Mənəviyyata Açılan Pəncərə

Həşr əqidəsinin faydaları

Sual: Həşr nədir? Həşrə inanmağın faydaları nələrdir?

Cavab: Həşr – qiyamətdən sonra bütün insanların bir yerə toplanması. Allahın ölüləri dirildib məhşərə çıxarmasına deyilir.

Həyatın tənzimlənməsi və nizama salınması, cəmiyyətin xoşbəxtliyinin təmin edilməsi Allaha imandan sonra həşrə, yəni ölümdən sonrakı həyata inanmaqdan asılıdır.

Əməllərinə görə hesab verəcəyinə inanmayan bir adamın doğru-düzgün həyat yaşadığını düşünmək mümkün deyildir. Əksinə, bu dünyada atdığı hər addımın hesabını o biri dünyada Allaha verəcəyini düşünən, hər davranışını, söylədiyi və eşitdiyi hər sözü və qəlbi meyillərini sorğu-suala çəkilmə düşüncəsi ilə ölçüb-biçən adamın həyatı isə nizamlı şəkil alar.

 “Sən nə iş görsən, Qurandan nə oxusan və siz nə iş görsəniz, onları etdiyiniz zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (Lövhi-Məhfuzda[1]) olmasın!”[2]

Yəni bütün davranışlar və hərəkətlər mələklər tərəfindən yazıya alınır. Böyük, kiçik, gizli və açıq, bəndənin kiçik, Allahın böyük, yaxud da əksinə, bəndənin böyük, Allahın kiçik gördüyü hər bir əməl qeydə alınır. İnsanın əməllərini izləyən gözətçilər, onları yazanlar və hər əmələ görə sorğu-suala çəkəcək  “Dəyyan”[3] Allah…

Belə bir ruh və şüurla yaşanan həyat müstəqim[4], bu ruh və şüurla yaşayan fərdlərdən ibarət cəmiyyət də xoşbəxt olar. Bu   ruh və şüura yiyələnmiş bir ailə yuvası da Cənnət bağçasına dönər. 

Bəli, bəşər övladının çılğın hərəkətlərdən əl çəkməsinin bircə yolu var, o da öldükdən sonra dirilişə inanmaqdır. Gəncliyin çılğınlıqlarının qarşısını alan, yavaş-yavaş ölümə yaxınlaşarkən hər addımda ümidsizləşən qocalara bir ümid yeri olan, uşaqların zərif qəlbində səadət çırağı alovlandıran bir inanc varsa, o da yalnız həşrə, öldükdən sonra dirilişə inamdır.

Cavandan qocaya, qadından kişiyə, adildən zalımadək hər kəsin hava-su qədər ehtiyacı var həşrə imana. Həşrə iman etmək xoşbəxtlik şərbətini qurtum-qurtum içmək deməkdir. Buna görə də bəşərin sülh və əmin-amanlığı uğrunda çalışıb-çabalayan, ona səadət gətirməyi özünə qayə seçən bütün fikir adamlarının məsələyə bu aspektdən baxması bir zərurət təşkil edir.

Fərdin, ailənin, cəmiyyətin və bütün bəşəriyyətin həqiqi firavanlığa, səadət və xoşbəxtliyə qovuşması ancaq və ancaq böyük-kiçik bütün əməllərin hesaba çəkiləcəyi bir axirət yurdunun varlığına inanmaqdan  asılıdır.

Qurani-Kərim: Artıq kim zərrə ağırlığı qədər xeyir iş görmüşsə, əvəzində onu görər və kim də zərrə ağırlığı qədər şər iş görmüşsə, onu görər (İnsana əməli göstəriləcək, insan əməlini görəcək.)”[5] buyuraraq zərrə qədər xeyirli iş görənlərin öz mükafatını, zərrə qədər şər işləyənlərin də öz əməlinin cəzasını alacağını elan edir, insanlara məsuliyyət hissini aşılayır.

