13. 913 dəfə oxunub ,   1 şərh   Çap et

Duanın bəndənin Allahdan kömək istəməsidir. Üz tutulan yer həmişə üz tutandan, istəyəndən üstün olur. Qul istəyən olduğu üçün acizliyini, yoxsulluğunu və pərişanlığını Allaha ərz etməli və dua edərkən məqamını unutmamalıdır. Möhtac olduğunu sevgi və sayğı ilə Allaha bildirməlidir.

İnsan hansı məqamda, hansı mövqedə olursa-olsun, hər an duaya möhtacdır. Bu, hər cəhətdən zəif bir varlıq olmağımızın səbəbidir. Lakin hər kəsin dua və istəyi eyni deyil. Bizə elə gələ bilər ki, kasıb və yoxsullar zəngin insanlardan daha çox duaya ehtiyac duyur və ya əksinə, tənha, kimsəsiz insanlar digər insanlardan çox duaya möhtacdırlar. Əgər belə düşünürüksə, deməli, duanın həqiqətini anlamamışıq.

İnsan Allah qarşısında daim bu düşüncədə olmalıdır: “Ya Rəbbi, məni Sən var etdin. Varlığımı Sənin sayəndə davam etdirirəm. Sən mənə hər şey verirsən. Verdiklərin və yaxşılıqların saysız-hesabsızdır. Ancaq buna müqabil Sənə kifayət qədər ibadət edə bilmirəm. Mən çox günahkar və üsyankar qulam. Əslində, hüzuruna gəlməyə də utanıram, üzüm yoxdur. Lakin Səndən başqa getməyə bir yerim də yoxdur. Qapına gəldim, məni əliboş qaytarma, məni bağışla…”

İslama görə, dua psixoloji sakitləşmə vasitəsi deyildir. Bəzilərinin zənn etdiyi kimi, hər işi gözəgörünməz ilaha həvalə etmək də deyildir. Dua qorxu, narahatlıq, sıxıntıdan qurtulma arzusu da sayılmır. Qədim dinlərdə olduğu kimi, tanrıların qəzəb və şərindən qorxub onlara əl açmaq da deyil.

Dua imandır, dua fəaliyyətdir, dua cəhd və səydir, dua oyanış və dirçəlişdir. Allahı və Onun hakimiyyətini tanımaq və etiraf etməkdir. Həyatın məqsədini dərk etmək, onu nizama salmaq, gələcəyə hazırlanmaq, din yolunda əzmli olmaq, özünü toplamaq və nöqsanları aradan qaldırmaqdır.

Dua Allahdan aramsız, fasiləsiz istəməkdir. Bu, müsəlmanlığın vəsfi, həyatın hədəfidir. O, kamil mömin olmaq üçün Allahın bitməz-tükənməz xəzinələrini istər, onların lütf edilməsi üçün niyaz edər.

Duada məqsəd

Duada əsas məqsəd Allaha ərz və niyaz olduğuna görə dua qulla Allah arasında bir dialoq mənasını daşıyır. Əvvəla, Allah insanı Öz varlığından xəbərdar etmiş, insan da dərk etdiyi bu Qüdrətə ehtiram və ümidlə baxmış, özündən üstün olan Yaradanla münasibət qurmaq ehtiyacını duymuşdur. Dua belə bir irtibatla qurulan dialoqdur. Bu dialoqda məqsəd bir tərəfdən ehtiyacların təmini və qüsurların düzəldilməsi, bağışlanması, digər tərəfdən də mənən yüksəlməkdir. Başqa sözlə, dua fani və aciz olan varlıqla hüdudsuz və sonsuz qüdrət Sahibi arasında qurulan körpüdür. Buna görə də insan tarix  boyu duadan uzaq olmamışdır.

Müsəlmanın duada qısaca dörd vacib məqsədi ola bilər:

  1. Günahlarının əfvi:

Mömin əlindən gəldiyi qədər günah işləməkdən çəkinir. Ancaq yenə də xətalı olduğunu düşünərək daim Allahdan əfv, mərhəmət diləyir.

  1. Ümid və arzu:

Mömin layiqincə ibadət etməyi, hidayətdən uzaqlaşmamağı (hidayət yolunda olmağı) və Allahın inayətinə nail olmağı arzu edir.

