Bəzən insanın ağlına çox mühüm bir sual gəlir: Görəsən hidayət nədir və o, insanın öz qazancıdır, yoxsa Allahın bəxş etdiyi bir nemətdir? Əslində belə bir sualın yaranması qəlbin oyanışından xəbər verir. Çünki insan yalnız başına qalıb, düşünəndə, məna və həqiqət arayışı arxasınca düşəndə belə suallar verir. Allahdan diləyimiz budur ki, qəlblərimizi qəflətdən təmizləsin və bizi doğru yola yönəltsin. Amin.
Hidayət nə deməkdir?
Ərəb dilində “hidayət” sözü doğru yolu göstərmək, məqsədə çatdıran yolu göstərmək, bu yol üçün rəhbərlik etmək, istiqamət vermək mənalarına gəlir. Quranı Kərimdə hidayət sözü mövcud olmasa da, yetmiş yeddi ayədə səksən beş dəfə “hüda” (hidayət) sözü istifadə olunub.
İslam düşüncəsində hidayət sadəcə məlumat almaq deyil. Hidayət: doğru yolu tanımaq, onu qəbul etmək və həyatında yaşamaqdır. İnsanlara doğru yolu göstərən isə, şübhəsiz ki, Uca Allahdır. Qurani-Kərimdə belə buyurulur: إِنَّ الْهُدَىٰ هُدَى اللَّهِ “Həqiqətən, doğru yol Allahın doğru yoludur.” (Ali İmran, 3/73) Bu ayə bizə göstərir ki, hidayət sadəcə insanın zehni qabiliyyətinin məhsulu deyil. O, ilahi bir nemət və qəlbə yerləşdirilən ilahi nurdur.
Hidayət insanı ucaldan xüsusiyyətdir
İnsan ilə digər canlılar arasındakı əsas fərqlərdən biri də məhz hidayət qabiliyyətidir. İnsan yalnız yemək, içmək, çoxalmaq və yaşamaq üçün yaradılmayıb. O, mənanı dərk etmək, haqqı seçmək və Allaha yönəlmək üçün yaradılıb.
Qurani-Kərim hidayətdən məhrum olanları belə təsvir edir: أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ “Onlar heyvanlar kimidirlər, hətta daha çox azğınlıq içindədirlər.” (Əraf, 7/179) Çünki belə insanlar həyatın mənasını itirir və yalnız nəfsin ehtiraslarını təmin etməklə kifayətlənirlər. Halbuki hidayət insanın qəlbinə məna, istiqamət və məqsəd verir.
Quran – hidayətin əsas mənbəyi
Qurani-Kərim özünü ilk növbədə hidayət kitabı kimi təqdim edir.
ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ “Bu kitabda heç bir şübhə yoxdur. O, təqva sahibləri üçün bir hidayətdir.”(Bəqərə, 2/2)
Quran:
- qaranlıqda yol göstərən mayak,
- çətinlikdə olan qəlblər üçün təsəlli,
- azğınlıq dənizində boğulan insan üçün isə qurtuluş ipidir.
Lakin burada mühüm bir incəlik var. Quran hamı üçün nazil olsa da, ondan faydalananlar təqva sahibləridir. Yəni qəlbi açıq olan insan hidayəti qəbul edir, qəlbi qapalı olan isə onu görmür.
Hidayət, insana qarşılıqsız hədiyyə kimi verilsə də, onu qoruyub saxlamaq insan iradəsinə bağlıdır. Qeyd etdiyimiz ayənin davamında “Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır.O kəslər ki, qeybə (Allaha, mələklərə və axirət gününə) inanır, namazı qılır və onlara verdiyimiz ruzidən infaq edirlər. (Bəqərə, 2/2-3)
Hidayətin davam etməsi üçün təqvalı olmaq, namazı haqqı ilə qılmaq, əldəki imkanlardan Allah yolunda cəmiyyətin faydası üçün sərf etmək lazımıdır. Bu göstərir ki bu gün iman etdim, hidayətə ərdim demək yetərli deyil. Əsas qəhrəmanlıq can bədəndən çıxana kimi verilən o ən qiymətli hədiyyəni qoruyub saxlamaqdır. İnsan daim öz üzərində işləməli, inkişaf etməli, imanını artırmalıdır. Əks təqdirdə ətalətə düşər. Ətalətə düşüncə də olduğu yerdə qalmaz, geriyə gedər, Allah qorusun bir gün imanını da itirər, hidayətdən məhrum qalar.