İnsanlar bu iman və inanca sahib olandan sonra, ona “İstədiyini et!” deyə bilərsən. Çünki hadisələr və reallıq heç bir əməlin əvəzsiz qalmayacağını göstərir. Belə anlayışa malik bir insan da Haqq yolunda yaşamağa çalışacaq ki, alnı açıq, üzü ağ olsun, əməlləri üzündən o biri dünyada peşmançılıq və xəcalət çəkməsin.

O zəif və zərif ruhlu uşaqlar da ancaq həşrə imanla xoşbəxt ola bilər. Hər kəs öz uşaqlığına bu prizmadan baxsa və xəyalən uşaqlıq anlarına getsə, bu hökmü təsdiq edəcək.

Bəli, uşaq zərif bir qəlbə sahibdir, həm də ağlı hadisələrin mahiyyətini təhlil edib nəticəyə varmağa qabil deyildir. Digər tərəfdən, o, böyükləri kimi, əyləncələrdə baş qatmaqla ölümü unuda da bilməz. Bu səbəbdən də böyüklərlə müqayisədə ölümdən daha çox narahat olur. Yaxınlarının, tanıdıqlarının, əzizlərinin dünyadan köçməsi onu bərk sarsıdır. Ana-atasını itirən bir uşağın isə dünyası başına yıxılır. Bu itkilər onun ruh dünyasını, vicdan səmasını zülmətə qərq edir. Vicdanı olan hər kəs bunları hiss edə bilər.

Uşaqlıq illərimdə bir qardaşım ölmüşdü. Hər dəfə onun məzarı başına gedəndə əllərimi açar, “Allahım, nə olar, onu dirilt, gözəl üzünü bir daha görüm!” – deyib yalvarardım. İndi bu halətdə olan mən və mənim kimi minlərlə insanın qəlbindən “ölümdən sonra diriliş”ə inam hissini silsəniz, könlündən çıxarıb atsanız, bu ahu-nalə edən iztirablı qəlbə nə ilə dərman olacaq, bu ayrılıq yanğısını necə söndürəcəksiniz? Xeyr, xeyr, onun dərdinə heç bir şeylə dərman ola, o atəşə su səpə bilməzsiniz. Bu mənəvi böhran və sıxıntılar içində sızlayan o körpə qəlb yalnız və yalnız həşr inancı ilə təsəlli tapıb rahat nəfəs alar.

Bəli, yaxınlarının bir-bir həyatla vidalaşdığını görən uşaq onların Cənnətə getdiyinə inanmaqla təskin olur və bu dözülməz dərddən qurtulur.

Kiçik yaşda olsa da, alışdığı bir yaxınının, böyüyünün, yaxud da sevdiyi bir insanın vəfatı onun nazənin qəlbində sağalmaz yaralar açır. Bu sağalmaz yaraya yalnız bu düşüncələr məlhəm ola bilər: “Buradan getdi, yaxud buradan aparıldı, lakin Allah orada onun üçün Cənnət qapılarını açdı. İndi o, Cənnət bağlarında quşlartək qanad çalıb uçur. Mən də ölsəm, onun kimi pərvaz edəcəyəm”.

Əgər vəfat edən böyüklərindən biridirsə, o zaman belə düşünəcək: “O öldü, başqa bir aləmə getdi, amma orada da məni qucağına alıb oxşayacaq, bağrına basıb başımı tumarlayacaq”.

Bəli, məhz bu düşüncələr və bu inanc ölümün onda açdığı firqət və ayrılıq boşluğunu doldurur, onun qanayan yarasına dərman olur.

Xoşbəxtlik axtarırsınız? Onu nə dörd bir yanda tüstüləyən zavod boruları ilə, nə də planetlərarası səfərlər təşkil etməklə əldə edə bilərsiniz. Həqiqi səadət məhz bu iman və inancdan qaynaqlanır. Bəli, həqiqi səadət öldükdən sonra diriliş inancı üzərində qurulan səadətdir.

