Aylıq namaz vaxtları
1. 072 dəfə oxunub ,   0 şərh   Çap et

Ficar döyüşləri və Hilful-Füdul

Davranışları ilə yaşıdlarından seçilən Hz. Məhəmməd (s.ə.s.) artıq iyirmi yaşına çatmış, hal və hərəkətləri ilə Məkkə əhlinin təqdirini qazanmışdı. Hadisələrə münasibəti və nəticə etibarilə irəli sürdüyü qənaətləri diqqətlə izlənirdi. Səbatlı və doğru qərarlarından dolayı insanların müraciət yerinə çevrilmiş, yaşadığı həyat prinsiplərinə görə “ən etibarlı adam” mənasında “əl-Əmin” adını almışdı.

Bu ərəfədə Qureyşin də daxil olduğu Kinanə qəbiləsi ilə Qaysoğulları arasında yeni bir döyüş[1] alovlanmışdı. Bu iki qəbilə münasibətlə­­­­rin tənzimlənməsində tətbiq olunan qaydaları da pozub bir-birinə hücum edirdi. Bu döyüşdə Haşimoğullarının bayraqdarı Peyğəmbərimizin əmisi Zübeyr ibn Abdulmuttalib, Qureyşin rəhbəri isə Əbu Süfyanın atası Harb ibn Ümeyyə idi.

Əslinə qalsa, əsasən, ticarətlə məşğul olan Məkkə əhalisi ticarətin daha qızğın getdiyi müəyyən aylarda bölgədə sülh və əmin-amanlığın təminatı üçün aralarında razılığa gəlmiş  və bu aylarda döyüşməyi haram qəbul etmişdilər. Bu, o qədər geniş yayılmışdı ki, ən azğın  qəbilələr belə bu prinsipə sadiq qalar və həmin aylarda qılınclarını qınlarından çıxarmazdılar. Bu döyüşlərin “həddi aşmaq” və “günah” mənasında “ficar” adlandırılması da belə bir qaydanın pozulması ilə qadağalara məhəl qoyulmamasından irəli gəlirdi. Çox ağır günlər idi. Belə ki, müharibənin rəngi hər an dəyişə bilir: bəzən günortayadək qalib olan  axşamüstü məğlubiyyətin acısını dadırdı.

Məhəmmədül-Əmin şəxsən döyüşdə iştirak etməsə də,[2] döyüşən əmilərinə kömək edir: cəbhədə əlbəyaxa vuruşan yaxınlarına ox daşıyırdı.[3]

Nəhayət, insanların bu mənasız müharibədən yorulduğu bir vaxtda Qureyş arasından bir nəfər irəli çıxıb hər iki tərəfi sülhə dəvət edir. Təklif qəbul edilir. Belə ki, hər iki tərəfin ölüsü sayılacaq, ölü sayı çox olan tərəfə qarşı tərəf bu artıqlıq miqdarında qanpulu (diyət) ödəyəcəkdi. Beləliklə, Məkkədə yenidən dinclik və əmin-amanlıq hakim olmağa başlamışdı.

Hilful-Füdul

Bu arada Məkkədə gözlənilməz bir hadisə baş verdi. Haram aylarının birində bir nəfər Günəş yenicə doğmağa başlayanda Əbu Kubeys dağına çıxıb avazı yetdiyi qədər qışqırırdı. Görünür, yenə mühüm bir hadisə, əmin-amanlığı pozan olay vardı. Çox keçmədən izdiham ətrafını bürümüşdü. Çarəsizlik içində qıvrılan və hər şeyini itirməyin ağrısı ilə qəzəb dağarcığına dönmüş bu adama yaxınlaşan Peyğəmbərimizin əmisi Zübeyr oldu. Yanına yaxınlaşır və:

− Nə olub sənə? Nəyə görə bu qədər qəzəblisən? − deyə soruşur.

Adam çox dərdli idi. Dərdini dinlətməyə bir adam tapmaq və bu vəsilə ilə dərdinə çarə axtarmaq ümidi ilə danışmağa başlayır. Qısası, Qureyşdən olan As ibn Vail bu adamın gətirdiyi malları əlindən almış və mallarının haqqını illər keçməsinə baxmayaraq, ödəməmişdi. “Bu gün-sabah” deyib borcu yubatmış, indi də borcunu inkar edərək ödəməyəcəyini açıq-aşkar bildirmişdi. Həmin şəxs bir neçə adama müraciət edərək onlardan araya girib ona kömək etməsini xahiş etmiş, onlar da bu işə qarışmaq istəməmişdilər. Heç kim durduğu yerdə başını bəlaya salmaq istəmirdi. O da yeganə əlacı “bir ümid” deyib bura çıxaraq məsələni hamıya danışmaqda görmüşdü.

