5. 131 dəfə oxunub ,   0 şərh   Çap et

“De: “Rəbbim aşkar və gizli çirkin əməllər işləməyi, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi haram buyurmuşdur””. (“Əraf” surəsi, 7/33)

“Hər cür həya xeyirlidir”.[1]

Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “Hər dinin bir əxlaqı var. İslamın əxlaqı da həyadır”,[2] – buyuraraq bu hissin müsəlmanın həyatında əvəzsiz yer tutduğunu vurğulamışdır.

Abdullah ibn Ömərin (radiyallahu anh) rəvayətinə görə, Rəsulullah (sallallahu əleyhi və səlləm) qardaşına çox həyalı (utancaq) olmamağı nəsihət edən bir adama rast gəlmiş və ona belə buyurmuşdur: “Onunla işin olmasın, çünki həya imandandır”.[3] Digər bir hədisi-şərifdə isə: “İmanın yetmiş şöbəsi var. Ən yüksək dərəcəsi “Lə iləhə ilallah” demək, ən aşağı dərəcəsi də gəlib-gedənlərə zərər verən şeyləri yoldan təmizləməkdir. Həya da imanın bir şöbəsidir”,[4] – buyurulmuşdur. İbn Əsir bu hədisi-şəriflə əlaqədar belə deyir:

 “Həya yaradılışdan gələn bir hiss olsa da, bu hədisdə sonradan qazanılan imanın bir hissəsi kimi verilmişdir. Çünki həya edən insan günahlardan uzaqlaşır. Bu nöqteyi-nəzərdən həya insanla günahlar arasına girərək onu günah işləməkdən uzaqlaşdıran imanın bir funksiyasını yerinə yetirmiş olur. Hədisdə həyanın imanın bir hissəsi olduğu bildirilir. Çünki iman bizdə nəticə etibarilə Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək şəklində təzahür edir. Həya hissi insanı günahlardan çəkindirməklə imanın bir şöbəsinə çevrilmiş olur”.[5]

İbn Məsud Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir:

– Allah-Təaladan layiqincə həya edin.

Səhabələr soruşur:

– Ya Rəsulullah, Allahdan layiqincə necə həya edə bilərik?

Allah Rəsulu belə buyurur:

– Kim başını və başındakı əzaları (orqanları), qarnını və qarnı ilə bağlı əzaları qoruyar, dünya həyatının bəzəyinə aldanmazsa, ölümü, çürüyüb yox olmağı unutmazsa, Allah-Təaladan layiqincə həya etmiş olar”.[6]

Bu hədisi-şərifdə “başın qorunması” ifadəsi ilə beyinin məhsulu olan düşüncənin yaxşı şeylərdə istifadə edilməsi nəzərdə tutulur. Başın digər orqanlarını qorumaq isə harama baxmamaq, nalayiq sözlərə qulaq asmamaq, haram yeməmək, yalan danışmamaqla mümkündür. “Qarını qorumaq” isə haram yeməməkdir. “Qarınla bağlı əzalar” dedikdə isə böyük ehtimalla cinsi orqan, şəhvət hissi nəzərdə tutulur. Onu isə zinadan uzaq durmaqla qorumaq olar. Bir az da geniş götürsək, əl-ayağı da “qarınla bağlı orqanlar” arasına daxil edə bilərik. Dolayısilə, əl və ayaqlarla edilən günahlardan qorunmaq da Allahdan həya etmək deməkdir.