İxtiyar qocalar… addım-addım ölümə yaxınlaşan qocalar… Qəbir ağzını açıb onları gözlərkən və onlar da məzara doğru sürətlə yaxınlaşarkən nə ilə təsəlli tapa, özlərini nə ilə sakitləşdirə bilərlər? Hər gün güzgüdə gözlərinə dəyən ağ saçların gətirdiyi ürək sıxıntısından necə xilas ola bilərlər? Ölümün yaxınlaşmasından doğan ruhi-mənəvi boşluğun yerini nə ilə doldura bilərlər? O yaşa gələnəcən övladdan, nəvədən, dostdan və yaxınlardan o biri aləmə yola saldıqlarının qəlbində buraxdığı yaraların izlərini necə və nə ilə silə bilərlər?

Gəncliyin, sağlamlığın, məqam və mənsəbin əldən çıxıbsa, bu itkilər onların ürəklərində qorxunc izlər qoyubsa, siz onlara necə təsəlli verəcəksiniz? Onlara hər cür maddi təsəlli versəniz də, siz ayrılıb gedən kimi yenə ürəklərini narahatlıq bürüyəcək və heç cür rahatlıq tapa bilməyəcəklər. O halda, bütün insanlarla yanaşı, qocalar üçün də həqiqi səadətin bircə açarı var, o da öldükdən sonra dirilişə inanmaqdır!

Məzarın ağzını açıb onu udmaq üçün gözləyən dəhşətli bir əjdaha deyil, o biri dünyaya açılan dəhlizin sadə bir qapısı olduğuna inandırmaq! Qəbrin Cənnət bağlarına gedən yolda bir mənada gözləmə zalı olduğunu göstərmək! Oranı rəhmət və qüfrana[6] bürünən bir məkan kimi təsvir etmək! Bütün bunlar onlar üçün təsəlli mənbəyi olacaqdır.

Qurani-Kərim Həzrət Zəkəriyyənin (ə.s) dili ilə: “Ey Rəbbim, artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam”[7], buyuraraq və ardınca da Onun xeyirli bir övlad istəməsindən bəhs edərək dünyadan köçüb getməyə hazırlaşan bir insanın fəryadını gözəl bir şeir ahəngi ilə rəsm edir.

Qəlbdən yüksələn bu fəryadın bənzərsiz üslubla dilə gətirilməsi Qurani-Kərimin möcüzəvi yönlərindən biridir. Hər bir şüurlu insan vicdanının səsini dinləsə, qəlbinin “dodaq”larında acı təbəssümü görər və ruhundan qopan ayrılıq fəryadını bütün dəhşəti ilə hiss edər. Ancaq bu yerdə onun köməyinə tələsən, təsəlli mənbəyi olan və ruhunda qopan fırtınanı sakitləşdirən bir təbib var: axirətə iman! Bu inanc və iman onun qulağına abi-həyat dolu səsi ilə sanki bu sözləri pıçıldayır: “Ömrünü başa vurdun. Vəzifəni yerinə yetirdin. Səni bu dünyaya göndərən Sonsuz Rəhmət Sahibi səni bu çöllərdə məhv etməyəcək və hüzuruna aparıb sənin üçün hazırladığı nemətləri önünə sərəcəkdir”.

Bəli, bu və bu kimi müjdələr qocalara həqiqi səadət gətirir. Çünki, o, əsl vətəninə – axirət yurduna getməyə hazırlaşır.

Cəmiyyətin böyük bir qismini gənclər təşkil edir. Azğınlıq edən və çirkin əməllər işləyən gənclər həyatı Cəhənnəmə döndərirlər. Səhabələr kimi simasından nur yağan, üzləri səadətlə süslənən, bütün davranışlarında Allahı xatırladan, baxışlarında Cənnət parlayan gənclər isə həyatı başdan-başa Cənnətə çevirirlər.

