Mənəviyyata Açılan Pəncərə

Helm nədir?

“Helm” (həlimlik) yumşaq xasiyyətli, yavaş, sakit, səssiz olmaq, həyəcana qapılmayıb qəzəbi cilovlamaq, nəfsə hakim olub əsəbiləşməmək və gücü çatdığı halda bağışlamaq mənalarına gəlir.

Həlimlik həmçinin xoşagəlməz hallarda səbir etmə, təhrikedici hadisələr zamanı soyuqqanlılığı qoruma, təmkinli və ciddi olma, kədərli mənzərələrlə üzləşəndə özünü ələ alma xüsusiyyətlərini də ehtiva edən gözəl əxlaqdır.

Allahın razı olduğu əxlaqi fəzilətlərin başında həlimlik və təvazökarlıq dayanır. Bu iki əxlaqi xüsusiyyət bütün əxlaqi fəzilətlərin mənbəyi və incisidir.

Hilm təmkinli və səbirli olmaqla yanaşı, tələsməmək, ehtiyatlı hərəkət etmək deməkdir. Buradan da bağışlamaq və xeyirxahlıq etmək kimi yüksək əxlaqi fəzilətlər meydana gəlir.

Qəzəb hissinə nəzarət etmək də həlimliklə yaxından bağlıdır. Qəzəbini cilovlaya bilməyənlərin həlim xasiyyətli olması olduqca müşkül məsələdir.

Elm əhlinə görə, qəzəblənərkən hirsini boğub mülayim hərəkət etmək ən fəzilətli əməllərdən biridir.

İnsan mümtaz, üstün varlıqdır. Allah-Təala ağıl, zəka, vicdan, mərhəmət, şəfqət, qayğı, yardım, hörmət və s. ali vəsfləri yalnız insana lütf etmişdir. Bu baxımdan, insan yer üzünün əşrəfidir.

Qurani-Kərimdə keçən “rabbəniyyin, səlamən, həvnən, kəhlən və kiramən” kimi sözlər ümumən “həlimlik” xüsusiyyəti kimi izah edilmişdir.

Göründüyü kimi, bu xüsusiyyət tamamilə mülayimliyə dəlalət edir ki, nöqsanlara göz yummaq, insanları bağışlamaq, hamı ilə dil tapmaq, münasibət qurmaq kimi davranışların, demək olar, hamısı da mənbəyini bu təməl vəsfdən götürür.

Peyğəmbərimizin (s.a.s.) həlimliyi

Allah Rəsulu (s.a.s.) peyğəmbərliyindən əvvəl də, sonra da ən həlim və yumşaq xasiyyətli insan idi. Və bu xüsusiyyət ömrü boyu cilalana-cilalana ən kamil səviyyəyə yük­səlmişdir. Allah da Onu qorumuş və bu fəzilətini öymüşdür.

“Ali-İmran” surəsinin 159-cu ayəsində: “Allahın mərhəməti sə­bəbi ilə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar Sənin ətrafından dağılıb gedərdilər“, – buyurulur.

Peyğəmbərimiz (s.a.s.) şəxsinə edilən pisliklərə görə intiqam almağı heç vaxt düşünməmişdir. O, ən az əsəbiləşən və ən tez razılaşan insan idi, bağışlamaqda tayı-bərabəri yox idi.

Allahın əmrlərini insanlara təbliğ edərkən Qüreyş müşrikləri Onu hər cür həqarəti rəva bildilər. Onu ələ saldılar, öldürməklə hədələdilər, keçdiyi yollara tikan tökdülər. Bununla da ürəkləri so­yumadı, Ona sehrbaz, falçı, kahin, şair dedilər, əsəbiləşdirmək üçün hər vasitəyə əl atmaqdan çəkinmədilər. Ancaq O, bütün bu həqarətləri, zülmləri səbirlə qarşıladı, zərrəcən qəzəblənmədi.

Əslində, kim olur-olsun, başqalarının yanında təhqir olunan insan əsəbiləşər, qəzəblənər, cavab vermək istəyər. Ancaq bunların heç birini Peyğəmbərimizdə görmək mümkün deyildi. O olduqca sakit və səbirli hərəkət edir, İslamı təbliğ vəzifəsini layiqincə yerinə yetirməyə çalışırdı. Şəxsinə edilən əziyyətlərə susması da, çox güman, bununla bağlı idi.

