Mənəviyyata Açılan Pəncərə

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur:

“Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”

“İnsanları həccə çağır. İstər piyada, istərsə də hər uzaq yoldan gələn, vasitələrlə sənə gəlsinlər!”

“Beləliklə onlar özlərinə aid bəzi faydalara şahid olsunlar (faydalarla tanış olsunlar)(Allahın) özlərinə ruzi olaraq verdiyi heyvanlar üzərinə müəyyən günlərdə (qurban kəsərək) Allahın adını zikr etsinlər. Artıq onlardan yeyin və çətinlik içində olan yoxsula da yedirin. Sonra kirlərindən təmizlənsinlər, adaqlarını yerinə gətirsinlər. Beyti-Ətiqi (Kəbəni): təvaf etsinlər.”[1]

Məkkə şəhəri miladi 630-cu ildə fəth edilənə qədər, Kəbə bütlərlə dolu olub, müşriklər tərəfindən öz üsullarına görə ziyarət edilirdi. Bu mövzuda ilk olaraq hicrətin altıncı ilində nazil olan, “Həcci və ümrəni Allah üçün tamamlayın”[2]ayəsi, başlanmış olan həcc və ümrənin tamamlanmasını bildirmişdir. Elə buna görə həmin il, Allahın Elçisi təqribən 1400 səhabə ilə bərabər ümrə üçün ehrama girib, Hüdeybiyyəyə qədər gəlmiş, ancaq Məkkə müşriklərinin ümrəyə icazə verməməsinə görə, “Hüdeybiyyə müqaviləsi”ni imzalayaraq geri dönmüşlər. Bu müqaviləyə görə bir sonrakı il, bu yarımçıq qalan ümrə qəza edilmişdir.

Mötəbər rəyə görə, İslamda həcc hicri təqviminin 9-cu ilində fərz qılındı. Əsaslandığı dəlil bu ayədir: “Beytullaha getməyə gücü çatan hər kəsin o evi həcc etməsi, Allahın insanlar üzərində bir haqqıdır.”[3] O il Hz. Peyğəmbər, Əbu Bəkri (r.a) həcc əmiri təyin etmiş, özü isə iştirak etməmişdi.

Hicri onuncu ildə etdiyi “Vida Həcci,” onun iştirak elədiyi yeganə həcdir.

Hədislərdə belə buyurulur:

“İslam beş əsas üzərinə bina edilmişdir: Bunlar Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.ə.s) Allahın Elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək Beytullahı həcc etmək və Ramazanda oruc tutmaqdan ibarətdir.”[4]

Yuxarıda qeyd etdiyimiz, həccin fərz olduğunu bildirən ayə nazil olanda, Allahın Rəsulu əshabi-kirama xitab edərək belə buyurmuşdur. “Şübhəsiz, Allah sizə həcci fərz qıldı, həcci yerinə yetirin!” Bir adam, “hər ilmi?” deyə soruşdu, Rəsulullah (s.ə.s) cavab verməyincə bu sualı üç dəfə təkrarladı. Buna görə də Allahın Elçisi belə buyurdu: “Əgər mən bəli desəydim, həcc üzərinizə hər il fərz olardı, buna da gücünüz çatmazdı.”

Sonra da bunları əlavə etdi: “Mən sizə bir şey söyləmədiyim müddətcə, siz də məndən bir şey soruşmayın. Çünki sizdən əvvəlki ümmətlər, peyğəmbərlərinə çox sual soruşmalarına və fikir ayrılığına düşmələrinə görə həlak olmuşdur. Mən sizə bir şeyi əmr edərsəm, onu gücünüzün çatdığı qədər edin, sizə bir şeyi qadağan edincə də onu tərk edin.”[5] İbn Abbasdan (r.a) edilən bir rəvayətdə, sual soruşanın Əqra bin Xəbis olduğu bildirilir və bu əlavələr vardır: “Kim birdən çox həcc edərsə, bu nafilə həcdir.”[6] Bu hədis həccin fərz olaraq təkrar edilməsinin lazım olmadığını göstərir. İslam fəqihləri bir dəfədən çox edilən həccin nafilə sayılacağı haqda həmfikirdirlər.[7]

Başqa bir hədisdə belə buyurulur: “Həcc və ümrəni ardarda edin, çünki bunlar körüyün dəmir, qızıl və gümüşdən pası və kiri təmizləməsi kimi, yoxsulluğu və günahları yox edər. Məqbul bir həccin mükafatı isə ancaq cənnətdir.”[8]

Bəzi hallarda bir dəfədən çox edilən çox həcc etmək lazım gələ bilər. Nəzir həcci, pozulan bir nafilə həcci qəza etmək bu mahiyyətdədir. Bəzi vaxtlarda isə həcc haram olar. Məsələn; Haram pulla həcc etmək kimi.[9]

Həmdi Döndürənin, “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.


[1]Həcc, 22/26-29.

[2]Bəqərə 2/196.

[3]Ali İmran 3/97.

[4]Buxari, İman 1-2; Müslim, İman 19-22.

[5]Müslim, Həcc, 412; Nəsai, Mənasik, 1; Ə. İbn-Hənbəl, II, 508.

[6]İbn Hənbəl, II, 508; Nəsai, Mənasik, I; Şövkani, e.a.ə, IV, 279.

[7]İbnül-Hümam, Fəthul-Qədir, Qahirə 1316, II, 122; Şəvkani, e.a.ə, IV, 280.

[8]Tirmizi, Həcc, 2; Nəsai, Həcc, 6; İbn Macə, Mənasik, 3.

[9]Kasani, Bədayiüs-Sənai, II, 223, Zühayli, e.a.ə, III, 223.

 

Exit mobile version