Hidayət üçün dua etmək
Maraqlıdır ki, Quranda ən çox oxunan dua məhz hidayət duasıdır. Hər gün namazda oxuduğumuz Fatihə surəsində belə deyirik: اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ “Bizi doğru yola yönəlt.” (Fatihə, 1/6) Digər bir ifadə ilə bu dua bizə çox mühüm bir həqiqəti öyrədir: Hidayət birdəfəlik əldə edilən bir şey deyil. İnsan hər zaman Allahdan yenidən və yenidən doğru yol istəməlidir. Çünki qəlblər Allahın əlindədir. Hidayət səy göstərənlərə verilir. Quran göstərir ki, hidayət passiv və laqeyd insanlara deyil, səy göstərənlərə verilir.
Uca Allah buyurur: وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا “Bizim uğrumuzda səy göstərənləri mütləq Öz yollarımıza yönəldərik.” (Ənkəbut, 29/69) Bu ayə göstərir ki:
- hidayət istəyənə verilir,
- axtarana göstərilir,
- səy göstərənə açılır.
Hidayətin artması
Hidayət sabit qalmır; insanın həyatında artıb azalır. Qurani-Kərimdə buyurulur: وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ “Doğru yolu tapanların isə Allah hidayətini artırar.” (Muhəmməd, 47/17)
Bu isə bizə göstərir ki: Hidayət bir prosesdir.
İnsan: öyrəndikcə, yaşadıqca, və Allaha yaxınlaşdıqca hidayəti də dərinləşir.
Peyğəmbərin hidayət bənzətməsi
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) hidayəti çox gözəl bir bənzətmə ilə izah etmişdir.
Əbu Musa Əl-Əşari (r.a) rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: “Allahın mənim vasitəmlə göndərdiyi hidayət və elm yer üzünə yağan yağış kimidir.Yağışın düşdüyü yerlərin bir hissəsi münbit torpaqdır: yağış suyunu özünə çəkər və bol ot-ələf, çəmən bitirər. Bir hissəsi isə suyu özünə çəkməyən, lakin onu üzərində saxlayan torpaqdır. Allah bu torpaqda toplanan sudan insanları faydalandırar. Onlar o sudan içər, heyvanlarını sulayar və əkinlərini həmin su ilə becərərlər. Yağışın düşdüyü başqa bir yer də vardır ki, düz və sürüşkən torpaqdır; orada heç bir bitki bitməz. Nə su saxlayar, nə də ot bitirər. Bu hal, Allahın dinini anlayan və Allahın mənim vasitəmlə göndərdiyi hidayət və elmdən faydalanan, onu öyrənən və öyrədən şəxslə, Allahın mənim vasitəmlə göndərdiyi hidayəti rədd edən şəxs arasında oxşarlıqdır.” (Buxari, Elm 20; Müslim, Fəzail 15)
Hədisdən anlaşılır ki, hər kəsin hidayətdə, qulluqda dərinləşməsi fərqlidir:
1️⃣ Münbit torpaq – suyu qəbul edir, bitki yetişdirir.
Bu insanlar hidayəti anlayır, həyatlarında tətbiq edir və başqalarına da öyrədirlər.
2️⃣ Suyu saxlayan torpaq – özü bitki yetişdirmir, amma suyu saxlayır. Bu insanlar elmi başqalarına çatdırır, cəmiyyətə fayda verirlər.
3️⃣ Quru, daşlı torpaq – nə suyu saxlayır, nə də bitki bitirir.
Belə insanlar hidayəti nə qəbul edir, nə də başqalarına fayda verir.