Bəli, həşrə inanan gənclər haqqa, həqiqətə və özünüdərkə yönəldiyi halda, bu inancdan məhrum olan cavanlar cəmiyyətin əmin-amanlığına xələl gətirirlər. Bu gün bəşəriyyət əsil səadət üzünə həsrətdirsə, bunun əsas səbəbkarı həyatını çılğın davranışlarla və sərsəm hərəkətlərlə keçirən gənclikdir. Müəllim və tərbiyəçilərin “Buna bir çarə tapmalıyıq” deyə göstərdiyi cəhdlər yaranı daha da dərinləşdirmiş və sağalmaz hala salmışdır. Halbuki bu yaranın bircə dərmanı var, o da ölümdən sonra dirilişə inanmaqdır.

Gənclərə hər addımına görə Allah qarşısında sorğu-suala çəkiləcəyini aşılamadan və bu şüuru onlara mənimsətmədən sözügedən problemlərin köklü həllini tapmaq mümkün deyildir.

Bir gün Həzrət Ömər (r.a) məscidə gedirdi. Bir uşağın tələsik addımlarla məscidə tərəf getdiyini gördü. Addımlarını yeyinlətdi və ona yaxınlaşıb soruşdu:

– Ay uşaq! Sənə namaz fərz deyil. Nə üçün belə həyəcanla və tələsə-tələsə məscidə gedirsən?

Uşaq cavab verdi:

– Ey möminlərin əmiri! Dünən məhəlləmizdə bir uşaq öldü!..

Çünki doğru yolun səbəbi və istinad nöqtəsi haqq-hesab gününə inanmaq və həyatı bu inancla tənzimləməkdir.

Kainatdakı bütün hərəkət və hadisələr külli iradə ilə tənzim edildiyi halda, insan öz həyatını öz iradəsi ilə istiqamətləndirməyə məcbur və mükəlləfdir. Bəşər övladı iradəsini ortaya qoyub bu mükəlləfiyyətini yerinə yetirərsə, Allah da rəhmaniyyəti və rəhimiyyəti[8] ilə ona huri-qılmanla və gözlərin görüb qulaqların eşitmədiyi gözəlliklə dolu Cənnətlər verəcəkdir.

Beləliklə, iradə rəhmaniyyət və rəhimiyyətin təcəllisidir. Cənnət də rəhmaniyyət və rəhimiyyətin təzahürüdür. İnsan iradəsini layiqincə ortaya qoyduğu zaman onun səmərəsini rəhmaniyyət və rəhimiyyətin təzahürü olaraq əldə edir.

Bəli, həyatın axirət inancı ilə tənzim edilməsi və sirlərin aşkara çıxıb əməllərin mizana qoyulacağı günün yaddan çıxarılmaması həm fərd, həm ailə və həm də cəmiyyətə səadət gətirəcək və xüsusilə, gənclərin doğru yola yönəlməsinə, nizam-intizamlı yaşamasına vəsilə olacaq və onları əmin-amanlığa xələl gətirməkdən, haqsızlıq etməkdən çəkindirəcəkdir.

Uca Allah Quranda buyurur: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxar və nəfsani istəklərindən çəkinərsə, (onun) gedəcəyi yer Cənnətdir[9].

Rəbbinin hüzurunda hesab verməkdən qorxan və bu inancla yaşayan insan ulu dərgahda amanda olar. Qüdsi bir hədisdə Sonsuz Rəhmət Sahibi Allah bu müjdəni verir: “İki rahatlığı və iki qorxunu birlikdə (eyni vaxtda, bir yerdə) vermərəm”[10].

Burada Rəbbindən qorxan, günahdan çəkinən orada amanda olacaq, narahatlıq keçirməyəcək. İndi deyin; Gəncliyi çılğınlıqlardan çəkindirən bunun kimi ikinci bir düstur varmı? İnsanı qoruyacaq bir çənbər və çevrə məlumdurmu? Bütün müəllim və pedaqoqlar bu həqiqəti dinləməli və bu düsturu həyata tətbiq etməlidir.