Məkkədə qurulan “Zülməcaz” bazarında insanlara Peyğəmbərimizin (s.a.s.) İslamı anlatdığını  eşidən bir nəfər nəql edir:

“Həzrəti Məhəmməd (s.a.s.) Allahın bir olduğunu, Ona inananların xilas olacağını elan edirdi. Əbu Cəhil də Onun üstünə torpaq atır və “Ey insanlar, bu adama qulaq as­mayın, sizi dininizdən döndərməyə çalışır. Sizi bütlərimiz Lat və Uzzadan uzaqlaşdırmaq istəyir”, – deyə ona həqarət edirdi. Peyğəmbərimiz (s.a.s.) bu təhriklərə fikir vermir, bir dəfə də olsun çevrilib Əbu Cəhlin üzünə baxmırdı. O, öz və­zifəsini yerinə yetirməyə çalışırdı”.[1]

Yenə bir gün Peyğəmbərimiz xəstə yatan səhabə Sad ibn Ubadəyə baş çəkməyə gedirdi. Yolda bir dəstə adamla rastlaşdı. Münafiqlərin başçılarından Abdullah ibn Ubey də onların arasında idi. Bir az orada dayandı. İbn Ubey Peyğəmbərimizə söz atmağa başladı. Və həyasızcasına: “Diqqət eləsənə! Miniyin toz qaldırır. Buradan uzaqlaş, heyvanın bizi narahat edir!”– deyərək yerli-yersiz danışmağa başladı. Peyğəmbərimiz (s.a.s.) oradakılara salam verib, onları Allahın dininə səsləyib İslamdan danışdı. İbn Ubey camaatın Peyğəmbərimizə (s.a.s.) qulaq asdığını görüb tamam özündən çıxdı və “Bizə müsəlmançılıqdan danışma, yanına gələn olsa, ona istədiyini deyərsən!” – deyərək, təhqiramiz ifadələr işlətdi. Ancaq Peyğəmbərimiz (s.a.s.) onun ədəbsiz hərəkətlərinə məhəl qoymur, danışmaqda davam edirdi.

Bu vaxt böyük şair Abdullah ibn Rəvaha ayağa qalxıb:

– Ey Allahın Rəsulu, həmişə bura gəlin, bizə söhbət edin, sizi çox sevirik! – deyə sevincini dilə gətirdi.

Bu əsnada müsəlmanlarla münafiqlər arasında mübahisə düşdü. Az qala əlbəyaxa olacaqdılar. Çox sakit hərəkət edən və heç əsəbiləşməyən Peyğəmbərimiz (s.a.s.) onları sa­kitləşdirdi, sonra da oradan uzaqlaşıb yoluna davam etdi.[2]

Ərəbistan yarımadasında yaşayan yəhudilər Peyğəmbərimizin (s.a.s.) amansız düşməni idi. Kində, qısqanclıqda,­ acgözlük və dünya malına düşkünlükdə onlara çatan olmazdı. Ancaq qeyd edək ki, ərəblərdən fərqli olaraq biliyə və oxu­mağa ciddi yanaşır, hər sahədə üstün olmağı özlərinə bir və­zifə bilirdilər. Buna görə də axırıncı Peyğəmbərin onlardan çıxacağını gözləyirdilər. Rəsulullah (s.a.s.) Allahın əmri ilə peyğəmbərliyini açıq şəkildə təbliğ etməyə başlayanda onların qısqanclığı və düşmənçiliyi ən yüksək həddə çatdı. Peyğəmbərimizə (s.a.s.) çirkin tələlər qurmağa, Ona qəsd etmək üçün yollar axtarmağa başladılar.

Bir dəfə bir yəhudi Peyğəmbərimizə cadu etdi. Allah Rəsulu (s.a.s.) xəstələnib yatağa düşdü. Bir neçə gün sonra Cəbrail əleyhissalam gəlib Peyğəmbərimizi (s.a.s.) vəziyyətdən xəbərdar etdi.

– Ey Məhəmməd, bir yəhudi Sənə cadu edib və üfürüb düyünlədiyi ipliyi filan quyuya atıb. Bir nəfər göndər, gedib onu quyudan çıxarsın.

