- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Güclü iradə istəyən dörd əməl

Həzrət Əliyə (r.a) aid edilən belə bir kəlam var:

إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ

“Dörd əməl var ki, çox çətindir: qəzəblənəndə bağışlamaq, çətin vaxtlarda səxavətli olmaq, günahla təkbaşına qalanda iffətli hərəkət etmək, qorxduğu və ya mənfəət umduğu insana haqqı söyləmək”. [1]

“Ən çətin əməl dörddür”. Əslində, hər əməlin özünəməxsus çətinlikləri var. Məsələn, gündə beş dəfə dəstəmaz almaq, namaz qılmaq, xüsusilə uzun yay günlərində oruc tutmaq, halal zəhmətlə qazanılan pulu Allah yolunda xərcləmək, həcc ibadətini yerinə yetirmək, ana-ataya “of” demədən, üz turşutmadan onların haqlarına riayət etmək, günahlardan uzaq durmaq və s. Bütün ibadət və mükəlləfiyyətlərdə müəyyən nisbətdə çətinlik olduğu görülür. Həzrət Əli (r.a) isə bu kəlamında ən çətin hesab etdiyi dörd əməli sıralamışdır:

1. Qəzəblənəndə bağışlamaq

Qurana nəzər saldıqda görürük ki, qəzəblənəndə, insanın hislərini cilovlamaq, güclü olduğu halda bağışlamaq, intiqam duyğusunu basdırmaq həqiqi möminlərin vəsiflərindən sayılır və təşviq edilir.

اَلَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ

O müttəqilər ki, bolluqda da, qıtlıqda da mallarını Allah yolunda xərcləyər, (intiqam almağa gücü ola-ola) qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali İmran surəsi, 3/134) buyurur. Bunu etmək həqiqətən çox çətindir. Təşbehdə xəta olmasın, ağızda gedib-gələn, udulması çətin olan loğmanı acını bal bilərək udmağa bənzəyir. Saleh əməllərdə çətinliklərlə savab düz mütənasibdir. Yəni, çətin əməlin savabı da böyük olur.

Bir insanın normal vaxtlarda, münasibətlər öz axarında gedəndə xəta edən şəxsi bağışlaması asandır. Əsl fəzilət incidilən, əziyyət görən insanın iradəsinə hakim olaraq qəzəbini cilovlaması, cavab qaytarmaması və qarşı tərəfə anlayış göstərməsidir.

Allah insana kamilliyə çatmaq üçün hər cür istedad və qabiliyyət vermiş, onu mükəmməl bir varlıq kimi yaratmışdır. İnsan fitri olaraq heyvanlardan fərqli hərəkət edir. Edilən səhvə, kobudluğa, pisliyə həmən reaksiya vermir. Ona bəxş edilən iradə ilə ən çətin əməllərin öhdəsindən gələ, qəzəb və hiddətini ayağının altına alıb tapdalaya bilər.

Bildiyimiz kimi “əfv” bir şeyi silmək deməkdir. Yəni “əfv” insanların bizi narahat edən və qəzəbləndirən bəzi hərəkət və davranışlarına göz yumub, bir mənada üstünə xətt çəkməmiz, bu cür xoşagəlməz hadisələrin şüur altımıza yerləşməsinə fürsət verməməzdir, unutmaqdır. Bu, sözlə ifadə edilməsi asan olsa da tətbiqi həqiqətən çox çətin bir işdir. Ancaq başqalarının səhv və xətalarını bağışlamağı xarakter, xasiyyət halına gətirən şəxsin axirətdəki mükafatı da fərqli olacaqdır. “Kim bir müsəlmanın eybini örtərsə, Allah da Qiyamət günü onun eybini örtər.”[2] Əfv etmək, bağışlamaq İlahi əxlaqdır. Ümid edilir ki, bir insanın xəta və qüsurunu bağışlasaq Allah da – xəta və günahlarımız ucbatından başımıza gələ biləcək- müsibətləri bizdən uzaqlaşdırar, axirətdə də günahlarımızdan keçər.

2. Çətin vaxtlarda səxavətli olmaq

Vardan vermək asandır. Cibimizdən min manat varsa, oradan çıxarıb bir manat bizdən çox şey əskiltməz. Əsl qəhrəmanlıq özünün ehtiyacı olduğu halda başqasına əl tutmaqdır. İnsanın qəzəbli vaxtında bağışlaması Allah Təalanın “Əfuv” ismini xatırlatdığı kimi, imkanı olmadığı halda kömək etməsi də Onun “Cavad” isminə çağırışdır.