Gənclik hər şey deməkdir. Haqsızlıq qarşısında kükrəyən bir cavanı görən Həzrət Ömər (r.a): “Gəncliyi olmayan bir millət məhvə düçardır”, – buyurur. Məsələyə bu aspektdən baxsaq, “ülvi duyğularla süslənmiş bir gənclik cəmiyyətin onurğa sütunudur” hökmünə vararıq. Belə bir millət yeni-yeni mədəniyyətlər qurmağa qabildir. Bunun əksi hökmün də əksi mənasına gəlir. Demək ki, bir millətin yüksəlişində ən mühüm amil gənclikdir, əlbəttə, qəlbi axirət inancı ilə dopdolu bir gənclik! Xülasə, inanan insanlar xoşbəxt bir dünya quracaq və yalnız onlar əsil səadət dolu bir həyatı yaşamaq haqqına sahib olacaqlar.

Gənclik bir xalqı batırar da, qaldırar da. Millət gəncliklə ya cana gələr, ya da can verər.

Cəmiyyətin böyük bir qismini xəstələr, məzlumlar və müsibətlərə düçar olanlar təşkil edir ki, həşr əqidəsi onlar üçün də böyük əhəmiyyət kəsb edir. Xəstə hər an yaxınlaşan ölümü və qəbir qapısını o biri aləmə bir keçid kimi görməklə ümidlənər, təsəlli tapar. Yox əgər qəbri səadətə gedən bir yol, əbədiyyətə aparan bir vasitə kimi görməzsə, heç vaxt məsud olmaz.

O, baş və bel ağrılarından, xərçəngdən və ya qanqrenadan əziyyət çəkə-çəkə həşrə inamla təsəlli tapa, Həzrət Əzrailin ayaq səslərindən duyduğu iztiraba ancaq bu inancla dözə bilər. “Bəli, mən gedirəm, məni heç kəs burada saxlaya bilməyəcək… Ancaq sağlamlığıma, əbədi gəncliyimə qovuşacağam, çünki mən Allahın hüzuruna gedirəm, hamı bir gün mütləq ora gələcək”, – deyərək xəstəliyini unudar, təsəlli tapar. Ona görə də, əhlullah[11]Həqiqi Dosta vüslət gününü təbəssümlə qarşılamış, ruhunu sevinə-sevinə təslim etmişdir.

Nəbilər Nəbisi (s.ə.s) son anında əllərini Həzrət Aişənin əllərindən çəkmiş və “Allahım, artıq o biri dünyanı istəyirəm”[12], – demişdi.

Bir gün əvvəl isə belə buyurmuşdu əshabına:

“Allah bir bəndəsinə dünya nemətləri ilə öz dərgahı arasında seçim etməkdə sərbəstlik verdi. Bəndə Onun dərgahını seçdi”[13].

Dünya ilə axirət arasında seçim sərbəstliyi verilən həmin bəndə özü idi. Məsələdən hali olan bəzi səhabələr göz yaşlarını saxlaya bilməmişdi. Bəli, O, əlini Həzrət Aişənin əlindən çəkmiş və Rəfiqi-Alanı[14] istəmişdi.

Böyük səhabə Həzrət Ömər də bir gün başını yerə qoymuş, “Allahım, bu mükəlləfiyyəti mənim çiyinlərimdən götür, artıq onu daşıya bilmirəm”, – deyib axirət arzusunu dilə gətirmişdi.

Onlara bu sözləri söylədən axirət inancı, saysız-hesabsız gözəlliyin təcəlli etdiyi axirət yurdu və bunların da fövqündə Allahın Baqi Camalını görmək arzusu idi.

O ki qaldı irzini, namusunu qəddar zalımın əlindən qurtara bilməyən məzluma… o da ancaq zalımın yaxasını Allahın əlinə verəcəyi günü və burada çəkdiklərinin əvəzində axirət yurdunda səadətə çatacağını düşünməklə təskinlik tapar.

Çünki məzlum qəti əmindir ki, burada çəkdiyi zülmlər cəzasız qalmayacaq. Böyük Məhkəmə qurulacaq, hər şey ortaya qoyulacaq, zalım cəzasını, o isə mükafatını alacaqdır.