Peyğəmbərimiz (s.a.s.) Həzrəti Əlini göndərdi, o düyün vurulmuş ipliyi quyudan çıxarıb gətirdi. Düyünlər açılan kimi Allah Rəsulu (s.a.s.) da özünə gəldi. Peyğəmbərimiz (s.a.s.) həmin yəhudini tanısa da, axirətə köçənədək əməlini üzünə vurmadı.[3]

Ancaq əhli-kitab içində haqpərəst, haqqı və doğrunu axtaranlar da vardı. Çünki müqəddəs kitabları Peyğəmbərimizin (s.a.s.) xüsusiyyətlərinə və gözəlliklərinə dair bir çox işarə və məlumatları ehtiva edirdi.

Peyğəmbərimizin (s.a.s.) Tövratda bildirilən ən bariz xüsusiyyətlərindən biri də həlimliyi idi. Tövratda Onun mülayim xasiyyətinə, insanları İslama dəvət edərkən həlim və səbirli davranmasına toxunulmuşdu. Yəhudi alimləri Peyğəmbərimizin (s.a.s.) Tövratda əksini tapan bir çox keyfiyyətinə öz gözləri ilə görüb şahid olmuşdular. Bəziləri isə hələ araşdırırdı, Rəsulullahın (s.a.s.) Tövratda qeyd olunan bütün vəsflərini görəndən sonra iman edəcəkdilər.

Bu yəhudi alimlərindən biri: “Onun Tövratda bildirilən xü­su­siyyətlərinin hamısını görmüş və yoxlamışdım. Bircə həlimlik qalmışdı”, – demiş və Onun həlimliyini də yoxlamaq qərarına gəlmişdi:

“Allah Rəsulu (s.a.s.) mənə alış-verişdən sonra otuz dinar borclu qalmışdı. Borcu qaytarmağına bir gün qalmış gedib:

– Ey Məhəmməd, borcunu qaytar. Onsuz da, borcunu vaxtında ödəməyib uzatmaq siz Əbdülmüttəlib oğullarının adətidir, – dedim.

Bunu eşidən Ömər mənə belə dedi:

– Ey yəhudi, vallah, Rəsulullahın evində olmasaydın, gözünü çıxarardım.

Rəsulullah (s.a.s.) Ömərə buyurdu:

– Ey Hafsın atası, Allah səni bağışlasın. Biz səndən başqa hərəkət gözləyirdik. Mənə onun haqqını gözəl şəkildə qaytarmağı deyəcəkdin. Ona da borcunu almaqda kömək edəcək və daha nəzakətli rəftar etməli olduğunu deyəcəkdin.

Yəhudi alim hadisənin ardını belə nəql edir: “Mənim Rəsulullahla cahilcəsinə, kobud və sərt rəftarım ancaq Onun mülayimliyini artırdı. Mənə belə buyurdu:

– Ey yəhudi, sənə olan borcumu sabah qaytaracağam.

Sonra Ömərə belə dedi:

– Ey Hafsın atası, onu sabah istədiyi xurma bağçasına apar, bəyənsə, ona filan qədər ver. Verəndə də “sənə filan qədər artıq verirəm” de. Əgər bu bağçadakına razı olmasa, filan bağçadan filan qədər ver.

Ertəsi gün Həzrət Ömər (r.a) məni bəyəndiyim bağçaya apardı. Oradan Rəsulullahın dediyi qədər xurma verdi. Artıq xurma da əlavə etdi. Yəhudi borcunu alandan sonra kəlmeyi-şəhadət gətirib müsəlman oldu. Niyə müsəlman olduğunu da Həzrət Ömərə danışdı:

– Ey Ömər, bilirsən, Rəsulullaha qarşı niyə belə etdim? Çünki Rəsulullahın Tövratda yazılan bütün xüsusiyyətlərini görmüşdüm. Bircə həlimliyi və mülayimliyi qalmışdı. Bu gün də həlimliyini yoxladım və Tövratda yazıldığı kimi olduğunu gördüm. Sən şahid ol, bu xurmanı və sərvətimin yarısını yoxsul müsəlmanlara bağışlayıram.