Məsələnin aydınlaşıb ortada bir haqsızlığın olduğu təsdiqlənincə Məkkənin bəzi vicdanlı böyükləri yaş və nüfuzca hamıdan üstün olan Abdullah ibn Cüdanın[4] evində toplanmış, şərtindən asılı olmayaraq bu cür hallarda məzlumun haqqını zalımdan alaraq ədaləti bərqərar edəcəklərinə söz vermişdilər. İnsan haqlarının heç sayıldığı, güclünün haqlı, zəifin də xor görüldüyü cahiliyyə dövründə bu hadisə inqilabi mahiyyətli bir addım idi və bəşəriyyətin fəxri olan Peyğəmbərimiz (s.ə.s.) də bu addımı atanların arasında idi.[5]

Yığıncaq dağılarkən artıq hər kəs  bunu çox yaxşı bilirdi:  bundan sonra Məkkədə kimsə öz ailəsi tərəfindən və ya kənardan, başqa bir adam tərəfindən zülmə məruz qalardısa, onun pənah aparacağı ünvan bu məclis olacaqdı. Qəbiləsinin gücünə, şərəfinə və mövqeyinə baxmadan dəyərləndirmə ədalətli aparılacaq və zülm edəndən, kim olursa-olsun, məzlumun haqqı tələb ediləcəkdi.

İlk icraat, təbii ki, Əbu Kubeys dağında camaatı ayağa qaldıran Zəbidli məzlumla bağlı oldu. Hamısı birlikdə As ibn Vailin qapısının ağzına toplaşaraq adamın haqqını tələb edirlər. Qarşısında Məkkə böyüklərinin birgə haqq tələb etdiyini görən As ibn Vail  bir bəhanə tapa bilmir,  məcbur  qalıb Zəbidli şəxsin haqqını qaytarır.[6]

Son Sultan Məkkədə artıq barmaqla göstərilən, müraciət ünvanı bir “Əmin” idi. Bu məziyyət Onun qədər heç kimə yaraşmırdı və bunu yaşadığı cəmiyyət yekdilliklə Ona layiq görür və adından da çox bu ləqəblə çağrılırdı. Ən yaşlı, təcrübəli və bilikli adamların arasında Onun qapısı da tez-tez döyülməyə başlamışdı.



[1]. Bu döyüş qədim vaxtlardan davam edən Ficar döyüşlərinin sonuncusu idi. Bundan əvvəl də üç dəfə belə döyüş olmuş və qeyd edilən qəbilələr əsrlərlə müharibə şəraitində, fövqəladə vəziyyətdə yaşamışdılar.

[2]. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu müharibələrdə şəxsən iştirak etməməsi döyüşlərin haram aylarda baş verməsindən və ya tərəf etibarı ilə birini digərinə üstün tutacaq dini bir fikir, yaxud fəzilət baxımından bir üstünlük olmamasından irəli gəlirdi.

[3]. İbn Hişam, Sire, 1/326 və b.

[4]. Abdullah ibn Cüdan səxavətli adam idi. Bu yığıncaqda da gözəl bir süfrə hazırlamış və Məkkənin aparıcı adamlarına yaxşı ziyafət vermişdi. Yaxşılığa meyilli və yetkin insan idi. Hz. Aişə anamızın əmisi, Zuheyrin də atası idi. Buna görə Aişə anamız bir gün: “Ey Allahın Rəsulu! Şübhəsiz ki, İbn Cüdan insanlara yemək verər, qonaqdan əlindən gələni əsirgəməzdi. Bütün bunların ona qiyamət günündə bir xeyri olacaqmı?” – deyə soruşmuş və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də: “Xeyr! Çünki o, bütün bunları edərkən bir dəfə də olsa “Rəbbim, nə olar, din günündə mənim xətalarımı təmizləyib bağışla” demədi,” − cavabını vermişdi.  Bax: Muslim, Sahih, 1/196 (214)

[5]. İllər sonra bu hadisəni xatırlayan Allah Rəsulu: “O gün, Abdullah ibn Cüdanun evindəki sözləşməyə mən də şahid olmuşdum. Mənim üçün o sözləşmə vadi dolusu qırmızı dəvələrdən daha xeyirlidir. Vallah, mən indi də belə bir səy üçün dəvət alsam, tərəddüd etməz, bu dəvətə razılıq verərəm,”− buyuracaqdı.

[6]. Bax: İbn Sa’d, Tabakat, 1/128; Süheyli, Ravdü’l-Ünf, 1/91




Şərh yaz