  1. Allahdan kömək, lütf, mərhəmət, müvəffəqiyyət istəyir, bunu da əlindən gələni ortaya qoyduqdan sonra edir.
  2. Qəza, bəla, müsibət və xəstəliklərdən qorunmaq istəyir: Mömin əmrləri yerinə yetirir, qadağalardan qaçınır, ibadətlərini səmimi qəlbdən etməyə çalışır, sonra da qəza, bəla müsibət və xəstəliklərin uzaqlaşmasını, sovuşmasını, günahlarının əfv edilməsini, cəza və qəzəbdən qurtulmağı, Allahın razılığını qazanmağı niyaz edir.

Allahın əmri – dua

İnsan zülmət gecələrdə, işıqlı gündüzlərdə, yazda-qışda, dağda-aranda, kənddə-şəhərdə – zaman və məkandan asılı olmayaraq daim Aləmlərin Rəbbinə möhtacdır. Mömin yalnız Allaha yalvarar və yalnız Ona sığınar, Ondan başqasına boyun əyməyi Ona hörmətsizlik sayar. Ola bilsin ki,

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (“Əraf” surəsi, 7/55-56)

Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin” (“Əraf” surəsi, 7/180).

Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!)” (“Ğafir” surəsi, 40/60) buyuraraq dua etməyi əmr edən Allah (c.c.) hüzuruna çıxıb qul olduğunu elan edən və əl açıb yalvaranları cavabsız qoymayacaq.

Hər cəhətdən möhtac, aciz, gücsüz olan bəndənin vəzifəsi gücsüzlüyünü dərk edərək Allaha dua etməkdir. Qurani-Kərim dua ilə başlayıb dua ilə sona çatır. “Fatihə” surəsi qısa və icmali bir duadır. Bu qısa surədə insan – Allah münasibəti icmali şəkildə verilmişdir. Buna görə də “Fatihə” surəsi namaz ibadətinin əsası olaraq hər rükətdə oxunduğu kimi, namaz xaricində ən çox oxunan duadır. “Fatihə” surəsinin fəziləti ilə bağlı Peyğəmbərimizin bir çox hədisi var. Quranın son iki surəsi də duadır. Sevgili Peyğəmbərimiz bu duaları namazda və namaz xaricində oxumağı tövsiyə etmişdir.

Allah (Ona) ibadət və dua edən qullara yaxındır. Əlbəttə, bu yaxınlıq məcazidir; Allahın qullarının ibadət və duasına əhəmiyyət verdiyini, heç birini hədər etməyəcəyini, qulun mənəvi dərəcəsini yüksəldəcəyini ifadə edir. Allah (c.c.) Ona dua edən, Ondan istəyən, Ona müraciət edən, acizliyini dərk edən, əfv diləyən bəndəsini sevir. Çünki dua bir mənada Rəbbə itaət və boyun əymək, Onun ucalığına iman etmək, Onun qüdrətinin sonsuzluğunu etiraf etməkdir. Bu, iman və təslimiyyətdir. Dua etməyənin Allah qatında dəyəri yoxdur: “De ki: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (“Furqan” surəsi, 25/77)

Allah-Təala möminlərə namazda ən az gündə 40 dəfə “Fatihə” surəsini oxudaraq “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (“Fatihə” surəsi, 1/5) ayəsini təkrarladır. Bu ayə göstərir ki, Allah yalnız Ona qulluq edilməsini, yalnız Ona dua edilməsini istəyir və əmr edir. Allah insana şah damarından daha yaxındır və Onun insana mərhəməti ananın uşağına mərhəmətindən qat-qat çoxdur. Bir ayədə belə buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər(“Bəqərə” surəsi, 2/186).

Filan pir, filan baba, filan şeyxin qəbri üstə növbəyə girib onlardan yardım istəmək şirkdən başqa bir şey deyildir. Həmçinin bu, bidətdir, yəni dinimizdə olmayan bir şeyi uydurub dinə əlavə etməkdir. Allaha, həqiqətən, inananlar ölüyə yalvarmaz, onlardan heç nə istəməz. Duada arzu, istək, niyaz vardır. Bunu da ancaq Allahdan istəmək lazımdır.

Həmişə dua etməliyik

İnsan özünü müstəğni görürsə, yəni “mən özüm hər şeyi həll edərəm” deyirsə, bu, Allahdan uzaqlaşmağın ilk əlamətidir. Çünki dua insanın öz-özünə kafi olmamasının, acizliyinin göstəricisidir.