Daha sonra bu yəhudinin ailəsində yaşlı bir adamdan başqa, hamı müsəlman oldu. Peyğəmbərimizin (s.a.s.)  səbri və mülayimliyi belə neçə-neçə insanın imana gəlməsinə səbəb olmuşdu.[4]

Rəsulullah (s.a.s.) Ona etiraz edən, yerliyersiz danışan insanlarla da mülayim rəftar edir, onların hərəkətlərini təmkinlə qarşılayırdı. Əbu Səid əl-Xudri nəql edir:

“Peyğəmbərimiz Huneyn döyüşündə ələ keçirilən qənimətləri səhabələri arasında bölüşdürürdü. Bəzi səhabələrə çox pay ayırdı. Elə Aqra ibn Habislə Uyeynə ibn Xınsın hərəsinə yüz dəvə verdi. Bunu görən Təmim oğullarından Zul-Huveysira yaxınlaşıb etiraz etdi:

– Ey Allahın Rəsulu! Ədalətdən və haqdan ayrılma. Vallah, bu bölgüdə Allah rizasına əməl olunmayıb!

Peyğəmbərimiz (s.a.s.) üzgün-üzgün cavab verdi:

– Mən ədalətli olmayacağamsa, kim olacaq? Mən ədalətlə hökm etməsəm, böyük ziyana uğrayaram. Allah Musaya rəhmət etsin. Ona daha ağır sözlər deyib incitmişdilər, amma səbir et­mişdi”.[5]

Təzə müsəlman olmuş və İslamın uca əxlaqını hələ qavramamış bədəvilər bəzən kobudluq edirdilər. Üstəlik, ucqar yerlərdə, şəhər həyatından uzaqda yaşayırdılar.

Bir dəfə Peyğəmbərimiz (s.a.s.) məsciddə oturub səhabələri ilə söhbət edirdi. Bir bədəvi içəri girib iki rükət namaz qılandan sonra əllərini açdı və belə dua etdi:

– Allahım, mənə və Məhəmmədə mərhəmət et. Başqa heç ki­mə mərhəmət etmə.

Bədəvinin bu sözlərini eşidən Peyğəmbərimiz (s.a.s.):

– Allahın çox geniş mərhəmətinə sərhəd qoydun, – deyib onun səhvini düzəltdi.

Sonra bədəvi qalxıb məscidin bir tərəfində kiçik ehtiyacını gördü. Bunu görən səhabələr onun başına yığışdılar. Peyğəmbərimiz (s.a.s.) onlara müdaxilə edib belə buyurdu:

– Qoyun, işini görsün. Sonra da ora bir qab su tökərsiniz. Çünki sizin vəzifəniz asanlaşdırmaqdır, çətinləşdirmək deyil.

Sonra bədəvini yanına çağırıb başa saldı:

– Məscidlər ehtiyacı dəf etmək yeri deyil. Bu yerlər Allahı xatır­lamaq, namaz qılmaq və Quran oxumaq üçün tikilmişdir”.[6]

Əslində, bədəvi Peyğəmbərimizin (s.a.s.) tikdirdiyi və sadəcə ibadət üçün istifadə edilən məscidə gəlib böyük xəta etmişdi. Ancaq Peyğəmbərimiz (s.a.s.) bilirdi ki, bədəvi bunu qəsdən etmir.

Anlayışlı və rəhmdil olmaq, mülayim rəftar etmək, bağışlamaq, səbirlə qarşılamaq kimi xüsusiyyətlər mənfi davranışlar zamanı bir məna kəsb edir, əsl mahiyyətini ortaya qoyur. Yoxsa adi hadisələri, onsuz da, hamı sakit və səbirlə qarşılayır. Əsas məsələ mənfi davranışları səbir və təmkinlə, anlayışla qarşılamaqdır. Rəsulullahın (s.a.s.) hər fəzilətdə olduğu kimi, həlimlik və mülayimlikdə də tayı-bərabəri yox idi.

Peyğəmbərimizin (s.a.s.) həlimlik və mülayimliyini göstərən bir hadisəni də Ənəs ibn Malik nəql edir:

“Peyğəmbərimizlə (s.a.s.) birlikdə gedirdik. Əy­ninə nəcran qumaşından tikilmiş sərt yaxalıqlı xirqə geyinmişdi. Bir bədəvi qaça-qaça gəlib Peyğəmbərimizə (s.a.s.) çatdı və xirqəsini möhkəm çəkdi. Rəsulullahın (s.a.s.) xirqəsi cırıldı və boynunda yaxalığın izləri qaldı.  Bədəvi:

–  Ey Məhəmməd! Dəvələrimi buğda ilə yüklə. Çünki səndəki mal nə sənindir, nə də atanın, – dedi.

