. Ey Rəbbim! Tövbəmi qəbul et, qüsurlarımı bağışla, duamı qəbul buyur, qəlbimə hidayət ver, məni doğru danışan et, qəlbimi həsəd və kindən arındır”[18].


[1] “Ali-İmran” surəsi, 3/101.
[2] “Hud” surəsi, 11/23.
[3] “Həcc” surəsi, 22/23-24.
[4] “Nisa” surəsi, 4/173.
[5] Buxari, “Təhəccüd”, 7; Müslim, “Müsafirin”, 131; Əbu Davud, “Salət”, 312.
[6] Muvatta, “Qədər”, 3.
[7] Tirmizi, “Mənaqib”, 77.
[8] Müslim, “Müsafirin”, 139; İbn Macə, “Əhkam”, 14; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 91.
[9] “Muhəmməd” surəsi, 47/7.
[10] “Bəqərə” surəsi, 153, 155, 214, 249-cu ayələr. “Ali-İmran” surəsi, 125, 134, 146, 186, 200-cü ayələr. “Nisa” surəsi, 25-ci ayə. “Ənam” surəsi, 34-cü ayə.
[11] “Bəqərə” surəsi, 2/155-157.
[12] “Nisa” surəsi, 4/31.
[13] Bax: “Əraf” surəsinin 36-41-ci ayələri; “Sad” surəsinin 55-64-cü ayələri.
[14] “Tövbə” surəsi, 9/119.
[15] Nəsai, “Qiyamül-leyl və tətavvuun-nəhar”, 12.
[16] Müslim, “Zikir, dua, tövbə və istiğfar”, 35.
[17] Əhməd ibn Hənbəl, Müsnəd, V, 160.
[18] Əbu Davud, “Təfsirü əbvabil-vitr”, 25.