Burada Həzrət Əli (radiyallahu anh) bir mənada isar duyğusunu diqqətə çatdırmaq istəyir. İsar şəxsin özü ehtiyac içərisində olduğu halda əlindəkini başqasına verməsidir. Yuxarıda yer verdiyimiz ayədə həqiqi möminlərin, müttəqilərin vəsiflərindən biri də “bolluqda da, qıtlıqda da mallarını Allah yolunda xərcləyər”-dir. Başqa bir ayədə isə:

وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۚ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

“(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (“Həşr” surəsi, 59/9). Bu ayə Məkkədən Mədinəyə hicrət edən mühacirə qucaq açan ənsarın etdiyi fədakarlığı, isar ruhunu tərənnüm edir.

Yermuk müharibəsində, susuzluqdan dodaqları qurumuş və ölüm ayağında olan bir səhabəyə su gətirilir. O, suyu ağzına aparmamış başqa bir səhabənin “su, su” deyə inildədiyini eşidir. Əli ilə işarə edir ki, suyu ona apar. O da bir başqa səhabənin iniltisini eşidir və bircə qurtum içməmiş suyu ona göndərir. Və bu şəkildə su tuluğu aralarında dolaşır, lakin onların üçü də həmin sudan içmədən şəhid olurlar. Bu hadisə isara, digər qəmliyə, başqalarını özündən üstün tutmağa, yaşatmaq üçün yaşamağa, insani dəyərlərə sədaqətə ən gözəl nümunədir.[3]

3. Günahlarla baş-başa qalanda iffətli olmaq, o günahı işləməmək də ən çətin əməllərdən biridir.

Bir hədisdə Allah-Rəsulu (sallallahu əleyhi və səlləm) Heç bir kölgəliyin olmadığı Qiyamət günü Ərşin kölgəsində kölgələnən yeddi qrup insandan bəhs edir. Onlardan biri günaha çağıran cazibədar bir qadına “Mən Allahdan qorxuram” deyərək etiraz edən insandır.[4]

Xalqın içində iffətli görünmək bir mənada asandır. Çünki insan camaat arasında, göz qabağında işləməkdən çəkinir. Ancaq bir insanın bir günahla üzləşəndə, fitnəkar bir qadının toruna düşəndə iradəsini ortaya qoyub iffətini ləkələməməsi, Həzrət Yusif kimi “Bu günahdan Allaha sığınıram” (“Yusif” surəsi, 12/23) deməsi və insanın ağlını başından alan o günahdan qaçmağı bacarması çox çətindir. Bu cür vəziyyətdə dağ kimi möhkəm dayanmaq üçün, həqiqətən, polad sağlam iradə gərəkdir.

Quran iffət qəhrəmanı kimi Yusif (ə.s) nəzərə verir. Həzrət Yusif (ə.s) vəzirin arvadındı Züleyxa tərəfində günaha dəvət olunarkən: “Allaha sığınıram! Axı mən, sənin də ərin olan ağamdan çox yaxşılıq görmüşəm. (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” (Yusuf, 12/23) – demişdir. Sonra da: “Ya Rəbbi! Zindan, bu qadınların məni dəvət etdikləri o günahdan daha xeyirlidir.” (Yusuf, 12/33) deyərək, iffətinə ləkə salmaqdansa illərlə həbsdə yatmağı gözə almışdı Belə edərək qiyamətə qədər gələcək olan bütün möminlərə həyalı olmağın, namuslu yaşamağın gözəl nümunəsi   olmuşdur.

Rəvayət edilir ki, Həzrət Ömərin xilafəti dövründə ibadətə çox düşkün olan, təqvalı bir gənc oğlana iffətinə həssas olmayan qadının gözü düşür və dəfələrlə onu yoldan çıxarmaq istəyir. Günlərdən bir gün gənc qəflətə anında onun tələsinə düşür. Qadın “içəri gəl” sözü uyaraq qapından içəri addım atır. İçəriyə doğru addım atar-atmaz bir anlıq irkilir.

إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَۤائِفٌ مِنَ الشَّيْطَانِ تَذَكَّرُوا فَإِذَا هُمْ مُبْصِرُونَ

“Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (Əraf surəsi, 7/201) ayəsi dilinə dolanır. Və beləcə ürəyi dayanır və oradaca canını tapşırır. Yaxınları xəlifəyə bu xəbəri verməkdən çəkinir, başqasının qapısında vəfat edən oğlanın cansız bədənini götürüb dəfn edirlər. Həzrət Ömər hər namazda ön sıralarda yer alan həmin oğlanı görməyib harada olduğunu soruşur. Yaxınları olan-bitəni danışırlar. Hadisəni öyrənən Həzrət Ömər cəld oğlanın qəbrinə gedir və qəbri başında: وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ  “Allahın hüzuruna çıxmaqdan qorxana iki Cənnət var” (Rəhman surəsi, 55/46) ayəsini oxuyur. Bu əsnada qəbirdən  sanki: “Ey Əmirəl-möminin! Mənə onun iki qatı verildi”-səsi eşidilir.[5]