Bədəvinin kobud və ədəbsiz hərəkəti Peyğəmbərimizi (s.a.s.) kədərləndirdi. Üzünü bədəviyə tutub belə dedi:

–  Əvvəlcə məni incitdiyin üçün üzr istə.

Bədəvi:

– Xeyr, üzr istəmirəm, – deyə cavab verdi. Halbuki Peyğəmbərimiz (s.a.s.) ona ədəb dərsi vermək istəyirdi, ancaq o, anlayana oxşamırdı. Peyğəmbərimiz (s.a.s.) bədəvinin kobudluğuna baxmayaraq, səhabələrinə tərəf döndü və belə buyurdu:

– Bu adamın bir dəvəsinə arpa, digərinə xurma yükləyin.

Bədəvi sevinə-sevinə getdi. Səhabələr də Peyğəmbərimizin (s.a.s.) bu davranışına heyran qaldılar”.[7]

Allah Rəsulu (s.a.s.) işlərinə kömək edənlərlə olduqca mülayim rəftar edər, onların üstünə qışqırmaz, qəlblərini qırmazdı. Onlar dediyini etməsələr də, səhlənkarlıq göstərsələr də, sakitcə səbəbini soruşardı.

Uzun illər Allah Rəsuluna xidmət edən Ənəs ibn Malik deyir:

“Rəsulullaha (s.a.s.) on il xidmət etdim. Mənə nə “of” dedi, nə görmədiyim işə görə “kaş bunu görəydin”, nə də gördüyüm bir işdən ötrü “bunu niyə elədin?” dedi”.[8]

Həzrəti Ənəs rəvayət edir:

“Rəsulullah bir gün məni bir iş dalınca göndərdi. Mən: “Vallah, getmərəm”, dedim. Halbuki Rəsulullahın göndərdiyi yerə getmək ürəyimdən keçirdi. Bayıra çıxdım, uşaqların yanına getdim, onlar küçədə oynayırdılar. Mən də onlara qoşulub oynamağa başladım. Bu əsnada Rəsulullah gəldi, arxadan başımı tutdu. Üzünə baxdım, gülürdü:

– Ənəs, sən göndərdiyim yerə getdin?

– Hə, gedirəm, ey Allahın Rəsulu, – dedim”.[9]

Bir dəfə də Peyğəmbərimiz (s.a.s.) Həzrəti Aişə­yə (r.anha) belə tövsiyə etmişdi:

Ey Aişə, mülayim ol. Çünki bir şeydə mülayimlik olarsa, onu bəzəyər, bir şeydən çıxarılsa, onu çirkinləşdirər.[10]

Peyğəmbərimiz (s.a.s.) bilirdi ki, əsl igidlik və qəhrəmanlıq qol gücündə deyil, əsəbi anda qəzəbi cilovlayıb mülayim rəftar etməkdədir.

Abdullah ibn Məsud nəql edir:

“Rəsulullah (s.a.s.) soruşdu:

– Siz aranızda kimi igid sayırsınız?

Biz:

– Pəhləvanlara yıxılmayan, məğlub olmayan adamı, – dedik.

Rəsulullah buyurdu:

– Xeyr,

əsl pəhləvan o adam deyil, qəzəblənəndə özünə hakim ola bilən, özünü saxlamağı bacarandır”.[11]

Peyğəmbərimiz də bu cəhətdən əsl igid və pəhləvan idi. Düşmənləri nə Ona üstün gələ, nə də istədiklərini etdirə bilmişdilər. Rəsulullah (s.a.s.) ancaq şəxsinə qarşı edilən xə­taları mülayimliklə qarşılayırdı. Allaha və imana edilən hücumlara isə qətiyyən susmaz, lazımi cavabı verərdi. Onun mülayim və yumşaq rəftar etməkdə əsas məqsədi iman və İslamın gözəlliyini möhtac könüllərə çatdırmaqdı.