Müsibətlərə düçar olanlara gəlincə… Səmavi  və ya ərzi (yerlə bağlı) müsibətlərə məruz qalanlar, bağını-bağçasını dolu vuranlar, tarlasını sel aparanlar, zəlzələdə evi başına uçanlar, ailə yuvası dərbədər olanlar və digər bu kimi bütün müsibətlərlə üzləşənlər də ancaq ölümdən sonra diriliş inancı ilə təsəlli taparlar.

Çünki bu inanca görə müsibətlər nəticəsində əldən gedən mal-dövlət sədəqə olur, can isə şəhidlik mərtəbəsinə yüksəlir. Məhz bu düşüncə ilə mənən rahat olub səadətə qovuşarlar.

Digər tərəfdən, ailə yuvası axirətə imanla Cənnət bağçasına, bu imandan məhrum olduqda isə Cəhənnəm çuxuruna dönür. Bir evdə uşaq dini duyğu və yaşayışdan uzaqdırsa, gənc arzu və həvəslərinin arxasınca düşübsə, ölümü gözləyən xəstə öz iztirabları içində qıvrılırsa, o evin bayquşlar ulaşan bir xarabadan fərqi yoxdur! Simalar qaş-qabaqlı, sifətlər soyuqdursa və daha da betəri, insan bunlardan qaçarkən özündən uzaqlaşırsa və əyləncələrlə özünü unutmağa çalışırsa… Məhz belə bir ailəyə həqiqi səadətin qədəm qoyması ancaq həşrə və ölümdən sonra dirilişə imanla mümkündür.

Əgər uşaqdan böyüyə, xəstədən sağlama hər kəsi xoşbəxt etməyi düşünürsünüzsə, bütün könüllərə həşr əqidəsini nəqş etməyə çalışın… Yalnız bu zaman gənclər nizam-intizama, qayda-qanuna tabe olacaq, uşaqlar yaramazlıqdan əl çəkəcək, yaşlılar Cənnət yolçuları kimi xoşbəxt yaşayacaq, o evdə səadət məşəli alovlanmağa başlayacaq və o ailənin üzvləri axirətə getmədən üxrəvi ab-hava hiss edəcək, nəticə olaraq, dünyada Cənnəti yaşayacaqlar.

Şəhər və ölkə də böyük bir evdir. Bir dünyada ki, gənclər nəfsinin əsiri, ixtiyarlar bədbindir, zalımlar məzlumların iniltisini ney kimi dinləyir, ora heç vaxt səadət üzü görməz. Belə bir dünyada şəhərlər də, məmləkətlər də, millətlər də bədbəxtdir. Çünki insanlar həqiqi səadətin mənbəyi olan inanc və əməllərdən uzaq düşüblər.

Bir namazın namaz olması üçün onun əsasını təşkil edən mərhələlər yerinə yetirilməlidir və namaz bu mərhələlərin xüşu[15] içərisində əda edilməsi ilə mükəmməllik zirvəsinə çıxır, insana meracın[16] şirin təəssüratlarını yaşadır. Bəzən insan elə bir an yaşayır ki, min illik ömrə bərabər olur.

Eyni ilə bunun kimi, ölkə və millətlərin xoşbəxtliyi onları əmələ gətirən cüzlərin (hissələr, parçalar, ünsürlər) səadətin əsasları ilə tam uyğun olmasından asılıdır. İdeal bir cəmiyyəti ancaq ideal bir sistemlə qurmaq mümkündür. Qoy Platon “Dövlət” əsərində bunun xülyasını qursun!.. Xəyalpərəst Fərabi “əl-Mədinətül-Fəzilə”sində bunun sərhədlərini müəyyən etməyə çalışsın. Bunlar heç vaxt bu ideal cəmiyyəti gerçəkləşdirə bilməyəcək. Çünki ideal cəmiyyəti meydana gətirən əsaslardan məhrumdurlar. Bəli, bu dünyada həqiqi səadətin yolu həşr əqidəsinə inanmaqdan, dünyanı fani bilib axirəti həsrətlə gözləməkdən keçir.

