- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Əvvəlcə özümüzdən başlayaq

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ ۖ لَا يَضُرُّكُمْ مَنْ ضَلَّ إِذَا اهْتَدَيْتُمْ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!

(Maidə, 5/105)

Uca Allah peyğəmbər və kitab göndərdikdən sonra inkar edənləri doğru yola yönəltməz. Həmin inkarçıları öz iradələri ilə baş-başa buraxar. Həqiqəti axtararaq istəklərini düzgün istiqamətləndirənləri isə doğru yola çatmaqla mükafatlandırar. Buna görə də bizlər dinimizin gözəlliklərini insanlara çatdırmaqla mükəlləfik.

Dinimiz qətiyyətlə “başqasından mənə nə”, “mənə dəyməyən min il yaşasın”, “Mən tox olum, cümlə-cahan batsa da, batsın” kimi anlayışları qəbul etmir. Bir müsəlmanın özü üçün istədiyini din qardaşı üçün də istəməsi, hətta öz ehtiyacları ola-ola din qardaşının köməyinə tələsməsi kamil mömin olmağın əsas şərtidir. “Mən özümə cavabdehəm, başqaları məni maraqlandırmır, onlardan mənə nə?!” deyə bilmərik. Hamımız həyat adlı eyni gəminin sərnişinləriyik. Gəmidə baş verən nasazlıq təkcə gəminin sürücü heyəti üçün deyil, bütün sərnişinlərin həyatı üçün təhlükə sayılır. Ona görə də sahilə salamat çatmaq üçün gəmidə hər hansı nasazlıq olmamalıdır. Bizlər də, insan olaraq bir-birimizdən məsuluq.

Cəmiyyətlər fərdlərdən təşkil olunmuşdur. Məsuliyyət anlayışı güclü olan fərdlər sağlam cəmiyyətin formalaşmasına müsbət təsir edir. İnsan başqalarına kömək etmək, cəmiyyətə və bəşəriyyətə faydalı işlər görmək üçün əvvəlcə öz öhdəliklərinə diqqət etməlidir. Doğru yolda olan insanın öhdəliklərindən biri də, səhv yolda olanları doğru yola yönəltməkdən, dəvət etməkdən ibarətdir.

İctimai təhlükələr isə cəmiyyəti təşkil edən fərdlərin birliyi ilə dəf edilməlidir. Əks təqdirdə bu təhlükə təkcə səbəbkarları deyil, heç bir günahı olmayanlara da zərər verər. Əgər cəmiyyətdə hər hansı uyğunsuzluq varsa, bunu aradan qaldırmaq üçün əlindən gələni etməyən hər kəs məsuliyyət daşıyır. Rəsulullah (s.ə.s) bu mövzuda ümmətinə bunları xatırladır: “Cəmiyyətdə pisliklər çoxalarsa, orda yaxşı insanlar olsa da həlak olmaqdan qurtula bilməzlər” (Buxari, Fitən, 4, 28).

Yuxarıda verilən ayə imana dəvət edildikləri halda, iman gətirməyən inkarçıların halına kədərlənən möminlər haqqında nazil olmuşdur. Müəyyən müddətdən sonra bəzi müsəlmanların bu ayəni “nəyimə lazımdı”, “kim nə edir etsin” kimi izah etməyə başladığını görən Hz. Əbu Bəkir (r.a) onlara belə xəbərdarlıq etmişdir:

“Siz bu ayəni başqa məqsədlər üçün istifadə edirsiniz. Mən Rəsulullahın (s.ə.s) “İnsanlar  pis bir əməli görüb ona mane olmurlarsa, demək, Allahın onlara ümumi əzab göndərəcəyi vaxt yaxındır” – buyurduğunu eşitdim”. (Tirmizi, Təfsir, 6; Əbu Davud, Məlahim, 17).

Şübhə yoxdur ki, yenə Allahın hüzuruna dönəcəyik. Allah da bizi əməllərimizə görə hesaba çəkəcək. Kim nə əkibsə, onu da biçəcək. İnanan insanlar onların dəvətini eşitməməzliyə vuran  qohumlarına görə qınanmayacaq. Necə ki, Hz. Nuh və Hz. Lutun (ə.s) həyat yoldaşı onlara – peyğəmbər olan ərlərinə iman etməmişdi. Allahı inkar edən Fironun arvadı isə iman etmişdi. Rəbbimiz Hz. Lut və Hz. Nuhun (ə.s) zövcəsini insanlara ibrət olsun deyə misal verir. Ayədə bununla yanaşı Fironun iman edən həyat yoldaşının ixlası, Allah qorxusu və duası da nümunə olaraq göstərilir:

“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə binti Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi.” (Təhrim, 66/10-11).