Bu hadisə onu göstərir ki, bir insanın haramla baş-başa qalan zaman iffətini qoruması çox çətindir. Ancaq iffətli yaşamaq, adını təmiz saxlamaq, Allah qorxusu ilə dolu olmaq, heç kimsənin olmadığı yerdə Allahın hər daim onu görüb-gözətlədiyi şüuru ilə yaşmaq insanı kamilliyə ucaldan vəsilələrdəndir. İçində yaşadığımız, dəyərlərin alt-üst belə dövrdə imanlı sinələrin həssas olması çox əhəmiyyətlidir.

4. Qorxduğu və ya mənfəət umduğu insana haqqı söyləmək, yəni insanın qorxduğu və mənfəət umduğu adama haqqı söyləməkdən çəkinməməsidir. İnsan qorxanda və ya vəd verilən maddi imkanlar qarşısında davam gətirə bilməzsə, haqqı söyləməzsə, güc və iqtidarı əlində saxlayanlar çox keçmədən onun boynuna boyunduruq, ayaqlarına buxov keçirər və onu qul-kölə kimi hər işinə alət edərlər. Əbədi səadəti qazanmaq üçün Uca Allah fitrətimizə müəyyən duyğular dərc edib. Bu duyğulardan bir də qorxu duyğusudur. İnsan əsasən əlində olanı itirməkdən çəkindiyi üçün qorxar. Ancaq axirət ikinci planda qalınca insan əbədi qalacaq kimi dünyaya, onun mənfəətlərinə bel bağlayır. Qeybə, axirətə iman az olanda insanın xarakteri də fərqli şəkillənir. Əlinin altında mövcud olanı itirmək qorxusu onun iradəsinə kəmənd vurur, sonra da iflic edir, əl-qolunu bağlayır, hətta qol-qanadını sındırır. Etdiyinin yanlış olduğunu bilərək vicdanı sızlasa da imanı zəif olduğu üçün cidarından qurtularaq qanad çalıb yüksələ bilmir.

Mənfəətə düşkünlük elə bir zillətdir ki, insanı, zalımın zülmünə susan dilsiz şeytana çevirə bilər, bilə-bilə həqiqətləri təhrif etməyə, yalan-yanlış şeylər danışmağa, səhv işlər görməyə sövq edər. Hər dövrdə olduğu kimi  bu gün də ayağı altına sərilən maddi imkanlar və arzu-istəklər, yaxud da qorxu və əndişə ucbatından dünən dediyini bu gün inkar edən, buqələmun kimi şərait dəyişəndə rəngdən-rəngə girən axirət həyatını puç edən insanlar da var. Belə şəxslər bir mənada əsirdirlər. Qorxu və mənafenin hökmranlıq etdiyi bir dövrdə haqqı söyləmək həqiqi qəhrəmanlıqdır. Əlbəttə bu qəhrəmanlığın mükafatı axirətdə böyük olacaqdır.

Xülasə, əməllərin savab və mükafatı zaman və məkana görə dəyişir. Məşəqqətli və çətin görülən əməlin mükafatı o nisbətdə qatlanaraq savaba çevrilir. Ancaq bu savab da şərtə bağlıdır:

1.Həmin işi görərkən niyyətin xalis olmasına, yəni sırf Allah rizası üçün edilmək;
2.Gizlin-aşkar şikayət etməmək.

Başqa sözlə desək, insan sözügedən əməli görərkən əziyyəti qədər savab qazanmaq istəyirsə, çətinliklərdən şikayət etməməli, canını dişinə tutub səbir etməli, taleyindən küsməməli, tutduğu işi istəyərək və ürəkdən yerinə yetirməlidir.

1.İbn Həcər əl-Əsqalani, Münəbbihat, (bu əsər İbn Həcərə aid edilir, ancaq bu məsələ ixtilaflıdır.) Bəhsi keşən söz “dördlülər” bölməsində keçir.
2.Buxari, Məzalim, 3; Müslim, Birr, 58; Əbu Davud, Ədəb, 39
3.Hakim, “əl-Müstədrək” III, 270; İbn Əbdülbərr, “əl-İstiab”, III, 1084
4.Buxari, “Zəkat” 16; Müslim, “Zəkat” 91
5.İbn Kəsir, “Təfsirul-Quran”, II, 280