Cərir ibn Abdullah Peyğəmbərimizin (s.a.s.) belə buyurduğunu rəvayət edir:

“Allah-Təala sərtlik və kobudluğa vermədiyi şeyləri (mükafatı) mehribanlıq və həlimliyə verir. Allah bir bəndəsini sevərsə, ona hə­limlik bəxş edər. Həlimlikdən məhrum bir ailə hər şeydən məhrum sayılır”.[12]

Rifq (mülayim, yumşaq xasiyyət), yəni gözəl əxlaqla yanaşı həlim xasiyyətli olmaq da tez özündən çıxmamaq və əsəbiləşməməkdən asılıdır. Bir atalar sözü var: “Qəzəblə qalxan zərərlə oturar”. Bu baxımdan, yerli-yersiz əsəbiləşmək, özündən çıxmaq həlimliyə, mülayimliyə ziddir. Belə ki, insan sadəcə tez əsəbiləşmə vərdişini tərgitməklə xeyli gözəl nəticələr əldə edər.

Əbdürrəhman ibn Avf nəql etdi: “Peyğəmbərimizin (s.a.s.) hüzuruna bir nəfər gəlib belə dedi:

– Ey Allahın Rəsulu! Mənə bir neçə söz öyrət ki, onunla səadəti tapım. Çox uzun olmasın, yoxsa yadımdan çıxar.

Peyğəmbərimiz (s.a.s.) belə buyurdu:

– Qəzəblənmə!”[13]

Peyğəmbərimiz (s.a.s.) hirsin, qəzəbin şeytandan gəldiyini qeyd etmiş və buna bir çıxış yolu göstərmişdir:

Qəzəb şeytandandır. Şeytan da oddan yaradılıb. Odu isə ancaq su ilə söndürmək olar. Buna görə əsəbiləşəndə dəstəmaz alın.[14]

Başqa bir hədisində isə belə buyurur:

“Əsəbiləşəndə ayaq üstəsinizsə, oturun. Əsəbiniz soyusa, lap yaxşı, soyumasa, yan tərəfə yaslanın”.[15]

Pisliyə yaxşılıqla cavab vermək

“Yaxşılıqla pislik eyni ola bilməz! Ona görə də sən pisliyi yaxşılıqla, gözəlliklə dəf et! Bir də görərsən ki, aranızda düşmənçilik olan şəxs yaxın dosta dönüb!” (“Fussilət” surəsi, 41/34)

Şər zahirən qalib görünsə də, əslində, məğlubdur, zəifdir. Çünki o, mahiyyət etibarilə məğlubiyyətə məhkumdur. Xeyir, yaxşılıq və doğruluq isə könüllər fəth edən bir qüvvədir. Yaxşılıq və pisliyi açıq-aşkar yan-yana qoysan, əksəriyyət yaxşılığı tərifləyib pisliyə nifrət edər. Demək ki, yaxşılıqla pislik eyni deyildir.

Pis davranışı bağışlamaq yaxşılıqdır. İnsanların pisliyini bağışlamaqla onların qəlbini fəth etmiş oluruq.

“Bu (pisliyə yaxşılıqla cavab vermə xüsusiyyəti) yalnız səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!” (“Fussilət” surəsi, 41/35-36)

Haqq ilə batilin mübarizəsində möminlərin pisliyi yaxşılıqla dəf etməsi şeytanı özündən çıxarır. İstəyir ki, möminlər kiçik bir səhvə yol versin, o da bundan istifadə edib möminlərin lehinə olanları onların əleyhinə çevirsin. Buna görə də möminlər məruz qaldıqları zülmə cavab verəndə azacıq həddi aşsalar, “şeytanın vəsvəsəsinin təsirinə düşmüş” sayılırlar. Bu, möminlərin gücünü zəiflədir. Çünki haqlı olsalar da, haqlarına zəif kölgə salmış, öz əleyhinə bəhanəyə zəmin hazırlamış olurlar. Bu ayə bir hədisi-şərifdə gözəl şərh olunur:

“Bir gün bir adam gəlib Həzrəti Əbu Bəkrə (r.a.) həqarət etdi. Allah Rəsulu da (s.a.s.) orada idi. O şəxs nə qədər təhqiramiz ifadələr işlətsə də, Həzrəti Əbu Bəkir (r.a.) qulaq asır, cavab vermirdi. Peyğəmbərimiz (s.a.s.) isə gülümsəyirdi. Nəhayət, Həzrəti Əbu Bəkir (r.a.) dözməyib sərt cavab verəndə Allah Rəsulunun üzünün ifadəsi dəyişdi və oradan uzaqlaşdı. Əbu Bəkir (r.a.) arxasınca gedib səbəbini soruşanda buyurdu: “Sən nə qədər ki susub danışmırdın, bir mələk sənin yerinə cavab verirdi. Ancaq sən ağzını açan kimi yanına şeytan gəldi. Mən şeytan olan yerdə durmaram”.[16]

