1. 711 dəfə oxunub ,   0 şərh   Çap et

İslamın ilk günlərindən bu günədək insanların camaat arasında yayılan xəbərləri doğru olub-olmadığını araşdırmadan qəbul etməsi müxtəlif anlaşmamazlıqlara səbəb olmuş, problemlərin də mənbəyinə çevrilmişdir. Buna görə Qurani-Kərim dindar bir insana yol göstərir: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) xəbər gətirərsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olar­sınız!” (Hucurat, 49/6)

Bir çox müfəssir bu ayənin Vəlid ibn Ukbə ibn Əbi Muayt haqqında nazil olduğunu söyləmişdir. Hadisə belə olub: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Bəni-Müstəliq qəbiləsi İslamı qəbul edəndən sonra, zəkat toplamaq üçün Vəlid ibn Ukbəni onların yanına göndərir. Vəlid ora getsə də, qorxub geri qayıdır. Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) onların zəkat vermək istəmədiklərini və onu öldürməyə cəhd etdiklərini deyir. Bu xəbəri eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir qoşun göndərmək istəyir. Ancaq bu vaxt Bəni-Müstəliq qəbiləsinin rəisi Haris ibn Dirar (Möminlərin anası Həzrəti Cuveyriyənin atası) bir heyətlə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib deyir: “Allaha and olsun ki, zəkat verməkdən imtina etmək, zəkat yığanı öldürməyə cəhd göstərmək bir yana qalsın, biz heç Vəlidin üzünü görməmişik! Biz iman etmişik və zəkat verməyə də hazırıq.”[1] Beləliklə, ayənin nazil olma səbəbi hər şeyi açıq-aşkar ortaya qoyur. Əgər bir insan fasiqdirsə, onun gətirdiyi xəbəri mütləq araşdırmaq, düz olub olmadığını yoxlamaq lazımdır. Əgər xəbərin doğruluğu yoxlanılmasa, ayədə də bəyan edildiyi kimi, nəticəsi peşmançılıq olar.

Yeri gəlmişkən fisq və fasiq terminlərini izah etmək lazımdır. İslam tarixinin ilk çağlarında insanı imandan çıxarmayan yasaq davranışlara fisq, bu yasaq əməlləri işləyənlərə isə fasiq deyilirdi. Bu mənada fisq İslamın qoyduğu sərhədlərdən kənara çıxmaq deməkdir. “Lisanül-Ərəb” kitabında fisq kəlməsi “üsyan edib Allahın əmrini yerinə yetirməmək” şəklində izah edilir. Raqib əl-İsfahaniyə görə, fasiq “iman edəndən sonra dinin bəzi hökmlərinə əməl etməyən şəxsə deyilir”.

Belə həssas vaxtlarda bu cür yalan xəbər böyük faciəyə səbəb ola bilərdi. Bu baxımdan Allah-Təala Müsəlmanlara əhəmiyyətli məsələlərdə gətirilən xəbərlərə dərhal güvənməməyi, xəbəri gətirən şəxsin etimada layiq olub-olmadığına baxmağı, bu şəxsin fasiq olduğu üzə çıxarsa, gətirdiyi xəbərə əsasən hərəkət etməzdən əvvəl xəbərin düzgünlüyünü araşdırmağı əmr edir. Bu prinsip göstərir ki, Müsəlmanın etibarsız bir adamın gətirdiyi xəbərə görə bir şəxs, bir qrup, və ya topluluğa düşmənçilik hissi bəsləməsi caiz deyil. Bu prinsipə əsaslanan mühəddislər Rəsulullahdan (sallallahu əleyhi və səlləm) hədis rəvayət edənlərin tərcümeyi-halını öyrənmək məqsədi ilə Cərh və Tədil elmlərinin əsasını qoymuş və inkişaf etdirmişlər. Çünki rəvayət edilən hədislər sonrakı nəsillərin həyatına, əməllərinə, ibadətlərinə təsir edəcəkdi. İslam hüquqçuları da bu prinsipləri və sözügedən ayəni əsas götürərək hüquqi cəhətdən fasiq olanların şahidliyini qəbul etməmişlər. İmam Qurtubi: “Fasiqliyi dəqiq bilinən şəxsin verdiyi xəbərlər etibarsız sayılır. Çünki xəbər əmanətdir. Fisq isə onun ləğvinə dəlildir”[2] hökmünü qeyd edir. İmam Cəssasın fikrincə, ayənin “araşdırın” ifadəsi fasiqin şahidliyinin qadağan edilməsinə bir dəlildir. Çünki şahidlik bildiyini deməkdir. Fasiqin şahidliyi qəbul edilmədiyi kimi, verdiyi xəbərlər də qəbul edilmir. Xülasə, fasiqin dinlə əlaqədar bir mövzuda gətirdiyi xəbər etibarlı deyil.[3]

Ancaq alimlərin fikrincə, gündəlik və adi xəbərləri araşdırmağa ehtiyac yoxdur. Çünki ayədəki “nəbə” sözü hər xəbərə deyil, yalnız mühüm xəbərlərə işarə edir.

Bu baxımdan ayənin mənası ümumidir. Ayəyə görə, bir fasiqin gətirdiyi xəbərin düz olub-olmadığını yoxlamaq və tədbirli hərəkət etmək lazımdır. Bütün vəzifələrini məsuliyyətlə yerinə yetirən şəxsin gətirdiyi xəbər isə ümumi mənada etibarlı sayılır. Fasiqin gətirdiyi xəbərə isə inanmaq olmaz. Yalnız vəzifələrini tam yerinə yetirən şəxslərin xəbərini qəbul etmək tədbirli davranma prinsipinin bir hissəsidir. Çünki düz insan doğru xəbər mənbələrindən biri sayılır. Doğru xəbər gətirənlərə şübhə ilə yanaşmaq, bütün xəbər mənbələrindən və hər xəbərdən şübhələnmək paranoyyaya girmək və etimad prinsipinə zidd davranmaq deməkdir.


[1]. Beyhaki, Sünəni-Kübra, C. 9, s. 54-55; İ. Əhməd ibn Hənbəl, Müsnəd, 4/279. Bu hadisə bəzi kəlimə fərqləri ilə İbn Əbu Hatim, Təbərani, İbn Cərir, İbn Abbas, Haris ibn Dirar, Mücahid, Qatadə,  Əbdürrəhman ibn Əbu Leyla, Yezid ibn Ruman, Dəhhak və Mükatil ibn Həyyandan da nəql   edilmişdir. Heysəminin rəvayətində isə hadisə təfərrüatı ilə verilmişdir. Baxın:  Heysəmi, Məcmuəüz-zəvaid, 7/108-111. Həzrəti Ümmi Sələmənin rəvayətində isə hadisə eyni ilə verilsə də, Vəlidin adı çəkilmir.

[2]. İmam Qurtubi, Əl Cəmiyu li əhkamil-Quran, Qahirə, 1967, C:16, s.316.

 [3].  İmam Cəssas, Əl-əhkəmul-Quran, Beyrut, 1335, C: 3, s.398.



Açar sözləri

ədəb

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


Şərh yaz