İctimai həyatımızda əmr, tövsiyə və xahişlərini yerinə yetirmədiyimiz, əhəmiyyət vermədiyimiz bir şəxsə bir gün işimiz düşsə, o, bizə deməzmi: “Hansı üzlə gəlmisən? Sən mənim dediklərimi yerinə yetirdin ki, mən də sənin ricanı yerinə yetirim?”

Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər” (“Məhəmməd” surəsi, 47/7). Allaha yardım göstərmək Onun dininə xidmət etmək və istəklərini yerinə yetirməkdir. Biz Allahın dininə itaət edər, həyatımızı Onun əmr və qadağaları istiqamətində tənzimləyər və İslam uğrunda çalışarsaq, Allah da bizə yardım göstərər. Allahın halalını halal, haramını haram qəbul etməsək, həyatımızı kor-koranə yaşasaq, hansı üzlə dua edəcəyik? Bu, heç səmimiyyətlə bir araya sığırmı?

Borcumuzu vaxtında ödəməsək, borc verənin qapısı ağzından keçmərik. Hətta onun evinə, dükanına yaxın yerlərdə də gəzmərik, birdən qarşımıza çıxar deyə. Qulluq borcumuzu ödəmədiyimiz və istəklərini yerinə yetirmədiyimiz bir Zatın – Allahın mülkündə gəzərkən də bənzər hislər keçirməli və daim dua etməklə Onunla irtibatda olmalıyıq.

Çox vaxt dara düşəndə və çarəsiz qalanda əl açıb “Ya Rəbbi!…” deyirik. Başqa vaxtlarda elə hərəkət edirik, elə davranırıq ki, sanki, Allaha ehtiyacımız yoxdur. Halbuki ömrün elə bir anı, elə bir saniyəsi yoxdur ki, Allaha möhtac olmayaq. Qəribədir ki, insan yalnız darda qalanda, çətinliyə düşəndə Allaha möhtac olduğunu hiss edir. Halbuki o hər an bu ehtiyacın şüurunda olmalıdır. Bu həqiqəti dərk edən insan həyatının bir anını da duasız keçirməz. Duanın eyni zamanda ibadət və qulluq olduğunu qeyd etmişdik. Qulluq isə mütəmadidir. Elə isə dua yalnız dara, çətinliyə düşəndə edilməməlidir. “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (“Hicr” surəsi, 15/99). Hər şey yerli-yerində olarkən etdiyimiz dualar dara düşəndə edəcəyimiz duaların qəbulunu asanlaşdırar. Bir hədisi-şərifdə belə buyurulur: “Kim dar və çətin zamanlarda duaların qəbul olunmasını istəyirsə, rahat vaxtlarında çox dua etsin”.[1]

Heç itirib-axtarmadığımız bir dostumuza işimiz düşəndə yanına gedib niyə gəldiyimizi desək, o “İşin düşdü gəldin, işin düşməsəydi, heç gəlməzdin” deməz? Biz dara, çətinliyə düşmədən Allaha əl açıb dua etməsək, Onu anmasaq, Allah bizə eyni şeyi deməz? “Qulum, işin düşdü deyə yadına düşdüm? Yoxsa heç ağlına gəlməyəcəkdim”.

Bəli, biz belə təzadlar və nankorluqdan uzaq ola bilsək, Allahla münasibətimiz daha möhkəm olar. Dua etməyə də üzümüz olar və Rəbbimiz qarşısında ikiüzlülükdən qurtularıq. Hərçənd Rəbbimiz mərhəmət və şəfqəti ilə bizi belə də qəbul edir. “Elə isə dua etməyin” buyurmur. Bu, Rəbbimizin şəninə çox yaraşdığı halda – O bağışlayandır, Onun şanı ucadır – ikiüzlülük və nankorluq bizə heç yaraşmır.

Rəbbimiz dilimizdən duanı əskik etməsin. Bizə ən gözəl və məqbul dualarla, ixlas və səmimiyyətlə İlahi dərgaha yönəlməyi nəsib eləsin.


[1] Tirmizi, Dəavat, 9




Bənzər məqalələr

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!


1 şərh yazılıb
  1. T.E , 27/03/2015 tarixində, saat 07:03

    Eladır

Şərh yaz