Müvazinət timsalı Peyğəmbərimizin (s.ə.s) ən mühüm işlərindən biri də dünya nizamını “axirətdə sorğu-sual” əqidəsi əsasında qurmasıdır. Bu həyat bir mənada axirətin müqəddiməsi, axirətə hazırlıq tarlası və qəlbdə axirət məşəlini alovlandırmaq üçün verilmiş bir fürsətdir. Ona görə də buranı “yövmüd-dünya”, o biri tərəfi də “yövmül-axir”[17] adlandırıblar. Yəni bu dünyada işlənən hər bir əməl o biri dünya üçün işlənmiş olur.

Allah Rəsulu (s.ə.s) gördüyü işlər və nəsihətləri ilə bütün könüllərə su səpib  idrak şöləsini alışdırmışdı. Onun zamanında qəlblər axirət inancı ilə elə süslənmişdi ki,  dünya malı, can, ailə-uşaq səhabələrin gözünə görükmürdü. Bu yerdə onlardan bir nümunə verək:

Bir gün iki səhabə Allah Rəsulunun (s.ə.s) hüzuruna gəlib bölünəsi malla bağlı onların arasında hakimlik etməsini istəmişdilər. İkisi də daha çox haqq sahibi olduğunu iddia edirdi. Rəsulullah onlara qulaq asdıqdan sonra:

– İndi ikinizdən biri öz dərdini daha yaxşı izah edib məni inandıra və beləliklə hökmü öz lehinə verdirə bilər. Mən də sizin kimi bir bəşər övladıyam! Hansınızın irəli sürdüyü dəlillər daha inandırıcı olsa, ona uyğun hökm verəcəyəm. Axirətdə isə məsələnin həqiqətinə baxılıb hökm veriləcək. Orada haqsız öz cəzasını, haqsızlığa məruz qalan da öz mükafatını tam alacaqdır, – buyurdu.

Bu sözləri eşidən hər iki səhabə bir ağızdan:

Ya Rəsulullah, mən iddiamdan əl çəkdim, qoy öz haqqım da onun olsun, – dedi.

Bundan sonra Allah Rəsulu (s.ə.s) onlara belə məxsusi tövsiyə verdi:

Gedin malınızı adil şəkildə bölün, sonra da püşk atın. Kimin payına malın hansı hissəsi düşsə, qisməti ilə razılaşsın. Həm də haqqınızı bir-birinizə halal edin”[18].

Göründüyü kimi, həyat axirət inancı ilə mükəmməl tənzim olunurdu. Hətta günah işləyən bir adam özünü bir dirəyə bağlayır, əfv fərmanı gələnəcən yerindən tərpənmirdi. Məsələyə bu qədər ciddi yanaşılırdı.

Bəli, insana ölüm anında belə bu səadəti hiss etdirən axirət inancıdır. Siz deyin; Fərdlərə, ailələrə və cəmiyyətə bu səadəti maddi imkanlarla, sərvətlə, dünya malı ilə hiss etdirmək mümkündürmü?

Bəli, doğru yolda və fəzilətlərlə yaşamaq üçün bircə yol var, o da axirət əxlaqına yiyələnməkdir. Yoxsa axirət inancına sahib olmayan insanlardan və onlardan təşəkkül tapan cəmiyyətlərdən fəzilət və istiqamət[19]gözləmək əbəsdir. Əgər onlarda fəzilətdən bir iz, bir əlamət varsa, bu, Cənabi-Haqqın insan fitrətinin cövhərinə və çəyirdəyinə yerləşdirdiyi fəzilətdir. Fitrətə yerləşdirildiyinə görə də əksini eləmək mümkün deyildir. Bu fitrət onları fəzilətli işlər görməyə məcbur edir. Bu fəzilət isə çalışmaq və səy göstərməklə əldə edilən fəzilət səviyyəsinə çata bilməz.