İmanın bir şöbəsi sayılan utanma hissi ilə çəkingənlik, cəsarətsizlik, passivlik və tapşırılan işə, vəzifəyə etinasızlıq və digər oxşar ruhi-psixoloji hallar qarışdırılmamalıdır. Məsələn: qadınların vacib dini bilikləri öyrənməkdə utancaqlıq etməsi düzgün deyil. Lazımi məsələləri həmcinslərindən öyrənmək mümkün deyilsə, dindar və məlumatlı kişilərdən üsuluna uyğun şəkildə soruşub öyrənməkdən çəkinməməlidirlər. Çünki utancaqlıq üzündən dini biliklərə yiyələnməmək bir sıra dini vəzifələrin yerinə yetirilməməsinə və ya yanlış yerinə yetirilməsinə gətirib çıxarar.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) müsəlman qadınların soruşduğu sualları uyğun şəkildə cavablandırmış,[7] çox vaxt da Həzrəti Aişə (radiyallahu anh) vasitəsilə çatdırmışdır. Həzrəti Aişənin dini bilikləri öyrənməkdən çəkinməyən qadınlar haqqında belə deyir: “Ənsar qadınları nə yaxşı qadınlardır. Utanma hissi onların dini gözəl şəkildə öyrənməsinə mane olmadı”.[8]

Dünya və axirət səadətini istəyən insan ədəbli və həyalı olmalıdır. Ədəb və həyası olmayan bir insandan xeyir gözləmək əbəsdir. Həya ilə iman bir-birini tamamlayır, biri olmasa, o biri də olmaz.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Həya xeyirdən başqa bir şey gətirməz”,[9]  – buyuraraq bu fəzilətin nə qədər əhəmiyyətli olduğunu bəyan etmişdir.[10]

Həyalı insanı xoşagəlməz bir işdən çəkindirmək üçün ona: “Utan­mırsanmı?” – demək kifayət edər. Böyüklərimiz: “İnsanlardan utanmayan Allahdan da utanmaz”, – demişlər.

Həyalı şəxs insanların gördüyü yerdə deyil, görmədiyi yerdə də pis işlərdən uzaq durar. Onlar daim gülərüzlü, təvazökar və etibarlı insanlardır.

Qurrə ibn İyas nəql edir: “Rəsulullahla bir yerdə idik. Həyadan söz açıldı. Rəsulullahdan (sallallahu əleyhi və səlləm) soruşdular:

– Ya Rəsulallah, həya dindən sayılır?

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) cavabı belə oldu:

– Həya din deməkdir. Şübhəsiz ki, həya, haramdan uzaq durmaq, dilə sahib olmaq və iffət imandandır. Bunlar axirətin sava­bını artırır, dünya malını isə azaldır. Amma axirətdə artırdığı dünyada azaltdığından çoxdur”.[11]

Həyalı insanda hiylə, yalan, saxtakarlıq, oğurluq, söz gəzdirmək, rüşvət, kin, iftira kimi çirkin xislətlər olmaz. Həya hissini itirən insan isə əməllərinə görə hesab verməkdən qorxmaz, kasıb-kusubun malını talan edər, məzlum  və  zəiflərin göz yaşlarına əhəmiyyət verməz.

Həya günahların qarşısını alır. Habelə həya iman və ədəbin göstəricisidir. Həya xeyrin dirəyi, hər yaxşılığın mayasıdır. Həya olmasa, insan batilə göz yummaqdan, günah işləməkdən çəkinməz.

Müsəlman dilini nalayiq sözlər danışmaqdan, gözünü harama baxmaqdan, qulağını da başqasının sirlərinə qulaq asmaqdan qorumalıdır.



[1]. Aclunu, Kəşful-Xafa, 1/369.

[2]. Muvatta, Hüsnül-Xuluq, 2, hədis: 9 (II,905).

 [3]. Buxari, İman, 3, 16; Müslim, İman, 12, 59.

 [4]. Müslim, İman, 58.

 [5]. İbn Əsir, ən-Nihayə fi ğaribil-hədis (I-IV), I, 470, Darul-Fikr, Beyrut, Tarixsiz.

 [6]. Tirmizi, Qiyamə, 23, hədis: 2457.

 [7]. Müslim, Heyz 13, (60).

 [8]. Müslim, Heyz 13, (61).

 [9]. Müslim, İman 12, (60).

 [10]. Müslim, İman 12, (61).

 [11]. Darimi, Müqəddimə, 43.

 



Açar sözləri

ar ədəb həya

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Həya nədir?

Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.


Şərh yaz