- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Fitrənin miqdarı

Peyğəmbərimizin dövründə fitrənin miqdarı

Mötəbər hədis kitablarında fitrənin hansı maldan və nə qədər verilməsi haqda müxtəlif hədislər olsa da, bunlar bir bütövlük təşkil edir. Peyğəmbərimizin dövründə arpa, buğda, quru üzüm, un, kəşk (qabığı çıxarılmış arpa) və sültdən (buğdaya bənzər qida) bir sa miqdarında fitrə verilirdi.[1] Ancaq İbn Ömərin qeyd etdiyinə görə, insanlar 1 sa arpa və xurmanı 0,5 sa buğdaya bərabər tuturdular və qiymətləri eyni olduğundan 0,5 sa buğdanı da fitrə kimi verirdilər. Əbu Hənifə həzrətləri bu rəvayətə əsaslanaraq buğdadan 0,5 sa, başqa ərzaq məhsullarından isə 1 sa fitrə verilməsinin vacibliyini söyləmişdir. Digər məzhəb imamları isə bildirirlər ki, buğdadan da 1 sa miqdarında verilməlidir, çünki o vaxtlar buğda Mədinədə çox az tapılan bahalı ərzaq məh­sulu olub. Onların fikrincə, yuxarıda adları çəkilən bütün qida məh­sullarından 1 sa miqdarında fitrə verilməlidir.

1 sa arpa, buğda və üzümün ilə dəyərini 1995-ci il qiymətləri ilə hesablasaq, Qardavinin araşdırmasına görə, 1 sa 2,176 qrama bərabərdir. O halda;

Buğda: 2,176 qr.

Arpa: 2,176 qr.

Quru üzüm: 2,176 qr.

Sözügedən qida məhsullarından hədisdə müəyyən edilmiş miqdarda (2,176 qr) fitrə vermək mümkün olduğu kimi, onun dəyərini pulla da ödəmək olar.

Müasir dövrdə fitrə

Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir? Bu məsələdə fiqhi məzhəblər hökmün əsasını təşkil edən səbəbdən çıxış edərək üç fərqli fikir irəli sürmüşlər:

1. Hənəfi və hənbəlilərə görə, Peyğəmbərimizin adlarını bil­dirdiyi bu qida maddələri varsa, fitrəni bunlardan, yox  olmasa, digər ərzaqlardan vermək olar.

2. Şafeilərə görə, hər kəs öz evində istifadə etdiyi ərzağı əsas götürüb onlardan verməlidir.

3. Malikilərə görə, hər bir  ölkə də ən çox istehlak edilən qida maddələrindən verilməlidir.[2]

Bəzi insanlar öz imkanlarını nəzərə almadan arpa, buğda və başqa ərzaq məhsullarından ən ucuzunu seçib ondan fitrə verirlər. Halbuki, bu, kasıbların ziyanına olmaqla yanaşı, fitrənin vacib buyurulmasının səbəb və hikmətinə də ziddir. Bəzi adamlar isə seçim etməkdə çətinlik çəkirlər. Əslində, fitrə miqdarında əsas prinsip bölgənin orta təbəqəsinin yediyi qida maddələrini əsas götürülüb bir kasıbı bir gün (iki öyün) doyurmaqdır. Halbuki, 2176 qr. buğda heç 1 AZN qiymətində deyildir. Bu məbləğlə aydın məsələdir ki, kasıb bir yoxsulu iki öyün doyurmaq olmaz.  Ona görə də;

a. Müasir alimlərin fikrincə, hədislərdə adı çəkilən qida məhsullarının 2176 qram və ya 2920 qr. ölçüsünün ortalama qiymətini,

b. Bir kasıbın çörək və normal yeməklə gündə iki dəfə, yəni səhər-axşam doyunca yeməsinə kifayət edən miqdarı vermək olar.

c. Hər bir ailə gündəlik yeməklərini əsas götürüb gündə iki öyün yemək miqdarı verə bilər.

ç. İmam Malikin bildirdiyi kimi, hər ölkədə ən çox istehlak olunan qida maddələri əsasında fitrəni müəyyən edib vermək mümkündür.

Burada vacib bir məqam da var ki, o da müəyyən edilmiş bu məbləğin hədislərdə əksini tapan arpa, üzüm kimi qida maddələrinin qiymətindən az olmamasıdır. Əks halda, nəslərə zidd hərəkət edilmiş olar. Əgər bu məbləğdən çox olarsa, nafilə sədəqə kimi əməl dəftərinə yazılar.

Nəticə etibarilə, bu gün fitrə verərkən kasıbların xeyrinə olan bənd seçilməli və verilən fitrənin miqdarı hər gün yediyimiz yeməklərdən az olmamalıdır.


[1] Buxari, Zəkat, 72, 73, 74, 75; Müslim, Zəkat, 4.
[2] Vəhbə Zuheyli, İslam Fiqhi Ensiklopediyası, III, 389.