[1]Lövhi-Məhfuz – Yaradılacaq hər şeyin əvvəlcə bütün təfərrüatı ilə düşünülüb tərtib edildiyi ümumi plan və proqram. Bundan başqa, bir də Lövhi-Məhfuzdakı bu ümumi plan və proqramın, belə demək mümkündürsə, hər bir varlıq, hər bir kəs üçün çıxarılmış surəti vardır ki, buna “Lövhi-Məhv və İsbat”, bu plan və proqrama da ümumilikdə Qədər deyilir. Qədərdə yazılanların həyata keçməsi isə Qəza adlanır. Qədərə və Qəzaya inanmaq iman şərtlərindən biridir.

[2]“Yunus” surəsi, 10/61.

[3]Dəyyan – Allahın (cəllə cəlaluhu) gözəl isimlərindən biri. Mənası “(Qiyamət günü) hər kəsin hesabını və haqqını ən gözəl şəkildə bilən və verən” deməkdir.

[4]Müstəqim – Dümdüz, dopdoğru, ən doğru.

[5]“Zilzal” surəsi, 99/7-8.

[6]Qüfran – Cənabi-Haqqın günahları bağışlaması, örtməsi, rəhməti.

[7]“Məryəm” surəsi, 19/4.

[8]Rəhmaniyyət – Allahın (c.c.) Rəhman olması. Rəhimiyyət – Rəhim olması. “Rəhmaniyyət”, yəni Cənabi-Haqqın bu dünyada görünən (təcəlli edən) mərhəmətini ifadə edir. O, bu dünyada möminə də, kafirə də mərhəmət etməkdədir, hətta Ona üsyan edən asi bəndələri belə ruzisiz qoymur.

    Rəhimiyyət istilahı isə Uca Yaradanın axirətdə yalnız mömin bəndələri üçün təcəlli edən mərhəmətini bildirir. Bu baxımdan Allahın Rəhim ismi o biri dünyada təcəlli edəcək. Beləliklə, Rəhmaniyyət Allahın bu dünyada hamıya, bütün məxluqata, Rəhimiyyət ismi isə o dünyada yalnız möminlərə göstərdiyi mərhəməti ifadə edir.

[9]“Naziat” surəsi, 79/40-41.

[10]Münavi, “Feyzül-qadir”,  IV/495.

[11]Əhlullah – Allah dostları, övliyalar, vəlilər.

[12]Buxari, “Məqazi”, 84;“Mərza”, 19; “Fəzailus-səhabə”, 5; “Məğazi”, 84; Müslim, “Salam”, 46; Tirmizi, “Dəavat”, 76

[13]Buxari, “Mənaqibül-ənsar”, 45; Əhməd ibn Hənbəl, III, 18.

[14]Rəfiqi-Ala – Ən uca, ali dost, Allah.

[15]Xüşu – Qorxu qarışıq sevgidən gələn ədəbli bir hal. Ulu Rəbbin hüzurunda duyulan həya, təvazökarlıq

[16]Merac – nərdivan, yüksəliş, yüksələcək yer. Ən yüksək mərtəbə. İlahinin hüzuruna qalxmaq. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Allahın (cəllə cəlaluhu) hüzuruna ruhən və cismən çıxmasıdır ki, bu da Onun ən böyük möcüzələrindən biridir. Namaz hər bir müsəlmanın meracıdır, çünki bəndə xüşu ilə qıldığı namazla ruhən Allahın hüzuruna çıxmış olur.

[17]Yövmüd-dünya – Dünya həyatı. Yövmül-axir – axirət həyatı.

[18]Buxari, “Şəhadət”, 27; Müslim, “Əqdiyyə”, 4; Əbu Davud, “Ədəb”, 87; Tirmizi, “Əhkam”, 11, 18; Nəsai, “Qəza”, 13-33; İbn- Macə, “Əhkam”, 5.

[19]İstiqamət – Doğru yolda olmaq.

Exit mobile version