Başqa bir ayədə isə belə buyurulur:

“Sən pisliyi yaxşılıqla dəf et! Biz onların sənə istinad etdiyi əsassız iddiaları daha yaxşı bilirik! Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!” (“Muminun” surəsi, 23/96-98)

Pisliklərə məhəl qoymamaqla yanaşı, onlara əlimizdən gəldiyi qədər yaxşılıqla cavab verməyə çalışmalıyıq.

“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir!” (“Əraf” surəsi, 7/199-200)

Allah möminə onu ilahi əmr və rizadan uzaqlaşdıran, xətaya sürükləyən bir vəsvəsə ilə qarşılaşanda Rəbbinə sığınmağı əmr edir. İnanc əsaslarında, ibadətlər, haramlar və insanlarla münasibətlərdə, xülasə, hər məsələdə vəsvəsəyə məruz qalan mömin Allaha yönəlməli, Onun qüdrət və hifzinə pənah aparmalıdır. Ayə Allah Rəsuluna xitab olsa da, bütün insanlara aiddir.

“Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman, onlar xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (“Əraf” surəsi, 7/201).

Allaha üsyandan çəkinənlər və müttəqilər də özlərindən tam arxayın olmazlar. Şeytan onlara da təsir etməyə çalışır. Şeytanın vəsvəsəsi onlara da əsər edə, onların da gözlərini bulandıra bilər. Ancaq çox keçmədən həqiqəti sezir, Allaha sığınmalı olduqlarını xatırlayır, bəsirət gözləri açılır və xəta etməkdən xilas olurlar.

Peyğəmbərimiz (s.a.s.) haqlı ola-ola mübahisədən çəkinənə görün necə mükafat vəd edir:

“Mən haqlı belə olsa, mübahisədən çəkinənə cənnət kənarında bir köşk veriləcəyinə zaminəm. Zarafatda da olsa, yalan danışmayana cənnətin ortasında bir köşk, gözəl əxlaqlı olana cənnətin ən üst tə­bə­qəsində bir köşk veriləcəyinə zaminəm”.[17]

Xülasə, həlimlik gözəl əxlaqın əsas ünsürlərindən birini təşkil edir. Bundan savayı, əxlaqın kamilləşməsinə gətirib çıxarır və digər xüsusiyyətlərə də müsbət təsir göstərir. Həlimlik əxlaqi təlqinlərlə, nəfs tərbiyəsi ilə əldə edilir, yəni insan həlimlik fəzilətinə yiyələnmək üçün çox çalışmalıdır.


[1] Mövlana Şibli, Əsri-Səadət, II, s.108
[2] Müslim, Cihad, (Hədis №3357)
 [3] Buxari, Tibb, 47. 49. 50, Cizyə 14, Ədəb 56; Müslim, Salam 43, (2189)
 [4] İbn Sad, Təbəqət, I,  s. 360
 [5] Buxari, Xumus 16; Müslim, Zəkat 142, (1063)
 [6] Buxari, Vudu, 58; Əbu Davud, Təharət,138, (380); Tirmizi, Təharət, 112, (147); Nəsai, Təharət, 45, (1, 48, 49)
 [7] Buxari, Libas, 18, Xumus, 19, Ədəb 68
 [8] Buxari, Ədəb, 39; Müslim, Fədail, 13; Tirmizi, Birr, 69
 [9] Əzimabadi, Avnul-Məbud, 13, 127
 [10] Müslim, Birr 78, (2594); Əbu Davud, Cihad 1, (2578), Ədəb 11 (4808)
 [11] Müslim, Birr 106, (2608); Əbu Davud, Ədəb 3, (4779)
 [12] Müslim, Birr 75, (2592)
 [13] Buxari, Ədəb 76; Tirmizi, Birr 73 (2021);  Muvatta, Hüsnül-Xulq 11, (2, 906)
 [14] Əbu Davud, Ədəb 4, (4784)
 [15] Əbu Davud, Ədəb 4, (4782)
 [16] Əbu Davud, Ədəb 49 (4896, 4897)
 [17] Əbu Davud, Ədəb 7, (4800)
Exit mobile version