Bu hədis bizə mühüm bir prinsip öyrədir: Hidayətin dəyəri onun həyatımızda necə yaşandığı ilə ölçülür. Başqa sözlə:
Öyrənmək → Yaşamaq → Paylaşmaq
Başqalarının hidayəti üçün çalışmaq
Bir digər nöqtə də başqalarının hidayəti üçün çalışmaqdır. “Allaha dəvət edən, saleh əməl edən və: ‘Mən müsəlmanlardanam’ deyən kəsdən daha gözəl sözlü kim ola bilər?” (Fussilət 41/33) “Allahın sənin vasitənlə bir nəfərə hidayət verməsi sənin üçün qırmızı dəvələrdən (dünyanın ən qiymətli malından) daha xeyirlidir.” (Buxari, Əshabun-Nəbi 9, Cihad 143)
Bizə hidayət qapısı Uca Allah açıb, bunda şübhə yoxdur. Ancaq arada vasitəçi olan kimsə olub. Kimsə bizim əlimizdən tutub o qapının önünə gətirib. Biz də başqa insanların da bu şirin su çeşməsindən içməsi vəsilə olarsaq, həmin şəxsə əslində ən dəyərli hədiyyə vermiş olarıq. Digər yandan da onun hidayətə ərdikdən sonra qazandığı savab əməllərə ortaq olmuş oluruq. Onun savabında da bir şey əskik olmaz. Peyğəmbər ﷺ buyurur: “Kim bir hidayət yoluna çağırarsa, ona tabe olanların savabı qədər savab qazanar; onların savabından isə heç nə əskilməz.” (İbn Macə, Sünnə 14) Bu ayə və hədislər başqalarını Allaha yönəltməyin ən gözəl və dəyərli söz və davranışlardan biri olduğunu bildirir.
Hidayəti qorumaq
Biz qızıl və brilyant kimi qiymətli əşyaları necə qoruyuruqsa, hidayəti də daha çox qorumağa çalışmalıyıq. Çünki hidayət insanın ən böyük sərvətidir. Allah buyurur: “Əgər şükür etsəniz, sizə nemətimi artıraram.” (İbrahim, 14/7)
Şükür isə yalnız dil ilə deyil. Şükür: Allahın verdiyi neməti tanımaq, ona dəyər vermək, və onu itaətlə qorumaqdır.
İmanın şirinliyi
Peyğəmbər (s.ə.s) buyurur: “Üç xüsusiyyət kimdə olarsa, o, imanın şirinliyini dadar: Allah və Rəsulu ona hər şeydən daha sevimli olarsa, bir insanı yalnız Allah üçün sevərsə, küfrə qayıtmağı oda atılmaq kimi görərsə.” (Buxari, Müslim) Bu hədis bizə göstərir ki, hidayət sadəcə düşüncə deyil. O, qəlbdə hiss edilən bir şirinlikdir.
Qəlblərin sahibi Allahdır
Qəlblərin sahibi Allahdır: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ “Ey iman gətirənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız. (İnsanlara həyat verən şeylər Allahın və Onun rəsulunun əmr və qadağalarına itaət etməkdir.” (Ənfal, 8/24 ) Buna görə Peyğəmbərimiz tez-tez belə dua edərdi: “Ey qəlbləri çevirən Allah! Qəlblərimizi dinin üzərində sabit et.” Çünki insanın qəlbi bəzən dəyişə bilər.
Bu səbəbdən mömin daim belə dua etməlidir:
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً ۚ إِنَّكَ أَنْتَ الْوَهَّابُ
“Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma.”
(Ali İmran, 3/8)
Nəticə
Hidayət: Allahın verdiyi ən böyük nemətlərdən biridir. O, qəlbə yerləşdirilən bir nurdur. Lakin bu nur axtaranlara, səy göstərənlərə və şükür edənlərə verilir. Hidayətin üç mərhələsini unutmayaq:
Öyrənmək – Yaşamaq – Paylaşmaq
Allahdan diləyimiz budur ki: qəlblərimizi hidayətlə nurlandırsın, bizi doğru yolunda sabit etsin, və bu neməti son nəfəsimizə qədər qorumağı bizə nəsib etsin. Amin.